Azərbaycanın
tolerantlıq modeli...
Milli və dini müxtəliflik tarix boyu ölkəmizdə
insanlar arasında fərq yaradan amil hesab edilməyib və indi
də belədir. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanda
bütün dini inanclara, adət-ənənələrə
hörmətlə yanaşılır, fərqli dini mənsubiyyətli
insanlara heç bir dözümsüzlük yoxdur. Dini və
milli tolerantlıq anlayışı insan haqlarının
qorunması, azadlıqların təmin edilməsi və ictimai
harmoniyanın formalaşdırılması ilə sıx
bağlıdır.
Tolerantlıq sadəcə dözümlülük
deyil, eyni zamanda başqalarının inanclarına, adət-ənənələrinə
və milli kimliklərinə hörmətlə
yanaşmaqdır. Bu anlayış fərdlərin bir-birini daha
yaxşı tanımasına, birgəyaşayış mədəniyyətinin
formalaşmasına və qarşılıqlı
anlaşmanın dərinləşməsinə zəmin
yaradır.
Tarix boyu dini və milli münaqişələrin
yaratdığı fəsadlar bəşəriyyətə
ağır ziyanlar vurub, cəmiyyətlər arasında
parçalanmaya səbəb olub. Lakin tolerantlığın və
dialoqun hakim olduğu cəmiyyətlər daha sabit, təhlükəsiz
və firavan olub. Tarixi nümunələr göstərir ki,
multikultural mühitin mövcud olduğu ölkələrdə
elmi, mədəni və iqtisadi inkişaf daha sürətli
gedib, fərqli din və etnik mənsubiyyətə malik insanlar
birgə fəaliyyət göstərərək ümumi rifaha
töhfə veriblər.
Müxtəlif dinlər və etnik qrupların
harmoniyası
Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a
açıqlamasında bildirib ki, müasir dövrdə
qloballaşma və miqrasiya prosesləri dini və milli müxtəlifliyi
daha da artırıb. Bu da insanları qarşılıqlı
anlaşmaya, mədəni dialoqa və tolerantlığa daha
çox önəm verməyə sövq edir.
Deputat qeyd edib ki, dünyanın bir çox ölkəsində
multikulturalizm siyasəti yürüdülür, müxtəlif
xalqların və dinlərin bir arada sülh şəraitində
yaşaması üçün hüquqi və sosial mexanizmlər
formalaşdırılır: “Azərbaycanda da dini və milli
tolerantlıq qədim ənənələrə söykənir.
Ölkəmiz tarixən fərqli millətlərin və dinlərin
nümayəndələrinin dostluq və
qarşılıqlı hörmət şəraitində
yaşadığı bir məkan olub. Azərbaycan modeli
dünyada tolerantlığın və multikulturalizmin
uğurlu nümunələrindən biri kimi qəbul edilir. Bu
gün ölkədə müxtəlif dinlər və etnik
qruplar arasında harmoniyanın qorunması dövlət siyasətinin
əsas istiqamətlərindən biridir”.
C.Məmmədovun sözlərinə görə,
tolerantlıq və harmoniyanın davam etməsi
üçün dövlət və digər qurumlar fəal
şəkildə çalışır: “Bu vəziyyət
bir tərəfdən Azərbaycan xalqının milli
mentaliteti ilə sıx bağlıdır. Milli xarakterimizdə,
mənəviyyatımızda və psixologiyamızda bu
tolerantlıq və birgəyaşayış mədəniyyəti
özünü göstərir. Digər tərəfdən, bu
dəyərlər hüquqi müstəvidə də təsbit
olunub. Konstitusiyada əksini tapan bu keyfiyyətlər hüquqi
məzmun kəsb edərək ölkənin sosial və siyasi
sisteminin əsas prinsiplərindən birinə çevrilib. Bu,
unikal bir hadisədir və xalqımızın birliyi, həmrəyliyi,
gücü və bərabərliyi məhz zəngin mədəniyyətdən,
dərin dini və siyasi dünyagörüşündən
qaynaqlanır. Həmin keyfiyyətlər Azərbaycan
xalqını daha böyük gələcəyə aparacaq
gücə və perspektivə malikdir”.
Həmrəylik və qarşılıqlı hörmət
yüksək səviyyədədir
Deputat bildirib ki, hazırkı tarixi mərhələdə
yeni şərtlər daxilində multikultural dəyərlərin
daha da zənginləşdirilməsi, dini
tolerantlığın dərinləşdirilməsi və
bütün dinlərin nümayəndələrinin Azərbaycanda
öz inanclarını sərbəst şəkildə ifadə
etməsi mühüm əhəmiyyət daşıyır: “Hətta
eyni din daxilində olan fərqli məzhəblərin
daşıyıcılarının birgə vəhdət
namazı qıla bilməsi bu mühitin nə qədər
perspektivli və dərin olduğunu göstərir. Bu, cəmiyyət
daxilində həmrəyliyin və qarşılıqlı
hörmətin yüksək səviyyədə olduğunu
sübut edir.
Həyatın bütün sahələrində rasional
və praqmatik islahatlar ölkəmizdə həyata
keçirilir və Azərbaycan həm də
sivilizasiyalararası münasibətlərin tənzimlənməsində
belə mühüm rol oynayır. Bütün dünya
ictimaiyyəti üçün sirr deyil ki, ölkəmizdə
multikultural cəmiyyət var. Xüsusilə qeyd etmək
lazımdır ki, belə bir cəmiyyətin
formalaşdırılması heç də kənardan
göründüyü qədər sadə, bəsit bir məsələ
deyil. Belə bir mühitin formalaşması üçün əsrlərlə
vaxt tələb olunur. Ona görə də cəsarətlə
deyə bilərik ki, məhz dini və milli tolerantlıq, eləcə
də millətlərarası münasibətlərin
inkişaf etdirilməsi istiqamətində çox
böyük, həm də məqsədyönlü işlər
görülüb”.
Yeganə
Yeni Azərbaycan .- 2025.- 10 iyul (¹117).- S.8.