ECO: Sıx inteqrasiya
üçün daha nə etmək lazımdır?
İqtisadi Əməkdaşlıq Təşkilatına
(ECO- İƏT) üzv olan ökələr 8 milyon kv.km-dən
çox ərazini əhatə edir və bu coğrafiyada,
ümumilikdə, 550 milyon əhali (dünya əhalisinin 6 faizdən
çoxu) yaşayır. Bu o deməkdir ki, təşkilat həm
coğrafiya, həm də istehlakçı baxımından kifayət qədər
ciddi potensiala malikdir. Eyni zamanda, quruma üzv ölkələr
Avrasiyada mühüm nəqliyyat-logistika imkanları
baxımından da diqqət çəkir. Region, həmçinin
əmək ehtiyatları, karbohidrogen resursları və nadir
metal ehtiyatları ilə kifayət qədər zəngindir.
Ancaq praktiki müstəvidə bu zəngin potensialdan
tam miqyası ilə istifadə olunmur. Quruma üzv dövlətlərin
bir çoxu iqtisadi, siyasi problemlərlə üz-üzədir,
onlar arasında inteqrasiya aşağı səviyyədədir.
Bütövlükdə, indiyədək üzv dövlətlər
arasında arzu edilən adekvat əlaqələndirməni təmin
etmək mümkün olmayıb. Bu isə təbii ki, son nəticədə
qurumun funksionallığına, ona olan inama mənfi təsir
göstərir. Bəs problemlər nədən qaynaqlanır və ECO-nu üzv ölkələr
arasında dərin inam bəslənən daha funksional quruma
çevirmək üçün hansı tədbirlər
görülməlidir? Azad Xankəndinin bu günlərdə
uğurla ev sahibliyi etdiyi İƏT-ə üzv ölkələrin
liderlərinin 17-ci Zirvə görüşündə
uğurlarla yanaşı, həlli vacib olan bir sıra məsələlərə
də diqqət çəkilib.
ECO regionu üçün çətin dönəm
ECO-nun Xankəndidə keçirilən Zirvə
görüşü bütövlükdə, beynəlxalq
birliyin müəyyən çətinliklər və
transformasiyalarla üz-üzə qaldığı bir vaxtda
baş tutub. Hazırda dünya çətin bir dönəmdən
keçir. Qlobal miqyasda yeni nizamın formalaşması
müşahidə edilir və təəssüf ki, bu proses
özündə güc mərkəzlərinin təsir dairələrini
genişləndirmək hədəfini ehtiva edir. Çoxlu
sayda ölkə amansız təhdidlərə və təsirlərə
məruz qalır. Dünya getdikcə daha çox dərəcədə
beynəlxalq hüquq normaları ilə deyil, ikili standartlarla
idarə olunur. İş o yerə çatıb ki, hətta
BMT də münaqişələrə təsir etmək
imkanlarını sürətlə itirməkdədir.
Xankəndi zirvəsində bildirildiyi kimi,
dünyanın hazırkı mənzərəsindən ECO
coğrafiyası daha çox dərəcədə təsirlənir.
İqtisadi Əməkdaşlıq Təşkilatının
16-cı Zirvə görüşünün sədri, Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin
çıxışında vurğuladığı kimi,
münaqişə və mübahisələrin əksər
hissəsi təşkilatın ərazisində baş verməkdədir.
ECO-nun üzvü olan Əfqanıstan vətəndaş
müharibəsindən çıxan ölkədir. Bir qədər
bundan əvvəl Pakistanla Hindistan arasında qısamüddətli
münaqişə yaşandı. İran 12 günlük
müharibədə ağır zərbələr alıb.
Türkiyə sərhəd bölgələrində davamı
olaraq antiterror tədbirləri keçirmək məcburiyyətində
qalır. “Son aylarda Cənubi Asiya və Orta Şərqdə
baş verən hadisələr hamımızda böyük
narahatlıq doğurdu. Beynəlxalq hüquq və qlobal təhlükəsizlik
təsisatlarının sarsılması dialoq və əməkdaşlıq
imkanlarını daraldır, güc və zorakılığa
yol açır. Xüsusən də təşkilatımızın
üzvü olan İran İslam Respublikasına qarşı hərbi
əməliyyatlar öz növbəsində bütün
regionu müharibəyə sürükləmək və
böyükmiqyaslı ətraf mühit fəlakətinin
baş verməsi təhlükəsini yaratdı”, - deyə
Şavkat Mirziyoyev qeyd edib.
Bu kontekstdə İran ilə İsrail arasında 12
günlük dağıdıcı müharibədən sonra əldə
olunmuş atəşkəs razılaşması təqdirəlayiqdir
Çox doğru olaraq bu qərar regionda gərginliyin
azaldılması və sabitliyin bərpası istiqamətində
atılan mühüm addım hesab olunur. Hazırda kütləvi
qırğın silahlarının yayılmaması beynəlxalq
təhlükəsizliyin ən təxirəsalınmaz məsələlərindən
biri qismində çıxış edir. Bu reallıq nəzərə
alınmaqla Xankəndi zirvəsində bir daha nüvə
silahından azad zonaların coğrafiyasını genişləndirmək
üçün qlobal ictimaiyyətə
çağırış edilib. Heç bir halda ölkələrin
bir-birini nüvə silahı ilə təhdid etməsinə
yol vermək olmaz. Nüvə texnologiyalarından yalnız dinc
məqsədlər üçün istifadə
olunmalıdır.
İsrail-Fəlstin münaqişəsi də
İƏT regionunda böyük narahatlıqla izlənilir.
Hazırda Qəzzada bir insanlıq faciəsi yaşanır,
indiyədək on minlərlə insan həyatını itirib,
mülki əhali humanitar fəlakətlə üzləşib.
Bu münaqişə həllini tapmadan Orta Şərqdə
dayanıqlı sülh və sabitlik təmin edilməyəcək.
Beynəlxalq ictimaiyyət Qəzza zolağında hərbi əməliyyatların
dayandırılmasına, aclıq və qeyri-insani şəraitdən
əziyyət çəkənlərə humanitar
yardımın göstərilməsində bütün maneələrin
aradan qaldırılmasına nail olmalıdır.
Regionun orta və uzunmüddətli inkişaf hədəfləri
müəyyənləşdirilməlidir
Əlbəttə, bütün məsələlərin
təməlində iqtisadi güc amili dayanır. Buna görə
də üzv ölkələr arasında iqtisadi əməkdaşlığın
gücləndirilməsi strateji önəm daşıyır.
İƏT-in əsas məqsədi də məhz bundan ibarətdir.
Lakin hazırkı inteqrasiya səviyyəsi bu məqsədə
çatılmasının hələ kifayət qədər
uzaq olduğunu deməyə əsas verir. Etiraf
olunmalıdır ki, hazırda İƏT ölkələrinin
qlobal iqtisadiyyatda payı onların potensialına adekvat deyil.
2024-cü ildə ECO dövlətləri arasında ticarət dövriyyəsi
cəmi 95 milyard dollar səviyyəsində
olub. Bu göstərici üzv ölkələrin ümumi ticarət
dövriyyəsinin cəmi 10 faizini təşkil edir.
Xankəndi Zirvə görüşündə
vurğulandığı kimi, ilk növbədə
İƏT-in orta və
uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə
müəyyənləşdirmək lazımdır. Bunun
üçün Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə
məyyən nəticələr əldə olunub, o cümlədən
mühüm əhəmiyyətə malik “İqtisadi əməkdaşlığın
strateji məqsədləri 2035” adlı konseptual sənəd qəbul
edilib. Hazırda ECO ökələri arasında
inteqrasiyanın arzuedilən səviyyədə olmaması ilk
növbədə zəruri institusional strukturların
formalaşmaması və bəzi bürokratik maneələrlə
bağlıdır. Buna görə də vaxtı
çatmış islahatları
hədəfləyən müzakirələrin
aparılması və hüquqi bazanın möhkəmləndirilməsi
zəruridir. Mümkün əməkdaşlıq istiqamətləri
qismində ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye,
kənd təsərrüfatı, ekologiya, turizm və təhsil
kimi ənənəvi sahələrlə yanaşı,
innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar
üzrə əlaqələrin gücləndirilməsinə
xüsusi diqqət yetirilməlidir.
Əmtəə və xidmətlərdə ticarətin
asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin
tədricən aradan qaldırılması və elektron ticarətin
inkişafı xüsusilə vacibdir.
Qarşılıqlı ticarətin həcmini
artırmaq məqsədilə Xankəndi Zirvə
görüşündə bir sıra təkliflər səsləndirilib.
Bunlardan aşağıdakıları misal göstərmək
mümkündür:
-Üzv dövlətlər arasında ticarətin asanlaşdırılması
sazişinin imzalanması,
-Kənd təsərrüfatı, ticarət və əmtəənin
məhdudiyyətsiz təchizatı üzrə məlumatların
sürətli mübadiləsi üçün “yaşıl dəhlizlər”
sisteminin yaradıması,
-İnvestisiya əməkdaşlığını
yeni səviyyəyə qaldırmaq üçün “ECO invest”
uzunmüddətli proqramının qəbul edilməsi və
üzv ölkələrdə sərmayə mühitinin daha
şəffaf və cəlbedici olmasınının təmin
edilməsi,
-Özəl investorların, bankların və beynəlxalq
maliyyə təsisatlarının İƏT
coğrafiyasında perspektivli
layihələrə cəlb olunması,
-ECO regionu üzrə azad ticarət zonasının
yaradılması.
Nəqliyyat-logistika sektoru prioritet istiqamətlərdən
biri kimi
İƏT-ə üzv ölkələr arasında
inteqrasiyanın dərinləşməsində nəqliyyat-logistika
sektoru prioritet istiqamətlərdən biri ola bilər. Üzv
dövlətlərin coğrafi yerləşməsi bu sahədə
sıx inteqrasiya üçün geniş imkanlar
açır. Son geosiyasi hadisələr təchizat zəncirlərinin
pozulması risklərini bütün ciddiliyi ilə gündəmə
gətirib. Hazırda izlənilən geosiyasi kataklizmlər, o
cümlədən Rusiyadan keçən Şimal, İrandan
keçən Cənub marşrutlarının faktiki olaraq
funksionallığını itirməsi fonunda alternativ nəqliyyat
bağlantılarına ehtiyac heç vaxt olmadığı qədər
artıb. Artan zərurət fonunda İƏT ölkələri
təchizat zəncirində özlərinin nəqliyyat-logistika
imkanlarını təqdim edə bilərlər. Burada o amil nəzərə
alınmalıdır ki, bəzi üzv dövlətlərin
açıq dənizə çıxışları yoxdur və
bu məhdudiyyəti ancaq digər tərəfdaş ölkələr
üzərindən aradan qaldırmaq mümkündür. Vurğulandığı kimi,
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu
layihəsinin ötən il işə salınması
mühüm hadisə idi. Gələcəkdə bu dəmir
yolu xətti Transəfqan dəhlizi ilə birləşəcək
və böyük regionda tranzit şəbəkələrini
səmərəli şəkildə bir araya gətirəcək.
Yeni şəraitdə Azərbaycanın əsas həlqəni
təşkil etdiyi Transxəzər (Orta Dəhliz)
marşrutunun önəmi də əhəmiyyətli dərəcədə
artıb. Azərbaycan Orta Dəhlizin yeni qollarının
yaradılmasına da güclü siyasi iradə sərgiləyir.
Yük həcmlərinin əhəmiyyətli dərəcədə
artması perspektivləri nəzərə alınmaqla rəqəmsal
nəqliyyat və gömrük ofisinin yaradılması təşəbbüsünün
həyata keçirilməsi labüddür. Yalnız bu
yolla nəqliyyat və logistika
sektorlarında rəqəmsallaşmanı sistemli şəkildə
təşkil etmək mümkündür.
Digər imkanlar da mövcuddur. O cümlədən yeni
aviareyslərin açılması, hava nəqliyyatı
şirkətləri arasında əməkdaşlığın
innovativ şəkildə həyata keçirilməsi, marketinq
strategiyalarının gücləndirilməsi turizm və
aviasiya sektorlarının inkişafına böyük təkan
verə bilər. “Mən diqqətinizi digər bir mühüm
məsələyə cəlb etmək istəyirəm.
Əsas məsələ ondan ibarətdir ki, bizim hökumətlər
qlobal iqlim gündəliyində öz səylərini əlaqələndirməli
və birləşdirməlidirlər. Biz Bakıda COP29 qlobal
iqlim sammitinin uğurla keçirilməsindən sonra əldə
edilmiş razılaşmaların və öhdəliklərin
tam şəkildə icrasını qəti şəkildə
dəstəkləyirik. Biz, eyni zamanda, təşkilatımızın
məhz quraq yerlərdə ağacların əkilməsinə,
o cümlədən istirahət zonalarının
yaradılmasına yönəlmiş “Yaşıl təşəbbüsü”nü
dəstəkləyirik”, - deyə Şavkat Mirziyoyev
vurğulayıb.
Mübariz FEYİZLİ
Yeni Azərbaycan .- 2025.- 9 iyul (¹116).- S.2.