Güvənc yerimiz - Azərbaycan
polisi!
Şərəfli yolun 107-ci ili...
Vətənə, xalqa sədaqətlə və ləyaqətlə
xidmət edən Azərbaycan polisi vətəndaşlarımızı
və dövlətçiliyimizi daim qoruyur. Yeri gələndə
bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə
yüksəlmək şücaətindədirlər. Onlar
ölüm təhlükəsi ilə üzləşən,
insanları xilas etmək üçün həyatlarını
düşünmədən riskə atan qəhrəmanlar qədər
qüdrətlidirlər.
Azərbaycan polisi torpaqlarımızın müdafiəsi,
cinayətkarlığın səviyyəsinin azalması,
silahlı quldur dəstələrin zərərsizləşdirilməsi,
transmilli mütəşəkkil cinayətkarlığa
qarşı effektiv mübarizənin təşkili və digər
hadisələrdə şərəflə
çalışıb. Onlar qarşıya qoyulmuş vəzifələri
layiqincə həyata keçiriblər. Taleyüklü
anlarda-dövlətin, vətəndaşların
maraqlarının təmin olunmasında da polislərimizin həyatını
riskə ataraq böyük rəşadət və qəhrəmanlıq
göstərdiyinin, hətta canlarından keçdiklərinin
dəfələrlə şahidi olmuşuq.
Bu gün ümumxalq əhəmiyyətli məsələlərdə
daim öndə olan Azərbaycan polisinin 107 yaşı tamam
olur. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti
(AXC) hökumətinin qərarı ilə əsası qoyulan
milli polis ötən dövr ərzində çətin və
şərəfli yol keçib. 1920-ci il aprelin 27-də
Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet
İttifaqının tərkibində olduğu 70 il ərzində
daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa
qarşı mübarizə, ictimai qaydanın və asayişin
qorunmasında böyük təcrübə, yüksək
bilik əldə edib. Xüsusilə, Ulu Öndərin rəhbərliyi
ilə respublikamızın bir çox sahələrdə
böyük uğurlar qazandığı 1970-1980-ci illər
nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk
olunub. SSRİ dövründə Azərbaycanın Daxili
İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək
peşəkarlığı ilə fərqlənib.
Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın
daxili işlər orqanlarının fəaliyyəti daim diqqət
mərkəzində saxlanılıb. Onun 1998-ci ildə
imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi
Günü elan olunub. Heydər Əliyev hələ Azərbaycana
rəhbərliyinin birinci dövründə böyük
uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati
və ideoloji cəhətdən möhkəmlənməsi,
sıralarının saflaşdırılması, peşəkar
milli kadrlarla komplektləşdirilməsi ilə bağlı
önəmli fərman və sərəncamlar imzalayıb. Bu
da Azərbaycanın daxili işlər orqanlarının
müstəqillik dövründə ölkəmizdə
ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri
ilə yanaşı, ərazi bütövlüyümüzün
bərpası uğrunda mübarizədə də
özünü göstərdi.
Hazırda Prezidentin diqqət və qayğısı
sayəsində davam edən bu inkişaf və modernləşmə
vətəndaşlarımızın hüquq və mənafelərini
etibarlı müdafiə etməyə tam imkan verir. İlham
Əliyevin diqqət və qayğısı sayəsində
davamlı inkişafda olan daxili işlər orqanları ölkədə
cinayətkarlığa, onun transmilli növlərinə
qarşı mübarizədə, asayişin və təhlükəsizliyin
təmin olunmasında önəmli xidmətləri ilə
seçilir. Azərbaycan polisi vətəndaşların qanuni
mənafelərinin, hüquq və azadlıqlarının
müdafiəsi sahəsində üzərinə düşən
funksiyaları peşəkarlıqla yerinə yetirir və hər
zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və
etimadı doğruldur.
Birinci Qarabağ müharibəsindəki
döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı
və hərbi qulluqçu şəhidlik zirvəsinə
ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri
şücaət və igidliklərə görə 67 nəfər
Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər
orden və medallara layiq görülüb.
DİN əməkdaşları öz şücaət
və qəhrəmanlıqlarını İkinci Qarabağ
müharibəsində də göstəriblər. Belə ki,
Vətən müharibəsində Daxili Qoşunların şəxsi
heyətindən 66 nəfər şəhid olub, 346 hərbi
qulluqçu isə yaralanıb. Doğma yurdumuzun
işğaldan azad olunması uğrunda qəhrəmancasına
döyüşmüş Daxili Qoşunların əməkdaşlarından
1690 nəfər Prezidentin imzaladığı sərəncamlarla
müxtəlif orden və medallara, o cümlədən 4 nəfər
Vətən Müharibəsi Qəhrəmanı adına layiq
görülüb.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 2 iyul (№111).- S.8.