Milli maraqlara
bağlı insan
Ömrüm boyu böyük ziyalı, xalqın sevdiyi
insan, görkəmli dövlət xadimi, diplomat... kimi
tanıdığım Həsən Həsənov haqqında
bu yazını yazmağa başlamamışdan əvvəl
bir neçə gün əlimə qələm almağa cəsarət
etmədim. Çox düşündüm. Azərbaycanda
hamının tanıdığı şəxsiyyət
haqqında mən nə yazım ki, ona layiq olsun. Doğrusunu
deyim ki, yazı-pozu ilə məşğul olduğum 55 il
müddətində belə çətinliyə düşməmişdim.
Axı xalqın tanıdığı insanı xalqa necə təqdim
edim?
Vikipediyaya baxdım, tərcümeyi-halını bir
daha “vərəqlədim”, “yaxşı bunlar da hər adam
üçün əlçatandır, mən nədən
başlayım?” - deyə çətinlikdən
çıxmağa çalışdım. Bəlkə,
hansı dövlət işlərində
çalışdığından, keçdiyi şərəfli
həyat yolundan bəhs edim?
1995-ci ildə 1-ci çağırış Azərbaycan
Respublikasının Milli Məclisinə deputat seçiləndə
Həsən müəllim də millət vəkili
seçilmişdi. O, həm də Azərbaycan
Respublikasının Xarici İşlər naziri idi. Beləliklə,
ilk yaxın tanışlığımız Milli Məclisdə
oldu. Mənimlə elə görüşdü ki, sanki,
çoxdan tanıdığı insanla
görüşürdü. Çox səmimi, gülərüz
insan kimi gördüm onu. İki il, həftədə iki dəfə
Milli Məclisin iclaslarında görüşürdük...
Sonra mən Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərinə Azərbaycan
Respublikasının baş konsulu vəzifəsinə təyin
olundum. Beləliklə, Həsən müəllim “mənim
nazirim” oldu. Onunla görüşəndə müəyyən
fikirlərimi söyləyirdim, səhv danışanda
özünəməxsus şirin gülüşlə “Yox, elə
deyil” - deyə düzəliş verirdi. Həsən müəllimdən
heç vaxt irad eşitmədim, özümdən
böyük kimi (10 yaş fərqimiz var) ondan daim nə isə
öyrənməyə çalışırdım. Öyrəndiklərim
diplomatik işimdə mənə çox kömək edirdi.
...Baş konsul kimi 10-15 gün idi ki vəzifəmin
icrasına başlamışdım. Bizə xəbər verdilər
ki, Azərbaycanın gəmisini borca görə bir neçə
gündür ki, Mərmərə dənizində
saxlayıblar. Gəmi heyətinin də bütün ərzağı
qurtarıb. Dözülməz vəziyyət yaranıb.
Konsulluğun bir əməkdaşı ilə dənizin
ortasında saxlanılan gəmiyə getdik. Orada türk polisləri
və Azərbaycan gəmi heyətinin qarşısında
çıxış etdik. Dost, qardaş xalqlar olduğumuzu
bir daha xatırlatdıq. Sonra masa başında birlikdə
çay içdik. Türk polisləri əlaqəli təşkilatların
rəhbərləri ilə danışdılar. Gəmini
buraxmaq haqqında qərar qəbul edildi. Həmin gün gecə
saat 2-də nazir Həsən müəllim mənə zəng
edib, şifahi təşəkkürünü bildirdi. Baş
verən əhvalat AzərTAC vasitəsilə
yayımlandı...
Elə həmin ərəfələrdə bir gün
konsulluqda yenicə işə başlamışdıq ki, dedilər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının İstanbul
universitetlərində oxuyan 30 tələbəsi konsulluğun
qarşısında mitinq keçirmək üçün gəlib.
Doğrusu, mən həmişə mitinqlərin əleyhinə
olmuşam. Odur ki, heç nə fikirləşmədən əməkdaşlarımıza
dedim ki, gedin, onların başçısını yanıma
dəvət edin. Başçı gəldi. Soruşdum: “Nə
istəyirsiniz?” Cavab verdi ki, biz istəyirik, Heydər Əliyev
hakimiyyətdən getsin. Dedim, a bala, məni bura Heydər
Əliyev göndərib! Onunla xeyli tərbiyəvi söhbət
apardıqdan sonra başının dəstəsini də
götürüb getdi. İndi yadıma düşür ki, 11
gün idi işə başlamışdım... Yenə həmin
gün Həsən müəllim zəng vurub təşəkkür
etdi. Bir daha hiss etdim ki, mən nazir tərəfindən diqqət
və qayğı ilə əhatə olunmuşam.
Həsən Həsənov işlədiyi bütün
dövlət vəzifələrində həmişə şərəflə
çalışıb və xalqımız üçün
böyük işlər görüb. 1990-cı il yanvar faciəsi
ilə bağlı SSRİ rəhbərliyinə məktubunda
bildirirdi: “Xalqın qanı töküldü, amma o qan bu
torpağın azadlığı üçün
töküldü! Azərbaycanın səbrini sınağa
çəkmək xalqı daha da birləşdirdi”.
Qeyd etmək lazımdır ki, 1992-1993-cü illərdə
BMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi
kimi Dağlıq Qarabağ konfliktinə dair 4 qətnamənin
qəbuluna nail olması Həsən Həsənovun xarici siyasətdə
əhəmiyyətli rolunu göstərir. Müstəqil Azərbaycanın
ilk Diplomatik pasport sisteminin əsasını Həsən Həsənov
qoyub. “Azərbaycan diplomatiyası tarixi” kitabını
yazıb.
Heç demə, Həsən müəllimin gözəl
qələmi də varmış, o, dərin mənalı əsərlər
də yazırmış. Bir gün gördüm ki, Akademik
Milli Dram Teatrının qarşısında “Brüsseldən
məktublar” tamaşasının afişası asılıb.
Afişada müəllif kimi Həsən Həsənovun
ad-soyadının yazıldığını görəndə
təəccübləndim: Görəsən, Xarici işlər
naziri Həsən Həsənovdur? Tamaşaya baxdım,
çox təsirləndim. Səhv etmirəmsə, tamaşa
haqqında mətbuatda resenziya da yazdım. Həsən müəllim
yaddaşlardan silinməyəcək bir pyes yazmışdı,
ona görə tamaşa da anşlaqla keçdi. O zaman
öz-özümə fikirləşirdim: Həsən müəllimlə
məni birləşdirən, doğma edən bəlkə də
onun yaradıcılığı, qiymətli əsərlər
yazmasıdır. Necə deyərlər, “ürəkdən-ürəyə
yollar görünür”...
Bu yaxınlarda Həsən müəllimin türklərin
tarixi, ənənələri, həyat tərzləri ilə
bağlı bir yazısını maraqla oxudum. Bəli, Həsən
müəllim həm də tarixçi alimdir. Çoxlu tarixi
araşdırmaların müəllifidir. Bütün bunlar Həsən
Həsənovun hərtərəfli biliyə malik bir insan
olduğunu təsdiq etmirmi?
Sonralar Həsən müəllim müxtəlif
ölkələrdə səfir oldu, harada işlədisə,
Azərbaycanı ləyaqətlə təmsil etdi.
Son zamanlar Həsən müəllimlə müxtəlif
tədbirlərdə görüşürük, telefonla əlaqə
saxlayırıq.
Bir sözlə, mən Həsən müəllimlə
həmişə fəxr etmişəm, onun adı gələndə
şərəf duymuşam. Həmişə də ürəyimdə
fikirləşirəm: Kaş, belə adamlar çox
olaydı...
Xeyrəddin QOCA,
Yazıçı
Yeni Azərbaycan .- 2025.- 10 iyul (¹117).- S.6.