İyirmi illik möhtəşəm
tarixin uğurlu məntiqi yekunu, firavan gələcəyə
növbəti zəmanət
Dahi şəxsiyyət, Ümummilli Lider Heydər
Əliyevin xalqımız qarşısında tarixi xidmətləri
müstəqil Azərbaycan adlı şah əsərini əmanət
qoymaqla yanaşı, həm də bu siyasi əmanətə
sahib çıxıb onu daha da irəliyə apara biləcək
layiqli siyasi varis yetişdirməsi ilə ölçüyəgəlməzdir.
Ulu Öndər ilkin mərhələdə dövlət
müstəqilliyinin, milli iqtisadiyyatın, diplomatiyanın
fundamental əsaslarını işləyib
hazırlamış, İlham Əliyev isə bu milli dövlətçilik
konsepsiyasını ideal şəkildə reallaşdıraraq
adını dünya siyasət tarixinə güclü və
qalib lider kimi həkk etdirə bilmişdir. Dünyanı heyran
qoyan dahi siyasi xadim, Ümummilli Lider Heydər Əliyev və
görkəmli akademik Zərifə xanım Əliyevanın
övladı, akademik Əziz Əliyevin nəvəsi olan
İlham Əliyev dahilikdə irsiyyət amilinin ideal təzahürüdür.
Gözünü siyasət dünyasında açıb
öyrəndilkəri ilə dahi şəxsiyyət Heydər
Əliyevin ən etibarlı silahdaşına çevrilən
İlham Əliyevin bu barədə xatirələrinə nəzər
salaq. Müasir siyasi memuarın ən gözəl nümunəsinə
çevrilməyə layiq olan bu xatirələr, eyni zamanda,
dahilikdə irsiyyət və mühitin inkaredilməz rolunu bir
daha təsdiqləyir. Digər bir vacib amil isə fenomenal zəka
və intellektin formlaşmasında təhsilin roludur.
İlham Əliyev 1977-1982-ci illərdə Rusiya ali təhsilinin
flaqmanı sayılan, dünya əhəmiyyətli nüfuzlu
təhsil ocaqlarından birində - Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda ali təhsil alıb. Burada
aspiranturanı başa vurub sonralar - 1985-1990-cı illərdə
tarix elmləri namizədi kimi həmin institutda pedaqoji fəaliyyət
göstərib. Prezident İlham Əliyevin çox sonralar
dipolamatik kadrların unikal ocağı kimi dəyərləndirdiyi
bu ali məktəbdə qazandığı zəngin siyasi nəzəri
bilik və təcrübə ona daha qlobal auditoriyada -
dünyanın supergüclərinə beynəlxalq hüquq və
diplomatiya dərsi keçmək səlahiyyəti
qazandırıb. Təsadüfi deyil ki, müxtəlif siyasətçilər,
dövlət rəhbərləri ciddi siyasi məsələlərdə
tövsiyə, məsləhət almaq üçün dəfələrlə
ölkə başçımıza müraciət ediblər.
1999-cu ildən Yeni Azərbaycan Partiyasında məsul vəzifələrdə
çalışan, partiyanın hazırkı sədri
İlham Əliyevin Ümummilli Liderimizin yaradıcısı
olduğu bu ümumxalq partiyasının Azərbaycanın
aparıcı siyasi qüvvəsinə çevrilməsində
müstəsna xidmətləri vardır. 2003-cü il avqustun
4-də Azərbaycan Respublikasının Baş naziri təyin
olunan İlham Əliyev bu vəzifədə qısa zaman kəsiyində
özünün liderlik, dövlət idarəçiliyi səriştəsini
bir daha sübut etdi. Təsadüfi deyildir ki, həmin il 15
oktyabr tarixdə keçirilən prezident seçkilərində
xalq Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi ona
böyük etimad göstərdi. İlham Əliyev isə Azərbaycanı
intibah, tərəqqi və qələbə zirvəsinə
yüksəltdi. Cənab İlham Əliyevin milli maraqlara xidmət
edən daxili və xarici siyasətinin uğurlarından
danışarkən ilk növbədə qeyd etmək zəruridir
ki, onun Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində
iqtisadiyyatda modern yanaşmalar, islahatlar nəticəsində
ölkəmizdə dayanıqlı və inklüziv
sosial-iqtisadi inkişafa nail olunub. Təsadüfi deyildir ki,
ölkəmizin qlobal iqtisadi böhranların, xüsusilə də
pandemiyanın ağır fəsadlarından maksimum qoruna bilməsi,
üstəlik digər dövlətlərə dəstək əlini
uzatması məhz Prezident İlham Əliyevin antiböhran idarəçilik
məharəti ilə izah olunur.Milli iqtisadi inkişasf
strategiyasının əsasında isə, təbii ki, Ulu
Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə
əsasını qoyduğu neft strategiyasının son 20 ildə
uğurla reallaşdırılması dayanır. Xatırlatmaq
yerinə düşər ki, İlham Əliyev 1994-2003-cü
illərdə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətindəki fəaliyəti ilə bu strategiyanın
həyata keçirilməsində avanqard sima olmuş, sonralar
burada qazandığı çoxillik zəngin təcrübəyə
əsaslanan siyasi uzaqgörənlik, dipolamatik manevrlər,
yorulmaz səylər nəticəsində bu sahədə
möhtəşəm tarixi uğurlara imza atmışdır.
Belə ki, neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə
qoyulmaqla Azərbaycanın zəngin təbii enerji resursları
üzə çıxarılmış, böyük həssaslıqla
müstəqil dövlətimizin siyasi-iqtisadi
maraqlarının həyata keçirilməsinə, milli mənafeyin
müdafiəsinə yönəldilmişdir. Sosial-iqtisadi
inkişafa xidmət edəcək transmilli layihələr ilə
ölkəmiz ən böyük strateji, enerji, nəqliyyat,
ticarət və logistika mərkəzinə çevrilmiş,
bu isə böyük uzaqgörənliklə Azərbaycanın
siyasi imicinin yüksəldilməsinə, siyasi
maraqlarının həllinə yönəldilmişdir. Bir
faktı xatırlatmaq kifayətdir ki, son 20 ildə ölkənin
ticarət tərəfdaşlarının sayı artaraq 2022-ci
ildə 55 ölkədən 185-ə çatıb. Prezident
İlham Əliyev böyük siyasi uzaqgörənliklə
inkişafın, uğurların təməlində elmi-texniki
tərəqqinin dayandığını bəyan edərək
xalqın sərvəti kimi dəyərləndirdiyi neft
kapitalını insan kapitalına çevrirmək
konsepsiyasını reallaşdırmışdır. Məhz
bu məqsədilə son 20 ildə dövlət büdcəsindən
təhsilə ayrılan xərclər 19, səhiyyəyə
ayrılan xərclər isə 33 dəfə
artmışdır. Müstəqil Azərbaycanın iqtisadi
tarixində ilk dəfə olaraq qeyri-neft sektoru daha əhəmiyyətli
iqtisadi artım mənbəyinə çevrilmişdir.
Statistik məlumatlarda göstərilir ki, son 20 ildə Azərbaycanda
ümumi daxili məhsul 3,6, orta aylıq nominal əməkhaqqı
12, minimum əməkhaqqı isə 38 dəfədən
çox artmışdır. 20 il ərzində yoxsulluq şəraitində
yaşayan insanların sayı 45 faizə yaxın idisə,
aparılan işlər hazırda cəmi 5,5 faiz təşkil
edir. Vaxtilə iqtisadi qeyri-sabitlik, iqtisadi asılılıq məngənəsində
olan Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və
ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin
etmiş ölkəyə, dünyanın inkişaf etmiş
dövlətərinin belə Azərbaycanın iqtisadi
mövqeyi ilə hesablaşmağa vadar edən ölkəyə
çevrilib. İlham Əliyevin dövlətimizin ərazi
bütövlüyünün və suverenliyinin tam və şərtsiz
bərpasına nail olması isə Ona müzəffər Ali
Baş Komandan, qalib lider statusları qazandırıb. Vətən
müharibəsi zamanı xalqımız öz liderinin ətrafında
“Dəmir yumruq” kimi birləşərək 30 illik
işğala boyun əyməyib tarixi ədaləti bərqərar
edib, məğlubiyyət damğasına deyil, qalibiyyət
qüruruna layiq olduğunu sübut etdi. Bu uzun müddət
dünyanı düşündürəcək bir tarixi
gerçəklikdir ki, Azərbaycan Vətən müharibəsində
cəmi 44 gün ərzində vahid, məqsədli
döyüş strategiyası əsasında, məğlubiyyət
yaşamadan, minimum itki ilə Tarixi Zəfər qazandı. Azərbaycan
bu şanlı savaşdakı hərbi qüdrəti ilə
dünyanın bu sahədəki ən qabaqcıl ölkələrini
heyrətdə qoydu, onları bu hərbi taktikanı öyrənməyə
vadar etdi. Eyni zamanda, unutmaq olmaz ki, bu ildırımsürətli
hərbi qələbə heç də möcüzə
deyil, hərbi rəşadətimizdən də çox, Cənab
İlham Əliyevin 17 illik siyasi diplomatik mübarizələrinin
məntiqi nəticəsi idi.
İlham Əliyevin 2001-ci ildən Avropa Şurası
Parlament Assambleyasından (AŞPA) başladığı
uğurlu diplomatiya yolu, BMT Təhlükəsizlik
Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, Türk Dövlətləri Təşkilatı
və digər təşkilatlar çərçivəsində
ümummilli mənafelərə xidmət edən uğurlu fəaliyyəti
diplomatiya tariximizin qızıl səhifələridir. Ölkə
başçımızın “Qarabağ Azərbaycandır. Və
nida işarəsi” bəyanatı isə bu məsələdə
müharibəqabağı siyasi mübarizədəki qələbənin
zirvəsi oldu.Azərbaycan Vətən müharibəsindəki
Tarixi Qələbəsi ilə həm də beynəlxalq
hüquqün təminatçısı kimi dünyəvi
nümunə oldu. Dünya tarixində bəlkə də yeganə
nümunədir ki, Azərbaycan müharibə boyu heç bir
məğlubiyyətə uğramayan, möhtəşəm hərbi
strategiya və üstünlük nümayiş etdirən tərəf
olmaqla yanaşı, paralel şəkildə qarşı tərəfə
dəfələrlə sülh təklif etmiş olsun. Bu
dövlət başçımızın dünyada humanizm
prinsiplərinə ən ideal şəkildə riayət edən,
xalqımıza xas milli dəyərlərə sadiq qalan bir
lider olmasından irəli gəlir. Onu da qeyd edək ki, Prezident
İlham Əliyev bəzi dövlətlərin Vətən
müharibəsi dövründə Azərbaycana informasiya
müharibəsi elan etdiyi informasiya cəbhəsinə də məharətlə
sərkərdəlik etməyi bacardı. Onun müharibə
dövründəki çoxsaylı müsahibələri,
xalqa müraciətləri, çıxışları milli
diplomatiya dərsliyi kimi tarixdə qalacaq. Dövlət
başçımız dünyada güc amilinin ön planda
olduğunu nəzərə alaraq postmüharibə
dövründə də ordu quruculuğu sahəsində
islahatları davam etdirir. Təkcə bir faktı xatırlatmaq
kifayətdir ki, son 20 ildə Azərbaycanın hərbi
büdcəsi 135 milyon ABŞ dollardan 5,3 milyard manat vəsaitədək
yüksəlib. İkinci Qarabağ müharibəsindən
sonra isə 200-ə yaxın hərbi təyinatlı obyekt əsaslı
təmir edilib və ya yenidən inşa olunub. Azərbaycanın
apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində
ölkənin suverenliyinin tam bərpa edilməsi dövlətimizin
və ordumuzun beynəlxalq reytinqini daha da yüksəltdi! Həm
də ona görə ki, dünyaya separatizmlə mübarizə
örnəyi göstərən ordumuz Ali Baş Komandanın
birbaşa tapşırığı ilə mülki vətəndaşlara
toxunmamaqla əsl humanizm də nümayiş etdirdi. Sonrakı
mərhələdə isə xalqımıza qarşı
qanlı cinayətlər törətmiş erməni
vandalların həbs olunması ilə Azərbaycan terrorizmə
və vandalizmə qarşı beynəlxalq mübarizə tərəfdarı
olduğunu sübut etdi. Bu qələbə “Azərbaycanla hədə-qorxu,
ultimatum dili ilə heç kim danışa bilməz!” aksiomu
ilə ölkəmizin bütün əleyhdarlarına layiqli
cavab oldu, eyni zamanda, Qərbi Azərbaycan kimi tarixi
torpaqlarımıza qayıdışı da
aktuallaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Tarixi Zəfərdən sonra həyata keçirilən
dövlət siyasətinin əsasını işğaldan
azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin
aparılması təşkil edir. Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarının sürətlə
dirçəldilməsi məqsədilə qəbul edilən
“Böyük Qayıdış”a dair I Dövlət
Proqramının icrası çərçivəsində 121
qəsəbə və yaşayış kompleksi inşa
edilmiş, bölgədə müxtəlif sahələri əhatə
edən layihələrin icrası məqsədilə dövlət
büdcəsindən bu günədək 12 milyard manata
yaxın vəsait ayrılmışdır. Dövlət
başçımızın azad edilmiş
torpaqlarımızı böyük qürür hissi ilə
qarış-qarış gəzərək möhtəşəm
quruculuq işlərinə bilavasitə
başçılıq etməsi bir daha sübut edir ki, xaricdən
aldığı ianələri Ohanyan səddinə sərf
edib onun arxasında gizlənməkdən başqa heç bir
proqresli siyasət yürütməyi bacarmayan Ermənistandan fərqli
olaraq qalib Azərbaycan dövləti öz əbədi və əzəli
torpaqlarına sahiblənməyi, qurub yaratmağı, məskunlaşmağı
da unikal şəkildə bacarır. Reinteqrasiya tədbirləri
- sosial müdafiənin gücləndirilməsi, yeni
yaşayış məskənlərində məskunlaşmaqda
olan soydaşlarımız üçün məşğulluğun
artırılması, “Ağıllı şəhər”,
“ağıllı kənd” və “yaşıl enerji zonası”
konsepsiyalarının tətbiqi bölgədə rahat və
müasir həyat şəraitinin yaradılmasına xidmət
edir. “Böyük Qayıdış” proqramının birinci mərhələsində
bütövlükdə 100 yaşayış məntəqəsinin
yenidən qurulması nəzərdə tutulur. Onu da xüsusi
vurğulamaq lazımdır ki, inşaat işləri Azərbaycanın
büdcəsi hesabına, yerli dövlət şirkətləri
tərəfindən həyata keçirilir. Bu isə o deməkdir
ki, müharibədən sonrakı ilk dövrlərdə
dünya ekpertlərinin müharibədən
çıxmış ölkə olaraq Azərbaycan
iqtisadiyyatının çökəcəyi proqnozu
özünü doğrultmadı, əksinə Azərbaycanın
möhkəm iqtisadi sütunlara, düzgün iqtisadi idarəetmə
sisteminə malik olduğu bir daha təsdiqləndi. Heç
şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzur,
ümumilikdə, milli iqtisadiyyatın, turizmin inkişafına
yaxın gələcəkdə əhəmiyyətli töhfələr
verəcək, öz müasir siması ilə Azərbaycanın
cənnətinə çevriləcək. Müasir tariximizin
son möhtəşəm 20 illlik bir dövrü sübut etdi
ki, xalqımız 2003-cü ildə 76,8 faiz səslə
İlham Əliyevi Prezident seçməklə ölkəmizin
yeni bir inkişaf mərhələsinə səs verib. 2008-ci,
2013-cü, 2018-ci illərdə keçirilən prezident
seçkilərində seçicilərin mütləq əksəriyyətinin
səsini qazanaraq Azərbaycan Prezidenti seçilən İlham
Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək
qüdrətli bir dövlətə çevirməsi ilə bu
etimadı doğrultdu. İlham Əliyevin demokratik seçki
yolu ilə dörd dəfə Prezident seçilməsi
özlüyündə dünya siyasət tarixində nadir fakt
olmaqla ölkədə demokratik seçki ənənələrinin
formalaşdığını da təsdiq edir. Vətən
müharibəsində qazandığımız Tarixi Zəfər,
Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini təmin etməsi geosiyasi reallıqları dəyişməklə
həm də yeni demokratik, hüquqi islahatların
reallaşdırılmasını zəruri etmişdi. Bu
islahatlardan ən mühümü isə dövlət
başçımızın özünün də
açıqladığı kimi, müstəqil həyatımızda
ərazilərimizin hər bir yerində keçiriləcək
ilk seçkilərin məhz prezident seçkilərinin
olmasının vacibliyi idi. Bu mənada Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamı ilə
2024-cü il fevralın 7-nə növbədənkənar
Prezident seçkilərinin müəyyən edilməsi
konstitusion hüquqa əsaslanan tarixi zərurətdir. Eyni
zamanda, bu qərar cənab İlham Əliyevin
özünün də vurğuladığı kimi, Onun 20
illik möhtəşəm Prezidentlik fəaliyyətinin məntiqi
yekunudur. Azərbaycan bütün aspektlərdə müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünü təmin
etmiş dövlətdir və tarixdə ilk dəfə beynəlxalq
hüquqla tanınan ərazi bütövlüyümüz
çərçivəsində seçki keçiriləcəyinin
qürurunu yaşayırıq. Bu Azərbaycanın hərbi zəfərdən
sonrakı siyasi zəfər tarixi olacaq! Azərbaycan
bütün dünyaya, eləcə də anti-Azərbaycan
qüvvələrə demokratik dövlət olduğunu bir
daha sübüt edəcək! Məcburi köçkün,
qaçqın damğasından xilas olub öz ata-baba
yurdlarına qayıdan həmvətənlərimiz Azərbaycan
bayrağının bütöv, aydın Azərbaycan səmasında
heç zaman olmadığı kimi məğrur, azad
dalğalanmasına səs verəcək! Xalq öz qalibiyyət,
məğrurluq əzmini, suverenliyini kimsəyə güzəştə
getməyəcək! İlham Əliyev hər zaman xalqın
yanında olan, xalqdan güc alan, hər bir azərbaycanlının
Prezidenti olduğunu bütün varlığı ilə
sübüt edən bir dövlət xadimidir. İndi isə bu
böyük şəxsiyyətin, əsl liderin hər bir azərbaycanlının
prezidenti olduğunu isbat etmə sırası
xalqımızdadır. Qalib xalq kimi demokratiya cəbhəsində
də “Dəmir yumruğ”a dönməyi bacaracağıq! Bu,
milli iradənin təntənəsi, həm də Ulu Öndər
Heydər Əliyevin alternativsiz siyasi kursuna sədaqət, Azərbaycanın
parlaq gələcəyinə təminat olacaq!
Mehriban SULTAN,
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fələsfə doktoru, Naxçıvan
Muxtar Respublikasının Əməkdar jurnalisti
Yeni Azərbaycan.-2024.-
24 yanvar, ¹13.- S.2.