Azərbaycançılıq
ideologiyasında ana dili amili...
Ümummilli lider Heydər Əliyevin müəllifi
olduğu azərbaycançılıq ideologiyası
özündə ümumbəşəri səciyyə
daşıyan və milli dəyərlərə cavab verən
prinsipləri ehtiva edir. Azərbaycançılıq təkcə
dövlətimizin vətəndaşlarını yox,
bütün dünyada yaşayan azərbaycanlıları əhatə
edərək dünya azərbaycanlılarının milli
istinad mənbəyinə çevrilib. Xalqın, milli dövlətimizin
məfkurəsinə çevrilən azərbaycançılıq
ideologiyası mənəvi-ideoloji müstəvidə milli
inkişafın praktik modelinə çevrilib. Azərbaycançılıq
real tarixi keçmişimizlə, milli mentalitetimizlə və
mövcud dəyərlərlə sıx bağlı
olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən
qəbul olunub. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən
və dini əqidəsindən asılı olmayaraq,
bütün etnik qrupların, milli azlıqların
hüquqlarını paritet əsasda təsbit etdiyindən
milli həmrəylik mənbəyinə çevrilib.
Azərbaycançılıq ideologiyasında ana dili
amili mühüm yer tutur. Yeri gəlmişkən, dünən
- 1 avqust tarixində ölkəmizdə Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü qeyd olundu. Hər
bir xalqın dili onun mədəniyyətinin, tarixinin və
kimliyinin ən vacib təməl daşlarından biridir. Fərqli xalqların dilləri
onların tarixindən, yaşayış tərzindən və
düşüncə dünyasından əks-səda verir.
Bütün bunlarla yanaşı, dil bir millətin
özünü ifadə etməsinin, irsini gələcək nəsillərə
çatdırmasının yeganə yoludur. Bu baxımdan, ana
dilimizin azərbaycançılıq məfkurəsində
yeri və rolu müstəsna əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı
Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib
ki, dünya azərbaycanlılarını birləşdirərək
milli məfkurəyə çevrilən azərbaycançılıq
ideologiyası ölkədəki bütün konfessiya və
etnosların da həmrəylik və qarşılıqlı
anlaşma mühitində yaşamasını təmin edən
ideoloji faktordur. Onun sözlərinə görə, Azərbaycançılıq
ideologiyası, eyni zamanda, milli dəyərlərin təbliği,
gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi
baxımından müstəsna əhəmiyyət kəsb
edir: “Ümumiyyətlə, müasir dövrdə -
qloballaşma şəraitində hər bir ölkənin milli
inkişaf siyasətinin əsasında dayanan fundamental
faktorlardan biri də milli-mənəvi dəyərlər və
milli ideologiya əsasında gənclərin inkişafı və
tərbiyəsinin təmin edilməsidir. Dövlətin
yüksək diqqət və qayğısının fonunda
mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi
həm milli-mənəvi dəyərlərin, milli
ideologiyanın mənimsənilməsində, həm də təbliğində
aktiv təbəqə kimi çıxış edir. Əsas məsələ
isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə
dövrün tələb və reallıqlarına uyğun surətdə
çevik və səmərəli fəaliyyət mexanizmi ilə
milli inkişafa töhfələr verir. Bunlarla yanaşı,
azərbaycançılıq ideologiyası çərçivəsində
diqqət yetirilən mühüm strateji istiqamətlərdən
biri də ana dilimizin qorunmasıdır”.
Millət vəkili diqqətə çatdırıb
ki, müstəqillik illərində
Heydər Əliyev tərəfindən milli dilimizin
qorunması istiqamətində tarixi əhəmiyyət kəsb
edən qərarlar qəbul edilib. Belə ki, Ümummilli
Liderimizin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən,
avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günüdür. Bundan öncə isə 2001-ci ilin
iyununda Heydər Əliyev tərəfindən “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzalanmışdı. Azərbaycan dilinin
tarixində bu səviyyədə sənədin qəbul
olunmadığını deyən K.Bayramovun fikrincə,
çünki sənəddə çox ciddi, fundamental və
strateji münasibət ortaya qoyulub. Burada dilin tarixindən
başlamış, müasir dövrümüzə qədər
olan məsələlər geniş şəkildə öz əksini
tapıb. Dövlətin dil siyasətini bütün miqyası
ilə olduqca dolğun şəkildə əks etdirən Fərman
həm də elmi-metodoloji məzmunu ilə diqqəti cəlb
edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə
ayrıca və geniş yer ayrılıb.
Heydər Əliyev tərəfindən əsası
qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham
Əliyev dilimizin qorunması və inkişafına
böyük həssaslıqla yanaşır. Azərbaycan
dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə
və onun yad təsirlərdən qorunmasına önəm verən
dövlət başçısı qeyd edib: “Ana dilimizə
hörmət və qayğı daim olmalıdır. Biz ana
dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim
toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının
formalaşmasında, müstəqil Azərbaycanın
formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna
rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin
saflığını daim qoruyaq. Bu məsələyə
çox ciddi diqqət göstərilməlidir”.
Millət vəkilinin sözlərinə görə,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən milli siyasətin mühüm istiqamətlərindən
biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği
yönündə reallaşdırılan fundamental tədbirlər
həm də milli ideologiyanın - azərbaycançılığın
daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin
daha da artmasını şərtləndirib. Prezidentin
imzaladığı Fərman və sərəncamlar milli
dilimizin mühafizəsi və inkişafı yönündə
mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli
identikliyi də gücləndirən əhəmiyyətli
amildir. “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu
istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Qeyd
edək ki, bu Sərəncam əlifba ilə bağlı
problemləri tamamilə həll etdi. Bunun da nəticəsində
kütləvi nəşrlərin latın qrafikasına
keçirilməsi təmin olundu. Prezident İlham Əliyev tərəfindən
2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” Sərəncamın imzalanması da xüsusi olaraq
vurğulanmalıdır. Dövlət
başçısının 17 iyul 2018-ci il tarixli “Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” Sərəncamı da Azərbaycan dilinin
inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi
baxımından böyük önəm kəsb edir.
Bütün bu faktlar Azərbaycan dili azərbaycançılıq
ideologiyasının güclənməsində mühüm
faktor olduğunu təsdiqləyir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan .- 2025.- 2 avqust(¹134).- S.5.