Şair,
maarifçi, publisist...
Seyid Əzim Şirvani ədəbiyyatımızın
parlaq nümunəsidir
190 il öncə Şamaxıdan doğan Günəş!
Onun yaradıcılığı 19-cu əsr Azərbaycan
ədəbiyyatı tarixində mühüm yer tutur. Məhəbbəti
tərənnüm edən Füzuliyanə qəzəlləri
ilə istedadlı lirik şair, maarifçi şeirləri, təmsil,
mənzum hekayə və satiraları ilə görkəmli
realist sənətkar kimi ədəbiyyatımızda dərin
iz buraxmış Seyid Əzim Şirvaninin anadan olmasından
190 il ötür. Şirvaninin realist şeir
yaradıcılığında “Əkinçi” qəzetinin
mühüm rolu olub. Yazdığı şeirlərinin
böyük əksəriyyətində xalqı qəflət
və cəhalət yuxusundan oyatmağa çağırırdı.
Aşiqanə qəzəlləri daha çoxdur...
Şairin qəzəlləri ayrı bir aləmdir.
Əsərləri içərisində müxtəlif Şərq
mənbələrindən etdiyi tərcümələr, Sədi,
Hafiz və Məhəmməd Füzuli şeirlərinə
yazdığı nəzirələr də var. Lakin bunlar
şairin zəngin bədii irsi içərisində az yer
tutur. Seyid Əzim Şirvani
yaradıcılığının çox hissəsi lirik
janrda yazılmış original əsərlərdən ibarətdir
ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində
həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer
tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur.
Müəllifin şeirə hərarət və can verən dərin
lirikasını məhz bu qəzəllərdə görmək
olur.
Seyid Əzim Şirvani
yaradıcılığının ikinci mərhələsi
onun maarifçi və tənqidi-satirik şeirlərilə
başlayır ki, artıq bu zamandan etibarən onun
yaradıcılığında realizm üstünlük təşkil
edir.
Şairin fikrincə, var-dövlət bir gün əldən
çıxa bilər, lakin sənət heç vaxt itməz.
İnsan əlindəki sərmayənin, yəni sənətin
köməyi ilə yenə də var-dövlət sahibi olar.
Puç olub getsə dövlətin zayə,
Genə sənətdir əldə sərmayə.
Elmdir əhli-sənətin hünəri,
Elmsiz sənətin nədir səməri?
18 illik əziyyətin sonu...
19-cu əsrin sonlarına doğru Seyid Əzim
Şamaxıda yeni üsulla “Məclis” adlı bir məktəb
açır. Seyid Əzimin bu məktəbində köhnə
mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan,
rus, fars dilləri öyrədilir və müasir elmlərdən
ibtidai məlumat verilirdi. Seyid Əzim bütün maddi və mənəvi
çətinliklərə baxmayaraq, 18 ildən artıq öz
məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən
mövhumatçıların və ruhanilərin müxtəlif
bəhanələrlə ona qarşı hücuma keçmələri,
digər tərəfdən də o zaman Şamaxıda dövlət
tərəfindən açılan şəhər məktəbinin
təsiri nəticəsində həmin məktəb fəaliyyətini
dayandırmağa məcbur olur.
Onu sevməyənlərin sayı hər gün
artırdı
1879-cu ildə Seyid Əzimin “ipə-sapa
yatmazlığından” cana doymuş hökumət nümayəndələri
ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən
kənarlaşdırılır. Lakin bəzi maarifpərvər
insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə
qaytarmaq mümkün olur. Seyid Əzim maarifçi və tənqidi-satirik
şeirlərilə mövhumatı, nadanlığı
qamçılayır, bu səbəbdən də
mövhumatçı dindarların kəskin müqaviməti
ilə üzləşirdi, “Əkinçi”də yazmağa
başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin,
ona düşməncəsinə münasibət bəsləyənlərin
sayı daha da artdı.
Ölümü barədə müxtəlif iddialar...
Seyid Əzimin ölümü haqqında yazarkən
bir qayda olaraq, “1888-ci il mayın 20-də Şamaxıda vəfat
edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun
53 yaşında qəfil ölümü ilə bağlı
iddialardan biri sui-qəsd nəticəsində
dünyasını dəyişməsi ilə
bağlıdır.
Böyük maarifçinin məscid qapısında
yaradılan süni basabasda öldüyü də deyilir. Bir
variantda isə onun mövhumatçı insanlar tərəfindən
qətlə yetirildiyi söylənir. Ancaq birinci ehtimal daha
geniş yayılıb.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 9 iyul (¹116).- S.8.