Rusiyada yaşayan Azərbaycan
vətəndaşlarının və azərbaycanəsilli
şəxslərin hüquqları pozulub
Baş prokurorluq: Ölkə hüdudlarından kənarda
Azərbaycan vətəndaşının, dövlətinin
marağının mənafelərinə qarşı törədilən
cinayət əməlləri hüquq-mühafizə
orqanları tərəfindən cinayət qaydasında təqib
edilir
Rusiyada azərbaycanlılara qarşı aparılan
qeyri-qanuni təzyiqlər davam etməkdədir. Belə ki,
iyulun 1-də Rusiyanın Ural vilayətindəki Azərbaycan
diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu
Mutvali Şıxlinski saxlanılıb. Şahin
Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin
yaxınlığında Rusiya hüquq-mühafizə
orqanları tərəfindən saxlanılıb. Saxlanılan
zaman ona qarşı zorakılıq tətbiq edilib. Bundan
başqa, Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs
edilib. Y.Xəlilov regionun ən böyük Alekseyevski
bazarının həmsahibidir. “Lukoil” şirkətlər
qrupunun Ural regionundakı istehsalat birliyinin rəhbəri
Əhməd Hacıyev də saxlanılanlar arasındadır.
İyulun 2-də isə Yekaterinburq şəhərində Azərbaycan
diaspor təşkilatlarının rəhbərlərindən
biri olan Şahin Şıxlinski azadlığa
buraxılıb. O, KİV-ə açıqlamasında bildirib
ki, “Arxamızda güclü dövlətimiz və rəhbərimiz
var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm
ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz
yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun
şahidi olacağıq”.
Bu arada Baş Prokurorluq Azərbaycan Respublikası vətəndaşlarının
və azərbaycanəsilli şəxslərin Rusiya
Federasiyasında işgəncəyə məruz qalmaları və
xüsusi amansızlıqla qəsdən öldürülmələri
ilə bağlı brifinq keçirib. Brifinqdə
çıxış edən Baş Prokurorluğun İstintaq
İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki,
Yekaterinburq şəhərində yaşayan Azərbaycan vətəndaşları
Hüseyn və Ziyəddin Səfərov
qardaşlarının Rusiya Federasiyasının
hüquq-mühafizə orqanının əməkdaşları
tərəfindən həyata keçirilmiş əməliyyat
axtarış tədbirləri zamanı işgəncələrə
məruz qoyularaq öldürülmələri ilə
bağlı mediada dərc olunmuş məlumatlar əsasında
Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq
İdarəsi tərəfindən araşdırmalara
başlanılıb. “İlkin araşdırma zamanı müəyyən
edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya
Federasiyasının Milli Qvardiyasının Sverdlovsk vilayəti
üzrə idarəsinin, Daxili İşlər Nazirliyinin
Sverdlovsk vilayəti üzrə Baş idarəsinin Cinayət
axtarış idarəsinin, Federal Təhlükəsizlik Xidmətinin
Sverdlovsk vilayəti üzrə əməkdaşlarının
iştirakı ilə keçirilmiş birgə əməliyyat
axtarış tədbirləri nəticəsində
Yekaterinburqda müxtəlif ünvanlarda yaşayan Azərbaycan
Respublikası vətəndaşları həmin ölkənin
ərazisində əvvəlki dövrlərdə törədilmiş
qəsdən adamöldürmə cinayətlərində
iştirak etmələri şübhələri ilə
saxlanılıblar. Əməliyyat-axtarış fəaliyyətini
həyata keçirən əməliyyat qurumlarının əməkdaşları
tərəfindən saxlanılan Azərbaycan Respublikası vətəndaşlarına
və azərbaycanəsilli şəxslərə bədənlərinin
müxtəlif nahiyələrinə bərk küt əşyalarla
çoxsaylı zərbə vurularaq, işgəncələrə
məruz qoyulmaqla ağır xəsarətlər yetirilib”, -
deyə o əlavə edib.
N.Əvəzov bildirib ki, azadlığı məhdudlaşdırılmaqla
faktiki köməksiz vəziyyətdə olan Hüseyn Səfərov
aldığı çoxsaylı xəsarətlərdən elə
həmin gün - iyunun 27-də saat 15 radələrində
Yekaterinburq şəhərində daxili işlər
orqanlarının inzibati binasında, onun qardaşı, Ziyəddin
Səfərov isə aldığı xəsarətlərdən
səhər saatlarında əməliyyat qurumlarına məxsus
xidməti avtomobildə daşınarkən ölüb. O qeyd
edib ki, iyunun 30-da zərərçəkmiş şəxslərin
meyitləri Bakı şəhərinə gətirilib və
ölümün səbəbinin müəyyənləşdirilməsi
üçün məhkəmə tibbi ekspertiza təyin
edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin
Səfərovun ölümünə səbəb ona
yetirilmiş çoxsaylı travma fonunda yaranmış
posttravmatik şok, Səfərov Hüseynin ölümünə
səbəb isə çoxsaylı travma fonunda yaranmış
posttravmatik və posthemoragik şok olub.
İstintaq İdarəsinin rəisi 2024-cü il
dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin mülki
təyyarəsinin Aktau yaxınlığında qəzaya
uğramasının səbəbləri ilə bağlı
başlanılan cinayət işinin intensiv şəkildə
davam etdirildiiyni də diqqətə çatdırıb. O
vurğulayıb ki, hadisə ilə əlaqədar olaraq həm
Azərbaycanda, həm də Qazaxıstanda müvafiq
hüquq-mühafizə orqanları tərəfindən paralel
araşdırmalar aparılır. N.Əvəzov deyib ki, təyyarə
qəzası ilə bağlı indiyədək təxminən
100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti
artıq həyata keçirilib. Son günlərdə ekspertiza
qrupunun bir hissəsi Qazaxıstan Respublikasına ezam olunaraq
müvafiq qurumlarla birgə geniş və əhatəli
müzakirələr aparıb.
Brifinqdə çıxış edən Baş
prokurorun xüsusi tapşırıqlar üzrə
böyük köməkçisi İlqar Səfərov
bildirib ki, Azərbaycan hansısa dövlətin daxili işlərinə
qarışmaq niyyətində deyil - lakin proses zamanı bir və
ya neçə Azərbaycan vətəndaşına
qarşı xüsusi amansızlıq nümayiş etdirilirsə,
onların hüquqları kütləvi şəkildə
pozulursa, xüsusi amansızlıqla öldürülürsə,
Azərbaycan dövlətinin və hüquq-mühafizə
orqanlarının bu hadisəyə reaksiya verməsi vəzifə
borclarımızdan biridir: “Ölkə hüdudlarından kənarda
Azərbaycan vətəndaşının, dövlətinin
marağının mənafelərinə qarşı törədilən
cinayət əməlləri hüquq-mühafizə
orqanları tərəfindən cinayət qaydasında təqib
edilir. Əgər belə şəxslər tərəfdaş
çıxdığımız müqavilələrlə həmin
dövlətlərdə məsuliyyətə cəlb edilməzsə,
təbii ki, biz onların məsuliyyətə cəlb edilməsi
üçün müxtəlif istiqamətdə zəruri tədbirləri
görürük”.
Baş Prokurorluğun İstintaq İdarəsinin
müstəntiqi Pərviz Cəlilov isə deyib ki, Hüseyn və
Ziyəddin Səfərov qardaşlarının
ölümü ilə bağlı müxtəlif xəstəliklər
göstərilsə də, hər iki şəxsin dəfn
edilməsi üçün Azərbaycana gətirilmiş nəşləri
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən
müayinə aparılması üçün ekspertizaya təqdim
olunub. Peşəkar həkim tibbi-ekspertlərinin,
prokurorluğun vəzifəli şəxslərinin
iştirakı ilə meyitlər müayinə edilib. O qeyd edib
ki, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə
Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət
Həsənov tərəfindən ekspertizanın nəticələri
açıqlanıb: “Hər iki şəxsin meyitinin daxili və
xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər,
sümüklərin yerdəyişmiş sınıqları,
daxili orqanların zədələnməsi halları aşkar
edilib. Bu da həmin şəxslərin saxlanılma və
daşınması zamanı geniş şəkildə fiziki
zorakılığa məruz qaldığını bir daha təsdiq
edir. Ekspertizanın rəyinə əsasən, Səfərov
qardaşlarının hər biri postravmatik və posthemorrogik
şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər
nəticəsində baş verib”.
Brifinqdə çıxış edən Baş
Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq
İdarəsinin rəis müavini Samirə Nəcəfzadə
deyib ki, qəsdən adamöldürmə, işgəncə və
qeyri-insani rəftar beynəlxalq müqavilələrin tələblərinin
kobud şəkildə pozulmasına gətirib
çıxarır. Həm Azərbaycan, həm də Rusiya bir
çox beynəlxalq müqavilələrin və
konvensiyaların üzvüdür: “Bunlardan Birləşmiş
Millətlər Təşkilatının İşgəncələrə
qarşı Konvensiyasını, “Mülki və siyasi
hüquqlar haqqında beynəlxalq paktı”nı qeyd edə
bilərik. Son hadisə zamanı bu konvensiya və paktların
tələbləri pozulub. Bundan başqa, Avropa İnsan
Hüquqları Konvensiyasını qeyd etmək olar. Azərbaycan
hazırda da bu konvensiyanın üzvüdür. Rusiya isə
2022-ci ilə qədər sözügedən
konvensiyasının üzvü olub. Bu konvensiyanın tələblərinə
əsasən də, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının
və azərbaycanəsilli şəxslərin hüquqları
pozulub”.
Onu da qeyd edək ki, Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki,
Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri
son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə
etdiklərini yaxşı düşünməlidirlər. O deyib ki, “Bunun üçün əllərini
ovuşduranlar çoxdur, ancaq onlar məyus olacaqlar.
Çünki bizim üçün, hesab edirəm ki, hər
iki xalq üçün dostluq münasibətləri həqiqətən
də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər
isə nə etdiklərini yaxşıca düşünməlidirlər”.
SADİQ
Yeni Azərbaycan .- 2025.- 3 iyul (¹112).- S.4.