İstiqlal muzeyində 31 mart soyqırımının
91-ci ildönümü ilə bağlı tədbir
keçirilib
Dünən Azərbaycan
İstiqlal Muzeyinin ekspozisiyasında 31 mart Azərbaycanlıların
soyqırımı gününə həsr olunan sərgi-tədbir
keçirilib. Tədbiri giriş sözü ilə muzeyin
direktoru Fəridə Şəmsi açaraq 91 il əvvəl
baş vermiş 31 mart soyqırımının Azərbaycan
tarixinin gizli saxlanılan və uzun illər özünün
hüquqi və siyasi qiymətini almayan soyqırımı
olduğunu deyib.
Sonra BDU-nun professoru,
tarix elmləri doktoru Musa Qasımlı çıxış
edərək belə bir tədbirin soyuq salonlarda deyil, muzeydə
keçirilməsini müsbət qiymətləndirib. Onun
sözlərinə görə, 1918-ci ilin martın 31-i o vaxta
qədərki tariximizdə bizə qarşı törədilən
kütləvi qırğınların zirvə nöqtəsidir:
“Bu əsl soyqırımı aktıdır. Ona görə ki,
bir xalq, bir millət milli və dini mənsubiyyətinə
görə düşünülmüş, qərəzli və
sistemli şəkildə fiziki cəhətdən məhv edilib
və mənəvi təqiblərə məruz qalıb. Keçmiş
sovetlər dönəmində bu vətəndaş müharibəsi,
sovet hakimiyyəti uğrunda mübarizə kimi qiymətləndirilərək
hafizələrə yeridilib. Bu idealogiyanın təsiri
altında olub. Buna sistemli yanaşmanı tariximizə ilk dəfə
Ümummilli lider Heydər Əliyev gətirdi”.
Daha sonra, Dünya Azərbaycanlılarının
Həmrəyliyinə Dəstək Cəmiyyətinin sədri
Tofiq Əli-zadə, AMEA-nın Bakıxanov adına Tarix
İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri,
tarix elmləri doktoru, professor Qasım Hacıyev və
başqaları çıxış edərək
soyqırımının tarixi haqqında məlumat verməklə
yanaşı tədbir iştirakçılarını
keçmişimizi dərindən öyrənməyə səsləyiblər.
Prezident
Qvardiyasının əsgərlərinin, Heydər Əliyev
adına Ali Hərbi Məktəbin, Azərbaycan Sərhəd
Qoşunlarının, Azərbaycan Ali Hərbi Dənizçilik
Məktəbinin müdavimlərinin iştirakı ilə
keçən tədbirdə Bül-Bül adına musiqi məktəbinin
şagirdləri tərəfindən hazırlanan musiqi
kompazisiyası təqdim olunub. Sonda muzeyin fondunda qorunub
saxlanılan sənədlər və fotoşəkillər
nümayiş olunub. Fotoxronikada 1905, 1918-ci illərdə
Bakıda, Şuşada və Azərbaycanın digər
rayonlarında ermənilər tərəfindən
dağıdılan yaşayış məskənləri, evləri
əks etdirilib.
Yeni Azərbaycan.- 2009.- 1 aprel.- S.8.