127 yaşlı Azərbaycan kinosu
Milli kinomuzun tarixi, bu günü və gələcəyi...
1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin
katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün
lentə aldığı “Bibiheybətdə neft fontanı
yanğını”, “Əlahəzrət Buxara əmirinin
yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və
“İlişdin” adlı bədii süjetlərini
nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma
günü sayılır.
Bu gün milli kinomuzun yaranmasından 127 il ötür.
Bu illər ərzində çətin, mürəkkəb və
şərəfli bir yol keçən Azərbaycan kinosu
xalqımızın tarixini, milli-mənəvi dəyərlərini,
insan və onun cəmiyyətdəki mövqeyini ekranlara gətirməklə
bərabər, həm də dəyərlərimizi qoruyub.
Mədəniyyət sahəsinə daim diqqət və
qayğı göstərən Heydər Əliyev milli kino sənətimizə
həmişə yüksək dəyər verirdi. Ümummilli
lider Azərbaycan xalqının bir çox nəsillərinin
kino sənəti ilə tərbiyələndiyini, kinonun təsiri
altında formalaşıb, inkişaf etdiyini və mədəniyyətə
qovuşduğunu qeyd edirdi. O, xalqımızın inkişaf
yolunda Azərbaycan kinosunun xidmətlərinin əvəzsiz
olduğunu vurğulayırdı. Bu baxımdan Heydər
Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi
haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən,
hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu
Günü” kimi qeyd olunur.
Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi
özündə birləşdirib. Ötən əsrin70-80-ci
illərin birinci yarısında Azərbaycan kinosu
özünün intibah dövrünü yaşayırdı.
Bu illərdə Azərbaycan
kinematoqrafçılarının yaratdıqları dəyərli
filmlər milli-mənəvi dəyərlərin təbliğində,
milli özünüdərk duyğularının
oyadılmasında, milli şüurun formalaşmasında və
yetişməkdə olan gənc nəslin tərbiyəsində
mühüm rol oynamışdı. Həmin illərdə Azərbaycanda
110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə
də 44 cizgi filmi istehsal olunmuşdu. “Bir cənub şəhərində”,
“Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli
çörək”, “Dərviş Parisi partladır”, “Yeddi
oğul istərəm”, “Axırıncı aşırım”,
“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və
başqa bədii filmlərimiz bu illərdə çəkilib.
Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən
biri də xalqımızın həyatına,
başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə,
milli dəyərlərimizə daha dərindən nüfuz etməsində
idi.
Sovet Azərbaycanının ilk kinolenti 1923-cü ildə
çəkilən “Qız qalası” filmidir. Film o dövrdə
çoxlu tənqidlərə məruz qalıb. Həmin
dövrdə yalnız “Bakinski raboçi” qəzeti filmə
belə münasibət bildirmişdi: “Qız qalası” filminin
çəkilişi kino sənətinin ilk inkişaf
dövrü üçün səciyyəvidir və Sovet Azərbaycanının
birinci tammetrajlı bədii filmidir”.
1924-cü ildə lentə alınmış “Əvəz-əvəzə”
filmi Azərbaycanın ilk detektiv filmidir. Film Qafqaz
dağlarında xarici kəşfiyyatın fitnə-fəsadlarından
danışır. Ekran əsərində sovet çekistlərinin
mübarizəsi ön plana çəkilib. Filmin bəzi
epizodları isə Kislovodskda lentə alınıb.
Azərbaycan kinosu tarixində ilk böyük ekspedisiya
çəkilişi 1927-ci ilin sonlarında lentə
alınmağa başlayan “Hacı Qara” filmidir. Bu filmin çəkilişlərində
bir neçə məkandan istifadə edilib. Film Ağdamın
Muradbəyli, Şuşanın Xəlfəlidərə və
Daşaltı kəndlərində, Suxumidə lentə
alınıb. 1928-ci ildə Bakı kinofabrikinin yeni istifadəyə
verilmiş kinopavilyonunda kütləvi səhnələr,
mürəkkəb çəkiliş manerası tələb
edən bazar, dükan epizodları lentə alınıb.
“İsmət” filmi Azərbaycan kinosunun sonuncu səssiz
filmidir. Əsər M.Mikayılovun rejissorluğu ilə 30-cu
illərdə ekranlaşdırılıb. O illərdə Azərbaycan
qadınının taleyindən həyəcanla, eyni zamanda,
iftixar hissi ilə danışan film təkcə sənət əsəri
kimi deyil, həm də həyati fakt kimi əhəmiyyət kəsb
edir.
Müstəqillik illərində milli kinomuza xüsusi
diqqət yönəldilməsi məhz Heydər Əliyevin
adı ilə bağlıdır. Ötən əsrin 90-cı
illərində məhv olmaq təhlükəsi ilə üzləşən
incəsənətin bu vacib sahəsi 1993-cü ildə onun
hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə
qədəm qoydu. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya
haqqında” Qanun qəbul edildi, bununla da dövlət
kinematoqrafiyasının hüquqi bazası yaradıldı.
1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu
yaradıldı, fillərin qorunması təmin edildi.
Bu gün Azərbaycan kinosu özünün yeni
inkişaf mərhələsini yaşayır. Əlbəttə,
hər bir sahə kimi kino sənətinə də dövlət
qayğısı nəzərəçarpacaq dərəcədə
hiss edilir. Dövlət tərəfindən ayrılan maliyyə
yardımları ölkəmizin kino istehsalının daha da
inkişaf edəcəyinə əminlik yaradır. Azərbaycan kinosu zamanın
böyük sınaqlarından şərəflə çıxaraq
xalqa xidmət yolunu tutub. Tamaşaçıların milli
kinoya marağı xeyli dərəcədə artıb.
Bütün bunlar 127 yaşı olan Azərbaycan kinosunun
sürətli tərəqqi dövrünü
yaşadığını və qarşıda böyük
inkişaf perspektivlərinin olduğunu təsdiqləyir.
Yeganə
Yeni Azərbaycan .- 2025.- 2 avqust(¹134).- S.8.