Hidayət: 21 yaşımda “Sovet Ermənistanı”
qəzetinin ədəbi işçisi olmuşam
Yazıçı Hidayətin APA-ya müsahibəsi
- Hidayət müəllim, bu yaxında Akademik Musiqili
Teatrın səhnəsində sizin “İrəvanda xal
qalmadı” əsəriniz əsasında hazırlanmış
tamaşaya baxdım. Tamaşada Ermənistanda yaşayan Sultan
Oğuz adlı yazıçı SSRİ
Yazıçılar İttifaqı tərəfindən
dövlət mükafatına təqdim edilir. Ermənilər də
bunun qarşısını almaq üçün məkrli
planlar qururlar. Belə hadisə həqiqətən olub, yoxsa təxəyyül
məhsuludur?
- Əvvəla onu deyim ki, müsahibəmiz Milli Mətbuatımızın
150 illiyinin astanasında baş tutur. İmkandan yararlanaraq
bütün jurnalistlərimizi təbrik edirəm. Onu da demək
istəyirəm ki, xüsusilə sənin kimi jurnalistlərlə
görüşəndə öz gəncliyimi
xatırlayıram. Mən respublika səviyyəsində işə
jurnalist fəaliyyəti ilə başlamışam, 21
yaşımda “Sovet Ermənistanı” qəzetinin ədəbi
işçisi olmuşam.
- Çox sağ olun, təşəkkür edirəm.
- Dediyin suala gəldikdə isə ona oxşar bir
yazıçı olub və bu hadisə baş verib.
- Çünki siz Qərbi Azərbaycanda
doğulmuş, uzun müddət orada yaşayıb fəaliyyət
göstərmisiniz. Məncə, burda avtobioqrafik çalar da
olmamış deyil.
- Şübhəsiz. Mən sizə “Burdan min atlı
keçdi” kitabımı bağışlayacam. O kitab
1984-cü ildə, mən İrəvandan köçəndən
dərhal sonra yazılmağa başlayıb. O vaxt Sovet
senzurası bu əsəri ciddi ixtisarlarla çap eləmək
istədi. Mən razılaşmadım. Hətta əsərin
o şəkildə çapından imtina etdim. Sonra mənim təkidimlə
“Azərbaycan” jurnalında jurnal variantı çıxdı.
Əlbəttə, Qlavlitin - senzuranın çək-çevirindən
sonra əsər çox şey itirsə də, qalan hissələr
çap olundu. Düzü, mən əvvəl əsərin
jurnalda da ixtisarla çapına da qarşı idim. Bir
axşam Yusif Səmədoğlu zəng edib söylədi ki,
“Burdan min atlı keçdi”nin ixtisarla jurnalda çap
olunması belə hadisə olacaq. Onun sözüylə
razılaşdım. Amma bir şərtlə: Göstərilsin
ki, jurnal variantıdır. Əsər jurnal formatında
1986-cı ildə dərc edildi. Düzdür, sərt yerlərin
çoxu çıxarılmışdı, amma qalan hissə
də Azərbaycan oxucusu üçün yeni, maraqlı idi. O
əsərdə mən çox məsələləri
danışmışam. Sergey Yesenindən tərcümeyi-hal
yazmasını istəyəndə o, qısa bir şey
qaralayır. “Niyə belə az?” deyə soruşanda da cavab
verir ki, tərcümeyi-halımın qalan hissəsi şeirlərimdədir.
Mənim həm İrəvan dövrünü, həm də
sonrakı illəri əhatə edən həyatım bu kitabda
toplanıb. Bu kitabda Qərbi Azərbaycanda
xalqımızın sinə gərdiyi problemlər öz əksini
tapıb: Azərbaycan toponimlərinin dəyişməsindən
tutmuş 1948-ci ilin - mən ona “könüllü repressiya”
deyirəm - son dövrlərin deportasiyasına qədər hər
şey yazılıb.
Həmən vaxt bizim evdə ən qorxulu söz
“köç” söz idi
- 1948-ci il deportasiyası zamanı dörd
yaşınız vardı. Yadınıza gəlir?
- 1947-ci ildə atamla Qüdrət qağam – ailəmizdə
böyük qardaşa qağa deyirik - ikimərtəbəli ev
tikməyə başladılar. Həmən vaxta kimi bizim
Mığrı, ermənilərin Meğri dediyi rayonda cəmi
iki sayda ikimərtəbəli bina vardı. Biri Rayon Partiya Komitəsinin
inzibati binası, o biri birinci katibin evi idi. Bir də kiçik
Maralzəmi kəndində bizim ev idi. İkinci mərtəbənin
artırılması 1951-1952-ci illərdə baş tutdu. Həmən
vaxt bizim evdə ən qorxulu söz “köç” söz idi. Hər
il başa çatanda anam təbəssümlə deyərdi
ki, Allah, sənə çox şükür, bu il də bizi
köçürmədilər. Yəni o illər
narahatlıq, insanların mənəvi repressiyaya
uğradığı dövr idi.
- Yaşamaq şövqü ilə böyük ev
tikirsiniz və tikdiyiniz dudmanın sizə qalmayacağından
qorxursunuz.
- Bəli, doğrudur. Yəni deməyim odur ki, bu proses
mənim uşaqlığımda baş verib. Təəssüf
ki, mənim uşaqlığım o dövrdən
başlayır. Anam deyərdi ki, sovet hökumətinin
bayrağı bir az aşağı düşən kimi ermənilərin
yumruğu başımızın üstünü alır.
Əvvəllər mən uşaq idim, bunu anlamırdım. Mən
bunu 1988-89-cu illərdə gördüm. Qorbaçovun yenidənqurmasından
sonra - mən onu həmin illərdə mətbuatda “yenidənqırma”
adlandırmışam – ermənilər yenidən baş
qaldırdılar və bizi sonuncu dəfə Qərbi Azərbaycandan
deportasiya etdilər. Amma unutdular ki, Dəmir Yumruq öz
sözünü deyəcək. Üstündən 30 il
keçsə də, Dəmir Yumruq öz işini
gördü. Anam ilk deportasiyanın – 1918-ci ilin dəhşətlərini
yaşamışdı. Onda 13 yaşındaymış. Sonra
1988-ci il, yenə dəhşətli qaçqınlıq
müsibəti. Son iki yüz ildə Azərbaycan tarixində
44 günlük müharibədən böyük hadisə
yoxdur. Son iki yüz ildə Azərbaycan itirə-itirə gəlib.
İndi o regionların adını çəkmək istəmirəm.
Hər halda qonşu dövlətlər var. Mənim
sözümü təkcə yazıçı fikri kimi yox, həm
də dövlət xadiminin bəyanatı kimi qəbul edəcəklər.
“Neftçi” qalib gələndə bütün azərbaycanlıların,
“Ararat” qalib gələndə bütün ermənilərin
milli bayramı olurdu
- Deyirsiniz, ananız evdə belə söhbətlər
danışırdı və bir Azərbaycan icması kimi daim
bu qorxuları yaşayırdınız. Bəs bayırda ermənilərlə
münasibət necə idi?
- Ermənilərin bizə qarşı azı təftişçilik
münasibətini daim hiss edirdik. Mən uşaqlıqda,
sonralar “Sovet Ermənistanı” qəzetində və teatrda
işləyəndə bunları apaydın görmüşəm.
Bizim rayonda Zəngəzurun digər bölgələrinə -
Vedibasara, Zəngibsara, Hamamlıya, Göyçənin
özünə nisbətən erməni millətçiliyi kəskin
hiss olunmurdu. Münasibətlərin hədsiz gərginliyi
“Neftçi” ilə “Ararat”ın oyununda açıq-aydın
görünürdü. Onların oyunlarının nəticələri
münasibətlərə çox mənfi təsir göstərirdi.
- “Neftçi” qalib gələndə nələr
olurdu?
- Ooo, “Neftçi” qalib gələndə bütün
azərbaycanlıların, “Ararat” qalib gələndə
bütün ermənilərin milli bayramı olurdu.
- Bu oyunlar zamanı bildiyimiz qədəri ilə
insident də yaşanırdı.
- Şübhəsiz. Elə o insidentlərin birinə
mən özüm də düşmüşəm. İrəvanda
“Neftçi” ilə “Ararat”ın əvəzedici heyətləri
oynayırdı. Mən teatrın 3-4 əməkdaşı ilə
oyuna baxmağa getmişdim. Aramızda teatrın iki erməni əməkdaşı
da vardı...
- Onlar da sizinlə getmişdilər?
- Bəli. Orda bir insident yaşandı. Sadəcə mən
onun böyüməsinə imkan vermədim. Mənim respublika
rəhbərliyi, erməni ictimaiyyəti içində teatr
direktoru, yazıçı kimi nüfuzum ermənilərin hiyləsinin
baş tutmasına imkan vermədi.
- Ətraflı danışa bilərsiniz?
- Bilirsiniz, o ayrıca müsahibənin mövzusudur.
Qısaca deyim ki, ermənilər bizlə bağlı şikayət
elədilər. Milis də onların tərəfini tutdu. Sonra
biz milisi də ifşa elədik və mənim bir daha deyirəm,
amma təvazökarlıqdan uzaq olmasın, nüfuzum sayəsində
məsələni bağladıq.
- Deməli, Zeynəb Xanlarovanın oxuduğu
“Qardaş olub Azərbaycan-Hayastan” mahnısı yalnız
kosmetik bəzək imiş. Dərinlərdə bizimlə ermənilər
arasında heç vaxt gerçək barışıq
olmayıb.
- Yox, sən deyən kimi bunlar hamısı kosmetik bəzək
idi. Ermənilər tərəfindən bizə sevgi, xoş
münasibət olmayıb. Özü də ermənilərin
içindən kimsə normal söz deyəndə də ona
qarşı çıxırdılar. Mən orda adamlar
tanıyırdım ki, 1915-ci il hadisələri barədə
danışanda deyirdilər: “Üstündən bu qədər
müddət keçib, keçmişə yox, gələcəyə
baxmaq lazımdır”. Həmən adamlar da təqib edilir,
işdən çıxarılır, mətbuatda tənqid
olunurdular.
- 1965-ci ildə Ermənistanda 1915-ci il hadisələrinin
50 illiyi qeyd olunmuşdu?
- Bəli, qeyd olunmuşdu. Hətta buna görə
Moskvadan icazə də alınmışdı. İrəvanın
Opera və Balet Teatrında qondarma soyqırımı ilə
bağlı tədbir keçirildi. Respublikanın yüksək
rəhbərliyi gəlmişdi. Bir az sonra ekstremistlər binaya
hücum elədilər. Bəlkə də bu, əvvəldən
hazırlanmış ssenari idi. Mərkəzi Komitənin
büro üzvləri qorxularından binanı tərk elədilər.
Mən o vaxt Mığrı rayonunda idim. Amma bu hadisəni dəqiq
bilirəm. Teatrın binasında başlayan təxribatlar,
intizamsızlıq bütün şəhərə
yayıldı. Ertəsi gün yenə şəhərdə
aksiyalar keçirildi. Etirazçılar hava limanına üz
tutdular, oranı ələ keçirmək istəyirdilər.
Onda artıq Sovet ordusu işə qarışdı, onların
qabağını kəsdi. Bir az sonra mitinqlər səngidi.
- Həmən hadisələr zamanı azərbaycanlılara
qarşı hücumlar baş vermişdi?
- İrəvanla yanaşı azərbaycanlıların
az yaşadıqları rayonlarda da böyük gərginlik
yaşandı. İnsanlar çölə çıxmağa
qorxurdular ki, azğınlaşmış kütlənin
hücumuna məruz qalmasınlar. Hadisələrin
ildonümünə yaxın, 1966-cı ilin mart ayında Mərkəzi
Komitənin birinci və ikinci katiblərini dəyişdilər.
Qatı millətçiliyi ilə seçilən Hovanes
Bağdasaryanı ikinci katib vəzifəsindən
çıxarsalar da çölə atmadılar, mədəniyyət
naziri təyin etdilər. O qısa müddət mədəniyyət
naziri işləyəndən sonra Ali Sovetin Rəyasət Heyəti
sədrinin birinci müavini vəzifəsinə qoydular. Halbuki
nə Rusiyada, nə də Sovetlər Birliyinin digər ölkələrində
parlamentdə sədrin birinci müavini postu var idi. Yalnız o
qatı millətçi erməniyə görə bu vəzifəni
yaratdılar. O da vəzifədə olduğu illərdə Qərbi
Azərbaycanda mövcud olan yüzlərlə toponimlərimizi,
adlarımızı dəyişib erməniləşdirdi.
Ermənilər həmişə Moskvada bir söz
deyirdilər, Bakıda başqa cür, İrəvanda tamam
ayrı cür danışırdılar
- Qərbi Azərbaycanda bu qədər azərbaycanlı
yaşayırdı. Onlar nə əcəb buna etiraz etmirdilər?
- Etiraz edirdilər, ciddi etiraz edirdilər.
- Sizin dayınız Əli Məmmədov da Sovet Ermənistanında
daim yüksək vəzifələrdə olub. O da etiraz edə
bilərdi.
- Dayımın Ali Sovetdə son vəzifəsi Sovetlər
Şöbəsinin müdirinin müavini olub. Əvvəllər
Vedibasarda rayon Partiya komitəsinin birinci katibi, Amasiya ilə
Qukasyan bir rayon olanda İcraiyyə komitəsinin sədri
olmuşdu, Ermənistan Ali Sovetinə deputat seçilmişdi.
O, Ali Sovetin partiya iclasında çıxış edir. Həmən
ərəfədə Moskvada partiyanın 21-ci qurultayı
keçirilirdi. Orda Koçinyan (Anton Koçinyan - SSRİ partiya
xadimi, Ermənistan KP MK-nın birinci katibi - M.A.)
çıxış edib xalqlar dostluğundan
danışmışdı. Həmən vaxt dayım sərt
çıxış edib deyir ki, Koçinyan Moskvada dostluqdan
danışır, amma burada 24 apreldə ermənilər
küçələrə çıxıb
Naxçıvanla Qarabağı istəyirlər. Bunu necə
başa düşək? Çıxış Ali Sovetin Rəyasət
Heyətinin sədrinin xoşuna gəlmir, o dayımın
sözün iki dəfə kəsir. Dayımın
çıxışı lap yuxarı dairələrə
çatdırılır. Sadəcə bilirsiniz necədir, ermənilər
həmişə Moskvada bir söz deyirdilər, Bakıda
başqa cür, İrəvanda tamam ayrı cür
danışırdılar. Onlar əsas qayələrindən
heç vaxt əl çəkmirdilər. Dayımın
çıxışından bir müddət sonra İrəvanda
yaradıcılıq təşkilatlarının plenumu
keçirilirdi. Orda mənə də söz verdilər. Mən
ədəbiyyat məsələlərindən,
Yazıçılar İttifaqının fəaliyyətindən
danışdım.
- Ermənistan Yazıçılar
İttifaqının fəaliyyətindən?
- Bəli. Mən Yazıçılar
İttifaqının İdarə Heyətinin üzvü, eyni
zamanda, Azərbaycan Ədəbiyyatı Şurasının sədriydim,
o xətlə çox böyük işlər
görülürdü. Çıxışda dedim ki, Ermənistan
tərkibinə görə SSRİ-də ən milli respublika
olsa da, Yazıçılar İttifaqında Azərbaycan
Ədəbiyyatı Şurası, Rus Ədəbiyyatı
Şurası, Kürd Ədəbiyyatı Şurası
böyük işlər görür. Həqiqətdə də
o cür idi.
- Siz Azərbaycan ədiblərinin Ermənistanda
tanınması istiqamətində böyük işlər
görmüsünüz.
- Mən əvvəla Qərbi Azərbaycanda yaşayan
yazıçılarımızın tanıdılması
istiqamətində işlər görürdüm. Onların
hamısının kitablarını çap edirdim.
- Erməni dilində?
- Yox, Azərbaycan dilində. Əlbəttə, mənim
erməni dilində də kitabımı çap edirdilər.
Amma başqa yazıçıların əsərlərini Ermənistanda
Azərbaycan dilində çap edirdim, üstəlik erməni
mətbuatında da erməni dilində verirdim. Bundan başqa hər
il “Ədəbi Ermənistan” məcmuəsini çap edirdik. O
məndən də qabaq çap olunub, sonra arada fasilə
vermişdilər. “Nəyim var?” adlı ilk şeirim də mən
məktəbdə oxuyanda orda çap olunub. İlk bəndi
yadımdadır:
Nəyim var soruşdu bir qoca əyyaş
Sualdan titrədi bütün varlığım
Düşündüm bu rişxənd olmayaydı
kaş
Dedim ki, şeirdir bəxtiyarlığım.
- Neçə yaşında yazmışınız?
- Səkkizdə-doqquzda oxuyardım.
- İlk qələm təcrübəsi kimi kifayət
qədər iddialı şeirdir.
-(Gülür) hə, çox iddialı idi. Nədənsə
o şeiri kitablarıma salmadım. Hə, biz orda Nəsimidən
başlayaraq Səməd Vurğun, Nəbi Xəzri, İsa
İsmayılzadə, Anar, Elçin və başqa Azərbaycan
yazıçılarını çap edirdik.
- Əkrəmi çap etmişdiniz?
- Əkrəmi yox, çap etməmişdik.
- Əkrəmin erməni dilində çap
olunmamağı da ironik mənzərədir.
- Hə, amma Bəxtiyar Vahabzadəni çap
etmişdik. Mən hələ qəzetdə işlədiyim
vaxt əsli Goranboydan olan Alek Xaçunts adlı erməni
şairi var idi. Azərbaycan dilini bilirdi. Ona nəşriyyatdan
müasir Azərbaycan şairlərindən birinin
kitabını tərcümə etməyi məsləhət
görmüşdülər. O məndən soruşanda fikirləşmədən
dedim Bəxtiyar Vahabzadəni çevir. Xahiş elədi, Bəxtiyarın
kitablarını bağışladım. Həvəslə tərcümə
edir, anlamadığı sözləri məndən
soruşurdu. Kitab hazır olub nəşriyyata getdi, nəşriyyat
millətçilik damğası ilə kitabı çap etmədi.
Bundan bir müddət sonra Alek Xaçunts başıalovlu
yanıma gəlib dedi ki, Bəxtiyar Vahabzadənin adından
bir şeir yazmışam. “Uca zirvələrdən uçan
durnalar” – birinci misrası belə idi. Guya Bəxtiyar Vahabzadə
Ermənistana aid şeir yazıb. İnsafən şeirdə milli,
siyasi, Ermənistanı öyən heç nə yox idi, ancaq
təbiətlə bağlı idi. Məndən də
xahiş elədi ki, onu Azərbaycan dilinə tərcümə
edim. Aparıb nəşriyyatda göstərsin.
- Sən erməninin fərasətinə bax!
- Hə. Mən o şeiri tərcümə etdim. Amma
bununla belə mən nəşriyyatın direktoru və
baş redaktoru ilə danışdım, kitabı çap elədilər.
Çünki oralarda kimsə demişdi ki, Bəxtiyar Vahabzadə
siyasətçi, millətçi şairdir. Alek o şeirin tərcüməsini
Bəxtiyar müəllimə göndərmişdi,
oxumuşdu, xoşuna gəlmişdi, demişdi Azərbaycan
dilində çıxan kitabıma salacağam. Sonra şairin
ikinci kitabını – bu dəfə iri həcmdə - erməni
dilində nəşr etdik.
Yaradıcılıq təşkilatlarının birləşmiş
plenumundakı çıxışımla bağlı
sözlərim yarımçıq qaldı. Bayaq adını
çəkdiyim Hovanes Bağdasaryan da yaradıcılıq təşkilatlarının
tədbirlərində iştirak edirdi. Halbuki onun mədəniyyətlə
əlaqəsi yox idi. Yaradıcılıq təşkilatlarının
plenumu hara, Ali Sovetin Rəyasət Heyətinin sədrinin
birinci müavini hara? Tənəffüsdə mənə
yaxınlaşıb dedi ki, siz niyə orda belə
çıxış edirdiniz? O mənim eyhamımı
başa düşmüşdü ki, Ermənistan ən milli
respublikadır, buradan Qərbi azərbaycanlılar qovulub.
Hovanes həmən söhbətdə dayımın
çıxışını xatırladıb dedi ki, sən
burda, Əli Sultan oğlu da orda danışır. Dedim, mən
bilmirəm dayım orda nə danışıb, mən ədəbiyyat
söhbəti eləmişəm. Halbuki dayım həmən sərt
çıxışından sonra axşam məni evinə
çağırmışdı, söhbətdən xəbərim
vardı. Məndən başqa Səfər Vəlibəyov,
Hüseyn Məmmədov da o kəskin çıxış barədə
eşidib dayımgilə gəlmişdilər. Onlar da Ermənistanda
vəzifədə idilər. Hüseyn Məmmədov
Gülçöhrə xanımın (Azərbaycan Memarlıq
və İnşaat Universitetinin rektoru, memar
Gülçöhrə Məmmədova – M.A.) atasıdır.
Mən İrəvana gedəndə ilk dəfə
baş çəkdiyim yerlərdən biri Göy məscid idi
- Siz nə əcəb o vaxtı Bakıda işləmədiniz,
İrəvanda yaşamağı seçdiniz? Belə deyək,
bu prosesi 18 il gecikdirdiniz?
- Bilirsən, mənim “Burdan min atlı keçdi” əsərim
elə məhz 1966-cı ilin 14 mart gecəsi ilə
başlayır. “Zəngəzur” qatarı ilə
Mığrıdan İrəvana getməyimi unuda bilmirəm. Mən
Bakıya gələ bilərdim. Erməni təhdidlərindən-təqiblərindən
uzaqda daha rahat yaşaya bilərdim. Daha çox kitabım
çap olunardı, daha çox qonorar qazanardım. Daha
yüksək vəzifələrdə olardım. Amma mən həmən
gecə İrəvana gedirdim və məndə belə bir
romantik arzu formalaşmışdı ki, Qərbi azərbaycanlıların
1948-ci il deportasiyasından qabaqkı kultunu bərpa edəcəm.
Mən 18 il orda yaşadım və bu istiqamətdə
bacardığım, mümkün olan hər şeyi elədim.
- Siz İrəvanda yaşadığınız
dövrdə orada hələ Azərbaycan ab-havası
qalmışdı?
- Düzdür, qalmışdı, amma xeyli də məhdudlaşmışdı.
Ermənilər 1918-ci ilə qədərki ən böyük
İrəvan məscidini İrəvanın tarixi muzeyi eləmişdilər.
- Göy məscidi?
- Bəli.
- Məscid kimi fəaliyyət göstərmirdi?
- Yox. Amma onun zahirini nə qədər dəyişsələr
də, baxanda hiss olunurdu ki, erməni memarlığı deyil.
Məscidin elementləri hiss olunurdu. Mən İrəvana gedəndə
ilk dəfə baş çəkdiyim yerlərdən biri
Göy məscid idi.
- Ora məscid olduğu üçün getmişdiniz,
yoxsa tarixi abidə kimi?
- Yox, məscid, inanc yerini ziyarət etmək
üçün getmişdim. Həm də istəyirdim gedim
görüm ermənilər bizim inanc yerimizi nə günə
qoyublar.
- Bildiyim qədəri ilə İrəvanda çoxlu
məscid olub.
- Hə, düzdür, olub, amma mən İrəvanda
olduğum dövrdə yalnız bir məscid
saxlamışdılar. Axundov adına məktəbin
arxasında yerləşən balaca məscid idi. Digər məscidləri,
milli abidələri dağıtmışdılar.
- Camaat o məscidə gedirdi?
- Əlbəttə. Bəzi cənazələr məhz
o məsciddən götürülürdü.
- Mən bir çox qərbi azərbaycanlı ilə
söhbət zamanı görmüşəm ki, sovet
dövründə, ermənilərin içində
yaşamaqlarına baxmayaraq, inanclı, dinə bağlı
olublar
- İrəvanda da məscid fəaliyyət göstərirdi,
regionlarda da məscid vardı. Mənim doğulduğum
Mığrı rayonunda məscidlərin hamısını hələ
1918-1919-cu illərdə məhv etmişdilər. Amma din
qalırdı, inanc qalırdı. Sən seyidsən də?
- Bəli.
- Bizim rayonda hörmətli, nüfuzlu seyidlər
vardı. Maralzəmi balaca kənd idi. 25-30 ailə
yaşayırdı. Kəndimizin arasından dərə
keçirdi, dərənin o tayı Seyidlər məhəlləsi
adlanırdı. O seyidlərdən bəzilərini mən
görmüşəm. Orda Mirəfsər ağa adlı seyid
olub. Bizim kənddə 50-55-ci illərdən ikimərtəbəli
daş evlər tikilməyə başlayıb. Camaat gedib
uzaq-uzaq yerlərdən, çaylaqlardan, yarğanlardan daş
gətirirdi. Mirəfsər ağanın da evi uçmuşdu,
daşları dağılmışdı, heç kəs də
yaşamırdı, bir adam onun daşlarını
daşımırdı. Qaçqınlığa qədər
də heç kəs gedib o daşlara əl vurmadı. Bir
hadisəni də danışım. Qağam müharibədə
olanda anam Mirəfsər ağanın yanına gedir. Onun
oğlu da müharibədə imiş. Anam Mirəfsər
ağadan soruşur ki, Qüdrətin taleyi necə olacaq? O da
kitab açır, nəsə oxuyur. Deyir öz oğlu
qayıtmayacaq, amma Qüdrət qayıdacaq. Anam da nişan
üzüyünü Mirəfsər ağaya nəzir deyir.
Qağam müharibədən qayıdandan sonra anam Mirəfsər
ağanın qapısına gedib üzüyü nəzir
verir, götürmək istəmirmiş ki, Qüdrətin
toyunda gəlinə verərsən. Təəssüf ki, seyidin
oğlu həqiqətən müharibədən qayıtmır.
Hə, bizdə Mirəfsər ağa kimi seyidlər çox
idilər.
- Siz özünüz belə şeylərə
inanırdınız?
- Bilirsiniz, elə həqiqətlər var ki, onun səbəbi
izah olunmur.
- Hidayət müəllim, bir sual verəcəm, inciməyin.
23 yaşında bir gəncin birdən-birə teatra direktor təyin
olunmağı mənə qəribə gəlir. Bu təyinatda
nə əcəb dayınızın rolu olmayıb?
-(Gülür) mənim təyinatım çıxan
vaxtı dayım ailəsi ilə birgə Kislovodskda dincəlirdi.
Əvvəla mən “Sovet Ermənistanı” qəzetinə
işləməyə gedəndə 21 yaşım vardı, ən
cavan əməkdaş idim. Hələ Azərbaycan Dövlət
Universitetinin qiyabi şöbəsinin tələbəsi idim. Həmin
vaxt İrəvan Teatrının 50 yaşlarında direktoru
teatrın 17 yaşlı aktrisası ilə evləndi.
Bütün teatrı onun əlinə verdi. Teatr
biabırçı vəziyyətə düşdü.
- Teatrın direktoru azərbaycanlı idi?
- Direktor azərbaycanlı olmağına azərbaycanlı
idi, qızınsa anası erməni olsa da, azərbaycanlı
kimi gedirdi. O direktor teatrı məhv etmişdi, dedi-qodu,
dava-şava, intriqabazlıq baş alıb gedirdi. Teatr
açılanda İncəsənət İnstitutunun
bütöv bir qrupunu İrəvana göndərmişdilər.
Belə şeylərə görə, o qrupun əksəriyyəti
oradan aralanmalı olmuşdu. Ona görə Mədəniyyət
Nazirliyində məsləhət olur ki, “Sovet Ermənistanı”
qəzetinin redaktoruna müraciət etsinlər. Redaktor mədəniyyət
nazirinə nümunəvi əməkdaş kimi məni məsləhət
görür. Amma onu da deyir ki, bizim bir divarımız odur. 23
yaşım təzəcə tamam olmuşdu. Mənim bədhaqlarım
deyirdilər ki, Hidayətin pioner baş dəstə rəhbəri
olmaq vaxtıdır, amma o boyda teatra direktor qoydular, görəsən
orda neçə həftə dözəcək?
Dayım deyir ki, bacım oğlunu direktor qoymusunuz, mən
həmən vaxt İrəvanda olsaydım,
razılaşmayacaqdım
- Yəqin oradakı azərbaycanlılar da sizin direktor
təyin olunmağınıza etiraz edirmişlər.
- Elə əsasən azərbaycanlılar mənim
direktor təyin olunmağıma etiraz edirdilər. Məni mədəniyyət
naziri qəbul elədi. Əmrimi verdilər. Teatr elə vəziyyətdə
idi ki, mənim təqdim edilməyim zamanı nazir teatra gəlmədi,
kollektivi nazirliyə çağırdı. Mən iyun
ayında təyin edildim, oktyabr ayında məni Mərkəzi
Komitəyə vəzifəmi təsdiqləməyə
çağırdılar. Orada adım çəkiləndə
ayağa durdum, anketim oxundu. Birinci katib mədəniyyət
nazirindən soruşdu ki, necə işləyir? O da cavab verdi
ki, qısa müddətdə teatrda böyük işlər
görüb.
- İstər-istəməz adamın ürəyinə
fikir gəlir ki, adamı olmasa 23 yaşında birini teatra
direktor qoymazlar.
- Dedim axı, dayım həmən proseslər
zamanı ailəsi ilə Kislovodskda dincəlirdi. Mən də
həmən vaxtı dayıma zəng edib məsləhətləşmədim.
Bu barədə “Burdan min atlı keçdi”də
yazmışam. Dayım qayıdandan sonra direktor təyin
olmağımı eşidib çox narahat oldu ki, məni birdən
dolaşdırarlar. Sözləri də yadımdadır: “Orda
müxtəlif maliyyə məsələləri var,
dekorasiyalar və sair... Sən onlardan necə baş
çıxaracaqsan?” Bir müddət sonra dayımla o
dövrkü mədəniyyət naziri Moskvada görüşürlər.
Dayım ona deyir ki, bacım oğlunu direktor qoymusunuz, mən həmən
vaxt İrəvanda olsaydım, razılaşmayacaqdım. O da
“yaxşı oğlandır” deyə-deyə məni tərifləyirmiş.
- Özünüz necə qohum-əqrəbaya dəstək
olmusunuz?
- Belə şeyləri demək təbiətimə
yaddır, amma həmişə mənə müraciət edən
hər kəsə qohum oldu, tanış oldu, ya
qeyri-tanış oldu, fərqi yoxdur, yardımçı
olmağa çalışmışam. Mən adətən
etdiyim yaxşılıqlar haqqında deyil, edə bilmədiklərim
haqqında danışıram.
Yeni Azərbaycan
.- 2025.- 24 iyul (¹127).- S.6.