Azərbaycan
kinosunun gözəllik
ilahəsi
Leyla Bədirbəyli - 104!
Yaradan milli səhnəmizin bənzərsiz
simalarından sayılan
Leyla Bədirbəylidən
heç nəyi əsirgəməmişdi. Şirin
dilli xanım “Azərbaycan gözəli”
kimi fəxri ad da almışdı.
Sevib-seçdiyi sənətin
yolunda min bir iztirablara, əzab-əziyyətlərə qatlaşırdı. Kiminsə
önündə, nədənsə
ötəri sınmaq,
əyilmək, əl açıb yalvarmaq onun təbiətinə yad idi. Ömrü
boyu özündən
razı danışmazdı.
Baxmayaraq öyünməyə
mənəvi ixtiyarı
çatırdı. Niyə?
Çünki cəzbedici
gözəlliyi dillərdə
dastan olmuşdu. Sayılıb-seçilən, müxtəlif
xarakterli rolların mahir ifaçısı, görkəmli səhnə
xadimi, kino-ekran ulduzu idi.
Zəmanəmizin böyük
sənətkarı, Azərbaycanın
Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatı
laureatı Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda
dünyaya göz açıb. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin
nəslindən olub. Anası şəmkirli Bikə xanım Musaxan qızı isə əsl xan qızı idi. Yanvarın ayazlı, qarlı-şaxtalı
bir günündə doğulsa da, Tanrı bu zərif
vücuda ilıq yaz nəfəsi, bahar təravəti qismət etmişdi. Qadın aktrisaların olmadığı, onların
rollarını da bəlli səbəblərdən
kişi aktyorların oynamaq məcburiyyətində
qaldığı həmin
çətin illərdə
tale sanki bu gözəlliyi Azərbaycan səhnəsinə
bir hədiyyə kimi göndərmişdi. Körpəliyindən surətini
görən hər kəs böyüyüncə
onun çox gözəl bir qız olacağını
deyirdi. Doğmaları
onun gələcəyini
görməyin intizarını
çəkirdilər. Elə
teatr səhnəmiz, milli kinomuzun ekranı da bu gözəlin intizarında idi.
Sənət yolu...
Leyla Bədirbəylinin
sənətə gəlməsində
anası Bikə xanımın böyük
rolu olub. Belə ki, həmin
illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə
gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış.
Rəqsə böyük
marağı olan gələcəyin məşhur
aktrisasının istedadını
üzə çıxardığı
ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli
xarici görünüşə
və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət
edilir.
Filarmoniyada çalışdığı
illərdə “Ayna” və “Bakının işıqları” filmlərində
rol alan Leyla Bədirbəyli
1941-ci ildə 21 yaşında
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət
məbədinin səhnəsində
bir-birindən fərqli
qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında
Leyla Bədirbəylinin
xidmətləri həmişə
xatırlanır.
O, milli teatrımızın
səhnəsində yaratdığı
Sara (“Solğun çiçəklər”), Solmaz
(“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları
ilə mədəniyyət
tariximizin qızıl
səhifələrini yazıb.
Kinoda bu xanımın parlamağında
Üzeyir Hacıbəylinin
böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən
Rza Təhmasib Gülçöhrə rolu
üçün gözəl
xarici görünüşə
malik qız axtarırmış. Məhz
Üzeyir Hacıbəylinin
tövsiyəsindən sonra
Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Əlbəttə, Leyla
Bədirbəylinin Azərbaycan
kinosunun inkişafındakı
fədakar xidməti təkcə Gülçöhrə
ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən
“Səbuhi”, “Fətəli
xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş
Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
“Azərbaycan gözəli”
adını almış
aktrisa 1999-cu il noyabrın 23-də vəfat
edib və Fəxri xiyabanda dəfn olunub.
Görkəmli
aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən
hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı
Sərəncamla ölkəmizdə
Leyla Bədirbəylinin
anadan olmasının
100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Günel ABBAS
Yeni Azərbaycan.-2024.-
8 yanvar, ¹1.- S.8.