Hidayət: 21 yaşımda “Sovet Ermənistanı” qəzetinin ədəbi işçisi olmuşam

 

Yazıçı Hidayətin APA-ya müsahibəsi

 

- Yəqin ki, 23 yaşında direktor təyin olunmağın məsuliyyəti özünüzü doğrultmaq üçün gecə-gündüz çalışmışınız.

- Mən 18 il İrəvanda yaşadım. İşlədiyim vaxtı İrəvan Teatrı Ermənistanın ən yaxşı teatrlarından idi, təkcə tamaşaları ilə yox, nümunəviliyi ilə də seçilirdi. Bunu ermənilər də etiraf edirdilər, özü də açıq etiraf edirdilər. Bir dəfə Mədəniyyət Nazirliyi sisteminin fəallar iclası keçirilirdi. 500 nəfərlik auditoriyada teatr direktorları, yazıçılar, mədəniyyət işçiləri iştirak edirdi. Mədəniyyət naziri erməni teatrlarını çox kəskin tənqid elədi. Birdən dedi ki, kim teatr işini qura bilmirsə, onu Azərbaycan teatrına ezamiyyətə göndərək. 500 nəfərlik salon elə bil şoka düşdü. Özü də dediyi sözdən tutulan kimi oldu. Salonda elə bildilər nazir Azərbaycan teatrlarını nəzərdə tutur. Sözünə bir az ara verib təbəssümlə əlavə etdi: “Mən öz teatrımızı – İrəvan Dövlət Azərbaycan Dram Teatrını nəzərdə tuturam, ezamiyyət xərcləri lazım olmayacaq!” Sonra salon özünə gəldi, gurultulu alqışlar qopdu...

O dövrdə Ulu Öndərin Azərbaycana rəhbərlik etməsi Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların özlərini güvəndə hiss etməsinə təsirsiz ötüşmürdü

- Yəqin bütün bunlar sizin dəmir nizam-intizamınızın sayəsində baş verib.

- Ümumiyyətlə, mənim teatrdakı kollektivim çox qeyri-adi işləyirdi. Biz yalnız uğura doğru can atırdıq, məqsəd yalnız yüksəliş idi. Bir dəfə də demişəm: Bizim bütün kollektiv elə bil kamikadze idi, bu dərəcədə fədakarlıq olurdu. Premyeralar edirdik, qastrollara gedirdik. Hətta Ermənistanın azərbaycanlılar yaşamayan ərazilərinə də qastrollara da gedirdik. Onu da deyim ki, 1978-ci ilin payızında bizim teatrın Bakıya 14 günlük qastrol səfəri oldu. Musiqili Komediya Teatrının səhnəsində gündə iki tamaşa təqdim edirdik. O vaxtkı Azərbaycan ictimaiyyətinin diqqəti bizim teatrın qastrolundaydı. O illərdə ən nüfuzlu teatrların qastrolları belə iki-üç gündən çox çəkmirdi. Təbii ki, biz o dövrdə öz zəhmətimizə qarşı diqqəti hiss etdik. O vaxtı Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Mərkəzi Komitə Bürosunun tövsiyəsi və Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə bizim bir qrup əməkdaşa fəxri adlar, eləcə də fəxri fərmanlar verildi. Mən də o vaxt 34 yaşımda fəxri fərmanla təltif olundum. Onu da deyim ki, Ali Sovetin Rəyasət Heyətinin fəxri fərmanı o vaxtlar Azərbaycanın ən yüksək dövlət mükafatı idi. Mənim müxtəlif vaxtlarda Mərkəzi Komitənin ideologiya üzrə katibləri Cəfər Cəfərov, Həsən Həsənov, mədəniyyət şöbəsinin müdiri Azad Şərifovla, mədəniyyət naziri Zakir Bağırovla və digər yüksək vəzifəli şəxslərlə də sıx təmaslarım olub. Onların mənə və teatrımıza səmimi, xeyirxah münasibətlərini indinin özündə də xoş təəssüratla xatırlayıram. Ümumiyyətlə o dövrdə Ulu Öndərin Azərbaycana rəhbərlik etməsi Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasına, soydaşlarımızın özlərini güvəndə hiss etməsinə təsirsiz ötüşmürdü. Ulu Öndərin diqqətini həmişə hiss edirdik. O həmişə Qərbi Azərbaycandakı iki yüz mindən çox soydaşımızın problemləri ilə maraqlanırdı. Bunu mən orada işlədiyim müddətdə Ermənistan Mərkəzi Komitəsinin ideoloji katiblərindən də eşitmişəm. Onlar da etiraf ediblər ki, Heydər Əliyev hər zaman Qərbi Azərbaycandakı soydaşlarımızın taleyini diqqətində saxlayır.

- Əlbəttə, əks halda soydaşlarımız 1988-ci ilə qədər daha bir deportasiya ilə üzləşərdilər. Hidayət müəllim, bəs erməni əsərləri necə teatrın səhnəsində tamaşaya qoyulurdumu?

- İldə bir erməni əsərini səhnəyə qoyurduq. Qalanı Azərbaycan yazıçılarının və dünya klassiklərinin əsərləri olurdu.

- Öz əsərlərinizi də səhnəyə qoyurdunuz?

- Mənim orda iki əsərim səhnələşdirilmişdi. Bir sıra tərcümələrim də səhnəyə qoyulub.

- Hidayət müəllim, dediniz atanız o vaxt rayonda olan üçüncü ikimərtəbəli evi tikib. Atanızın vəzifəsi nə idi?

- Atam bağban idi. Son dərəcə zəhmətkeş, işgüzar! Amma qağam Böyük Vətən müharibəsi iştirakçısı olub. Çox böyük cəbhə yolu keçmişdi. Müharibədən qayıdandan sonra onu kolxoz sədri seçmişdilər. Buna görə də ikimərtəbəli ev tikməyə imkanımız vardı. Atam bağban, zəhmətkeş adam idi.

- Bəs niyə tez rəhmətə getdi?

- Mədə-bağırsaq sistemində problem vardı. Bir də vurğulayıram - İrəvanda, Bakıda müalicə olundu. O vaxt təbabət elmi bu dərəcədə inkişaf etməmişdi. Atam vəfat edəndə hələ birinci sinfə getmirdim.

- Yəqin ki, ana qayğısı, qardaş nəvazişi ilə böyüsəniz də atasızlığı hər zaman hiss etmisiniz.

- Əlbəttə.

Mən ata görmədim uşaqlığımdan

Anam atam oldu, həm anam oldu.

Yaş da süzülmədi yanaqlarımdan

Arzular, ümidlər ilhamım oldu.

Güləndə, hər təzə paltar geyənlər

Mənim də bu günüm gələr demişəm

Məni öz qoynunda sıxanda kədər

Dünyadan, zamandan gileylənmişəm.

Mən tufanı sevdim, mən qarı sevdim.

Sevindim yağdıqca qar ətək-ətək

Mən ulduzu sevdim, çinarı sevdim,

Özüm də boy atdım körpə çinartək.

Ucaltsın başını anamız torpaq...

Ucaltsın başını anamız torpaq...

Axırda da deyirəm ki...

Mən yetim böyüdüm deyirəm ancaq

Heç kəsin övladı yetim qalmasın.

Belə bir şeirdir. Doqquzuncu sinifdə oxuyanda yazmışam. Başqa yazılarımda da atasızlıqla bağlı hisslər, duyğular yer alır. O bizim həyatımızdan keçdi. Mənim anam da çox böyük insan idi. Atamı itirəndə anamın 48 yaşı var idi, evdə də 7 uşaq idik. Bir böyük qardaşımla böyük bacım işləyirdi. Qalanları məktəbli idilər. Evin bütün ehtiyacını anam qarşılayırdı. Bizi heç vaxt korluq çəkməyə qoymayıb.

- Hidayət müəllim, uşaqlıqda, yeniyetməlikdə atasızlığın, yetimliyin ağrısı çox acı olur. Bəs gəlib kamil yaşa çatdıqda o hiss yenə qalırmı? İndi də atanız üçün nisgiliniz var, yoxsa o hisslər öz istifadə müddətini başa vurub?

- İndi məni narahat edən atamın mənim, ailəmizin sonrakı günlərini görməməyidir. Məni atamın ölümü ilə bağlı ən çox narahat edən məsələlərdən biri də odur ki, atam yalnız məndən nigaran getdi: “Bu tifilin axırı nolacaq?” Qalan uşaqları işləyirdi, yaxşı oxuyurdu, onlardan sarı rahat idi.

- Siz yazıçısınız və o hisslərə tərcüman ola bilərsiniz. Kamil yaşa çatanda insan atasızlığı necə hiss edir, körpəlikdəki kimi, yoxsa fərqli olur? O baxımdan soruşdum.

- Bilirsən, böyüyəndən sonra insan başqa cür düşünür. Məsələn, mən düşünürəm ki, atam olsaydı, ona mən daha çox xidmət edərdim. Onun müalicəsi ilə daha yaxşı məşğul olardım.

Ermənistan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyanla dost olmuşam

- Bu yaşda da o hissləri keçirirsiniz?

- Əlbəttə, məni ən çox narahat edən odur ki, o məndən çox nigaran getdi.

- Hidayət müəllim, təqaüddəsiniz. Tez-tez özünüzlə baş-başa qalmağa vaxtınız bol olur. Sizin yaşda adamlar daha çox sağlarla yox, ölənlərlə danışırlar. Kimləri xatırlayırsınız?

- Mən elə gənclikdən keçmişə, xatirələrə bağlı adamam. Əlbəttə indi mənim itirdiyim adamlar, o illər, xatirələr daha çoxdur. Ancaq mənim ən ağrılı yerim oğlum Xəzəri 24 yaşında faciəli şəkildə itirməyimdir.

- Nədən vəfat edib?

- Xəzər Gömrük Komitəsində, Hava Limanında işləyirdi. Həmən günü möhkəm soyuqlamışdı. İşə öz maşını ilə getməmişdi. Dostu gəlib onu evdən aparmışdı. İndiyə kimi də onun evdən çıxması gözlərimin qabağındadır. İşdə Xəzərin qızdırması qalxır, ona deyirlər ki, get evə, dincəl. Hətta iş yoldaşları öz maşınları ilə evə aparmağı təklif edirlər, lakin o, yolun uzaqlığına görə dostlarını əziyyətə salmaq istəmir, taksi tutub evə qayıdır. Yolda da həmən maşın qəzaya düşür, Xəzər həmən qəzada...

- Allah rəhmət eləsin... Erməni şair-yazıçıları, sənət adamları arasında da dostlarınız olmamış olmazdı.

- Təbii ki, var idi.

- Münasibətləriniz necə idi? Səmimi idi, yoxsa nəsə hiss edirdiniz?

- Səmimi olanı çox az idi. Ermənistan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyanla dost olmuşam. Bunu hamı bilir.

- Dostluğunuz səmimi idi?

- Bəli. Bizim dostluğumuz səmimi idi. Bayaq dedim, adamlar var idi, deyirdilər 1915-ci ildə nə olub, olub, gələcəyə baxmaq lazımdır. Bax onu Petrosyan demişdi. Hətta o erməni-türk mövzusunda “Ad günündə boş stullar” adlı əsər də yazmışdı. Erməni yazıçılar Silva Kaputikyanın (millətçi erməni şairi – M.A.) rəhbərliyi ilə üsyan qaldırıb onu Yazıçılar İttifaqının sədrliyindən azad elədilər. Amma o da özünü bir məqamda çox pis apardı. Qorbaçovun sədrliyi ilə Ali Sovetin Rəyasət Heyətinin iclası keçirilən zaman Petrosyan Sumqayıt hadisələrindən danışarkən “genosid” ifadəsini işlətmişdi. Qorbaçov da cavabını vermişdi ki, Sumqayıtda genosid olmayıb, orda tör-töküntülər idi, sadəcə biz bir-iki saat ora yubandıq, yoxsa bir nəfərin də burnunun qanamasına imkan verməzdik. İclasın ertəsi günü ona təcili teleqram göndərdim: “Mən indiyə qədər sənin bütün uğurlarına sevinmişəm, uğursuzluqlarına kədərlənmişəm. Dünən ilk uğursuzluğun idi ki sevindim. Allah ağıl versin. Allah axırıncı eləsin!” Sonra mən Vardqes Petrosyana açıq məktub yazdım. Onu Yazıçılar İttifaqından çıxarandan bir il sonra yaşadığı binanın girişində güllələyib öldürdülər.

II Qaregini tanıyıram, Erməni Kilsəsinin ondan əvvəlki rəhbərini də tanıyırdım

- Sonralar oradakı erməni dost-tanışlarınızla əlaqə qurdunuz?

- Yox, heç bir əlaqə olmayıb. Hətta 20 Yanvar müsibətindən sonra onlardan biri də mənə zəng vurub soruşmayıb ki, sağ qalıbsan? Bu hərəkətdən sonra necə əlaqə saxlayardım? Bilirsiniz, onların mahiyyəti belədir. Ermənilər özlərini inandırıb ki, Qarabağ, Naxçıvan, Türkiyənin dörddə biri, Gürcüstanın cənubu bunlarındır. Ermənilər əvvəl-axır anlamalıdırlar ki, bu düşüncə ilə yaşamaq olmaz. Özü də bu fikri ermənilərə aşılayan Erməni Apostol Kilsəsidir. İndi də II Qareginlə Paşinyan arasında mübarizə başlayıb, belə görünür, kilsənin nüfuzu xeyli sarsılacaq. II Qaregini tanıyıram, Erməni Kilsəsinin ondan əvvəlki rəhbərini də tanıyırdım. Şeyxülislamın 60 illiyində II Qaregin Bakıya gəlmişdi. Mən də o vaxt Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri idim. Qaregin əvvəllər Bakıda erməni kilsəsində işləyibmiş. Mən çalışdım onunla ünsiyyətə girməyim, çünki o məni millətçi kimi tanıyırdı. Buna baxmayaraq, onu yola salmağa mən getməli idim. Ondan soruşdum ki, əvvəlki Bakı ilə indiki Bakı arasında fərq var? Təəssüflə cavab verdi ki, Bakı çox dəyişib, tanıya bilmədim.

- Erməni xalqını sizdən yaxşı tanıyan olmaz, ona görə soruşuram: Sülh olsa, ermənilərlə yaşaya bilərik?

- Şübhəsiz ki, barışıq olmalıdır, mən istəyərəm barışıq olsun. Sadəcə onlar öz psixologiyalarında dəyişikliklər etməlidir, yoxsa onlarla sülh içində yaşamaq mümkün olmayacaq. Ən azı Qarabağdan, Naxçıvandan qardaş Türkiyənin şərqindən bir dəfəlik gözlərini çəkməlidirlər. Onlar bunu anlamayınca barışıq mümkün deyil.

- Onda deyirsiniz ermənilər öz uşaqlarına qundaq başında “türk sənin düşmənindir” fikrini aşılamamalıdırlar?

- Şübhəsiz.

- Bu həqiqətdir, yoxsa uydurma?

- Həqiqətdir. Küçə ilə gedirdin, bir erməni o birini döyürdü, üçüncü erməni döyənə deyirdi ki, o türkdür, elə döyürsən?

- Sizə qarşı o cür fiziki təzyiq olub?

- Fiziki təzyiq olmasa da, mənəvi təzyiqlər çox olub. Rəsmi dairələrdə qabağımı kəsməyə çalışıblar, müəyyən yazıçılar tərəfindən də təzyiqlər olub.

- Sizin “İrəvanda xal qalmadı” tamaşanızda belə bir məqam da var: Erməni qadınlar ümumi mənafe üçün namusdan, ardan keçirlər.

- Onlar ümummilli maraq üçün nədən desən keçirlər.

- Fakt kimi var idi?

- Şübhəsiz. Bu bir az mənim xoşuma gələn mövzu deyil, tamaşada da üstüörtülü vermişəm. Onlar o kartdan da həmişə istifadə eləyiblər. Onlar çalışıblar ki, bəzi azərbaycanlılar erməni ilə evlənsinlər. Buna baxmayaraq, Qərbi Azərbaycanda erməni ilə evlənən azərbaycanlı az idi. Azərbaycanlının erməniyə ərə getməsi isə çox nadir hallarda olurdu. Bizim rayon mərkəzinin mütləq əksəriyyəti erməni idi. Orda bir azərbaycanlı qız erməniyə ərə getmişdi. Bütün azərbaycanlılar onu nifrətlə göstərir, bir-birinə deyirdilər ki, o, erməniyə gedib. Mənim İrəvanda yaşadığım dövrdə isə yalnız bir keçmiş vəzifəlinin qızı erməniyə getmişdi. 39 yaşıma kimi orada yaşadım, mən iki fakt gördüm. Mığrıdakı ailənin taleyi bilmirəm nə oldu, amma İrəvandakı ailə bu hadisələr başlayandan sonra Moskvaya köçdü.

- Azərbaycanlı qızla erməni oğlanın sevgisi - “Bahadır və Sona” faktı var idimi?

- Çox nadir halda bəzi azərbaycanlılar erməni qadınla evlənirdilər. Sən dediyin kimi, Qərbi Azərbaycanı mənim kimi tanıyan bəlkə də olmaz, qarış—qarış gəzmişəm, o cür fakta çox az rast gəlmişəm.

- Üzr istəyirəm, sizin özünüzün erməni qadına məhəbbətiniz olub?

- Yox, elə şey olmayıb. Qəti olmayıb.

- Hidayət müəllim, İrəvanda yüksək vəzifədə çalışırdınız. Birdən-birə Bakıya köçməyinizə səbəb nə oldu?

- Mən 1979-cu ildə möhkəm xəstələndim. İki ilin beş ayını “Leçkomissiya” adlanan xəstəxanada keçirdim. O müddət ərzində İrəvanda, Tiflisdə, Moskvada həkimlərin müayinəsində oldum. Hamısı mənə dedi ki, sənə dağ havası olmaz. Dəniz kənarında yaşamalısan. Bundan sonra Bakıya köçmək qərarına gəldim.

- Siz Bakıya köçəndən sonra bir müddət “Gənclik” nəşriyyatının baş redaktoru olmusunuz. Mənim yaddaşımda o nəşriyyat “Dünya uşaq ədəbiyyatı kitabxanası” ilə qalıb. Mənim, eləcə də mənim kimi yüz minlərlə insanın formalaşmasında o seriyanın əvəzsiz xidmətləri olub. Sualım budur ki, siz nəşriyyata baş redaktor gələndə bu layihə var idi, yoxsa sizin ideyanızın məhsulu idi?

- 1984-cü ildə mən Bakıya gəldim və məni Mərkəzi Komitədən “Gənclik” nəşriyyatına göndərdilər. Göndərəndə dedilər ki, baş redaktor Ələviyyə Babayeva pensiyaya çıxır, hələlik müavin get, iki ay sonra baş redaktor olacaqsan. Açığı, Ələviyyə Babayeva da məni qəbul edəndə dedi ki, nə vaxt desən mən burdan gedəcəm. Mən ona dedim ki, sizə elə söz deməyəcəm. O da demək olar, yalnız öz əsərlərinin nəşri ilə məşğul olmağa başladı. Onu da deyim ki, baş redaktor məsələsi iki il çəkdi. Mənsə iki ayın iki il olmasına fikir vermədən işləri görməyə davam etdim. Hətta bir gün Ələviyyə Babayeva mənə bildirəndə ki... Təqaüdə çıxmaq üçün ərizəsini Dövlət Komitəsinə təqdim edib – təəccüblə soruşdum: “Nə üçün? Sizə burada kim mane olurdu?” Hönkür-hönkür ağladı: “Mən bu yaşımacan sizin kimi adam görməmişəm, yəqin bundan sonra da görmərəm”. Hərdən rusca danışmağı da vardı: “Vı uje dva qoda bez pyati minut qlavnıy redaktor”. Belə ayrıldıq. Sonra onun əsərlərini, tərcümələrini nəşr etdik. Hə, mövzudan ayrılmayaq, deməyim odur ki, mən gələndə belə bir layihənin adı var idi, amma heç nə çıxmamışdı. Onu mən gerçəkləşdirdim. Çox maraqlı nəşr idi. Onu deyim ki, o vaxt yalnız keçmiş SSRİ-də Moskvanın “Detskaya literatura” nəşriyyatı, bir də bir qədər sonra Minskdə “Yunostva” 50 cildliyi nəşr eləmişdi. Əvvəla onu deyim ki, onların layihələrinə Azərbaycan ədəbiyyatından yalnız Nizami Gəncəvi salınmışdı, başqa heç kəs salınmamışdı. Mən bu məsələni SSRİ Dövlət Nəşriyyat Komitəsində kəskin qoydum. Dedim ki, Azərbaycanın çox böyük klassikləri var. Əvvəl onlar etiraz elədilər. Dedim Füzulini, Nəsimini, Axundovu, Mirzə Cəlili, Sabiri tanımırsınızsa, bu klassiklərin yox, sizin səhvinizdir. Bundan sonra onlar icazə verdilər, 50 cild 54 kitab çıxdı. Bəzi keyfiyyətsiz tərcümələr yenidən işləndi. Xeyli yeni tərcümələr verildi. Mən Harriet Biçer Stounun “Tom dayının daxması” romanını, bir sıra şairlərin əsərlərini çevirdim. 50 cildliyin çapı çox böyük hadisə kimi səsləndi. Ümumiyyətlə, o vaxt “Gənclik” nəşriyyatının gördüyü işlər Moskvada da, digər müttəfiq ölkələrdə də çox yaxşı qarşılanırdı. O vaxt biz 15 cildlik “SSRİ xalqları ədəbiyyatı kitabxanası”nın, 20 cildlik “Azərbaycan folkloru kitabxanası”nın, 15 cildlik “Fantastika və macəra ədəbiyyatı kitabxanası”nın və bir sıra maraqlı seriyaların nəşrinə başladıq.

- Bunlar hamısı sizin təşəbbüsünüzlə olub?

- Əlbəttə. Mən ora gedəndən sonra “Gənclik” Azərbaycanın bəlkə də ən yaxşı nəşriyyatı oldu. Moskvada Dövlət Nəşriyyat Komitəsinin də diqqətini çəkə bildik deyə 1986-cı ildə 23 Nisan Cocuq bayramı münasibətilə məni Türkiyəyə göndərdilər. Orada böyük Atatürkün vaxtından, onun qərarıyla uşaq ədəbiyyatı sərgisi keçirildi. 1986-cı ildə SSRİ ilk dəfə ora dəvət olunmuşdu. Və komitə məni ora göndərdi. Bu mənim Türkiyəyə ilk səfərim idi. Komitə sədri Moskvada məni qəbul elədi, fikirlərimi soruşdu, bəzi məsələləri danışdıq. Sonra dedi: “Qayıdanda da məni görmək istəyərsiniz?” Kim istəməzdi SSRİ Dövlət Nəşriyyat Komitəsinin sədrini görsün? Dedim, əlbəttə.

- Yəqin qayıdanda İstanbuldan hədiyyə gətirməyinizi istəyib.

- Yox, qayıdanda ona çoxlu kitab gətirdim. Ora gedib tədbirlərdə iştirak elədim. SSRİ-nin Türkiyədəki səfirinin birinci katibi əvvəldən axıra kimi mənimlə oldu.

- İstanbula getmişdiniz?

- Ankaraya.

- Atatürkün məzarını ziyarət elədiniz?

- Əlbəttə. Hətta Atatürkün əvvəlcə dəfn olunduğu yerə də getdim, indi Etnoqrafiya Muzeyi olub.

- Əslində Məhəmməd Əmin Rəsulzadəni soruşacaqdım.

- Əlbəttə, getdim Rəsulzadənin məzarını ziyarət elədim.

- 1986-cı ildə.

- Bəli. İlk səfərim zamanı. Hə, çox yaxşı səfər oldu. Qayıdandan sonra Komitə sədri ilə yenidən görüşdüm. Mən ona Türkiyədə çıxan rus yazıçılarının kitablarını gətirmişdim. Bunları ona verib dedim ki, görürsünüz, orada bizim kitablar çıxır, niyə bizdə türk yazıçılarının kitabları çıxmasın? O mənə dedi ki, Bakıya gedəndən sonra ona bu barədə ətraflı yazım. Əlqərəz, mən Bakıya gəlib gördüklərimlə bağlı Komitə sədrinə məktub yazdım, fikirlərimi əsaslandırdım. Bir qədər sonra Azərbaycanın Dövlət Nəşriyyat Komitəsinin sədri çaşqın halda mənə zəng elədi ki, səni Moskvaya kollegiya iclasına çağırırlar. Kollegiyada o məsələyə baxdılar və ondan sonra qərar verildi: Nəşriyyatlara məsləhət görülsün, proqressiv türk ədəbiyyatını çap etsinlər. O vaxt SSRİ-də 600 nəşriyyat vardı. Hamısı dövlət nəşriyyatı idi. Mənim bu təşəbbüsüm nəticəsində onlar türk yazıçılarını kütləvi şəkildə çap etməyə başladılar. O vaxta qədər Nazim Hikmət, bir də Əziz Nesin çap olunurdu.

- Mən bilən Rəşad Nuri Güntəkinin “Çalıquşu”su, Suat Dərvişin “Fosforlu Cevriyə”si də çap olunmuşdu.

- Hə, onlar da çap olunurdu. Amma Türkiyə yazıçılarının kütləvi çapı mənim o səfərimdən sonra baş tutdu.

- O vaxt 50 cildlikdəki tərcümələrin keyfiyyətindən razı idiniz?

- Çoxundan bəli. Mən əvvəla məsələ qoymuşdum ki, əsərlərin çoxu yenidən dərc olunsun. Lakin imkan vermədilər, çünki böyük xərc tələb edirdi.

Mən yazıçılığı vəzifənin badına vermişəm

- Siz dövlət müşaviri də olmusunuz, daha sonra Dövlət Komitəsinin sədri...

- “Gənclik” nəşriyyatındakı fəaliyyətimdən sonra mən 14 il respublikamızın Milli siyasət məsələləri üzrə dövlət müşaviri oldum, altı il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmuşam. Daha sonra da Qırğızıstanda səfir... Ancaq onlardan da danışsaq söhbət uzanar.

- Mən başqa şey soruşmaq istəyirəm. Daim vəzifələrdə olmusunuz. Biri var məmur-yazıçı, yəni vəzifəyə gələndən sonra yazanlar, biri də var yazıçı-məmur. Siz əvvəl yazmısınız, sonra məmur olmusuuz.

 

- Elədir. Razıyam. Əvvəl də yazıçı idim, indi də yazıçıyam. Amma mən məmur-yazıçıları qəbul etmirəm.

- Sizə elə gəlmir ki, bu vəzifələr olmasaydı daha çox yazardınız?

- Bir məsələni vurğulayım ki, mən məmurluğu, dövlət işini yazıçılığıma görə ixtisar etməmişəm. Yəni yazıçılığımdan dövlət işi üçün istifadə etməmişəm. Dövlət işini ilk gəncliyimdə - teatrdan başlayaraq həmişə bütün parametrlər üzrə yerinə yetirməyə çalışmışam.

- Yazıçılığı vəzifənin badına vermişiniz, ya tərsinə?

- Mən yazıçılığı vəzifənin badına vermişəm.

- Məncə, səhv eləmisiniz.

- Mənim həyatım da belə alınıb. Dövlət sənə iş tapşırırsa, onu görmək lazımdır. Əgər bu işi görməyə həvəsin, qüdrətin çatmırsa, get yazıçılığını et. Özü də son dərəcə vicdanla bu işlə məşğul olmuşam.

Müsahibədən sonra Hidayət müəllim mənim üçün söz verdiyi kitabı imzalayır.

- Vaxtınız olacaq bunu oxuyasınız?

Bir gözüm 700 səhifəlik (kitabı alandan sonra səhifə sayına baxıb yanılmadığımı gördüm) kitabda, əminliklə deyirəm.

- Əlbəttə.

- Bəxtiyar Vahabzadə Prezident Aparatına yalnız Ulu Öndərin və mənim yanıma gələrdi. Ulu Öndərin yanına gələndə də əvvəl mənim yanıma gələrdi, Prezidentin qəbulundan çıxandan sonra yenə mənim yanıma gələrdi. Bir dəfə qalın bir kitab gətirmişdi. Kitabı verəndə dedi avtoqrafı oxu. Dedim: “Bəxtiyar müəllim, mən sizin avtoqrafınızı yox e, bütün kitablarınızı oxuyuram”. Və kitabı açdım. Gördüm yazıb: “Hidayət, sənin bu kitabı oxumağa vaxtın olacaq?”

Doğrudan da stolumun üstü daim sənəd-sünədlə dolu olurdu, üstəlik telefonların zəngləri, görüşlər...

- Vaxtınız oldu?

- Oldu.

“Görəsən, mənim də vaxtım olacaqmı?”, - kitabın qalınlığı gözümü qorxutduğundan narahat-narahat ürəyimdən keçirirəm.

 

Yeni Azərbaycan .- 2025.- 25 iyul (¹128).- S.5.