Lazım gəldikdə
hücuma keçməyi bacaran Azərbaycan mediası
Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində
azad Xankəndidə keçirillən III Şuşa Qlobal
Media Forumu üçün “Rəqəmsal keçidlər:
Süni intellekt dövründə informasiya və media
dayanıqlılığının gücləndirilməsi”
mövzusunun seçilməsi heç də təsadüfi
deyil. Yaşadığımız Dördüncü sənaye
inqilabı dövrü sürətli transformasiyaları zərurətə
çevirib. 150 illik milli mətbuatımız da bu
transformasiyalardan kənarda qala bilməz. Milli mətbuatımızın
fəaliyyəti ölkəmizin sürətli inkişafına
adekvatlıq təşkil etməlidir.
İlk milli mətbuat qaranquşu
Forumda sualları cavablandıran Prezident İlham
Əliyev mediamızın doğrudan böyük inkişaf
yolu keçdiyinə xüsusi vurğu edib. Mediamız
bugünkü yüksək səviyyəyə çatanadək
bir sıra mərhələlərdən keçib. İlk mətbuat
qaranquşumuz olan “Əkinçi” qəzeti 1875-ci ilin iyulunda
mürəkkəb ictimai-siyasi şəraitdə işıq
üzü görüb. Çox doğru olaraq
“Əkinçi”nin nəşrə başlaması həm də
milli özünüdərkin, fikir azadlığının və
ictimai oyanışın başlanğıcı kimi dəyərləndirlir.
Azərbaycan dilində bu nəşrin işıq üzü
görməsi, sözün əsl mənasında,
böyük bir hadisə idi. O dövrdə azərbaycanlılar
digər xalqlarla müqayisədə təhsildə,
maarifçilik ideyalarında geri qalırdılar. Bu da milli
ruhlu təəssübkeş ziyalılarımızı ciddi
narahat edirdi və onlar boşluğu doldurmaq üçün
yollar axtarırdılar. XIX əsrin sonlarında yalnız Azərbaycanda
deyil, bütün Qafqazda böyük əks-səda doğuran
“Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının
təməl daşlarından biri oldu. Bu qəzetin həm
naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan
tarixində silinməz iz qoymuş təbiətşünas-alim
Həsən bəy Zərdabi idi. Onun başlatdığı
bu maarifçilik hərəkatına Mirzə Fətəli
Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov,
Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və
digər mütəfəkkir ziyalılar da öz dəyərli
töhfələrini verdilər.
1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi
56 sayı nəşr olunan “Əkinçi” qəzetinin
ömrü qısa olsa da, milli mətbuatımızın
tarixində dərin və silinməz iz buraxdı.
Bütün maneələrə baxmayaraq, o dövrün
görkəmli maarifçiləri “Əkinçi” qəzetinin
səhifələrində öz mütərəqqi və
demokratik ideyalarını təbliğ edərək
ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir
göstərə bildilər. Fəaliyyəti
dayandırılan “Əkinçi”dən sonra isə “Molla Nəsrəddin”,
“Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”,
“Açıq söz” və digər nəşrlər araya-ərsəyə
gəldilər.
Milli mətbuatımızın müasir inkişaf mərhələsinin
əsası Heydər Əliyev tərəfindən qoyulub
Bu gün özünəməxsus cəhətləri
ilə fərqlənən milli mətbuatımızın
müasir inkişaf mərhələsinin əsası isə
böyük siyasətçi Heydər Əliyev tərəfindən
qoyulub. Heydər Əliyev mətbuatın cəmiyyətdəki
rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə,
informasiya vasitəsi deyil, ictimai düşüncənin
formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi.
Xatırladaq ki, Heydər Əliyev hələ keçmiş
sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə
respublikamızda Azərbaycan dilli mətbuatın
inkişafını həmişə diqqət mərkəzində
saxlamışdı. Məhz Onun qayğısı sayəsində
1969-1982-ci illərdə Azərbaycanda yüksək peşəkarlığa
malik jurnalistlər pleyadası formalaşmışdı. Heydər
Əliyev həmin dövrdə vaxtaşırı
respublikamızda nəşr olunan qəzet və jurnalların
kollektivləri ilə görüşür, jurnalistlərə
öz tövsiyələrini verir, onları Azərbaycan dilinin
incəliklərini qorumağa, zəngin mədəniyyətimizi
təbliğ etməyə çağırırdı. Bəhs
olunan illərdə respublika rəhbərliyinin KİV təmsilçilərinə
qayğısı da çoxşaxəli idi.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik
etdiyi 1993-2003-cü illərdə milli mətbuatımıza
qayğı siyasətini yeni səviyyədə davam etdirib.
Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı
“Azərbaycan Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv
olunması KİV-lər üçün yeni dövr
açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi
informasiya vasitələri haqqında”
Qanunun qəbulu media təsisatlarının
inkişafını şərtləndirən, bəhs edilən
sahəyə müvafiq surətdə sahəvi və
ümummilli münasibətləri tənzimləyən
hüquqi bazanın zənginləşdirilməsi işinə
əhəmiyyətli töhfə oldu. Digər
çoxsaylı faktları da sadalamaq mümkündür. Mətbuat
təmsilçiləri də Ulu Öndərin hərtərəfli
diqqət və qayğına cavab olaraq Onu “Jurnalistlərin
dostu” seçiblər.
Ulu Öndərin mətbuata və jurnalistlərə
göstərdiyi diqqət və qayğı bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin başçısının 2021-ci il 12
yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında” Fərmanı
ilə Medianın İnkişafı Agentliyinin (MEDİA)
yaradılması media sektorunda fundamental dəyişikliklərə
zəmin yaratdı. Bu qurumun təsis olunması milli mətbuatın
inkişafını sürətləndirmək, media
resurslarının səmərəli idarə olunmasını
təmin etmək və peşəkar jurnalistikaya dəstək
vermək baxımından böyük önəm
daşıyır.
Aktual mövzuların müzakirə platforması
Artıq ənənəvi olaraq keçirilən
Şuşa Qlobal Media Forumu aktual mövzuların müzakirəsi
üçün əlverişli mühit yaradır. Forum
çərçivəsində təşkil edilən panel
iclasları, diskussiyalar və əməkdaşlıq
imkanları media peşəkarlarının biliklərini
artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlığın
qurulmasına da zəmin yaradır. Azərbaycanın dövlət
media siyasətinin əsas prioritetlərindən biri olan
informasiya şəffaflığı və milli maraqların
qorunması bu tədbirlər vasitəsilə daha aydın
görünür.
Forumun nüfuzu ildən-ilə artır. Dünya
mediasının bu platformaya artan marağı və fəal
iştirakı Azərbaycanın informasiya məkanında sabit
və prinsipial mövqeyinin göstəricisidir.
Dövlətimizin başçısı İlham
Əliyev hər il Forumun açılış mərasimində
şəxsən iştirak edir və dünyanın
tanınmış media nümayəndələrinin, jurnalistlərin
suallarını çox geniş şəkildə
cavablandırır. Bu cavablar Prezidentin medianın cəmiyyətdəki
rolu, məsuliyyəti ilə bağlı prinsipial və
aydın baxışlarını əks etdirir. Bu dəfəki
Forumda dövlətimizin başçısı Azərbaycan
mediasının dövlət maraqlarını
qorumağa qadir olmasından xüsusi məmnunluğunu ifadə
edib. Həqiqətən də
milli mətbuatımız
Azərbaycana qarşı əsassız ittihamları
arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında
ifşa etməkdə də böyük uğurlar qazanıb.
Etiraf edək ki, bir sıra hallarda transmilli mediada ölkəmizə
qarşı əsassız hücumlar edilir, ölkəmizin
reallıqları məqsədli şəkildə təhrif
olunur, bizə qarşı “qara piar” kampaniyaları
aparılır. Forumda da vurğulandığı kimi,
yaxşı haldır ki, mediamız belə hallara qarşı
həssas yanaşma sərgiləyir, hətta lazım gəldikdə
hücuma keçməyi də bacarır.
Mübariz FEYİZLİ
Yeni Azərbaycan .- 2025.- 23 iyul (¹126).- S.3.