Uşaq ədəbiyyatının
banisi...
Milli düşüncə tarixində Abdulla Şaiq
fenomeni
Ədəbiyyatımızı, pedaqogika və ideoloji
fikir tariximizi Şaiq imzası olmadan təsəvvür etmək
çətindir. Onun Azərbaycan ədəbiyyatına verdiyi
töhfələrin əhəmiyyətini dərk etmək
üçün bir anlıq onun yoxluğunu düşünmək
kifayətdir. Mübaliğəsiz demək olar ki, Abdulla
Şaiq olmasaydı, Azərbaycan onun milli ruhda yetişdirdiyi
ziyalı ordusundan məhrum olardı.
Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının
yaradıcılarından biri, milli uşaq teatrının
banisidir. Uşaqlar üçün yazdığı “Xoruz”,
“Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl
gül”, “Qərənfil” və digər şeirləri,
“Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri
ədəbiyyatımızda hələ də xüsusi yerə
malikdir. 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində
dünyaya göz açan yazıçı
ömrünün 34 ilini Azərbaycan təhsilinin
inkişafına həsr etmişdi. Bu gün
yazıçının vəfatından 66 il ötür.
A.Şaiq ilk təhsilini aldıqdan sonra 1893-cü ildə
ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gələrək
orada dövrünün mütərəqqi ziyalısı Yusif
Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz
yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil
alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan,
rus ədəbiyyatını öyrənir. 1900-cü ildə
o, Tiflisə qayıdaraq bir müddət orada qalır. 1901-ci
ildə Bakıya gəlir. Görkəmli ictimai xadim Nəriman
Nərimanov və Abbas bəy Minasazovun qayğısı və
köməyi ilə 25 aprel 1902-ci ildə Bakıdakı
Aleksandriyski gimnaziyada imtahan verərək müəllimlik
şəhadətnaməsini alır. Bakıda 5-ci şəhər
məktəbində pedoqoji fəaliyyətə başlayan A.
Şaiq 1903-cü ildən Sabunçudakı altısinifli məktəbdə
ana dili və şəriətdən dərs deyir. Bu illərdə
o, görkəmli ədib və maarif xadimi Ə.Haqverdiyev, H.Zərdabi,
N.Vəzirov, S.S.Axundov, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və
H.Cavid və başqaları ilə yaxından tanış
olur. Bu şəxsiyyətlər şairin milli-mənəvi
inkişafında mühüm rol oynayır.
1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər
qurultayı çağrılır. Qurultayın təşkilində
Şaiqin böyük xidmətləri olur. Gənc müəllim
ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə
çıxış edir. Qurultay H.Zərdabi, F.Köçərli,
M.Mahmudbəyov, A.Şaiq və başqalarından ibarət
xüsusi komissiya seçir və Azərbaycan dilində
müvafiq proqram hazırlamağı onlara tapşırır.
Birinci müəllimlər qurultayından heç bir il
keçməmiş neçə-neçə yeni dərsliklər
yaranır. “Əlifba”, “Uşaq çeşməyi” (1906),
“Uşaq gözlüyü” (1909), “Gülzar” (1912) və s. bu
kimi dərsliklərdə onun öz əsərləri və
dünya ədəbiyyatından nümunələr çap
olunur. On altı səhifəlik “Uşaq çeşməyi”
kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə
uyğun hazırlanır. Bundan sonra o, müxtəlif illərdə
bir-birinin ardınca “Milli qiraət”, “Türk çələngi”,
“Ədəbiyyat dərsləri” (1919), “Türk ədəbiyyatı”
(1920) adlı dərsliklər və proqramlar hazırlayır.
Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və
yaradıcılığı haqqında məlumatlar və əsərlərindən
parçalar verilir.
O, həm də qadınlar üçün jurnal
çıxarmaq, uşaq bağçası açmaq,
kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah
təşəbbüslər də irəli
sürmüşdü. Abdulla Şaiq eyni zamanda ədəbiyyatımızı
həvəslə tədqiq və təbliğ edirdi. Xaqani,
Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir,
M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi,
H.Cavid kimi sənətkarların
yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas
alim kimi onun xidmətləri böyükdür. Abdulla Şaiq
yaradıcılığında ilk mətbu əsər “Laylay”
adlı uşaq şeiridir və o, 1906-cı ildən
başlayaraq silsilə şeirləri ilə milli uşaq
poeziyamızın incilərini yaradır. Onun bir sıra
şeirləri “Dəbistan” və “Məktəb” uşaq və
gənclər toplularında işıq üzü
görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə
heyətinə üzv seçilərək, ədəbi-bədii
problemlərlə, maarif və məktəb işləri ilə
məşğul olur.
Yazıçı 1959-cu il iyulun 24-də Bakıda vəfat
edib, Fəxri xiyabanda dəfn olunub. 1990-cı ildən
Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev
- muzeyi onun həyat və bədii
yaradıcılığını, bütün ömrü
boyu apardığı pedaqoji fəaliyyətini, onunla
ünsiyyətdə olan yazıçı və
ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət
ocağıdır. Müxtəlif illərdə
yazdığı şeirlər, hekayələr, povestlər,
romanlar, dram əsərləri isə Şaiq cəsarətinin,
Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin
nümayişidir...
Yeganə BAYRAMOVA