İƏT həftəsi
çərçivəsində ilk dəfə...
Laçında Qadınlar Forumu keçirildi
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) Qadınlar Forumu keçirilir. Tədbir Prezident İlham
Əliyevin təşəbbüsü ilə ilk dəfə
“İƏT Həftəsi” çərçivəsində
baş tutur.
Forumun əsas məqsədi qadınların insan
inkişafının bütün sahələrində
imkanlarının artırılması üçün
İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı
təşviq etməkdir. Tədbirdə iqlim
davamlılığı üçün insan
inkişafında qadınların rolu, təhsil vasitəsilə
qızlar və qadınlar üçün imkanların
artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar
və təcrübə mübadiləsi və digər
mövzular müzakirə olunub.
Qadının iqtisadi müstəqilliyi olmadan...
Forumda çıxış edən Ailə Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova bildirib ki, qadının iqtisadi müstəqilliyi
olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil.
Onun sözlərinə görə, qadınların iqtisadi
imkanlarının artırılması və sosial
rifahının təmin olunması cəmiyyətin ümumi
inkişaf səviyyəsinin göstəricisidir:
“İnanırıq ki, qadının iqtisadi müstəqilliyi
olmadan onun sosial və siyasi güclənməsindən
danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə
mühüm təşəbbüslərlə
çıxış edir və müsbət təcrübəsini
də paylaşmağa hazırdır”.
Ölkəmiz ciddi nəticələr əldə
edib...
B.Muradova bildirib ki, Azərbaycanda qadın
sahibkarlığının inkişafı üçün
güzəştli maliyyə alətləri, bacarıqların
artırılması proqramları, kənd yerlərində
qadın əməkdaşlığını gücləndirən
kooperativ modellər geniş vüsət alıb: “Eyni zamanda,
qadınların təhsilə çıxışı və
elmdə, texnologiyada, innovasiyada fəallığının
artırılması sahəsində də ölkəmiz ciddi
nəticələr əldə edib. Gənc qadın alimlərimiz,
təşəbbüskar sahibkarlarımız, müəllim və
mühəndislərimiz cəmiyyətin lokomotivinə
çevrilməkdədir. Laçın da daxil olmaqla
işğaldan azad edilmiş ərazilərimizdə
qadınların bilavasitə iştirakı ilə reallaşan
sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir”.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan
digər çoxtərəfli formatlar çərçivəsində
olduğu kimi, ECO müstəvisində də qadınların
dayanıqlı inkişafı üçün əməkdaşlığın
tərəfdarıdır. O, qeyd edib ki, ECO Qadınlar Forumu bu
baxımdan mühüm bir mexanizm ola bilər: “Bu çərçivədə
qadınların regional iqtisadi layihələrdə iştirakını
təşviq edə bilərik. Həmçinin təhsil və
rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər
yaradaraq gənc qadın liderlər üçün yeni
platformalar açan bir əməkdaşlıq mərkəzi
ola bilərik”.
B.Muradova Qadınlar Forumunun 2025-ci ildə başa
çatan ECO-nun Baxış sənədinin davamı kimi və
2026-2035 dövrünü əhatə edəcək yeni
inkişaf strategiyasının işlənib
hazırlanmasında mühüm rol oynaya biləcəyini
vurğulayıb.
Bu qadağa xoşagəlməz hadisələri
azaldacaq
B.Muradovanın sözlərinə görə, qohum
evliliyi qadağası bu vaxtadək baş verən bir çox
xoşagəlməz hadisələrin azalmasına gətirib
çıxaracaq. O, qeyd edib ki, prosesi tənzimləməyə
cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən
medianın dəstəyi, ictimai rəyi formalaşdıran
insanların iştirakı və töhfəsi faydalı
olacaq: “Artıq qohum evlilikləri ilə bağlı qanunazidd əməl
mütləq şəkildə məsuliyyət yaradır. Daha
əvvəl maarifləndirmə ilə məşğul
olurduqsa, indi konkret qadağaları əsas gətiririk. Bu əməli
törədənlər, qanunun müəyyən etdiyi
normanı nəzərə almayanlar mütləq şəkildə
cəzalandırılacaqlar”.
“Təhsilli qadın təhsilli cəmiyyət deməkdir”
Elm və Təhsil Nazirliyinin Təhsilin
İnkişafı Fondunun sədri Elnur Nəsibov bildirib ki, Azərbaycanda
təhsil alan tələbələrin 51.2 faizi
qızlardır. O, qeyd edib ki, təhsilli qadın təhsilli
ailə, təhsilli ailə isə təhsilli cəmiyyət
deməkdir: “Fond gənc qızların təhsilinə dəstək
üçün 1.2 milyon manat vəsait ayırıb. Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi ilə birgə keçirilən bu layihə sayəsində
son iki ildə 350 gənc qız təhsil alıb. Bu özəl
və dövlət sektorlarının birgə fəaliyyətinin
nəticəsidir. Azərbaycanda 1.6 milyon şagird var və
onların 62 faizi qızlardır. Peşə təhsilində
qızların iştirakı isə 36 faizdir. Elm və Təhsil
Nazirliyi bunu 40 faizə çatdırmağı hədəfləyir”.
Fondun sədri xatırladıb ki, qadınların təhsilə
cəlb edilməsində əsas məsələ maliyyə
problemidir: “Yəni, ailələr maliyyə imkanlarını
daha çox oğlan övladlarının təhsilinə
yönəldir. Bu səbəbdən də Azərbaycanda Təhsil
Kredit Fondu yaradılıb. Azərbaycanda 26 mindən artıq
qız təhsil kreditindən istifadə edib”.
Qadınlar iqtisadi sahədə aktiv olmalıdır
ECO baş katibinin müavini Silapberdi Nurberdiyev qeyd edib
ki, qadınların rəqamsal bacarıqlarının
artırılması istiqamətində mühüm
addımlar atılmalıdır. Onun sözlərinə
görə, ECO gender bərabərliyi istiqamətində
mühüm addımlar atır: “Təşkilat
qadınların dəstəklənməsi istiqamətində
israrlıdır. Çünki qadınlar mühüm qərarların
qəbul olunmasında vacib rol oynayır. Buna görə də
onlar iqtisadi sahədə aktiv olmalıdır”.
O, əlavə edib ki, forum qadının güclü
iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu
bir daha ortaya çıxaracaq: “Biz iqlim problemlərin həllində
qadınlara imkan yaratmalı və yaşıl iqtisadiyyatda
onlara fürsət tanımalıyıq. Həmçinin elm və
texnologiya sahəsini inkişaf etdirməliyik.
ECO rəsmisi vurğulayıb ki, təkcə ənənəvi
deyil, müasir sahələrdə də qadınlara dəstək
göstərilməlidir: “Məsələn, texnologiya sahəsində
də addımlar atılmalıdır. Bununla bağlı
planlarımız hazırdır. Mədəniyyət və
idman sahəsində də qadınların mövqeyini daha da
gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni
təmin etməli, real fəaliyyət keçməliyik.
Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş
yayılmalıdır”.
Əsas problem maliyyədir...
BMT Baş katibinin müavini, BMT Asiya və Sakit Okean
üzrə İqtisadi və Sosial Komissiyasının
icraçı katibi Armida Salsiah Alisjahbana bildirib ki,
qadınlarla bağlı planların həyata keçirməsində
əsas problem maliyyədir. Onun sözlərinə görə,
qlobal maliyyələşmə mexanizmi elə tərtib edilməlidir
ki, bu, qadınlar üçün əlçatan olsun: “Son illərdə
90 milyon dollar vəsait ayıraraq qadınlara dəstək
göstərmişik ki, onların qlobal bazarlara
çıxışı olsun. Ümid edirəm ki, forum
çərçivəsində yeni maliyyə mənbələri
müəyyən etmək mümkün olacaq. Qadınlara rəhbər
imkanlar yaratmalı və bundan yararlanmalıyıq. Bu il bizim
ikinci sessiyamız keçiriləcək və Azərbaycan
orada əsas təşkilatçılardandır”.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 3 iyul (¹112).- S.8.