4 əsrin faciəsi...
Rusiya Pyotrun vəsiyyətini necə davam etdirir?
Rusiya şovinizmi, Rusiya
işğalçılığı, imperializmi Cənubi
Qafqaz da daxil olmaqla Avrasiyanın mərkəzi
üçün 4 əsrlik bir kabusdur. Xüsusilə, Xəzərin
Qərb sahilləri 400 ilə yaxındır ki, bu
işğalın ağır və acı nəticələrini
yaşayır. Bir maraqlı fakt diqqəti cəlb edir - arxada
qalan 3 əsrin hər birinci rübü Azərbaycan da daxil
olmaqla Qafqazın rus işğalına məruz qalması ilə
nəticələnir. Rus imperializminin planlı şəkildə
həyata keçirdiyi bu proses 1701-ci ildən start götürərək
son mərhələ kimi 1920-ci ildə
yekunlaşmışdı. Həmin tarixə bir də nəzər
salaq...
Pyotrdan başlayan işğal - vəsiyyətin Zəngəzur
“möhürü”...
Qeyd edildiyi kimi, 1701-ci ildə iki erməninin fitvası
və şirnikləndirməsi ilə Qafqaza yön çevirən
(onun da əlinə bəhanə olmuşdu) I Pyotr sonradan bu əraziləri
özünün tarixi intriqalarının, imperialist
planlarının mərkəzinə qoymuş oldu. XVIII əsrin
ilk ilindəcə erməni kilsənin iki nümayəndəsi
- Ori və Tiqranyan Moskvada çar Pyotra verdikləri
“söz”ün qarşılığını bolluca
aldılar. Pyotra erməni məlikləri tərəfindən
yazılmış məktubda ermənilərin Pyotrdan başqa
ümidlərinin qalmadığı qeyd edilmişdi. Pyotr
İsveç ilə davam etməkdə olan Şimal müharibəsinin
bitməsindən sonra ermənilərə yardım edəcəyinə
dair söz vermişdi. Etdi də...
Beləcə rus işğalı sözün
böyük mənasında Qafqaza, Azərbaycana ayaq
açdı. Şimal müharibəsinin 1721-ci ildə
sonlanmasından sonra I Pyotr Xəzər dənizi sahillərinə
hücum etmək qərarına gəldi. O, Xəzər dənizi
hövzəsini ələ keçirib, Mərkəzi Asiyadan və
Hindistandan gələrək Rusiya ərazisindən keçib
Avropaya gedən ticarət yolu qurmaq niyyətində idi. Bəli,
tarix çox şeylərdən dərs və nümunə
götürmək üçün əsl vasitədir - bu
gün olduğu kimi, XVIII əsrin ilk iyirmi ilində də
Avrasiyada yeni bir dönəm başlayırdı. Ticari yollar təmərküzləşirdi.
Dövlətlərarası münasibətlər yeni iqtisadi
qanunauyğunluqlara əsasən
formalaşdırılırdı. Bunu çar Rusiyası və
onun başında olan Pyotr da görürdü. Hətta Pyotrun
vəsiyyətində Qafqaz
- Kiçik Asiya xəttini nəzarətə
götürmək məsələsi təsadüfən qeyd
edilməmişdi - Rusiya çarı işğal nəticəsində
hələ 400 il öncə dünyanın əsas iqtisadi
aortasına çevriləcək yolu, Zəngəzur dəhlizini
işğal edib nəzarətinə keçirmək istəyirdi.
Bu ticarət yolunun qurulması Rusiya imperiyasının tacirlərinə
böyük pullar qazandırmaqla birlikdə, Rusiya xəzinəsinə
də böyük maliyyə gəlirini təmin etmiş
olacaqdı. Ticarət yolu quru xəttlə Hindistan, İran ərazisindən,
ya da dəniz yolu ilə keçərək oradan Kür
çayı üzərindəki rus qalasına, oradan isə
Gürcüstandan keçərək Həştərxana,
oradan bütün Rusiya imperiyasına malların
daşınması nəzərdə tutulurdu. Eyni zamanda Rusiya
bu dəhliz boyunca sirli Ərəb dünyasına keçid
üçün yol axtarırdı.
Amma istəkləri gözlərində qaldı -
düzdür, tarixə “rusların ilk Xəzəryanı
yürüşü” kimi düşən birinci işğal
faktı ilk illərdə imperializmin qələbəsi ilə
nəticələndi. Səfəvi imperiyası ilə
1723-cü ildə imzalanan Peterburq müqaviləsi nəticəsində
Rusiya imperiyası Xəzər sahilində mühüm torpaqlar
əldə etsə də, bunu sona qədər qoruyub saxlaya
bilmədi. Yeni Səfəvi şahı II Təhmasib bu
müqaviləni ratifikasiya etmədi. Nadir xan Əfşarın
(o zaman hələ baş komandan idi) uğurlu hərbi
yürüşləri nəticəsində 1735-ci il Gəncə
müqaviləsi ilə ruslar bölgəni tamamilə tərk
etdilər. Beləliklə, Pyotrun arzusu gözündə
qaldı...
Xain işğalın izi ilə...
Aradakı 100 il ərzində epizodik meyillənmələr
olsa da, Rusiya imperializmi bir də Rusiya çariçası II
Yekaterinanın son illərində Qafqaza doğru daha
güclü işğal planları hazırlamağa
başladı. II Yekaterina Rusiya imperiyasının ekspansiya
siyasətinin əsas memarlarından biri idi. Onun dövründə
ermənilərlə qurulan münasibətlər əsasən
Osmanlı imperiyasına və Azərbaycana qarşı siyasətin
tərkib hissəsi idi. II Yekaterina erməniləri Rusiya
imperiyasına yaxınlaşdırmağa
çalışırdı və 1768-1774-cü illər
Rus-Osmanlı müharibəsi zamanı və sonra ruslar erməniləri
Osmanlıya və Azərbaycana qarşı potensial müttəfiq
kimi görürdülər. II Yekaterina dövründə rus
siyasətçiləri ermənilərdən Qafqazda “xristian
dayağı” kimi istifadə etmək məqsədi
güdürdülər. Rus diplomatı Simeon Yerevantsi (erməni
tarixçisi) II Yekaterinaya məktublar yazaraq “Erməni dövlətinin”
yaradılması ideyasını dəstəkləyirdi. II
Yekaterina və knyaz Potyomkin erməni kilsə rəhbərləri
ilə əlaqələr quraraq “Qafqazda xristian dövləti”
ideyasını gündəmə gətirmişdilər. Bu
layihə tam gerçəkləşməsə də,
regiondakı gələcək etnik dəyişikliklərin əsasını
qoydu.
Həmin dövrdə Azərbaycanda müstəqil
xanlıqlar meydana gəlmişdi və onlar bu və ya digər
şəkildə birləşərək müstəqil,
bütöv Azərbaycan dövləti yaratmaq uğrunda
addımlar atmağa hazırlaşırdılar. Bütöv
Azərbaycanı gözəl bir gələcək gözləyirdi.
Bir bayraq altında, bir səma altında birləşəcək
xanlıqlar yeni bir Azərbaycanın təməlini
atacaqdılar. Amma... Çar Rusiyası yenə də öz
xain planları ilə Azərbaycanın gələcəyinin
üzərinə qara kölgələr salmağa
başladı. 1796-cı ilin aprelində Quba
xanlığının ərazisi olan Dərbəndi
işğal edən çar generalı Zubov sonradan Bakı,
Şamaxı və Gəncə xanlığını da
Rusiya imperiyası adı altında işğala məruz qoydu.
II Yekaterinanın ölümü isə bu işğal prosesini
yarıda saxladı - yeni çar Pavel rus
qoşunlarının Azərbaycandan
çıxarılması ilə bağlı fərman
imzaladı. Və beləliklə də, Azərbaycan
torpaqlarının ruslar tərəfindən işğalı
bir az ertələndi.
Sisianovun “Qarabağ-Zəngəzur planı”...
XIX əsrin ilk illərində Rusiya yenidən Azərbaycanın
işğalı ilə bağlı planlara başladı. I
Aleksandrın imperator elan olunmasının ardından
gürcü əsilli Sisianov böyük “şövqlə”
yenidən Qafqazın işğalı uğrunda işə
başladı. 1804-cü ildə Gəncə
xanlığının süqutunun və Cavad xanın xaincəsinə
qətlinin ardından Rusiya imperiyası ilə Qarabağ
xanlığı arasında Kürəkçay sülh
müqaviləsi imzalandı - müqaviləyə görə,
Qarabağ xanlığının
bütövlüyünün saxlanmasına imperator tərəfindən
zəmanət verilirdi. Müqaviləni həmçinin Şəki
xanı Səlim xan da imzaladı. Amma Rusiya özünün
dönüklüyünü və imperialist maraqlarını
bir daha biruzə verdi - imzaladığı əhdə sədaqət
göstərməyən rus qoşunları 1 il keçməmiş
- 12 iyun 1806-cı ildə İbrahimxəlil xanı
Şuşa yaxınlığındakı Xanbağında 17
nəfər ailə üzvləri ilə birlikdə qətlə
yetirdi. Bu cinayətkar hadisəyə rus mayoru Lisaneviç
başçılıq edirdi. Beləliklə, Kürəkçay
sülhü öz əhəmiyyətini itirdi. Sisianov isə
ard-arda Gəncə, Qarabağ, Şəki, Şamaxı
xanlıqlarını Rusiya imperiyasının tərkibinə
qatdı. Amma nəticədə Bakı qalasının
divarı altında öldürüldü. 1805-ci ildə
general Sisianov Bakı xanlığına hücum etdi və
şəhəri mühasirəyə aldı. Bakı xanı
Hüseynqulu xan danışıqlar aparmaq üçün onu
Qala qapısının yanına çağırdı - 8
fevral 1806-cı ildə general Sisianov Bakının Qala
qapısının yanına gəldi. Burada o Hüseynqulu xan
ilə danışanda Hüseynqulu xanın əmisi oğlu
İbrahim bəy tərəfindən öldürüldü.
Sisianov Qafqazda xristian əhalini, xüsusilə erməniləri
daha güclü yerləşdirmək üçün şərait
yaradırdı. O xatirələrində yazırdı ki,
“rusları və erməniləri Qafqaza köçürməklə
biz buranın əbədi sakinlərinə çevriləcəyik”.
Məqsəd, müsəlman-türk əhalini
sıxışdıraraq rusların və ermənilərin
nüfuzunu artırmaq idi. Maraqlı bir epizod isə gözdən
yayınmır - yenə də hədəf kimi Zəngəzur
və Qarabağ seçilmişdi. Sisianovun çar Aleksandra
göndərdiyi hesabatlarda da ermənilərin məhz bu ərazilərdə
- daim iqtisadi fəallığın yaşandığı
bölgələrdə yerləşdirilməsi nəzərdə
tutulurdu.
Nəticədə, Azərbaycanın Rusiya tərəfindən
işğalı 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay
müqaviləsi ilə o dövr üçün başa
çatdı. Bu işğal nəticəsində isə Azərbaycan
həm müstəqilliyini itirdi, həm də XIX əsr kimi
qızıl inkişaf dövrünü boyunduruq altında
keçirmək məcburiyyətində qaldı. Həmin illərdə
baş verən neft bumu, şəhər inkişafı, maarifçilik
hərəkatları rus işğalının bizim
üçün müəyyənləşdirdiyi yol üzrə
inkişaf etdi...
Müstəqil Azərbaycanın “qırmızı”
işğalı...
Nəhayət, XX əsr... Dünyanın yeni siyasi, hərbi,
iqtisadi şəkillənməsinin getdiyi, müasir
tendensiyaların təməllərinin atıldığı
zaman. I Dünya Müharibəsi bitmiş, Rusiya imperiyası
dağılmış, dünyada yeni bir siyasi
konfiqurasiyasının əsası qoyulmuşdu. Rusiyanın
işğal etdiyi regionlar hər biri, o cümlədən Azərbaycan
müstəqillik əldə etmişdi. 1918-ci ilin mayında Azərbaycan
ərazisində Türk və müsəlman dünyasında
ilk dünyəvi demokratik respublika və parlament respublikası
quruldu. Bu tarixi bir nailiyyət idi və Azərbaycan dövləti
qısa zaman ərzində böyük bir yol qət etdi - milli
atributlar hazırlandı, qlobal miqyasda əlaqələrin qurulması
üçün addımlar atıldı, beynəlxalq aləmlə
əlaqələr quruldu. Amma bu dəfə də rus
işğalı qara bulud kimi dövlətimizin üzərinə
çökdü - bu dəfə bolşeviklərin əli ilə
bölgəni özünün plastdarmına çevirən
Rusiya Azərbaycanı işğal etdi. 1920-ci ilin aprelində
işğal olunan Azərbaycan yeni imperiyanın - SSRİ-nin tərkibində
asılı bir dövlət kimi fəaliyyət göstərdi.
Bu işğal nəticəsində isə Azərbaycanın
yerüstü və yeraltı sərvətləri talandı,
Rusiyaya daşındı. II Dünya müharibəsində
SSRİ-nin qəbəbəsində ən vacib rollardan birini
oynamasına baxmayaraq, Bakıya qəhrəman şəhər
adı verilmədi. Tam əksinə, Rusiya hakimiyyəti Pyotrdan
qalma vəsiyyəti tam yerinə yetirmək üçün Zəngəzuru,
Göyçəni, bir sözlə, Qərbi Azərbaycan
torpaqlarını ermənilərə peşkəş etdi.
Rusların ermənilərə səxavətlə verdikləri
Azərbaycan torpağında erməni dövləti
yaradıldı. Məhz buradan qaynaqlanırdı ki, əsrin
sonunda rus şovinizmi Qarabağın ermənilər tərəfindən
işğal edilməsində mühüm rol oynadı. 20
Yanvar, Xocalı kimi tarixi faciələr məhz rusların Azərbaycana
qarşı olan işğalçı, militarist siyasətinin
nəticələri idi.
Güclü, qətiyyətli, iradəli...
Amma XX əsrin sonu tam fərqli bir siyasi şərait
formalaşdı - Azərbaycan bir əsrdə ikinci dəfə
müstəqillik əldə etdi. Bu müstəqillik isə əbədi
və dönməz oldu. Ulu ?ndər Heydər Əliyevin siyasi
dühası, Prezident İlham Əliyevin liderlik
bacarığı qısa zamanda ölkəmizi dünya
birliyinin tamhüquqlu üzvünə çevirdi. Müstəqilliyimizin
ilk illərində işğala məruz qaldıq - yenə də
rusların əli ilə ermənilər Qarabağı və ətrafındakı
rayonları işğal etdilər və 30 il bu işğal
faktını sürdürdülər. Amma Azərbaycan
artıq yeni, müasir, güclü və mərkəzləşdirilmiş
bir dövlət kimi çıxış etdi - dövlətimiz
qısa zamanda uğurlu iqtisadi - siyasi inkişaf kursu müəyyən
etdi, nizami və müasir ordu formalaşdırdı. 2020-ci
ilin Vətən müharibəsində qazanılan qələbə,
antiterror tədbirlərində nümayiş etdirilən əzm
Azərbaycanın gücünü, iradəsini, qətiyyətini
ortaya qoydu. Azərbaycan artıq bölgənin aparıcı
aktoru kimi müstəqil siyasətini yürüdür, hər
kəslə “öz dilində” danışır. Amma deyəsən,
bizim müstəqilliyimiz, suverenliyimiz və birliyimiz, vəhdətimiz,
bütövlüyümüz şimal qonşumuzunu “xoşuna
gəlmir”. Axı, onlar öyrəşiblər hər əsrin
əvvəlində qarşılarında zəif Azərbaycan
görməyə. Bu dəfə tam fərqli bir Azərbaycanla
üz-üzədirlər. Müasir Azərbaycan ona
qarşı yönələn bütün təhdidlərə
layiqli şəkildə cavab vermək iqtidarındadır.
Biz heç bir zaman işğala və ya təcavüzə,
talana və ya qəsbə yol verməmişik - artıq bizə
qarşı yürüdülən işğalçı
siyasətə də dözmək fikrində deyilik. Deyirlər,
tarix təkrarlanır - amma öz tarixini yaradan xalqın,
dövlətin və Liderin vəhdəti bu tarixi yenidən
yazır, dünyaya nümayiş etdirir. Azərbaycanın
müasir tarixi kimi...
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan .- 2025.- 2 iyul (¹111).- S.4.