Tarın tellərində
köklənən ömür...
Bəhram
Mansurovun anadan olmasından 114 il ötür
Misilsiz bədii
dəyəri, böyük imkanları,
düşünülmüş və kamil əlaqələndirilmiş
normaları olan muğamı qüsursuz səsləndirmək
ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri
hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti
tələb edir. Muğam ifaçılığının
prinsipial əməli əhəmiyyətini dərk edib qiymətləndirmək
üçün respublikanın Xalq artisti, məşhur tarzən
Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu
qüdrətli ustad musiqiçinin çalğısı
böyük sələflərinin zəngin
yaradıcılıq təcrübəsini hifz edərək
muğamı öz həqiqi ləyaqətində səsləndirməyin
kamil nümunəsidir...
Bu gün
görkəmli tarzənin anadan olmasından 114 il ötür.
Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında
və təbliğində böyük xidmətləri olan
Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram
Mansurov 1911-ci ildə İçərişəhərdə
dünyaya göz açıb. İlk təhsilini mədrəsədə,
sonra isə rus-tatar məktəbində alıb.
Bəhram
səkkiz yaşından arzularını tarın kövrək
tellərində köklədi. 19 yaşı olanda
Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri
Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına
solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan
Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət
Filarmoniyasının solisti oldu. 1931-ci ildə isə Üzeyir
Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü
ilə xalq musiqi alətlərinin ilk notlu orkestrinə dəvət
olunub. Bir müddət keçdikdən sonra Maqomayevin təklifi
ilə Bəhramı Radio Komitəsində birinci dərəcəli
tar ifaçısı kimi işə götürülüb.
İlk dəfə
YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən
musiqiçi məhz Bəhram Mansurov olub. 1967-ci ildə
Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın
rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark
bir çox musiqiçilərin ifasında Azərbaycan
muğamlarını dinləmiş və yalnız Bəhram
Mansurovun çalğısını bəyənmişlər.
O vaxtdan UNESCO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq
etməyə başlayırlar. Bu təşkilatın xətti
ilə Bəhramın ifasında 2 val buraxılır.
Bəstəkar
Fikrət Əmirovla çox yaxın dost olublar. UNESCO-nun
siyahısına düşmə xəbərini də Bəhram
müəllimə ilk dəfə Firkət Əmirov xəbər
verib.
“O,
olmasın, bu olsun” filmindəki toy səhnəsindəki tarzən
rolunu Bəhram Mansurov canlandırıb. Filmdə o,
böyük muğam ustadı Xan Şuşinskini
müşayiət edib.
Deyilənə
görə Bəhram Mansurovun adı sağlığında
bir neçə dəfə fəxri ad siyahısından
çıxarılıb. Bu səbəbdən də bir
neçə dəfə infarkt da keçirib. Oğlu, bəstəkar
Eldar Mansurov müsahibələrinin birində bu məsələyə
toxunaraq deyir: “Atam bu kimi məsələlərin fikrini çəkən
adam olmayıb. Düzdür, xoşagəlməz hal idi. Təsəvvür
edin ki, 1956-cı ildə ona əməkdar artist, 1978-ci ildə,
iyirimi iki ildən sonra isə xalq artisti adı verilib.
Atamın bütün tələbələri xalq artisti
olmuşdu, o isə yox. Yəni müəyyən adamlar
vardı ki, onu vururdular, ad almasına imkan vermirdilər. Adamlar
vardı ki, atama doğurdan da yaxşılıq etmək istəyirdilər,
adların siyahısı açıqlanan gündən bir
gün əvvəl zəng vurub xəbər edirdilər ki,
sabah adın siyahıda çıxacaq. Səhəri gün
atam qəzeti alırdı, görürdü ki, adı
siyahıda yoxdur”.
Ölümündən
iki həftə əvvəl həkimlər ona təcili əməliyyat
təyin ediblər. Evindən son dəfə çıxanda
qayıdıb yarım saat tar çalıb. Sonra tarını
divardan asaraq deyib: “İllərin dostu, bir də səninlə
iki həftədən sonra görüşəcəyik”. Lakin
Bəhram Mansurov əməliyyatdan sağ çıxsa da,
sonradan vəziyyəti pisləşir və 1985-ci il mayın
14-də dünyasını dəyişir. Yasamal qəbiristanlığında
dəfn olunur.
Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci
ildə Xalq artistinin anadan olmasının 100 illiyi qeyd edilib. Sənətkarın
oğlu, çağdaş dövrümüzün
tanınmış bəstəkarlarından olan Eldar Mansurov
atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı
kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu
ətraflı şəkildə təcəssüm etdirib.
Bu gün
də unudulmaz sənətkarın yaratdığı ölməz
sənət inciləri neçə-neçə gənc tarzənin
yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə
ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın
bu misraları düşür: “Tardan özgə qalmadı
yari-vəfadarım mənim”. Tar sənətimiz,
muğamlarımız yaşadıqca ölməz sənətkarımız
Bəhram Mansurov da xatırlanacaq...
Yeganə
BAYRAMOVA
Yeni Azərbaycan.
- 2025.-
12 fevral, №25.- S.8.