Ədəbiyyatşünaslıq tariximizdə Köçərli imzası!

 

Görkəmli pedaqoqun doğum günüdür...

 

Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunmasında onun böyük xidmətləri olub. O, xalqımızın bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi tapıb qiymətləndirməyi bacarıb, Azərbaycan ədəbiyyatının böyük ideallarla, sağlam yüksək hisslərlə zəngin olduğunu iftixarla təhlil sübut edib.

Bu görkəmli şəxsiyyət ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı. O, Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz vətənpərvər tədqiqatçısı idi. Məhz Firidun bəy Köçərlinin sayəsində qədim dövrün bir çox şairləri əsərləri meydana çıxarılıb xalqa tanıdılmışdı. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azərbaycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilib. Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə vəsait olub.

Firidun bəy Köçərli elə bir şəxsiyyətdir ki, hələ bundan sonra aparılacaq tədqiqatlarda onun Azərbaycan xalqı üçün necə böyük işlər gördüyü aşkar ediləcək. Zamanında baş verən repressiyanın qurbanı olmuş dəyərli pedaqoq, gözəl folklorşünas, ədəbiyyatşünas alim, hər zaman Azərbaycana düşmənçilik siyasəti yürüdən erməni ekstrimistlərinin əli ilə qətlə yetirilib. Şəxsi arxivinin izlərinin çox hissəsini yandıraraq məhv etsələr , tarixdən, sənədlərdən silsələr , ürəklərdən silə bilmədilər. Firidun bəy Köçərlini sevənlər, onun tədqiqatı ilə məşğul olanlar, illərlə damla-damla müxtəlif arxivlərin sənədlərindən, insanların xatirələrindən materiallar toplayaraq, əsərlər meydana gətirdilər. Bu gün Azərbaycan oxucuları Firidun bəy Köçərli haqqında olan bu əsərləri sevə-sevə oxuya bilirlər.

Firidun bəy Köçərli ömrünün 35 ildən bir qədər artıq zamanını Azərbaycan gənclərinin savadlanmasına, təhsilli olmasına həsr edib. O, Qori Müəllimlər Seminariyasında, İrəvan gimnaziyasında, Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına vicdanla xidmət etmiş, təsəvvürümüzdə yaratdığımız əsl müəllim obrazının canlı nümunəsi olmuşdu. Firidin bəy Köçərli müəllimlik peşəsini təkcə dərs deməklə bitmiş hesab etmirdi. O, dərsdən sonra da öz şagirdlərinə nəzarət edir, bəzi hallarda onların yaşadıqları evlərinə gedir şagirdlərinin həyat tərzi, sosial vəziyyətləri təlim-tərbiyəsi ilə maraqlanırdı. Firidun bəy istər dərs zamanı, istərsə dərsdən kənarda şagird tələbələrinə eyni münasibəti, mehribanlığı, göstərirdi. O, bunu özünün vətəndaşlıq, eyni zamanda da, müəllimlik borcu hesab edirdi. Firidun bəy azərbaycanlı tələbələrin sanki bir qoruyucusu, müdafiəçisi idi. Bu onun Vətəninə, millətinə olan məhəbbətindən irəli gəlirdi.

Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən gözəl hədiyyəsi onun yaratdığı əsərləri idi. Xüsusilə Azərbaycan şairləri haqqında yazdığıAzərbaycan Türklərinin ədəbiyyatıadlı əsəri mədəniyyətimizin incilərindən hesab edilir. Minbir əziyyətlə yığıb topladığı bu əsər, sonradan bir qədər artırılmış Azərbaycan ədəbiyyatıadı ilə nəşr olunmuşdu. yaxşı ki, Firidun bəy Azərbaycanın klassik şairləri, Nizami Gəncəvidən tutmuş M.Ə.Sabirə qədər olan şairlərimiz haqqında dəyərli məlumatları zamanında ədəbiyyatımız üçün topladı bu gün biz klassiklərimizi tanıyır, ən əsası isə kimliyimizi bilirik. Əbəs yerə demirlər ki, Azərbaycan ədəbiyyatını Firudin bəy Köçərli yaratmışdı.

Firidun bəy dilimizin qorunmasına da daha çox diqqət edirdi. O, qələm sahibi olanlardan xahiş edirdi ki, Azərbaycan lüğətinə yad sözləri gətirməsinlər. Çünki dilimiz sadə, axıcı zəngindir.

Yeri gəlmişkən, bu gün görkəmli ədibin anadan olmasından 161 il ötür. O, 1863-cü ilin 26 yanvar tarixində Qarabağın dilbər guşəsi Şuşada dünyaya göz açıb.

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.-2024.- 26 yanvar, №15.- S.8.