31 il ötdü...
Erməni vandalizminin qanlı izləri - Metro terroru
Xalqımız dəfələrlə erməni terror təşkilatının
üzvləri tərəfindən amansız qətliamlara məruz
qalıb. Tarix boyu yetərli siyasi və hərbi gücü
olmayan ermənilər vahid yaşayış məkanının
əldə edilməsi üçün ərazilərimizdə
bütün yollara əl atıblar. Müxtəlif terror
aktları törətmək dünyanın hər yerinə səpələnmiş
ermənilər üçün effektiv alət idi.
10 il ərzində 2 mindən çox qurban...
İfrat millətçilik əhval-ruhiyyəsindən
doğan və “Böyük Ermənistan”yaratmaq
xülyasından ruhlanan erməni terrorizmi daim ermənilərin
dəyişən siyasi məqsədlərinə
uyğunlaşırdı. 1980-ci illərdə Ermənistanın
Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız
ərazi iddialarının ortaya çıxması ilə, erməni
terror təşkilatlarının fəaliyyəti Azərbaycana
yönəldi. 1980-ci illərin ikinci yarısı erməni
terrorçularının ölkəmizin ərazisində əsasən
sərnişin avtobuslarının və metro
qatarlarının partlayışları ilə müşahidə
olunan terror aktları ilə qeydə alınmışdı.
1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində
törədilən bu terror aktları 2 mindən çox
insanın ölümünə səbəb olmuşdu.
1 ildə metroda 2 terror aktı
1994-cü illərdə xalqımıza qarşı
terror aktları snayper hücumları və ya yaxınlıqdakı
çaylara atılan partlayıcı oyuncaqlar şəklində
davam edirdi. Əsas qurbanlar isə qadınlar, uşaqlar və
qocalar idi.
Təkcə 1994-cü ildə Bakı metropolitenində
vətəndaşlarımıza qarşı iki terror aktı
törədilib. Həmin il martın 19-u saat 13:00-da 20 Yanvar
metrostansiyasında partlayış baş verdi. Qatarın
baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə
bomba qatar stansiyada dayandıqdan sonra partlayıb.
Partlayış nəticəsində 14 nəfər həlak
olub və 49 nəfər yaralanmışdı.
13 ölü, 58 yaralı...
1994-cü ilin iyulun 3-də isə Bakı metrosunda
ikinci terror hadisəsi yaşandı. Bu gün sözügedən
faciəli hadisədən 31 il ötür. Həmin gün saat
20:30-da metronun “28 May” stansiyasından “Gənclik” stansiyası
istiqamətində hərəkət edən qatarın
platformaya çatmasına 500 metr qalmış qatarın ikinci
vaqonunda partlayış baş verib. Partlayışdan sonra
qatarda yanğın başlayıb. Terror aktı nəticəsində
13 nəfər həlak olub, 58 nəfər isə
yaralanmışdı.
Partlayışın təşkil edilməsi ilə əlaqədar
Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər
Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana
ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o,
Bakı metropolitenində terror aktı törətmək
göstərişini erməni əsirliyində olarkən, erməni
yazıçı Zori Balayandan alıb. Məhkəmənin
hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına
məhkum edilib.
İstintaq nəticəsində müəyyən
edilib ki, 1994 cü il yanvarın 13-də Qarabağda erməni əsirliyinə
düşmüş Azər Aslanov Ermənistanda olarkən erməni
xüsusi xidmət orqanları ilə əməkdaşlığa
cəlb edilib. Belə ki, onu azad etmək bəhanəsi ilə
16 iyun 1994-cü ildə anası Tacibat Aslanova ermənilər
tərəfindən İrəvana dəvət olunur, Azər
Aslanova isə anasının girov olduğunu və onun azad
olunması üçün Aslanovun Bakı metropolitenində
partlayış təşkil etməli olduğu bildirilir. Bundan
sonra 3 iyul 1994-cü ildə, İrəvan-Mineralniye
Vodi-Bakı marşrutu ilə A.Aslanov erməni xüsusi xidmət
orqanlarının hazırladıqları saxta sənədlərlə
Azərbaycana gəlir, terror aktını törədir və
Ermənistana qayıdır. Yalnız bundan sonra onun girovluqda
saxlanan anası azad edilir və onlar Ermənistanı tərk
edirlər.
Terror aktının təlimatçıları, Ermənistan
xüsusi xidmət orqanlarının əməkdaşları,
polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar.
A.Aslanovun ifadələri əsasında, məhkəmənin
göstərişi ilə Zori Balayana qarşı cinayət
işi açılıb, 1999-cu ildə Azərbaycanın
Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayan
İnterpolun xətti ilə beynəlxalq axtarışa, sonra
isə MDB dövlətlərində beynəlxalq
axtarışa verilib. 2001-ci ildə erməni tərəfinin
müraciəti əsasında İnterpol Z.Balayanı
axtarışda olan şəxslər siyahısından
çıxarıb.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 3 iyul (¹112).- S.8.