Prezident
İlham Əliyev sübut etdi ki, Qarabağ Azərbaycandır!
İki xatirədən
başlamaq istəyirəm.
Birincisi budur:
1988-ci il yanvarın ilk günlərini
Moskva şəhərində keçirirdim. Yaxınlarımın
dəvəti ilə
yeni il ziyafətində iştirak
etdim. Fasilədə
30-32 yaşında olan
iki rus gənc
mənə yaxınlaşıb
ziyafətdə söylədiyim
fikirlərimə görə
təşəkkür etdi.
Məlum oldu ki,
SSRİ Ali Sovetində işləyir,
Azərbaycana aid təşkilati məsələlər
üzrə məsuldurlar.
Aramızda səmimi ünsiyyət yarandı.
Bir az keçmiş həmsöhbətlərimdən biri təxminən bunları dedi: “Doğrusu, biz sizi əsla anlamırıq.
Ali Sovetə hər gün Dağlıq Qarabağın ermənilərindən
xeyli sayda məktub gəlir. Bakıdan, Kirovabaddan (indiki Gəncə - A.C.), digər yerlərdən də eyni məzmunlu
müraciətlər alırıq.
Məğzi? DQMV (Dağlıq
Qarabağ Muxtar Vilayəti
– A.C.) Ermənistanın tərkibinə
verilsin. Sizlərdən
isə buna heç bir reaksiya yoxdur”.
Çox həyəcanlandım.
Sən demə, Azərbaycanda yaşayan ermənilərin bir qismi altdan-altdan hədsiz dərəcədə
sevdiyim Qarabağımı,
ata-baba yurdumu Ermənistana birləşdirmək
iddiasında idilər.
Yeni tanışlarım
hərəkətə gəlməyimizin
vacibliyinə işarə
etdilər. Onlara dediklərim təxminən
bu oldu: “Qarabağın bütün
yerləri mənə
çox doğmadır.
Xankəndidə (o vaxt
Stepanakert) dünyaya gəlmiş, 10 il oradakı məktəbdə
oxumuşam, 18 il ailəmiz orada yaşayıb. Azərbaycanlılar
çox mehriban və təmkinli xalqdır. Amma bizim mənliyimizə toxunularsa, ermənilərin
Qarabağ torpaqlarımızda
gözü olarsa, peşmançılığı elə özləri çəkəcəklər!”.
İki gündən
sonra Bakıya qayıdaraq dərhal Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə
müdirinin müavini
ilə görüşüb
üzücü məlumatları
çatdırdım. Bir
neçə gündən
sonra o, mənə zəng edib dedi ki, narahatçılığa
ciddi əsas yoxdur, hər şey nəzarətdədir(?!).
Cəmi bir aydan sonra, fevralın
8-də Xankəndidə erməni
separatçıları ilk
mitinqlərini keçirdilər.
Fevralın 20-də isə
rəsmi qaydada Azərbaycanın tərkibindən
çıxıb Ermənistanla
birləşmək haqqında
qərar qəbul etdilər.
İkinci xatirə
budur. 1989-cu ilin fevralında Xankədidə
oldum. Şəhərdə
separatçılıq tüğyan
edirdi. Bəzi sinif yoldaşlarımla görüşdüm. Həyəcanla
onlara aşağıdakıları
anlatmağa çalışdım:
“DQMV heç vaxt Ermənistanın olmayacaq!
Sizin normal düşüncəyə sığmayan
bu hərəkətləriniz
böyük faciələrə
səbəb olacaq, günahsız erməni və azərbaycanlıların
qanı töküləcək.
Qarabağ isə Azərbaycan torpağı
olub və belə qalacaqdır!”.
O vaxtdan bu iki xatirə illərlə içimi dağıdırdı. Mənim
doğma Qarabağım,
qarış-qarış gəzdiyim,
hədsiz dərəcədə
sevdiyim, həsrətində
olduğum Xankəndim,
Şuşam, Füzulim,
dədə-baba yurdumuz
Tuğ kəndi düşmən tapdağı
altında idi. Dost-tanışlarımla birlikdə
yekdil fikirdə idik ki, əgər
Heydər Əliyev hakimiyyətdə olsaydı,
Qarabağdakı separatçılar
ağzını belə
açmağa cürət
edə bilməzdilər!
Bir də, xəyalımda o sinif yoldaşlarımla gərgin
söhbətim canlanırdı.
Əmin idim ki, onlar da
1989-cu ildəki görüşümüzü
xatırlayır və mənə
gülürlər. “Nə
oldu, Asif, bəs deyirdin, DQMV heç vaxt Ermənistanın olmayacaq?!”
Uzun illər Ermənistan hansısa kompromislər haqqında deyir və bu
zaman keçmiş “Dağlıq Qarabağ”ın
müstəqilliyini tanımağımızı,
sonradan 5 rayonun, növbəti mərhələdə
isə Laçın və Kəlbəcərin
bir hissəsini qaytaracağını bəyan
edirdi. Tariximizdə unudulmaz iz buraxmış
Ümummilli Lider Heydər Əliyev və dövlətimizin başçısı İlham
Əliyev isə bu yanaşmanı qəti rədd edir və həmişə
vurğulayırdılar ki,
Azərbaycan sülhün
tərəfdarıdır, lakin
doğma torpaqlarımızın
qaytarılması üçün
onlar bütün imkanlardan istifadə etməyə hazırdırlar.
Anlayırdım ki, torpaqlarımız nə vaxtsa hərb yolu ilə qaytarılacaq.
Doğrusu, inanmırdım
ki, həmin anların şahidi olmaq mənə də nəsib olacaq.
2019-cu ilin oktyabr
ayında hörmətli
dövlət başçımızın
qətiyyətlə səsləndirdiyi
“Qarabağ Azərbaycandır
və nida” ifadəsi bütün xalqımızı ruhlandırdı.
Nəhayət, ağlasığmaz
həsrətlə gözlədiyimiz
tarixi gün - 2020-ci il sentyabrın 27-si gəlib çatdı, Vətən müharibəsi
başladı və
44 gündən sonra böyük Zəfərlə
başa çatdı.
Rəşadətli ordumuzun,
bir dəmir yumruq kimi birləşmiş
xalqımızın, Müzəffər
Ali Baş Komandanımızın Qələbə
əzmi sayəsində!
2020-ci ilin oktyabr
ayında bir neçə qohumumla birlikdə işğaldan azad olunmuş ərazilərdə olduq. Cəbrayıl, Füzuli, Hadrut, Tuğ kəndinin girişinə qədər olan yerləri ziyarət etdik. O hissləri sözlə ifadə etmək mümkün deyil. Bilirdik ki, həmin ərazilər viran olub. Gördüyümüz
mənzərə daha
dəhşətli idi.
Tarixən müharibələr
haqqında çox məlumata malik olmuşuq. Ancaq bu səviyyədə vəhşiliyi təsəvvür
etmirdim. 30 il əvvəl yaşıllıq
içində gördüyüm
kəndlərdən, şəhərlərdən
heç nə qalmamışdı. Ağacların
99 faizi məhv edilmişdi.
2021-ci il oktyabrın
8-də işğaldan azad
olunmuş Hadrutda Prezident İlham Əliyevlə görüşümüzü
və nə kimi hisslər keçirdiyimizi təsəvvür
etmək çətin
deyil. Çıxış
edənlərin hamısı
tarixi Zəfərdən
sevinclə danışır,
Müzəffər Ali
Baş Komandana hədsiz təşəkkürünü
çatdırırdılar. Prezident hamımızla çox mehriban söhbət edir, doğma yurdumuza dair suallar verir,
Hadrutun, Qarabağın
inkişaf perspektivləri
haqqında öz baxışlarını bizimlə
bölüşürdü. Onun bizi dədə-baba
yurdumuz olan Tuğ kəndinə dəvət etməsi, orada bizimlə birlikdə gəzməsi, kəndin bənzərsiz gözəlliyi barədə
böyük iftixarla danışması hamımızın
ürəyindən oldu.
Mən öz çıxışımda ürək
sözlərimi deməklə
bərabər, bir ümdə arzumu da bildirdim: sovetlər
dönəmində inşa
olunmuş o vaxtın vilayət partiya komitəsi binasının
önündə Azərbaycan
Respublikasının Dövlət
Bayrağının ucaldılmasını
görməyimi! İlham
Əliyev özünəməxsus
tərzdə gülümsəyərək
dedi ki, onun da vaxtı
tezliklə gəlib çatacaq.
Mövcud reallıqlara
əsaslanaraq düşünürdüm ki, Prezidentimiz 2025-ci ili nəzərdə tutur.
Heç 2 il keçməmiş möcüzə
baş verdi. Doğma Xankəndim, bütün Qarabağ torpağımız azad olundu. Bununla da Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezidentimiz Xankədidə bayrağımızı
qaldıranda hansı hissləri keçirdiyimi sözlə ifadə etmək mümkün deyil. Xankəndi dünyada mənə ən doğma, ən çox sevdiyim şəhərdir.
1947-ci ildə atam Baxış Cahangirov Xankəndidə yerləşən
iki illik Müəllimlər İnstitutuna
təyinatla müəllim
göndərilmişdi. 1948-ci ildə mən, sonra qardaşlarım o şəhərdə dünyaya
gəlmişik. Atam müəllim, məktəb
direktorunun müavini, vilayət maarif şöbəsi müdirinin
müavini vəzifələrində
çalışıb. Əslən
Şuşadan olan qayınatam Abdulla Qədirov da Xankəndidə yerləşən
4 nömrəli Azərbaycan
dilli məktəbin yaradıcısı və
uzun illər direktoru olmuşdu. Özüm Dövlət bayrağımız
qaldırılan və
arxasında görünən
binanın akt zalında, hərbçilərimizin
paradı keçirilən
meydanda məktəbli
kimi müxtəlif tədbirlərdə dəfələrlə
çıxış etmişdim.
Ən məsuliyyətli,
böyük cəsarət
tələb edən, strateji və taktiki baxımdan dərindən düşünülmüş
və cəmi 44 gün ərzində Zəfərimizə gətirib
çıxarmış strategiya
məhz Müzəffər
Ali Baş Komandanımızın rəhbərliyi
ilə reallaşdırıldı.
Ordumuza, xalqımıza
güvənən Prezident
İlham Əliyev sübut etdi ki, Qarabağ Azərbaycandır!
Qələbəmizdə bütün Azərbaycan xalqının, Vətən
uğrunda həyatını
qurban vermiş hər bir şəhidimizin,
canlarından keçməyə
hazır olan qazilərimizin, əsgər
və zabitlərimizin,
əfsanəvi qəhrəmanlar
böyütmüş ana-atalarımızın,
əsl vətənpərvərlər
yetişdirmiş müəllimlərimizin
fədakarlığı danılmazdır.
İllər, əsrlər,
minilliklər keçəcək,
Azərbaycan və dünya tarixinə bu Qələbə qızıl hərflərlə
yazılacaq. Canlı şahidi olduğumuz bu tarixi bizə
yaşadan Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz və xalqımız olmuşdur!
Seçici səsim
sizindir, cənab Prezident!
Xalqımızın seçimi
Müzəffər Liderimiz
İlham Əliyevdir!
Asif Cahangirov
YAP Veteranlar Şurasının
üzvü
Yeni Azərbaycan.-2024.-
26 yanvar, ¹15.- S.5.