20 Yanvar
faciəsinin ədəbiyyatımızdakı
əksi
Qatil gülləsinə
qurban gedirkən,
Gözünü sabaha
dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına
çəkdi Şəhidlər...
Şair Bəxtiyar
Vahabzadənin dediyi kimi, gözləri sabaha dikilən, azad, firavan gələcəyə
ümidlə baxan, bu uğurda canlarını bir an belə olsun
düşünmədən qurban verən Şəhidlər...
20 Yanvar...
Tarix boyu başı qovğalardan, bəlalardan, yağıların
təcavüzündən ayılmayan
Azərbaycanımızın qan, qada, fəryad,
göz yaşı dolu növbəti səhifəsi. Eyni zamanda, müstəqillik yolunda atılmış ən inamlı, qətiyyətli addım. Məhz 1990-cı ilin 20 Yanvar gecəsindən vüsət aldı qəlbi Vətən sevgisi, müstəqillik yanğısı ilə döyünən qocaman xalqın dünyaya ədalət çağırışları.
Məhz həmin gün dünyanın kor qalmış gözlərinə, kar olmuş qulaqlarına gedib çatdı bir millətin azadlıq harayı. Amma bu dəfə
dünyanın əbədi
“üç meymun” oyunu alınmadı. Bir millət ki, qanı süzülə-süzülə,
canı gedə-gedə
bu yolla addımladı, onu görməmək, duymamaq
olardımı?!
Xalq şairi Məmməd Arazın da dediyi kimi,
“Mərd oğullar - mərdliyilə öyünməzlər,
torpaq altda ölümlüyə gömülməzlər”.
34 ildən bəridir
o məşum gecə,
haqq bayrağını
ucaldaraq ölümsüzlük
qazanan mərdlik simvolu şəhidlərimiz
Azərbaycan ədəbiyyatının,
incəsənətinin əsas
mövzularından biridir.
Şair və yazıçılarımız illərdən bəridir öz qələmləri ilə həmin gecə şəhid düşən qəhrəman
oğul və qızlarımızın can
ağrısını, azadlıq
uğrunda öz balalarını qurban verən bir xalqın göz yaşını, haqq səsini poeziyanın, sözün qüdrəti
ilə dünyaya car çəkirlər.
Necə ki, Məmməd Araz öz şeiri ilə “ağlamağın
yeri deyil” deyərək xalqı qürura, mübarizəyə,
nikbinliyə səsləyirdi:
Bu torpağın son qurbanı
mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən
güllələrə dən
olsam,
Ata millət, oğul deyib ağlama
Ağlamağın yeri deyil, ağlama!
“Öz
şəhid ömrü
ilə öyünənlər
basılmaz” deyən şair Musa Ələkbərli
də ağlamaq tərəfdarı deyil. Şair “Ağlama şəhidlərə” deyərək
qüdrətli xalqı
bu faciədən də qürurlu, başıdik, gələcəyə
inamlı çıxmağa
çağırır.
Ancaq günahsızca
tökülən qanlara,
cavan gedən canlara, “vətən, torpaq, bayraq, azadlıq” hayqırtısı
ilə sönən ömürlərə necə
qəlbin yanmasın, necə için sızıldamasın?! Əbülfət
Mədətoğlunun dediyi
kimi, əslində, o günlərdə dərd
özü ağlayırdı.
Axı bəzən ağlamaq,
ürəyini boşaltmaq
da ən böyük təskinlik, ən gözəl çarə
ola bilir dağlanan könüllərə. Şəhid
düşən canlara
yer-yurd, torpaq-səma ağlarkən, insan necə laqeyd qala bilər?! Bəlkə də şəhidi elə göylər, səmalar, buludlar ağlamalıdır.
Şair İlyas Tapdığın
dediyi kimi, “Şəhidi ağlasın
bahar yağışı, Ona - anaların göz yaşı çatmaz”.
Şair Məmməd Aslan isə qərənfilə
xitab etsə də, elə bizə- insanlığa “ağla” deyirdi. Ağla ki, qəlbin təmizlənsin, ruhun paklaşsın, beynini, ürəyini, mənliyini
saran duman çəkilsin,
gələcəyə daha
qətiyyətlə baxa
biləsən. Şairin
hələ uşaq yaşlarımızdan əzbərlədiyimiz,
yan-yana, ağlaya-ağlaya
söylədiyimiz “Ağla,
qərənfil, ağla”
şeiri isə o günə kimi toy-nişan rəmzi olan qərənfilin bundan sonrakı taleyini, “faciə çiçəyi” adını
sanki rəsmiləşdirir:
Hər şəhidə
bir düzüm,
Abşeron - qan dənizim.
Sən - mənim
ağlar gözüm,
Ağla, qərənfil,
ağla!
Axı o qərənfili dünyadan
nakam köçən
şəhidlərimizin toyuna,
xoş gününə
aparacaqdı ailəsi,
sevənləri. Bunu
da Əlibala Hacızadə
poetik dillə deməmişdimi:
Qərənfilim, danış,
din,
Səni dinləmək
çətin.
Toyuma gəlməliydin,
Yasıma gətirdilər.
Tofiq Mütəllibov isə özünün “Qərənfil
məşəlləri” şeirində
qərənfilin Şəhidlər
xiyabanındakı hüznlü
obrazını çox
təsirli dillə dəqiq şəkildə
təsvir edir:
Bu adi çiçəklər,
bu qərənfillər,
Məzarlar üstündə
müqəddəsləşib.
Şair Qabilin faciənin üstündən
çox keçməmiş
ürək qanı ilə yazdığı “Mərsiyə” şeiri 20 Yanvar şəhidlərinə
hüznlü bayatı
kimi, ağı kimi bu gün
də qəlbləri dağlamaqdadır:
Gecəni atəş
ilə qırmızı
dan eylədilər,
Xalqımı-millətimi gülləbaran
eylədilər.
“O şanlı gün, o kin-qisas unudulmaz”- deyən Xalq şairi Nəriman Həsənzadənin
sözlərinə qüvvət
olaraq yazıçı
Vidadi Babanlı inamla deyir:
Tarix danışacaq
hünərimizdən,
Alqış söyləyəcək
nəsillər bizə.
Əssə də qara yel üzərimizdən,
Zəfər nur saçacaq şəhərimizə.
Elə bu şanlı gələcəyin
eşqinə şair
Nahid Hacızadə şövqlə
haray çəkir:
Qalx, qalx,
ulu torpaq,
Qalx, qalx,
ulu bayraq.
Qalx, qalx, sən ey mərd
xalq,
Yer titrəsin məhvərindən!
Xalq yazıçısı
Əzizə Cəfərzadənin
yanğılı, fəryad
dolu bayatıları, Xalq şairi Fikrət Qocanın sinəsinə övlad dağı, vətən dağı çəkilmiş
anaların sözlə
şanlı heykəlini
yaratdığı “Şəhid
anaları” şeiri, Çingiz Əlioğlunun
“And” şeiri, Hidayətin
20 Yanvar şəhidi şairi Ülvi Bünyadzadəyə ithaf
etdiyi “Qələmini qanına batıran şair” şeiri, özü də şəhid atası olan Xalq şairi
Xəlil Rza Ulutürkün “Qanım bayrağımdadır” şeiri
və neçə-neçə
şairlərimizin 20 Ynavar
faciəsinə, xalqımızın
qürur və hüzn gününə həsr etdiyi poetik nümunələr ədəbiyyatımızın ən qiymətli xəzinələri arasındadır.
Çünki məhz
bu nümunələr
vasitəsilə 34 ildir
ki, yetişməkdə
olan nəsillər əsl həqiqətləri
öyrənir, bilir, xalqının tarixini dərindən mənimsəyir.
Şübhəsiz, gələcək
nəsillər üçün
də bu örnəklər əsl arxiv materialları, həqiqətlərimizi özündə
əks etdirən fakt kimi dəyər
kəsb edəcək.
****
Əlbəttə, təkcə
Azərbaycan poeziyası
deyil, nəsr və dramaturgiyamız da 20 Yanvar mövzusuna
tez-tez müraciət edib, yazıçılarımız,
dramaturqlarımız o məşum
gecənin ən böyük ağrılarını,
ən qürurlu səhnələrini qələmləri
ilə təsvir ediblər.
“Həyatdı da,
elə bəlalar var ki, dil
də aciz qalır”...
Xalq yazıçısı
Anarın “Şəhərin
qış gecələri”
əsərinin qəhrəmanı
akademik Bəhram Zeynallının dilindən
süzülən bu kəlmələr 20 Yanvar
faciəsinin və bu faciənin elə ədəbiyyatımızda
əksinin də ən dəqiq təsvirini verir.
1990-cı ilin qanlı 20 Yanvar faciəsi... Bəli, bu faciəni
ifadə etməyə
sözlər belə acizdir. Amma Xalq yazıçısı Anar o acizliyin
gözlərinin içinə
baxa-baxa məhz elə o acizliyin özünü yazıb.
Bütöv millətin
faciəsini bir ailənin timsalında göstərən əsərin
qəhrəmanları, əslində,
bizə çoxdan tanışdır. Müəllifin
təxminən 40 il öncə
yazdığı və
uzun zaman uğurla nümayiş olunan “Şəhərin yay günləri”
əsərindəki obrazlar
indi şəhərin
qış gecələrində,
həmin o qanlı yanvar günündədirlər.
Yazıçı məsələyə
məişət mövzusunda
yanaşsa da, ümumilikdə
Azərbaycan ziyalısının,
sadə Azərbaycan insanının ictimai-siyasi,
sosial məsələlərə
münasibətini göz
önünə sərir.
Həmin ailənin timsalında ötən əsrin 90-cı illər hadisələri, meydan hərəkatı, ölkədəki
siyasi-ictimai vəziyyət
şərh olunur.
20 Yanvar şəhidlərinin
xatirəsinə həsr
olunmuş yazıçı-dramaturq
Tamara Vəliyevanın “Mənim
ağ göyərçinim”
əsəri isə
1999-cu ildən müxtəlif
teatrlarda səhnələşdirilib.
Sabir Əhmədlinin “20 Yanvar” hekayələri, Arif Abdullazadənin
“Qanlı yaddaş” romanı, İsi Məlikzadənin
povesti, yazıçı
Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın
20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin
“20 Yanvar: güllələnmiş
qəzet”, Mədinə
Qasımovanın “Ağla,
qərənfil, ağla”
və “İ mertvıe
pobejdayut” (“Ölülər
də qalib gəlir”), Şəmkir Təhməzlinin “1990-cı il Qanlı
Yanvar izləri”, Qaçay Köçərlinin
“Şəhidlər xiyabanı”,
Zəlimxan Yaqubun “Səslərin görüşü”, Tahir Talıblının
“Susmuş hünərə
elegiya”, Vahid Əzizin
“Qırğın”, Sənan
Çırağın “Haqq ədalət Kərəm kimi yalnız indi...”, Xəzangülün
“Tanrı dərgahında”,
Məmməd Alimin “Sahibini
axtaran qol”, Məmməd
Alimin “20 Yanvar küçəsi”, Piruz Dilənçinin
“Şəhidlər xiyabanı”,
Oqtay Ələkbərovun
“Şəhriyar nəfəsi”,
Xəlil Rza Ulutürkün
“Sənin göz yaşların”, Ələkbər
Şahidin “Şəhidlər”,
Vidadi Babanlının
“Başsağlığı”, Hafiz Əlinin “Bakıda komendat saatı”, Məhəmməd
Aslanbəylinin “Bu il”, Fikrət Qocanın “Ağlar”, Əlirza Hikmətin “Şəhidlər xiyabanı”
əsərləri, Balaş
Azəroğlunun “Günahkar”,
Məmməd Alimin “Doxsanıncı
iyirmi Yanvar”, Hafiz Əlinin “Vətən şəhidləri”, Rəfail İncəyurdun
“Yanvar ağıları”,
Kamran Mehdinin “Şəhidlərə
ölüm yoxdu” şeirlərində 20 Yanvar
mövzusu təsirli dillə, bütün həqiqətləri ilə
qələmə alınıb.
20 Yanvar faciəsi həm də uşaq şəhidləri
ilə hüznlü, kədərli, ağırdır.
Təbii ki, ədəbiyyatımız,
kövrək şair qəlbi bu körpə
şəhidləri anmaya
bilməz. Bu faciədə
fidan həyatını
“şəhid” adına
dəyişən balaca
Zeynəbin insanın ürəyini parçalayan
taleyi Musa Ələkbərlinin
“Oxu, Zeynəbim, oxu” şeirində ən kövrək şəkildə təsvir
olunub. Məmməd Namazın
“Körpə şəhidlərə
layla” şeiri də yarım qalmış ömürlərə
ithaf edilən ən gözəl nümunələrdəndir.
1990-cı ilin 20 Yanvar günü tariximizin qanla yazılmış səhifələrindən biridir.
Ancaq təbii ki, bu gün öz
müsibəti, faciəsi
ilə bərabər,
həm də müstəqil gələcəyə,
azad, firavan ölkəyə açılan
bir qapı idi. Bu qapını üzümüzə açan
şəhidlərimizi dərin
hüzn və sonsuz minnətdarlıqla
yad edirik. Ümid edirik ki, uğruna canlarını verdikləri
Azərbaycanımızın azad, şanlı qələbə imzalı
bu gününü görüb ruhları şaddır!
Şahanə MÜŞFİQ
Yeni Azərbaycan.-2024.-
20 yanvar, ¹11.- S.8.