Təmiz
ətraf mühit və “yaşıl” artım ölkəsi
Azərbaycan
COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə
keçirəcək
Azərbaycan
ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin
qarşısının alınmasına xüsusi əhəmiyyət
verir. Ölkəmizin 2030-cu ilədək
sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz
ətraf mühit və yaşıl artım ölkəsi” kimi
müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin
və Naxçıvan Muxtar Respublikasının “yaşıl
enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə
aparılan məqsədyönlü və ardıcıl
dövlət siyasətinin təzahürüdür.
Yeri gəlmişkən,
iqlim dəyişmələrinin qarşısının
alınması sahəsində Azərbaycanın həyata
keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir. Məhz bu səbəbdən,
iştirakçıların sayına və səviyyəsinə,
müzakirəyə çıxarılan məsələlərin
aktuallığına görə dünyada ən mötəbər
tədbirlərdən biri hesab edilən Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin
yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.
Azərbaycan
beynəlxalq ictimaiyyətin ona böyük hörmət və
etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın
yüksək səviyyədə təşkil edilməsi,
ölkəmiz və bəşəriyyət üçün
uğurlu nəticələrlə yekunlaşması naminə
bütün zəruri tədbirləri görəcək.
Milli Məclisin
təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin
üzvü Məşhur Məmmədov “Yeni Azərbaycan”a
açıqlamasında bildirib ki, BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransı (COP) iqlim böhranının həlli istiqamətində
səylərin əlaqələndirilməsi, onun aradan
qaldırılması, strategiyaların işlənib
hazırlanması və iştirakçı ölkələri
bir araya gətirmək üçün çox mühüm
beynəlxalq arenadır: “COP29 iqtisadi cəhətdən də
çox dividend gətirə biləcək beynəlxalq
platforma hesab olunur. Azərbaycan COP29-u yüksək beynəlxalq
standartlara uyğun səviyyədə keçirəcək.
Konfrans həm miqrasiya və turizm sahələrinin
inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir.
İqtisadi cəhətdən nəzər yetirsək, COP29-da
müxtəlif dövlətlərin pavilyonları fəaliyyət
göstərəcək. Hər dövlət öz nailiyyətlərini
nümayiş etdirdiyi kimi, eyni zamanda, Azərbaycan da
“yaşıl energetika” sahəsində öz nailiyyətlərini
təqdim edəcək. Bu müxtəlif korporasiyalar şirkətlərarası,
dövlətlərarası və hökumətlərarası
yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi,
təcrübə və nailiyyətlərin mübadiləsi və
bundan irəli gələn müəyyən sənədlərin
imzalanması və digər məsələlər
nöqteyi-nəzərindən mühüm əhəmiyyət
kəsb edir. Həmçinin iqtisadi tərəqqi meyillərinin
məhz həmin istiqamətdə formalaşmasına səbəb
ola biləcək mühitin yaradılmasına gətirib
çıxaracaq. Ümumiyyətlə, ölkəmizdə
COP29-la bağlı sənədlərin qəbul olunması
gözlənilir”.
Onun sözlərinə
görə, bu həm də turizm sektorunun inkişafı ilə
bağlı olan məsələdir. Çünki əgər
həmin sessiyalarda 100 min nəfər iştirak edəcəksə,
həmin ölkənin infrastrukturu da çox qısa müddətdə
o parametrlərə cavab verməlidir. Bu baxımdan aidiyyəti
strukturlar turizm infrastrukturunun inkişafı ilə
bağlı müəyyən işlər görürlər.
Paralel olaraq digər sahələr də mövcuddur ki, bu da
ölkənin bu sahədə çalışacaq vətəndaşlarının
rifahının yaxşılaşdırılmasına gətirib
çıxaracaq. Çünki infrastruktur olacaqsa, xidmətdə
çalışan işçilər də olmalıdır.
Bu, həm də yeni iş yerləri deməkdir.
COP29-u
keçirməklə ölkəmizin reallıqlarını həmin
platformadan irəli gələrək daha yaxşı şəkildə
təqdim edilməsi üçün əlverişli mühit
qazandıq. Prezident İlham Əliyevin Sərəncamı ilə
ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə
həmrəylik ili” elan edildiyini xatırladan A.Allahverənov
bildirib ki, bu sənəddə Azərbaycanın energetika sahəsində,
xüsusilə də sosial-iqtisadi inkişafın beş milli
prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və
yaşıllıqların artırılmasına dair fəaliyyətlərə
nəzər salınır. Xüsusilə də həmin
innovativ yanaşmalarla bağlı olan məsələlərə
işğaldan azad olunmuş ərazilərdə
“Ağıllı şəhər”, “Ağıllı kənd”
və digər layihələr aiddir”.
Deputat diqqətə
çatdırıb ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
müraciətində enerji məsələlərinə
münasibət bildirərək deyib: “Yaşıl enerji”
keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda
bölgənin ən böyük bərpaolunan elektrik enerjisi
stansiyası istifadəyə verilmişdir - 230 meqavat
gücündə Günəş elektrik stansiyası artıq
bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir.
İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında
yaxın bir neçə il ərzində Azərbaycanda 10 min
meqavat bərpaolunan enerji növləri, enerji mənbələri
yaradılacaq və bu sahədə də Azərbaycan
dünyada liderlər sırasında olacaqdır. Əlbəttə
ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq
konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə
bizim uğurlarımızı əyani şəkildə
göstərir.
Kimliyindən,
çalışdığı sahədən asılı
olmayaraq, 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik
ili” Azərbaycanda keçiriləndə həmin sahələr
üzrə də müəyyən ixtisaslaşmalara nəzər
salsaq, burada hətta təhsil sistemi ilə bağlı olan məsələlərin
də əhatə olunduğunu görərik. Misal
üçün, “yaşıl enerji” növlərinin
yaradılması ilə bağlı müəyyən elmi,
konseptual yanaşmalar sonrakı mərhələdə təhsil
sistemində geniş şəkildə tətbiq oluna bilər.
COP29-un digər aspektlərinə də bağlı olan məsələlərdən
biri yol infrastrukturunun, kommunikasiyaların və nəqliyyatın
inkişafı ilə əlaqədardır. Kommunikasiya
infrastrukturunun yaradılması, “yaşıl enerji”nin Qərb
bazarlarına çıxarılması ilə bağlı sənayenin
ayrı-ayrı istiqamətləri üzrə sahələrinin
inkişafına ehtiyac yaranır. Yəni COP29 kifayət qədər
genişhəcmli, çoxşaxəli, hərtərəfli
olan siyasi yanaşmanın formalaşmasına gətirib
çıxaran konfransdır”.
Günel
ABBASOVA
Yeni Azərbaycan.-2024.-
10 yanvar, ¹3.- S.5.