106 illik diplomatik xidmət...
Bu gün diplomatik xidmət orqanlarının peşə
bayramıdır
Bu gün Azərbaycanın diplomatik xidmət
orqanlarının yaradılmasından 106 il ötür.
Müsəlman Şərqində ilk demokratik respublikanın
yaradılmasında və müasir dövrdə müstəqil
Azərbaycan dövlətinin qurulması prosesində milli
diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul
ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici
İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti
təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun
24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan
diplomatik xidmət orqanları əməkdaşlarının
peşə bayramı günü kimi qeyd edilməsi
haqqında Sərəncam imzalayıb.
Cümhuriyyət dövründə 16 xarici dövlətin
nümayəndələri Bakıda...
Qeyd edək ki, diplomatiya gününün müəyyən
olunması ilə bağlı bir neçə təklif nəzərdən
keçirilib. Lakin nəticədə qərara alınıb
ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici
İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi
sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti
Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti
təlimat olduğundan məhz bu tarix diplomatiya
gününün əsasını təşkil etsin. Azərbaycan
diplomatiyası ilk addımlarını atdığı
dövrdə - 1919-cu ildə Bakıda 16 xarici dövlətin,
o cümlədən ABŞ, Böyük Britaniya, Fransa,
İtaliya, İsveç, İsveçrə, Belçika,
İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri
fəaliyyət göstərib. 1920-ci il yanvarın 11-də
Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan
hökuməti tərəfindən Qərbi Avropa və
Amerikada ölkənin diplomatik nümayəndəliklərinin
təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.
Bolşevik işğalından sonra Xalq Cümhuriyyəti
dövründə bu sahədə görülən işlər
dayandırılıb. 1922-ci il dekabrın 30-da Moskvada Birinci
Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin
yaradılması haqqında müqavilə imzalandı. Bununla
da Azərbaycanın müstəqil xarici siyasət fəaliyyətinə
tamamilə son verilib. 1923-cü il oktyabrın 8-də Azərbaycan
SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci
paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda
fəaliyyət göstərən bütün diplomatik
nümayəndəliklər ləğv edildi. Yalnız
İkinci Dünya müharibəsinin sonlarına yaxın -
1944-cü ildə sovet hakimiyyəti özünün geniş
strateji maraqlarını əsas götürərək digər
respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər
Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər
boyu yalnız formal mövcud oldu.
Heydər Əliyev ölkənin xarici siyasət kursunu
müəyyənləşdirib
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra isə bir-birinin ardınca dünya
dövlətləri və BMT tərəfindən
tanındı. 1993-cü ildə böyük dövlət
xadimi Heydər Əliyev Azərbaycan xalqının təkidi
ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyin
qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə
edib. Ulu Öndər Azərbaycanın xarici siyasətinin
strateji ana xəttinin konturlarını cızıb. Azərbaycanın
müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin
acı aqibətinin yenidən yaşanıla bilinəcəyi
bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi
keçmişi, üzləşdiyi geosiyasi reallığı
dərindən təhlil edilərək
Heydər Əliyev tərəfindən
formalaşdırılan xarici siyasət strategiyası, ilk
növbədə, respublikamızın milli maraqlarının
aydın və dəqiq şəkildə müəyyən
edilməsini, bərabərhüquqlu, daxili işlərə
qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri əsasında qonşu dövlətlər və
dünya birliyi ilə mehriban münasibətlərin
qurulmasını, Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzünün beynəlxalq müstəviyə
çıxarılmasını, işğalın nəticələrini
aradan qaldırmaq üçün Ermənistana qarşı
beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və
son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və sərhədlərinin
toxunulmazlığının təmin olunmasını
özündə ehtiva edib.
Heydər Əliyevin müəyyənləşdirdiyi
xarici siyasət kursu hazırda Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz
milli maraqlara və mövqelərimizin dünya səviyyəsində
müdafiə edilməsinə əsaslanan müstəqil,
çoxşaxəli, balanslı və fəal xarici siyasət
yürüdür. Hazırda Azərbaycan böyük layihələrin
təşəbbüskarı və iştirakçısı
qismində regional əməkdaşlığı inkişaf
etdirən və beynəlxalq nüfuza malik bir dövlətdir.
Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın
xarici siyasət uğurları qonşu ölkələrlə
və dünyanın digər dövlətləri ilə
balanslaşdırılmış münasibətlərin
qurulması, qarşılıqlı maraqlardan irəli gələn
bərabər dialoq və əməkdaşlığın həyata
keçirilməsinə əsaslanır. Ölkəmizin xarici
siyasət sahəsində qazandığı uğurlar 2020-ci
ildə Vətən müharibəsi zamanı özünü
göstərdi. Belə ki, məhz yürüdülən
uğurlu və məqsədyönlü xarici siyasətin nəticəsi
idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın
haqlı mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən
dəstəkləndi.
Xarici siyasətimizin uğurları...
Ölkəmizin beynəlxalq və regional problemlərin
həllində rolu və nüfuzu getdikcə artır.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyünün ardınca
ölkəmizin 2017-2019-cu illər üçün 176 səs
lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına
üzv seçilməsi, 2019-cu ildən etibarən isə
dünyanın 120 ölkəsini birləşdirən
Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə
götürməsi ölkəmizin xarici siyasətinin nailiyyətlərindəndir.
Bütün bunların uğurlu davamı olaraq 2024-cü ilin
noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın
ev sahibliyi etməsini göstərmək olar. Regionun lider
dövləti olan Azərbaycan bu gün dünya miqyasında
da öz sözünü deyən ölkələrdən
biridir. Bundan əlavə, Azərbaycan Türk Dövlətləri
Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay
Əməkdaşlıq Təşkilatı, Ərəb
Dövlətləri Liqası, Afrika İttifaqı və digər
beynəlxalq qurumlarla sıx münasibətlərə malikdir
və onların işində fəal rol oynayır.
Qeyd edək ki, hər il diplomatik xidmət orqanları əməkdaşlarının
peşə bayramı günü ərəfəsində
müxtəlif tədbir də keçirilir. Bu dəfə isə
ADA Universitetində “Azərbaycanın xarici siyasəti
suverenliyin bərpasından sonra: prioritetlər və
çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının
rəhbərlərinin IX müşavirəsi baş tutub.
Müşavirənin iyulun 7-də keçirilən açılış mərasimində
ADA Universitetinin rektoru Hafiz Paşayev, xarici işlər naziri
Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev
çıxış ediblər. Çıxışlar
zamanı Azərbaycanın xarici siyasətinin bir sıra
istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik,
enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə
görülmüş işlər və gələcək planlardan
bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə
mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik
vəziyyəti təhlil edilib. İkitərəfli və
çoxtərəfli əməkdaşlıq gündəliyinin
genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələlərindən
bəhs olunan açılış mərasimində xarici
siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik,
iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək
planlar barədə müzakirələr aparılıb.
Postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı bərpa və quruculuq işləri,
habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs
edilib, sülh prosesini hədələyən mövcud
çağırışlar, o cümlədən ölkəmizə
qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi
iddialarının aradan qaldırılmasının vacibliyi
diqqətə çatdırılıb.
IX müşavirə və panel müzakirələri
hansı məsələlərə həsr olunub?
İyulun 9-dək davam edəcək müşavirə
çərçivəsində ikitərəfli və
çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji
diplomatiyası, bağlantılar, məhkəmə prosesləri,
humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq
inkişafa yardım, xarici siyasətin kommunikasiyası,
parlament diplomatiyası, beynəlxalq müqavilələr,
diaspor fəaliyyəti, habelə diplomatik xidmət
orqanlarının fəaliyyətinin səmərəliliyinin
artırılmasına həsr olunan panel sessiyalar təşkil edilib. Belə ki, iyulun
7-də “Dəyişən dünya düzənində xarici
siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr
olunan ilk panel müzakirəsi xarici işlər nazirinin
müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin
əsas natiqlər qismində iştirakı ilə
keçirilib. Panel çərçivəsində
postmünaqişə dövrünün
reallıqlarının Azərbaycan xarici siyasətində
yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti
və mövcud çağırışlar, regional və
beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir
edə biləcək təhlükəsizlik məsələləri,
çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə
mövcud çağırış və imkanlar təhlil
edilib.
“Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və
iqlim diplomatiyası, enerji təhlükəsizliyi və
bağlantılar” mövzusunda keçirilən ikinci panel
müzakirəsində isə iqtisadiyyat naziri Mikayıl
Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev və Azərbaycan Prezidentinin iqlim məsələləri
üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev tədbirdə
əsas natiq qismində iştirak ediblər. Panel çərçivəsində
ticarət və investisiya perspektivləri, bu sahələrdə
əməkdaşlığın şaxələndirilməsi,
geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyamıza təsirləri,
ölkəmizdən keçən nəqliyyat dəhlizləri
üzrə mövcud təşəbbüslərin irəlilədilməsi,
Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında bundan
sonrakı fəal iştirakını şərtləndirən
amillər və s. mövzular müzakirə olunub.
Üçüncü panel müzakirəsi isə “Məhkəmə prosesləri
üzrə strategiyalar” mövzusuna həsr olunub. Tədbirdə
xarici işlər nazirinin müavini Elnur Məmmədov və
Baş prokurorun birinci müavini Elçin Məmmədov əsas
natiqlər qismində çıxış ediblər. Panel
çərçivəsində Azərbaycan ərazilərinin
işğalı və keçmiş Ermənistan-Azərbaycan
münaqişəsi zamanı Ermənistan tərəfindən
törədilmiş cinayətlərlə bağlı beynəlxalq
məhkəmə prosesləri müzakirə olunub. Həmçinin
Ermənistanın hərbi təcavüzü nəticəsində
baş vermiş çoxsaylı hüquq pozuntularına
görə məsuliyyət daşıyan şəxslərlə
bağlı aparılan məhkəmə işləri barədə
məlumat verilib.
Diplomatik xidmət orqanlarının rəhbərlərinin
IX müşavirəsinin “Həmrəyliyin təşviqi:
humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq
inkişafa yardım” mövzusunda dördüncü paneli mədəniyyət
nazirinin müavini Fərid Cəfərov və Azərbaycan
Beynəlxalq İnkişaf Agentliyinin rəisi Elməddin
Mehdiyevin əsas natiqlər qismində iştirakı ilə
keçirilib. Panel müzakirəsi çərçivəsində
ölkəmizin mədəniyyətinin təşviqi sahəsində
birgə fəaliyyət, mədəniyyət
diplomatiyasının təşviqi, bu istiqamətdə ikitərəfli
və çoxtərəfli əsasda görülən işlər,
gələcək planlar, habelə ölkəmizin beynəlxalq
inkişafa yardım siyasətinin prioritetləri və istiqamətlərindən
bəhs edilib.
“Xarici siyasətin kommunikasiyası və parlament
diplomatiyası” mövzusunda beşinci panel isə Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov və Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi,
mətbuat katibi Ayxan Hacızadənin əsas natiqlər qismində
iştirakı ilə keçirilib. Panel müzakirəsi
çərçivəsində parlamentlərarası əməkdaşlığın
perspektivləri, parlament diplomatiyasının xarici siyasətdə
rolu, xarici siyasətin kommunikasiyası, hibrid təhdidlər və
dezinformasiya ilə mübarizədə strateji kommunikasiya,
ictimai diplomatiya və süni intellektin kommunikasiyada tətbiqi
və s. məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Xankəndi şəhərində xüsusi sessiya
keçiriləcək
Altıncı panel müzakirəsi isə “Xəzər dənizi, sərhədlərin
delimitasiyası, beynəlxalq müqavilələr”
mövzusunda olub və xarici işlər nazirinin müavini
Samir Şərifovun əsas natiq qismində iştirakı ilə
reallaşıb. Tədbir çərçivəsində Xəzər
dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində
cari vəziyyət, Azərbaycan-Ermənistan arasında sərhəd
delimitasiyası və demarkasiyası üzrə planlar, habelə
ikitərəfli və çoxtərəfli beynəlxalq-hüquqi
bazanın inkişaf etdirilməsi məsələləri
müzakirə olunub.
Qeyd edək ki, 9 iyul - Azərbaycan Respublikası
diplomatik xidmət orqanları əməkdaşlarının
peşə bayramı günündə isə müşavirə
işini Xankəndi şəhərində xüsusi sessiya ilə
davam etdirəcək.
Beləliklə, xarici siyasət sahəsində əldə
edilmiş nəticələr qarşıya növbəti yeni
vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli
maraqlarının reallaşması baxımından geniş
imkanlar açır. Azərbaycanın xarici siyasət
prioritetləri sırasına ölkəmizin suverenliyinin və
müstəqilliyinin gücləndirilməsi, habelə
bütün beynəlxalq aktorlarla qarşılıqlı
faydalı əməkdaşlığın daha da inkişaf
etdirilməsi və digər məsələlər daxildir. Son
illərdə regionda baş verənlər onu göstərir
ki, güclü Azərbaycan dövləti qarşıya qoyulan
məqsədlərə daim nail olur və bu tendensiya bundan
sonra da davam etdiriləcək.
Nardar BAYRAMLI
Yeni Azərbaycan .- 2025.- 9 iyul (¹116).- S.3.