Zəngəzurda son nəfəs:
Nüvədi kəndinin tarix və kimlik hekayəsi
Qərbi Azərbaycan mövzusu müasir dövrdə
yalnız siyasi aspektdən deyil, eyni zamanda tarixi ədalətin
bərpası və milli yaddaşın dirçəldilməsi
baxımından strateji əhəmiyyət kəsb edir.
Xüsusilə, 44 günlük Vətən müharibəsindən
sonra bu məsələ daha da aktuallaşmış, dövlət
başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycan
İcmasına 2022-ci ilin dekabrında etdiyi səfər
zamanı irəli sürdüyü konseptual yanaşmalarla ciddi
ictimai-siyasi məzmun kəsb etmişdir. Həmin
görüşdə Prezident qeyd etmişdi ki, Ermənistandan
deportasiya olunmuş azərbaycanlılar arasında Nüvədi
kəndi sonuncu məskən olmuş, 1991-ci il avqustunda bu kəndin
tamamilə boşaldılması ilə bir tarixi mərhələ
başa çatmışdır.
Nüvədi kəndi Azərbaycanın tarixi Zəngəzur
bölgəsinin cənub-qərb hissəsində, Araz
çayının sol sahilində, İran İslam
Respublikası ilə sərhəddə yerləşir. Ən
qədim yazılı qaynaqlarda bu kəndin adı 1593-cü ilə
aid Osmanlı təhrir dəftərində - İrəvan əyalətinin
İsgəndərqalası livasının Masır nahiyəsində
25 azərbaycanlı ailənin yaşadığı
yaşayış məntəqəsi kimi qeyd edilir. XIX əsrdən
başlayaraq inzibati tabeçilik baxımından dəfələrlə
dəyişikliklərə məruz qalan Nüvədi, 1929-cu
ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı
ilə Ermənistan SSR-in Meğri (Mığrı) rayonuna
verilmiş, bu qərar 1969-cu ildə hüquqi rəsmi sənədlərlə
təsdiqlənmişdir.
Nüvədi kəndi bütün dövrlər boyu
monoetnik - yalnız azərbaycanlıların
yaşadığı bir kənd olmuşdur. 1991-ci ilə qədər
burada 300-dən çox ailə (təqribən 1500 nəfər)
yaşayırdı. Meğri rayonunun ərazisinin 40 faizini təşkil
edən bu kənd Meğridəki azərbaycanlı əhalinin
mərkəzi məskəni idi. Kənd əhalisi XX əsrdə
üç dəfə - 1905, 1918 və 1988-ci illərdə
erməni təcavüzünə və kütləvi
zorakılıqlara məruz qalmış, nəhayət, 1991-ci
il avqustun 7-də burada sonuncu deportasiya həyata
keçirilmişdir.
Ulu Öndər Heydər Əliyev öz
çıxışlarının birində bu kəndin tarixi
və etnik tərkibi barədə demişdir:
“Meğr rayonunda Nüvədi adlı böyük bir kənd
var. Çoxminlik əhalisi olan bu kənd Araz sahilində yerləşir,
qədim tarixə malikdir, tamamilə azərbaycanlı kəndidir”.
Bu bəyanat Nüvədinin əsrlər boyu monoetnik
Azərbaycan yaşayış məskəni olduğunu və
burada azərbaycanlıların dərin mədəni, sosial və
tarixi köklərə malik olduqlarını bir daha təsdiqləyir.
Eyni zamanda bu çıxış, erməni iddialarının
əsassızlığını və Nüvədinin Azərbaycan
xalqının milli yaddaşında tutduğu yerin təsbitidir.
Heydər Əliyevin bu fikirləri həm tarixi
reallığın, həm də torpaqlara qayıdış
ideyasının mənəvi-siyasi dəstəyidir.
Nüvədi təkcə ziyalılar, alimlər
yetişdirməklə deyil, həm də Vətən
uğrunda canından keçmiş igid oğulları ilə
tanınır. Bu kəndin övladları XX əsrdən
bugünədək müxtəlif dövrlərdə -
Qarabağ savaşlarında, sərhəd münaqişələrində
və sabitliyin pozulduğu illərdə qəhrəmancasına
döyüşmüş, bir çoxu şəhidlik zirvəsinə
ucalmışdır. Bu igidlər arasında 1990-cı illərdə
şəhid olan Həzrətəli Tairov, Haqani Qurbanov, Orxan
Hüseynov və 44 günlük Vətən müharibəsinin
gənc qəhrəmanı Rauf İbadov xüsusi ilə yadda
qalıb. Raufun timsalında bu kəndin gənclərinin Vətənə
bağlılığı, iradəsi və fədakarlığı
aydın görünür. O, Polad Həşimovun
qisasını almaq üçün könüllü
döyüşə yollanmış, Füzuli, Cəbrayıl
və Qubadlı uğrunda savaşlarda iştirak edərək
şəhid olmuş, bir neçə orden və medalla təltif
edilmişdir.
Nüvədi kəndi təkcə sosial-mədəni
deyil, həm də strateji-iqtisadi baxımdan əhəmiyyətli
mövqedə yerləşmişdir. Araz çayı boyunca
ticarət və nəqliyyat əlaqələrinin mühüm
qovşağı sayılan kənddə geniş meyvə
bağları, nar, üzüm, ərik və digər meyvə
plantasiyaları mövcud olmuşdur. Bu sahələrin
inkişafında kənd rəhbərlərinin - u meyvə
plantasiyalarının salınmasında kənd rəhbərlərindən
Aslan Məmmədovun, Yadulla Quliyevin, İnşallah Cəfərovun,
Əhmədəli Əliyevin, Məhiş Abbasovun, Cəlal
Əliyevin, Həzi Musayevin, Həsən Musayevin, Mayil Amanovun,
Nadir Cəfərovun, Məmməd Rüstəmovun və
başqalarının böyük rolu olmuşdur. Kəndin 19
min hektar ərazisi vardır ki, onun 16 min hektarı yararlı
torpaq sahəsidir. Nüvədi kəndi hər il dövlətə
min ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət,
orta hesabla hər gün 2 ton süd verirdi” (“Nüvədi
axıracan vuruşdu”, “Respublika” qəzeti, 12 fevral 1998- ci il).
2006-cı ildə kəndin adı erməni hakimiyyəti
tərəfindən dəyişdirilərək “Nrnadzor”
adlandırılmış, azərbaycanlılara məxsus evlər,
ictimai binalar və tarixi abidələr
dağıdılmışdır. Ermənistan hökumətinin
rəsmi məlumatına görə, hazırda kənddə cəmi
133 nəfər erməni yaşayır. Lakin bütün bu
dağıntı və zorakılıqlara baxmayaraq, nüvədililər
doğma torpaqlarına qayıdış inancını itirməmiş,
ətənə, doğma torpaqlarına olan sevgilərini
qoruyub saxlamışlar. Təsadüfü deyil ki, Nüvədi
kəndi Azərbaycan xalqının tarixi yaddaşının,
deportasiyaya qarşı müqavimətinin və milli kimliyinin
simvolik ifadəsinə çevrilmişdir. Ümummilli Lider
Heydər Əliyev nüvədililərin ana torpaqları
üçün apardıqları mübarizəyə görə,
“Nüvədi kəndinin camaatı çox dəyanətli
insanlardır” - demişdir.
Deportasiyanın 30 illiyi münasibətilə 2021-ci ildə
keçirilmiş “Nüvədi harayı: Pozulmuş
hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik
konfransda dünyanın müxtəlif ölkələrindən
500-dən çox alim, politoloq və ictimai xadimin
iştirakı ilə bu məsələyə qlobal yanaşma
formalaşdırılmışdır.
Tarixi, demoqrafik və siyasi baxımından Nüvədinin
elmi tədqiqi təkcə bir kəndin deyil, ümumən Qərbi
Azərbaycan probleminin dərindən öyrənilməsi
baxımından mühüm əhəmiyyət
daşıyır. Osmanlı təhrir dəftərləri,
Qafqaz təqvimləri, sovet siyahıyaalmaları və Azərbaycan
SSR-in inzibati sənədləri əsasında bu kəndin
tarixi-mədəni irsinin bərpası və gələcək
nəsillərə ötürülməsi dövlətçilik
və milli yaddaş strategiyasının tərkib hissəsinə
çevrilməlidir.
Nüvədi kəndi azərbaycanlıların tarixən
yaşadığı sadəcə bir coğrafi məkan
deyil, milli kimliyimizin, erməni zülmünə və tarixi ədalətsizliyə
qarşı müqavimət ruhunun simvoludur. Biz tezliklə
öz torpaqlarımıza qayıdacağımıza və
orada əbədi yaşayacağımıza inanır.
Şəbnəm RÜSTƏMOVA,
Qərbi Azərbaycan Nüvədi İcması
Gənclər Şurasının sədri,
AMEA Mərkəzi Elmi Kitabxanasının elmi katibi
Yeni Azərbaycan .- 2025.- 1 avqust(¹133).- S.5.