Vahid amal
üçün!
Ənənələrimizi gələcək nəsillərə
ötürən ideologiya...
Hər bir dövlətin milli həmrəyliyinin təminatı
üçün uğurlu ideoloji xəttə malik olması
vacib şərtlərdən biridir. Ölkəmizdə azərbaycançılıq
ideologiyası milli birliyimizin əsas amili hesab olunur. Bir
sözlə, bu ideyanın təbliği və qorunması həm
dövlət, həm də cəmiyyət üçün
böyük əhəmiyyətə malikdir.
Bu gün Azərbaycanda və ölkəmizdən kənarda
yaşayan soydaşlarımız arasında vətənpərvərlik
nümunələrinin təbliği, onların bir ideologiya ətrafında
birləşdirilməsi çox vacibdir. Bunun üçün
azərbaycançılıq ideologiyası ən mühüm
faktordur. Xalqımızın milli inkişaf yolunun
formalaşması azərbaycançılıq ideyasına
söykənir.
Daha güclü Azərbaycan naminə...
Ölkəmizdə milli ideologiyanın
formalaşması prosesindən bəhs edən Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü Kamal Cəfərov bildirib ki, azərbaycançılıq
dünyagörüşü Heydər Əliyevin siyasi fəaliyyətinin
bütün sahələrində geniş kontekstdə öz
ifadəsini tapıb: “Hələ sovet dönəmində Heydər
Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə
davamlı olaraq həyata keçirilən və cəmiyyət
həyatının ən müxtəlif sahələrini əhatə
edən genişmiqyaslı islahatlar ölkəmizin potensial
imkanlarını artırmışdı. Xüsusi olaraq
vurğulamaq lazımdır ki, son illər ərzində
möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb
olmuş uğurlu daxili və xarici siyasət məhz Heydər
Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq
konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində
formalaşmağa başlayan azərbaycançılıq
ideyası vətənpərvərlik, milli özünüdərk
dünyagörüşünün təşəkkülü
ilə bağlı olub.
1993-cü ildən sonra Heydər Əliyev gənc nəslə
diqqət və qayğını dövlət siyasətinin əsas
istiqamətlərindən birinə çevirdi. Hüquqi və
dünyəvi dövlət quruculuğu prosesində,
çoxşaxəli islahatların
reallaşdırıldığı bir vaxtda gəncliyin
enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən
Ümummilli Lider müxtəlif illərdə gənclər
siyasətinin ayrı-ayrı istiqamətləri üzrə
müvafiq sənədlər imzalamaqla Azərbaycan gəncliyinin
qarşısında öz potensialını reallaşdıra
bilmək üçün tükənməz imkanlar
açdı. Bu gün də həmin imkanlardan yararlanaraq daha
güclü, daha firavan Azərbaycan naminə əzm və fədakarlıqla
çalışmalıyıq”.
Keçmişlə gələcəyi əlaqələndirən
ideologiya
K.Cəfərovun sözlərinə görə, azərbaycançılığı
şərtləndirən ən mühüm amillərdən
biri də milli ənənədir: “Milli düşüncə
sisteminin genetik qaynağı olan azərbaycançılığın
inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə
uzun əsrlərin sınağından keçərək
tarixi təcrübəni yığır, xalqın
müdrikliyi, onun mənəvi mədəniyyəti və s.
amillər bu anlayışda ifadə olunur. O, keçmişlə
gələcəyi əlaqələndirir. Bu ənənələr
xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi
yaşam təcrübəsini özündə qoruyub
saxlayır. Deməli, azərbaycançılıq
ideologiyası həm də xalqın tarixən
tapındığı mütərəqqi ənənələri
gələcək nəsillərə ötürən mənəvi
körpüdür. Azərbaycançılığın
gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət
siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni
eyniyyətini qoruyub saxlamaq imkanları ilə
ölçülür”.
Dünya azərbaycanlılarının ideoloji
bünövrəsi...
Xaricdəki azərbaycanlıların bir araya gəlməsində
azərbaycançılıq ideologiyasının rolundan
danışan deputat əlvə edib ki, xalqımızın
milli-mənəvi dəyərlərini həm müdafiə
etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə
vətəndaşların mənafeyini üzvi şəkildə
birləşdirən azərbaycançılıq
ideologiyası ölkədə vətəndaş birliyi
üçün uğurlu təməldir: “Dünya azərbaycanlılarının
vahid bir amal ətrafında birləşdirilməsi vacib
amildir. Azərbaycanlıların bir araya gəlməsi
üçün, hər şeydən əvvəl, əqidə,
ideya birliyi olmalıdır. Bu, real birliyə aparan
başlıca yoldur. Ulu Öndərin azərbaycançılıq
ideyası dünya azərbaycanlılarının vahid ideya ətrafında
birləşməsi üçün möhkəm istinad mənbəyi,
ideoloji bünövrədir. Dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın azərbaycançılıq
ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə
və vətənlə əlaqələrini möhkəmləndirməsinə
ehtiyac var.
Hazırda lobbiçiliyin inkişafında da azərbaycançılıq
ideologiyasından yararlanmaq mümkündür. Hər şeydən
əvvəl, xaricdəki soydaşlarımız lobbiçilik
fəaliyyətinə başlamalıdır. Azərbaycançılıq
ideologiyası əsasında lobbiçiliyimizi praktiki həyata
keçirmək üçün azərbaycançılıq
ideologiyasının doktrini hazırlanmalıdır. Hər bir
fəaliyyət bu konsepsiyaya və doktrinaya uyğun
olmalıdır.
Göründüyü kimi, istər ölkə
daxilində istərsə də xaricdə
soydalarımızın bir araya gəlməsi və vahid
platforma ətrafında birləşməsi vacib amildir. Bunun
üçün azərbaycançılıq ideologiyası ən
uyğun platformadır. Ona görə də milli
ideologiyamızın təbliği və möhkəmləndirilməsi
istiqamətində mühüm işlər görülsə
də, davamlı fəaliyyətə ehtiyac var”,
Sahib
Yeni Azərbaycan .- 2025.- 3 iyul (¹112).- S.5.