Pedaqoji fikir tariximizdə
İrəvan Müəllimlər Seminariyası
İrəvan şəhəri tarixən Azərbaycan
türklərinin yaşadığı böyük elm, maarif
və mədəniyyət mərkəzlərindən biri
olmuşdur. Şəhərdə Azərbaycan xalqına məxsus
son dərəcə zəngin ədəbi-mədəni
mühit formalaşmışdır. İrəvan
xanlığı Çar Rusiyasının tərkibinə
qatıldıqdan sonra burada dünyəvi təhsilə
xüsusi diqqət yetirilmişdir. XX əsrin əvvəllərinə
qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və digər
şəhərlərlə yanaşı, İrəvan azərbaycanlıların
aparıcı elm və mədəniyyət mərkəzlərindən
biri olmuşdur. Azərbaycanın elm və mədəniyyət
tarixinə “İrəvani” təxəllüsü ilə daxil
olmuş və öz önəmli töhfələrini
vermiş xeyli alim, ədəbiyyat və incəsənət
xadimləri var.
İrəvan ədəbi-mədəni, ictimai-siyasi
mühitinin görkəmli nümayəndələrinin Şərq
elmində, ədəbiyyatında, mədəniyyətində
oynadığı müstəsna rolun təsiri bu gün də
duyulur. Həmin ərazilərin əsl sakinləri və sahibləri
azərbaycanlılar olsa da, tarixin müxtəlif dövrlərində
zor gücünə öz əzəli torpaqlarında
yaşamaq hüququndan məhrum edilmişlər.
Amma bütün dolanbac, keşməkeşli yollara
baxmayaraq bəşər tarixi xalqlararası münasibətlərdə
tədricən ədalət prinsiplərinin bərqərar
olması ilə xarakterizə olunur. Bu baxımdan, XIX və XX əsrlərdə
nankor, faşist xislətli ermənilər zaman-zaman Azərbaycan
xalqını amansız repressiyalara düçar etdi.
Erməni vandallarının gizli, gah açıq, gah
rəsmi, gah da qeyri-rəsmi şəkildə Ermənistanda azərbaycanlıların
maarifini, mədəniyyətini, incəsənətini
sıxışdırmaqla bağlı siyasətləri İrəvanda
Azərbaycan ədəbi-mədəni mühitinin öz
böyük potensialını bütöv şəkildə
gerçəkləşdirməyə imkan verməmişdir.
Məlumdur ki, XIX əsrin 70-ci illərində
bütün Qafqazda dünyəvi fənlər tədris edən
məktəb, bu fənlərdən dərs demək
üçün pedaqoji kadrlar hazırlayan təhsil
ocağı yox idi. Azərbaycanda olduğu kimi, İrəvanda
da dünyəvi məktəblər açılana qədər
təlim müəssisəsi kimi yalnız məscidlərin nəzdində
mollaxanalar və mədrəsələr fəaliyyət
göstərmişdir.
XIX əsrin iyirminci illərində İrəvan
xanlığının əhalisinin kameral siyahıya
alınmasını və inzibati ərazi
bölgüsünün təsvirini hazırlayarkən İrəvan
şəhərində Zal xan, Sərtib xan, Hüseynəli
xan, Hacı İmamverdi, Hacı Cəfər bəy məscidlərinin
mövcudluğu barədə məlumat verilir.
Bundan başqa, İrəvanda
dağıdılmış digər iki məscidin
qalıqlarının olduğu da qeyd edilir. Məscidlərin hər
birinin nəzdində mollaxana və mədrəsə fəaliyyət
göstərirdi ki, burada da İrəvandan və müxtəlif
bölgələrdən onlarla gənc gəlib dini təhsil
alırdılar. Həmin dövrdə təkcə Hüseynəli
xan məscidinin nəzdində fəaliyyət göstərən
mədrəsədə təhsil alan şagirdlərin
sayının 200 nəfər olduğu barədə məlumat
verilirdi.
XIX əsrin əvvəllərində Cənubi Qafqazda
baş verən siyasi proseslər müxtəlif sahələrdə
olduğu kimi, təhsil və məktəb sahəsində də
yeni meyillərin yaranmasına səbəb oldu. Artıq təlim
müəssisəsi kimi fəaliyyət göstərən
mollaxana və mədrəsələr getdikcə tənəzzülə
uğrayır, öz yerini dünyəvi məktəblərə
verirdi.
Mənbələrin verdiyi məlumatlardan aydın olur
ki, İrəvanda ilk qəza məktəbinin 1831-ci ilin
mart-oktyabr aylarında açılmasına ciddi səy
göstərilsə də, hansısa səbəblərdən
həmin ildə bu təşəbbüsün gerçəkləşdirilməsi
mümkün olmamışdı. Müəyyən səbəblərdən
sonra 14 yanvar 1832-ci ildə İrəvanda ilk qəza məktəbi
açılmışdır. Bu hadisə bütövlükdə
bölgədə qabaqcıl maarifçilik ideyalarının
yayılmasında əhəmiyyətli dərəcədə
rol oynamışdır.
İrəvanda açılan ilk qəza məktəbində
müxtəlif millətlərin uşaqları ilə
yanaşı, azərbaycanlı uşaqlar da təhsil
almağa başladılar. 1832-ci ildə açılan İrəvan
qəza məktəbi, 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci
ildən isə 5 sinifli gimnaziyaya çevrildi.
1836-cı ildən 1869-cu ilə qədər İrəvan
qəza məktəblərində 301, 1869-cu ildən 1881-ci ilədək
isə 359 azərbaycanlı təhsil almışdır.
İldən-ilə istər qəza məktəbində, istərsə
də sonralar progimnaziyaya çevrilmiş təhsil
ocağında oxuyan azərbaycanlıların sayı
artmışdır.
Çar hökuməti qəza məktəblərində
müəllim kadrlar ilə bağlı yaranmış
ehtiyacı təmin etmək üçün Cənubi Qafqazda
pedaqoji müəllim seminariyalarını təşkil etməyə
başladı. Rusiya Dövlət Şurasının 20 oktyabr
1880-ci il tarixli qərarına əsasən yaradılan bu tip
müəssisələrdən biri də təhsil tariximizdə
əhəmiyyətli dərəcədə böyük rol
oynamış, zəngin və tarixi yol keçmiş İrəvan
Müəllimlər Seminariyasıdır.
1891-ci ildə Tiflisdə nəşr edilən “Qafqaz təhsil
dairəsinin sərəncamları” adlı məlumat
kitabında Qafqaz dairəsinin 17 iyun 1881-ci ildə verdiyi 3651
nömrəli sənəd vardır. Həmin sənəd
İrəvan şəhərində müəllimlər
seminariyasının açılması barədə Cənubi
Qafqazın Baş Maarif İdarəsinə göndərdiyi
izahatıdır. İzahatda göstərilmişdir ki, Rusiya
Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli sərəncamını
nəzərə alaraq, 1881-ci ilin ikinci yarısı
üçün İrəvan Müəllimlər
Seminariyasına 14175 min rubl vəsait ayrılmışdır.
1882-ci il üçün bütöv ştat məsrəfi
olaraq 28.350 rubl nəzərdə tutulmuşdur.
İrəvan Müəllimlər Seminariyasının
həmin il üçün ştat cədvəli üzrə
pedaqoji heyətin əməkhaqqı və digər məsrəf
xərcləri müəyyənləşdirilmişdir.
Seminariyanın ştat çərçivəsində
müxtəlif fənlərlə yanaşı, Azərbaycan
dili və şəriət dərslərinin tədris edilməsi
də öz əksini tapmışdı. Yeri gəlmişkən,
onu da qeyd edək ki, Cənubi Qafqazın müxtəlif şəhərlərində
təşkil edilmiş seminariyalardan fərqli olaraq İrəvan
Müəllimlər Seminariyasında Azərbaycan dili üzrə
şəriət dərslərinin tədrisi təsadüfi
deyil. Seminariyada Azərbaycan (tatar) dilinin və müsəlman
dini üzrə şəriət fənninin tədris edilməsi
bir tərəfdən mövcud dövrün tələbi idisə,
digər tərəfdən isə qədim İrəvan şəhərində
yaşayan yerli əhalinin 75 faizini azərbaycanlıların təşkil
etməsi idi. İrəvan Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin müdiri
və tatar (Azərbaycan) dili müəllimi, dövrün
görkəmli elm, mədəniyyət və din xadimi Axund
Molla Məmmədbağır Hacı Mehdi oğlu Qazızadə
təyin edilmişdir.
Rusiya Dövlət Şurasının qərarından
bir il sonra 1881-ci il noyabr ayının 8-də İrəvanda
pedaqoji kadrlar müəssisəsi - İrəvan Müəllimlər
Seminariyası açıldı. Görünür,
seminariyaların açılmasını ləngidən əsas
səbəblərdən biri tədris binasının
olmaması müəllimlərin bu təhsil ocağına cəlb
edilməsi, şagird qəbulu, maliyyə çətinlikləri
idi.
Araşdırmalar göstərir ki, İrəvan
Müəllimlər Seminariyası fəaliyyətə
başladığı ilk vaxtlarda bir sıra çətinliklərlə
üz-üzə qalmışdır. Seminariya fəaliyyətə
başladığı ilk dövrdə tədris prosesi
üçün lazımi səviyyədə əlverişli
şəraitdən məhrum illik icarə haqqı 5 min rubl
olan bir mərtəbəli binada yerləşmişdi.
İrəvan Müəllimlər Seminariyası 1905-ci
ildə İrəvanın Daşlı küçəsində
yeni inşa edilmiş ikimərtəbəli binaya
köçmüşdü. Binanın 3-cü mərtəbəsinin
tikilməsi üçün isə 1906-cı ildə xəzinədən
300.000 rubl vəsait ayrılmışdı.
Cənubi Qafqazda və digər şəhərlərdə
fəaliyyət göstərən seminariyalar kimi, İrəvan
Müəllimlər Seminariyası da öz tərkibinə
görə beynəlmiləl tədris ocağı idi.
Seminariyanın fəaliyyəti təkcə Ermənistan məktəbləri
üçün kadrlar hazırlamaqla məhdudlaşmamışdı.
Burada Cənubi Qafqaz bölgəsinin hər yerindən gənclər
təhsil alırdı, bütün məzunlara kənd ibtidai
məktəb müəllimi vəsiqəsi verilirdi.
1881-ci ilin noyabr ayında fəaliyyətə
başlayan İrəvan Müəllimlər Seminariyası 40
ilə yaxın müddətdə müasir
dünyagörüşünə və düşüncə
tərzinə malik yüksək ixtisaslı kadrlar
hazırlamışdır.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Yeni Azərbaycan .- 2025.- 12 iyul (¹119).- S.6.