İrəvan ziyalılarından axund Məhəmmədbağır
Qazızadə
Axund Molla Məhəmmədbağır Qazızadə
1829-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən
olan İrəvan şəhərində bölgənin
tanınmış din xadimi Hacı Molla Mehdinin ailəsində
dünyaya gəlib. Atası Axund Molla Mehdi onun həyatında
mühüm rol oynayıb. Yeri gəlmişkən, onu da qeyd edək
ki, Azərbaycanda elmin, mədəniyyətin, təhsilin,
dövlət quruculuğunun və digər mühüm sahələrin
inkişafında Qazızadələrin böyük xidməti
olub. Qazızadələr soyu XVIII-XIX əsrlərdə nəinki
Cənubi Qafqazda, bütün Yaxın Şərqdə
tanınırdı. Bu sülalə son iki əsr ərzində
Azərbaycanın elmi, ədəbi-mədəni, ictimai-siyasi
mühitinə dəyərli şəxsiyyətlər bəxş
edib.
İlk dini savadını atasından alan Məhəmmədbağır
Qazızadə sonra İrəvanda mədrəsədə
oxuyub. Bu müddətdə özünün səyi və
çalışqanlığı sayəsində Quranı,
fars və ərəb dilini öyrənib. Elm və maarifə
böyük marağı olan Məhəmmədbağır mədrəsə
təhsilini başa vurduqdan sonra İrəvan qəza məktəbinə
daxil olub, dünyəvi təhsil alır. İrəvanda mədrəsədə
və qəza məktəbində təhsil aldığı
vaxtlarda yüksək istedada malik bir gənc kimi tanınan Məhəmmədbağır
İrəvan qəza məktəbini bitirdikdən sonra elmini və
təhsilini daha da təkmilləşdirmək, ali ruhani təhsili
almaq üçün qədim mədəniyyət mərkəzlərindən
olan Nəcəf şəhərinə gedir və təhsilini
orada davam etdirir. Nəcəf şəhərində yerləşən
ali dini təhsil müəssisələrinin əsasnamələrinə
əsasən burada ali dini təhsilə yiyələnən
müdavimlər, eyni zamanda xüsusi bir ixtisas seçiminə
də malik olurdular. Məhəmmədbağır Qazızadə
ali dini təhsilə yiyələnməklə yanaşı,
xüsusi ixtisas seçimi kimi riyaziyyat elmini seçir. Məhəmmədbağır
Qazızadə Nəcəf şəhərinin
tanınmış alimlərindən təhsil
aldığı illərində o, Şərq ədəbiyyatını,
tarixini və digər elm sahələrini də böyük həvəslə
dərindən öyrənməyə müvəffəq olur.
Demək olar ki, Nəcəf mühiti Məhəmmədbağır
Qazızadənin həyatında mühüm mərhələ
təşkil edir. Öz üzərində səylə
çalışan Məhəmmədbağır Qazızadə
riyaziyyata, tarixə, ədəbiyyatla məntiqə dair
çoxlu kitablar oxuyar, ciddi mütaliə nəticəsində
onları daha mükəmməl mənimsəməyə
çalışardı. Ümumiyyətlə, burada
oxuduğu dövr onun dünyagörüşünə, həyat
və yaradıcılığına ciddi təsir göstərir.
Məhəmmədbağır Qazızadə Şərq ədəbiyyatının,
mədəniyyətinin gözəl bilicisi olmaqla
yanaşı, paralel olaraq Avropa ölkələrinin maarif
sisteminə, mədəniyyətinə də dərindən
yiyələnir.
Məhəmmədbağır Qazızadə Nəcəf
şəhərindəki ali dini təhsilini başa vurduqdan
sonra doğma vətəni İrəvana qayıdır.
Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək axund
titulu alır. 1873-cü ildə İrəvan Quberniyası
Ruhani Məclisinin üzvü seçilir və Ruhani Məclisinin
sədri Axund Molla Xəlil Qazızadə, məclis üzvləri
Axund Hacı Molla Abasqulu Sultanhüseynbəyov, Lütvəli bəy
Qazıyevlə birlikdə çalışmağa
başlayır. Axund Molla Məhəmmədbağır
Qazızadənin İrəvan Quberniyası Ruhani Məclisinin
üzvü kimi fəaliyyəti istər möminlər, istərsə
də azərbaycanlı əhali arasında ona böyük
hörmət və nüfuz qazandırmışdı.
Məlumdur ki, XIX əsrin əvvəllərində
çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən
sonra bütün sahələrdə olduğu kimi, dini məsələlərə
də nəzarət etmək üçün bu qurumları təsis
etmişdi. İrəvan Qubernatorunun Zaqafqaziya Şiə Ruhani
İdarəsinə 9 dekabr 1892-ci il tarixdə göndərdiyi
3218 ¹-li əmrlə Axund Molla Abasqulu Sultanhüseynbəyov
İrəvan Quberniyası Ruhani Məclisinin sədri və
qazisi vəzifəsindən azad olunur. 28 fevral 1893-cü il
tarixli 892 N°-li əmrlə Axund Məhəmmədbağır
Qazızadə İrəvan Quberniyası Ruhani Məclisinin sədri
və qazisi təyin edilir (41, s.36-37). Onu da qeyd edək ki,
1829-cu ildə yaradılmış İrəvan Quberniyası
Ruhani Məclisi İrəvanda- kı Göy məsciddə
yerləşirdi. İrəvan Quberniyası Ruhani Məclisi
quberniyanın İrəvan, Aleksandropol, Naxçıvan,
Üçmüədzun, Yeni Bəyazid, Şərur-Dərələyəz,
Sürməli, Ordubad qəzalarının müsəlmanlarına
xidmət göstərirdi. Quberniya Ruhani Məclisi qəza qazilərini,
şəhər və kənd axundlarını təyin etmək,
kəbin və nikah işlərini, boşananları, ailə
münaqişələrini, quberniya ərazisində olan vəqf
torpaqlarını idarə etmək, icarəyə vermək,
ruhani titullarının verilməsi və s. kimi səlahiyyətlərə
malik idi.
Axund Məhəmmədbağır Qazızadə
İrəvan Ruhani Məclisinin sədri olmaqla yanaşı,
eyni zamanda o, İrəvan Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin müdiri
və müəllimi kimi də öz vəzifəsinin öhdəsindən
yorulmaq bilmədən, tükənməz enerji ilə layiqincə
gəlmişdir.
Axund Molla Məhəmmədbağır Qazızadə
İrəvan Quberniyası Ruhani Məclisinin üzvləri
Axund Mirzə Abdulla Qazıyev, Axund Hacı Molla Əli Müzəffərzadə,
İsmayıl bəy Bağırbəyov, qəza qaziləri
Axund Məmmədəli Qazızadə (Uçmüədzin),
Axund Hacı Molla Əli Axundzadə (Naxçıvan), Axund
Qurban Cənnətzadə (Novobəyazid), Axund Hacı
İsmayıl Nadirxanzadə (Şərur-Dərələyəz),
Axund Molla Abbasqulu bəy Sultanhüseynbəyov (Ordubad), Molla Qənbər
Axundzadə (Sürməli) və müxtəlif vaxtlarda
başqaları ilə birlikdə çalışıb.
Dərin biliyə və erudisiyaya malik olan Məhəmmədbağır
Qazızadənin azərbaycanlı əhali arasında
böyük hörmət və ehtirama sahib olmasında
başlıca cəhət, o bilik və
bacarığını təkcə bir məscidin, bir
icmanın maraqları baxımından deyil,
bütövlükdə xalqa, onun inkişafına xidmət
naminə sərf etməsi etməsi idi. Dövrün
qabaqcıl maarifçiləri kimi Məhəmmədbağır
Qazızadə də yeni tipli məktəblərin
yaradılması, pedaqoji kadrlara olan ehtiyacı ödəmək,
savadlı kadrlar hazırlamaq zərurətini görüb,
İrəvanda onun həyata keçirilməsi uğrunda
mübarizə aparanların önündə gedirdi.
Fədakar maarif xadimi Axund Məhəmmədbağır
Qazızadə nəinki çalışdığı
seminariyada, yaşadığı İrəvanda, bütün
Şərqdə böyük nüfuza malik idi. O, bütün
ömrünü, bilik və bacarığını müəllim
kadrların hazırlanmasına, yeni tipli məktəblərin
yaradılmasına, Azərbaycan maarifinin və mədəniyyətinin
inkişafına sərf etmişdir. Bütün bunları onun
ictimai və maarifçilik fəaliyyəti ilə
bağlı apardığımız araşdırmalarda daha
aydm görmək olar. Axund Məhəmmədbağır
Qazızadənin pedaqoji ustalığı, hər şagirdlə
fərdi məşğul olması, təcrübəsi, ən
fəal və qabaqcıl maarif işçisi kimi
seminariyadakı fəaliyyəti bir çox xüsusiyyətlərə
görə fərqlənirdi. O bir pedaqoq kimi öz
ideyalarını həyata keçirmək uğrunda daim
mübarizə aparırdı. O, 1898-ci illərdə İrəvanda
rus-tatar məktəbinin açılmasında xüsusi təşəbbüskarlıq
görsətmişdi. Mütərəqqi ziyalı,
böyük pedaqoq Axund Molla Məhəmmədbağır
Qazızadənin pedaqoji fəaliyyətinin əsas orijinal
xüsusiyyətlərindən biri də azərbaycanlı
qızlar üçün təhsil imkanının
yaradılmasına, onların məktəbə cəlb edilməsinə
də ciddi səy göstərməsi idi. İrəvanda ilk
qızlar məktəbinin açılmasının təşəbbüskarı
və təşkilatçısı olmuşdur. 1902-ci ildə
o, İrəvanda öz evində rus-tatar (azərbaycanlı)
qızlar məktəbi açmışdı. Bu Cənubi
Qafqazda sayca açılan üçüncü müsəlman
qız məktəbi idi. Azərbaycanlı qızlar məktəbinin
açılışı İrəvanda çox
böyük mədəni hadisəyə çevrilmiş, irəvanlı
ziyalılar tərəfindən rəğbətlə
qarşılanmışdı. Məktəbin himayəçisi
İrəvan Quberniyasının vitse-qubernatoru knyaz Aleksey
Çaqadayevin arvadı Yelena Çaqadayeva, müdiri Antonina
Valerianovna Kalinina, rus dili müəllimi Yevgeniy a Georgiy e vna
Pxakadze, ana dili müəllimi isə Məmmədvəli Qəmərlinski
olmuşdu. Məktəbdə şəriət fənnini isə
Məhəmmədbağır Qazızadənin özü tədris
etmişdi. O, istər seminariyada, istərsə də məktəbdə
təhsil alan, maddi imkanları hədsiz dərəcədə
ağır olan azərbaycanlı şagirdlərin bir
çoxuna öz vəsaiti hesabına köməklik göstərir,
onları paltar və dərs ləvazimatları ilə təmin
edirdi. Məhəmmədbağır Qazızadə səmərəli
pedaqoji və ictimai fəaliyyətinə görə 1882-ci ildə
gümüş medalla, 1898-ci ildə isə 3-cü dərəcəli
müqəddəs Anna ordeni ilə təltif edilmişdi. O,
1911-ci ildə bir neçə irəvanlı müəllimin
Tiflisdə Azərbaycan dilində nəşr etdirdiyi “Ana dili”
dərsliyinin həmməlliflərindən biri olmusdur.
Axund Molla Məhəmmədbağır Qazızadə
İrəvanın ictimai-siyasi, mədəni həyatında
böyük rol oynamış və hər zaman azərbaycanlı
əhalinin hüquqlarının keşiyində
dayanmışdı.
1905-ci ildə ermənilərin İrəvanda azərbaycanlı
əhaliyə qarşı törətdikləri total qırğınlarla
bağlı Sankt-Peterburqa gedən İrəvan Quberniyası
Ruhani Məclisinin sədri və qazisi Axund Molla Məhəmmədbağır
Qazızadədən ibarət nümayəndə heyətinin
tərkibində İrəvanda böyük nüfuz sahibi olan
İrəvan şəhər dumasının üzvü
Hacı Mir Abbas Ağa Mirbabayev, İrəvan Quberniyası
Ruhani Məclisinin üzvü Məmməd Axundov,
tanmmış vəkil Məmmədqulu bəy Kəngərlinski
də olmuşdur. O, Sankt-Peterburqda Rusiyanm Qafqaz canişini knyaz
Vorontsov Daşkovla görüşmüş, İrəvanda
yaşayan azərbaycanlıların mənəvi və maddi
ehtiyaclarını ona çatdırmışdır.
Axund Molla Məhəmmədbağır Qazızadə
ömrünün sonuna kimi İrəvan Quberniyası Ruhani Məclisinin
sədri və İrəvan Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin müdiri
və ilahiyyat müəllimi vəzifəsində
çalışmısdır. Xalqımızın tarixində
və taleyində mühüm rol oynamış, Həmid bəy
Şahtaxtinski, Həbib bəy Səlimov, Mirzə Cabbar Məmmədzadə,
İbrahim Səfi, İbadulla bəy Muğanlinski, Saleh bəy
Güllücinski, Haşım bəy Vəzirov, Rəşid bəy
İsmayılov, Məmməd Nəsirbəyov və bu kimi
onlarla tarixi şəxsiyyətlər, alimlər, ictimai-siyasi
xadimlər onun tələbələri olmuşdur.
Məhəmmədbağır Qazızadə
seminariyada ciddi çətinliklərə baxmayaraq hər il
burada azərbaycanlı tələbələrin sayını
artırmağa çalışırdı. Onun səyi sayəsində
bir il ərzində seminariyada azərbaycanlı tələbələrin
sayı dörd dəfə artaraq 23 nəfərə
çatmışdı.
Həyatının 45 ilindən artıq bir hissəsini
müəllimliyə, İrəvanda Azərbaycan maarifi və
mədəniyyətinin inkişafına həsr etmiş
ictimai-pedaqoji fikir tariximizin görkəmli nümayəndəsi
Axund Molla Məhəmmədbağır Qazızadə 1911-ci
ilin dekabr ayında İrəvanda vəfat etmişdir.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Yeni Azərbaycan .- 2025.- 25 iyul (¹128).- S.7.