Şərqin ilk
qadın opera korifeyi
Şəfiqə Axundovanın vəfatından 12 il
ötür...
Bu gün Azərbaycan musiqisinin ustad novatorlarından
olan, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət
salnaməsinə həkk edən görkəmli bəstəkar
Şəfiqə Axundovanın anım günüdür.
Yaşadığı acılı-şirinli günlərinə,
keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt
sənətindən küsməmiş, yazdığı mahnılarla
həm özünün, həm də başqalarının qəlbini
ovundurmuş, milyonların sevimlisinə çevrilərək
yaradıcılıq zirvələrini fəth etmişdi.
Ş.Axundovanın musiqi istedadı çox erkən
yaşlarından ortaya çıxmışdı. İlk
vaxtlar heç özü də inana bilmirdi ki, musiqi bəstələyir.
Yəni onlar bədahətən yaranırdı. Ancaq bir
müddətdən sonra dərk edir ki, həmin musiqiləri
özü yaradır və bu sənətə daha çox
bağlanırdı. Nəhayət, bu bağlılıq elə
bir sevgiyə çevrilir ki, Şəfiqə xanım onu sənətdən
heç bir qüvvənin ayıra bilməyəcəyini yəqin
edir.
Bakıdakı 173 saylı məktəbdə təhsilini
davam etdirərkən musiqi məktəbinə də daxil olur.
İstedadı müəllimlərini heyran qoyur, ümidlərini
artırır. Lakin ata qızının gələcəkdə
musiqiçi olmaq, həyatını bu işə həsr etmək
fikrini yaxına belə buraxmaq istəmirdi. Hətta bəstəkarlığı
seçdiyini biləndə o, Şəfiqəyə müəyyən
qadağalar da qoyur. Onun etirazı elə ciddi idi ki, hər vəchlə
qızının musiqi ilə məşğul olmasına
maneçilik etməyə çalışır. “Bu sənət
sənə çörək verməyəcək”, - deyirdi.
Ş.Axundovanın sənət sevgisini duyub dərk edən
ən çox bacısı Zümrüd xanım idi. Sənət
taleyinin uğurlu olmasını da Şəfiqə xanım həmişə
onun adı ilə bağlayırdı. Zümrüd xanım
böyük ədəbiyyatşünas alim, tənqidçi,
akademik Məmməd Arif Dadaşzadənin həyat
yoldaşı idi. O, filologiya elmləri namizədi kimi
universitetdə dərs deyirdi. Dadaşzadənin evində
dövrün görkəmli ziyalıları - Səməd
Vurğun, Cəfər Xəndan, Həmid Araslı, Mirzə
İbrahimov və başqaları öz həyat
yoldaşları ilə tez-tez qonaq olurdular. Qadınlar ayrı
otaqda oturardılar, hansı ki Zümrüd xanımın
burada böyük bir royalı vardı. Hər dəfə
onlar gələndə bacısı Şəfiqəyə
qonaqlar üçün musiqi ifa etməyi
tapşırardı. Xanımlar qızın royal
çalmasından çox məmnun qalardılar. Beləliklə,
Şəfiqə xanımın musiqi istedadı barədə xəbəri
olanların sayı artırdı.
1943-1944-cü illərdə Şəfiqə xanım
Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil
alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm
musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq
ixtisası üzrə B.Zeydmanın sinfini bitirir. Üzeyir bəy
gənc yetirməsinin yaradıcılığı,
uğurları ilə daim maraqlanırdı. Bu dövr barədə
Şəfiqə xanım söyləyirdi ki, “Üzeyir bəy
konservatoriyanın nəzdində hazırlıq kursları
açmışdı. Həftədə üç dəfə
bizimlə məşğul olurdu. Gah ümumi qrupda Azərbaycan
xalq musiqisinin əsaslarını gənc bəstəkarlara
öyrədir, gah fərdi olaraq əsərlərimizlə məşğul
olur, yəni yazdıqlarımıza baxır, gah da
muğamları nota köçürürdük. Üzeyir bəy
gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq
sənətinin klassik qayda-qanunlarını daha dərindən
öyrətmək üçün Leninqrad
Konservatoriyasının görkəmli professoru Zeydmanı
Bakıya dəvət etmişdi. Biz bu böyük ustaddan bəstəkarlığın
sirlərini öyrənirdik”.
Şərqdə opera janrına müraciət edən
ilk qadın bəstəkar Şəfiqə Axundovadır. O,
Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı
povesti əsasında İsgəndər Coşqunun librettosu
üzrə yazdığı “Gəlin qayası” operası ilə
uca bir yaradıcılıq zirvəsini fəth etmişdi. Bu
operanın yaranmasının da öz tarixi var. Bəstəkar əvvəlcə
“Gəlin qayası” radiopyesinə musiqi yazmışdı.
Buradakı “Könül təranələri” mahnısı o
zaman geniş yayılmışdı. Sözügedən
povestin müəllifi, görkəmli yazıçı
Süleyman Rəhimov Şəfiqə xanıma opera
yazmağı təklif edir. Bu iş uğurla yerinə
yetirilir.
“Gəlin qayası”nda klassik musiqi və muğam
janrları bir-birinə qovuşur. Operanın qəhrəmanları
ariyalarla yanaşı, muğam parçaları da ifa edirlər.
Başqa sözlə, bəstəkarın xalq musiqisini dərindən
bilməsi və ondan düzgün istifadə etməsi təsdiqlənir.
“Gəlin qayası” istər tamaşaçıların, istərsə
də yaradıcı insanların müsbət rəyini
qazanır. Bəstəkar Tofiq Quliyev əsər haqqında
demişdi: “Opera çox gözəldir, melodiyası
aydındır. Burada bəstəkar muğamdan bilə-bilə
geniş istifadə edib. Bu çox yaxşıdır, səmərəsi
əladır”.
Görkəmli bəstəkar 1998-ci ildə Ulu öndər
Heydər Əliyev tərəfindən Azərbaycan
Respublikasının Xalq artisti adına layiq görülüb.
Eyni zamanda, əməkdar incəsənət xadimi adı ilə
təltif olunub. Prezident İlham Əliyev Ş.Axundovanı
2004-cü ildə anadan olmasının 80 illiyi ilə
münasibətilə “Şöhrət” ordeni ilə təltif
edib.
Şəfiqə xanım 2013-cü il iyulun 26-da 90
yaşına çox az qalmış dünyasını dəyişib.
Təəssüf ki, xalqımız 90 illik yubileyini onsuz qeyd
etdi.
... Onun möhtəşəm sənət əsərləri
musiqi tariximizini zəngin salnaməsidir. Elə bir gün olmur
ki, Şəfiqə Axundovanın bəstələdiyi yüzlərlə
nəğmədən heç olmasa biri, ikisi efirlərdə
səslənməsin.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 26 iyul (¹129).- S.8.