97 yaşlı Xalq artisti Roza Cəlilova:
Elə bir ölkə yoxdur ki, milli rəqsimizə baxıb
heyran qalmasın
Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə
Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və
Balet Teatrının balet truppasında çalışıb.
1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini
davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna
rəhbərlik edib. Rəqqasə uzun illər xoreoqraf kimi də
fəaliyyət göstərib. O, 1989-cu ildə
yaratdığı “Gülüstan” Mahnı və Rəqs
Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən
ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın
repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər
bərabər ərəb, fars, hind və bir sıra başqa
xalqların rəqsləri də böyük yer tutub. Beləliklə,
bu günk müsahibimiz “Şərəf”
və “Şöhrət” ordenli xoreoqraf, xalq artisti Roza Cəlilovadır.
Müsahibəmizi oxuculara təqdim edirik.
- Roza xanım, necəsiniz?
Özünüzü necə hiss edirsiniz?
- 97 yaşım var.
Yaş öz sözünü deyir.
Bu yaşa gəlib çatdım, xalqımızın
sevgisini, məhəbbətini hər zaman hiss elədim. Allah mənə
ömür verib ki, rəqsimizi xalqımıza təqdim edim.
Bu məni qürurlandırır. Yaxşı ki, sizlər
varsınız və gəlib məndən tez-tez xəbər
alırsınız.
- Necə oldu sırf
milli rəqsə üstünlük verdiniz?
- Ailəmiz incəsənəti
çox sevirdi. Atam mənim əlimdən tutub baletə
apardı. Balet oynadım, lakin milli musiqini eşidəndə
özümü daha çox orada görürdüm. Rəqsə
bağlılıq ürəkdən gəlməlidir. Mən də
ürəyimin səsinə qulaq asdım. O zamanlar xarici ölkələrə
gedib Azərbaycan rəqsini nümayiş etdirmək çətin
idi. Hara göndərdilərsə, bütün tədbirlərdə
uğurla iştrak elədim. Bu, mənim üçün
böyük fəxrdir.
- Necə düşünürsünüz, Sizcə
hazırda milli rəqs o illərdəki qədər sevilir?
- Hiss edirəm ki, milli rəqsimizə insanların
marağı böyük, sevgiləri çoxdur. Musiqi gözəl,
avazı gözəl, geyimləri gözəldirsə, əlbətdə
ki, seviləcək rəqsimiz var. Ulu öndər Heydər
Əliyevin bir sözü var. Rəqs
bizim güzgümüzdr. Elə bir ölkə yoxdur ki, milli rəqsimizə
baxıb heyran qalmasın. Melodiya, rəqsin hərəkətləri,
paltarın quruluşu hamısı bir biri ilə bağlı
olmalıdır. Rəqs tarixi dəyərdir, təqdim etmək
isə böyük xoşbəxtlikdir. İfa olunan
musiqini eşitdikdə, təqdim olunan rəqsi gördükdə insanın ruhu oynayır. Gözəl
bəstələrimiz, musiqiçilərimiz, rəqqaslarımız
çoxdur.
- Roza xanım, rəqs insanın xarakterinə necə təsir göstərir?
- Rəqs insanın
xarakterinə ancaq müsbət
mənada təsir göstərə bilər. İnsanı
ruhlandırır, ona sevgi gətirir.
- Bəs sizə daha
çox yaxın olan hansı rəqsdir?
- Lirik rəqslərimiz
bir tarixdir. “İnnabi”, “Uzundərə” və s ən gözəl
süzmə rəqslərdir. Oğlanlar üçün “Qaytağı”,
“Cəngi” rəqslərini misal gətirərdim. Hansı
olmasından fərqli olmayaraq rəqsimizə böyük maraq
və sevgi duyublar. Mən bunu getdiyim bütün ölkələrdə
hiss eləmişəm. Hətta rəqsimizə aid kitablar belə yazıblar.
- Bildiyim qədər nəvəniz
Lalə xanım Aslanur da yolunuzu
davam etdirir...
- Bəli, Lalənin lap kiçik yaşlardan rəqsə
marağı var. O, 2000-ci illərdə doğulub. Həmin ərəfələrdə zəlzələ olmuşdu. Hamımız zəlzələnin təsirində
idik, lakin balaca Lalə əllərini
qaldırıb özü üçün oynayırdı. Onun rəqs proyekti
var. Keçən il Kanadada keçirilən mötəbər müsabiqədə 15 ölkə arasında Azərbaycan
birinci yerə layiq görüldü və qızıl medal qazandı.
- Yaxın günlərdə də maraqlı bir
tamaşa qurmuşdu...
- Bəli, bu il tamaşa quranda dahi şəxsiyyətlərə
önəm verildi. Üzeyir Hacıbəyov, Xurşudbanu Natəvan,
İbrahimxəlilxan kimi şəxsiyyətlərə
müraciət etdilər. Səhnədə 30 rəqqasla işləmək
böyük zəhmət tələb edir. Həmin təqdimatın
sonunda cənab Prezident İlham Əliyevin Şuşa ilə bağlı
çıxışı ekranlarda səsləndirildi.
- İştrak etdiniz həmin tədbirdə?
- Həmin gün özümü yaxşı hiss eləmirdim,
lakin orada iştrak etməliydim.
Çox gözəl bir tədbir oldu. İnsanların
böyük sevgisini gördüm orada. Konsert ərəfəsində nəvəmi tanımadım. O, əsl
Azərbaycan xanımı kimi milli paltarda səhnədə
idi. Bir anlıq fəxr elədim. Bu rəqsi sevmək və
xalqa sevdirmək lazımdır. Düşünürəm ki,
mən bunu bacardım və nəvəmin də mənim qədər
təqdim edəcəyinə inanıram. Bizim rəqs
dünyada tarixə düşən bir rəqsdir.
- Bildiyim qədər 95 illiyiniz təntənəli
şəkildə qeyd olunub.
- Bəli, möhtəşəm bir tədbir
keçirildi, tədbir konsert
proqramı ilə davam etdi. İnsanlar ayaq üstə məni
alqışladı. Mədəniyyət naziri Adil Kərimli və
nazirliyin məsul əməkdaşları yubilyar sənətkarı
məni evimdə ziyarət ediblər. Bu mənim üçün
böyük bir hədiyyədir.
- Stolun üstündə “Səhnəmizin ağ
çiçəyi” adlı, Sizə həsr olunan kitab
görürəm, istəyərdim bu
kitabdan bəhs edəsiniz.
- Kitab Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
dərc olunub. Müəllif bütün materialları arxivlərdən
çıxarıb, heç bunlardan xəbərim
olmayıb. 2017-ci ildə nəşr
olunan kitabın müəllifi
Mustafa Çəmənlidir. Kitabda
fəaliyyətim, yaradıcılığım,
qızıl fonda düşən bütün rəqslərim
və həyatımda baş verən proseslər əks olunub. Hətta bütün rəqslərin
tarixləri barədə də burada məlumat verilib. Onu demək
istəyirəm ki, hər oxuyan Molla Pənah olmur, hər rəqs
edən də sevilmir və barəsində
bu cür gözəl kitab dərc edilmir.
Söhbətləşdi: Havar Şəfiyeva