31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları tarix kimi yadda qalıb

 

91 il öncə ermənilərin bolşeviklərin dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi soyqırımı nəticəsində 50 mindən artıq insan qətlə yetirilib

 

1918-ci il mart ayının 31-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının ildönümüdür. 91 il öncə mart ayından etibarən başlayaraq ermənilər bolşeviklərin köməyi ilə bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. O günlərdə ermənilər tərəfindən edilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı qətlə yetirilib. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Haxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər tərəfindən 50 min azərbaycanlı qətlə yetirilib. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) vəhşicəsinə öldürülüb. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. Lakin bu dəhşətli hadisələr uzun illər öz layiqli qiymətini almayıb, əksinə, müxtəlif vasitələrlə ört-basdır edilib. Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev o dəhşətli faciədən 80 il sonra 31 mart hadisələrinə lazımi hüquqi qiymət verib və bu hadisələri soyqırımı adlandırıb. Bugünkü Dəyirmi Masamızın qonaqları millət vəkilləri Musa Quliyev (Urud), Aydın Mirzəzadə, tarix elmlər doktoru, professor Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramovla 1918-ci il mart hadisələrinə yenidən işıq tutmağa çalışdıq.

 

(əvvəli ötən sayımızda)

 

A.M. 1917-ci ildə çar imperiyasına son qoyuldu və onun bazasında sovetlər yaradıldı. Ancaq paralellər aparanda görmək olar ki, çar Rusiyasının apardığı siyasət bir sıra istiqamətlərdə müəyyən korrektələrlə davam etdirilirdi. Bunlar içərisində Cənubi Qafqazda xristianlaşdırma əməliyyatının aparılması, azərbaycanlıların sıxışdırılması, tarixin saxtalaşdırılması da o dövrdə gündəmdə olan məsələlərdən idi. Ermənilər tarixən çar Rusiyasına öz siyasətini aparmaqda köməkçi olublarsa, həmin funksiyanı sovet dövründə tamam başqa formada yenə həyata keçiriblər. Həmin dövrdə Azərbaycanda milli ideologiyanı yayanlara qarşı pantürkizm deyilən bir ideologiya ortaya atılmışdı və bunun vasitəsilə tarixə, milli köklərə söykənən fikirlər söyləyən ziyalılarımızı bu və ya başqa formada cəzalandırmağa çalışırdılar. Bilirsiniz ki, Azərbaycan Sovet Respublikasına rəhbərlik edən şəxslər qeyri-millət nümayəndələri idi və 13 il ərzində Azərbaycana ermənilər rəhbərlik edib. Onlar da Azərbaycanda milli ideologiyanın yayılması, əxlaq norma və kriteriyalarının qorunmasına qarşı mübarizəyə başçılıq edirdilər. Tarixin saxtalaşdırılması üçün ciddi-cəhdlər olundu, hətta elmi məsələlərdə, humanitar sahələrdə belə böyük saxtakarlıqlara yol verildi. Məsələn, Qafqaz tarixi üzrə son fikri söyləmək haqqı həmişə erməni alimlərinə verilirdi və istənilən elmi işə rəy mütləq onun əsasında alınırdı. O da bəllidir ki, Azərbaycanın böyük ziyalıları bu və ya başqa formada provakasiyaya təhrik olunur, aradan götürülürdü. Düzdür, Azərbaycanın böyük alimləri, böyük ziyalıları, uzun müddət erməni saxtakarlığına, rus şovinizminə qarşı mübarizə aparıblar. Onların içərisində Əziz Əliyevin, Həsən Əliyevin, Heydər Əliyevin adını xüsusilə çəkə bilərəm. Bilirsiniz ki, Heydər Əliyev təhlükəsizlik orqanlarında işlədiyi vaxtda, sonradan Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi müddətdə azərbaycançılıq, Azərbaycan dili dirçəldi, Azərbaycan xalqının inamı özünə qayıtdı. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də milli düşüncəni ümumi cəmiyyətə, topluma yaya bilməsi idi. 1988-ci ildə Heydər Əliyev böyük siyasətdə olmasa da, bu milli düşüncə xalqın Dağlıq Qarabağın ilhaq edilməsinə qarşı çıxmasını şərtləndirirdi.

M.U. Biz bəzən özümüz-özümüzü qınayırıq ki, nəyə görə bu işləri görmürük, nəyə görə bu həqiqətləri Avropaya, dünyaya çatdırmırıq? Amma mən tam səmimiyyətimlə deyirəm ki, dünyanın bu işlə maraqlanan adamlarının bu məsələnin məğzi barədə məlumatı Azərbaycanda çox insandan daha genişdir, daha ətraflıdır. Dünya Dağlıq Qarabağ məsələsinin, erməni məsələsinin, Xocalı məsələsinin mahiyyətindən xəbərdardır. Dünya soyqırımına, deportasiyaya məruz qalan xalqın kim olduğunu yaxşı bilir. Amma bütün bunları etiraf etmək dünyanın marağında deyil.

- Gəlin bir az konkretləşdirək. Dünya deyəndə hansı dövlətləri nəzərdə tuturuq?

M.U. Mən dünya deyəndə bəzi xristian dövlətlərini, Qərbin bəzi imperialist dövlətlərini nəzərdə tuturam ki, onların hamısının da müəyyən maraqları var. Bu maraqlar erməniləri onların əlində bir alətə çevirməyi, yeri gələndə bu alətdən istifadə etməyi özündə ehtiva edir. Ermənilər necə ki, 200 il öncə Rusiyanın, Almaniyanın, İngiltərənin, Fransanın Türkiyəni - Osmanlı imperiyasını dağıtmaq üçün bir aləti idisə, bu gün də həmin o alət rolunu oynayırlar. Son 200 ildə baş verənlərə qısaca bir nəzər yetirək. Bilirsiniz ki, 200 il öncə Rusiya qarşısına isti dənizlərə çıxmaq məqsədini qoymuşdu. İsti dənizlərə çıxdı, bundan sonra həmin məkanda yerləşən dövlətləri, xammal bazasını, ticarət marşrutlarını nəzarət altında saxladı. Krımı aldı və qısa müddət ərzində oradan türkləri təmizlədi, Şimali Qafqazı zəbt elədi, oranı türklərdən və türk olmayan müsəlman xalqlarından təmizlədi və nəhayət, 1828-ci ildə Azərbaycanı nəzarətə götürdü. Bundan sonra həmin ərazilərdə konkret olaraq Qafqazda mövcudluğunu qorumaq üçün onun bir qoruyucu “buferə” ehtiyacı var idi və bu da ermənilər idi. Ona görə də, erməniləri dünyanın müxtəlif yerlərinə, Cənubi Qafqaza köçürdü. Amerika tədqiqatçısı Makarte yazır ki, 1828-ci ildən 1918-ci ilə qədər olan 90 illik tarix ərzində 2 milyon müsəlman Qafqazdan köçürülüb. Əksinə, 1 milyondan artıq erməni isə Qafqazda yerləşdirilib. Bu, bölgədə yaşayan insanların həyatına, xalqların nisbətinə əyani təsir edib. Ondan sonra çar Rusiyası süquta uğrasa da, bu siyasət bolşeviklər tərəfindən də davam etdirildi. Ermənilərin bir xristian milləti olaraq, Qafqaz xalqları arasında üstünlük qazanması, say nisbətinin ermənilərin xeyrinə dəyişməsi bolşeviklərin maraqlarına tam cavab verirdi. 1948-53-cü illərdə baş vermiş deportasiyaya baxın. Dünyanın heç bir yerində belə bir şey baş verməyib ki, bir dövlət sərəncam verib öz 100 min əhalisini bir yerdən başqa yerə köçürsün. Tarixi açıb baxa bilərsiniz. Bu hal dünyanın heç bir yerində yaşanmayıb. Burada, təbii ki, kommunist Rusiyasının öz marağı var idi.

- Musa müəllim, bəs Qərbin burada marağı nədir? Niyə Qərb dövlətləri, misal üçün, Fransa 90 il, 100 il bundan öncə baş verib-vermədiyi məlum olmayan, sadəcə müzakirə olunan bir iddianı rəsmən tanıyır, amma canlı şahidlərinin, hətta video çəkilişlərin olduğu soyqırımı tanımaqdan imtina edir?
M.U. 2004-cü ildə Fransa parlamentinin o vaxtkı sədrinin təşəbbüsü və iştirakı ilə Cənubi Qafqazın üç ölkəsinin parlament nümayəndə heyətinin görüşü keçirilmişdi. Sizin bizə indi verdiyiniz sualı biz o vaxt onlara ünvanlamışdıq. Cavab isə belə olmuşdu. Bizim məqsədimiz tarixi araşdırmaq deyil, sizi barışdırmaqdır. Belə dost olmaq olar, belə barışmaq olar? Yəni ki, Qərbin marağı odur ki, Azərbaycanı özlərindən asılı vəziyyətdə saxlasınlar. Bu məsələdə də Ermənistan bir vasitədir.
- Bunu Azərbaycan diasporunun, hökumətinin qəbahəti kimi cəmiyyətə təqdim etməyə çalışanlar nə dərəcədə haqlıdırlar?

M.U. Mən əvvəlki sualda bir məqama toxundum və vurğuladım ki, Qərb dairələri bu hadisələr haqqında çox geniş bilgiyə sahibdirlər, hər şeyi çox gözəl bilirlər. Sadəcə, bildikləri həqiqətləri etiraf etmək onların maraqlarında deyil. Burada Azərbaycanı, parlamenti, hökuməti ittiham etmək doğru deyil. Biz bacardığımızı edirik. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra son 15 ildə istər dövlət səviyyəsində, QHT-lər səviyyəsində görülən işlər bütün Azərbaycan tarixində görülən işlərdən qat-qat çoxdur. Diasporumuz formalaşıb, QHT-lər yaranıb, səfirliklərlə diaspor təşkilatlarının əlaqələri yüksək səviyyədə qurulub və bu gün də bu iş davam etdirilir. Bu gün burada “Yeni Azərbaycan” qəzetinin millət vəkillərinin, alimlərin, QHT-lərin iştirakı ilə geniş tərkibdə tədbir keçirməsi özü həm dövlətin, həm partiyanın, həm də qəzetin bu hadisələrin araşdırılmasında, cəmiyyətin düzgün informasiyalandırılmasında, soyqırımı faktının düzgün təqdim olunmasında maraqlı olduğunu göstərir, bu hadisələrə münasibətidir, görülən işlərin davamıdır.

A.M. Bir sıra tarixi məsələlər son dövrlər bir daha açılmaqdadır. Mən hesab etmirəm ki, 10 il bundan öncə Azərbaycan xalqının böyük bir hissəsi mart soyqırımı haqqında məlumatlı idi. Bu hadisə məhz ulu öndərin imzaladığı fərmandan sonra geniş araşdırma mövzusu olmağa, ictimaiyyətə çatdırılmağa başlandı. Və yaxud da, bu yaxınlarda 26 Bakı komissarı əfsanəsi darmadağın edildi və bununla bağlı ictimaiyyətə geniş məlumat verildi. Bütün bunlar hamısı göstərir ki, tarixi ədaləti heç zaman ört-basdır etmək mümkün deyil. Gec-tez bütün həqiqətlər üzə çıxacaq. Bu məsələni - 31 mart soyqırımı barədə Azərbaycan ictimaiyyəti dərindən öyrənməlidir, hər bir vətəndaş Azərbaycan mədəniyyətinin, tarixinin daşıyıcısına çevrilməyi bacarmalıdır.

T.T. Mən ikili standartlar məsələsinə toxunmaq istəyirəm. Bilirsiniz ki, ötən il Ermənistanda bütün dünyanın tənqid etdiyi, qeyri-demokratik seçkilər adlandırdığı prezident seçkiləri keçirildi və seçkilərdən sonra cərəyan edən hadisələrdə 25 nəfər tankların altında əzilərək, güllələnərək öldürüldü, yüzlərlə siyasətçi həbs edildi, ölkədə KİV-in fəaliyyəti donduruldu. Nə qədər paradoksal görünsə də, özünü demokratiyanın mühafizəçisi, ədalət carçısı adlandıran beynəlxalq təşkilatların, dövlətlərin heç biri bu hadisələrə real qiymət vermək adına bircə addım belə atmadı. Amma Azərbaycana gələndə əllərinə lupa alıb, xırda nöqsan axtarırlar ki, onu böyüdüb, şişirdib dünyaya çatdırsınlar.

- Musa müəllim, siz necə düşünürsünüz, Azərbaycan cəmiyyəti 31 mart soyqırımı haqqında yetərli qədər məlumatlıdırmı?

M.Q. Ümummilli liderimiz Heydər Əliyevin məlum sənədi imzalamasından sonra Azərbaycanda bu sahədə sistemli araşdırmalar başlanıb. Böyük işlər görülür, kitablar çap olunur, müxtəlif dillərdə yayılır, tədbirlər keçirilir, televiziya verilişləri hazırlanır və s. Amma bütün bu işləri heç də başa çatmış hesab etmək olmaz. Nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan torpaqları işğaldadır, nə qədər Azərbaycana qarşı təhdidlər var, bu işlər davam etdirilməlidir. Biz bu məsələdə qiymətləndirmə apararkən Azərbaycanın rəsmi hakimiyyətinin götürdüyü istiqaməti, xətti dəyərləndirməliyik.

- Sizcə, rəsmi Bakının bu məsələdə apardığı siyasət doğrudurmu?

M.Q. Heç şübhəsiz ki, doğrudur və dövlətin, hökumətin belə bir iradəsi, istəyi var. Dövlət strategiyasını müəyyənləşdirib. Bundan sonra əsas iş ictimaiyyətin, QHT-lərin, diaspora təmsilçilərinin üzərinə düşür. Dövlət öz sözünü rəsmi danışıqlarda deməlidir. Uzun müddətdir ki, bizim QHT-lərin böyük əksəriyyəti ancaq siyasətlə, seçki ilə məşğul olduğundan bu işlərlə məşğul olmağa vaxt tapmırdı. Amma sevinirəm ki, artıq onlar da bu istiqamətdə işləri fəallaşdırmağa başlayıblar. Eyni zamanda, diaspor təşkilatlarının da işində müsbət irəliləyişlər var və heç kəs bunu inkar edə bilməz. Bu məsələləri nəzərə alaraq, mən gələcəyə nikbin baxıram və inanıram ki, gələcəkdə ermənilərin törətdikləri vəhşiliklərə, soyqırımlarına daha obyektiv qiymət veriləcək, ədalətin, haqqın bərpası üçün daha real addımlar atılacaq. Mən onu da əlavə etmək istəyirəm ki, Dağlıq Qarabağ probleminin, erməni probleminin təkcə Azərbaycanın problemi olduğunu düşünənlər yanılırlar. Bu, bütün türk dünyasının, İslam dünyasının problemidir.

R.Z. Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasında yeganə liderdir ki, 2006-cı ildə Antalyada keçirilən konfransda böyük cəsarət göstərərək belə bir bəyanat verdi ki, türk dünyası öz hüquqlarını müdafiə etmək üçün müdafiə olunmaq mövqeyindən hücum mövqeyinə keçməlidir. Prezident bununla eyni zamanda, istiqaməti, yolu müəyyənləşdirdi. Düzdür, QHT-lər də bu müddət ərzində müxtəlif istiqamətlərdə pərakəndə fəaliyyət göstərib. Məsələn, Xocalı soyqırımı ilə bağlı QHT-lər 2006-cı ildə “1 milyon imza - 1 tələb” kampaniyası həyata keçirdilər ki, bu hadisəni soyqırımı kimi tanıtmağa nail ola bilsinlər. Lakin bu cür tədbirlər mütəmadi xarakter almalıdır. Eyni zamanda mən də qəbul edirəm ki, dünya bu hadisələrdən xəbərdardır. Amma biz bununla kifayətlənməməliyik. Əgər biz bu hadisələrin, 31 mart soyqırımının, Xocalı soyqırımının dünyada qəbul olunmasını, tanıtdırılmasını istəyiriksə, onda daha geniş miqyasda, daha ardıcıl fəaliyyət göstərməliyik. Bütün QHT-lər öz güclərini birləşdirib bu məsələdə bir hədəf uğrunda mübarizə aparmalıdır. Burada söhbət sistemli, planlı, davamlı şəkildə aparılması gərəkən işdən gedir. 2002-ci ildə Milli QHT Forumu olaraq “Soyqırım və Deportasiya” Tanıtım Mərkəzini yaratdıq. Açıq etiraf etmək lazımdır ki, bu işdə mərkəzləşdirilmiş şəkildə dövlət, millət və xaricdə yaşayan həmvətənlərimiz tərəfindən dəstəklənən bir təbliğat aparmalıyıq.

İ.A. Təəssüflə qeyd etmək lazımdır ki, problemlər hələ mövcuddur. Ən adi bir misal çəkim. Çanaqqalanın işğaldan azad olunmasında 3 minə yaxın azərbaycanlı əsgər şəhid olub. Bu günə qədər onlara abidə qoyulmayıb, lazımi şəkildə diqqət göstərilməyib, hətta deyərdim ki, bəzi məqamlarda bu məsələ unudulub. Fikrimcə, bu məsələni Azərbaycan ictimaiyyəti Türkiyənin diqqətinə çatdırmalıdır. Onları bizim şəhidlərimizin də adını çəkməyə, onları yad etməyə, belə demək mümkündürsə, hətta məcbur etməliyik.

Ç.B. Fikrimcə, bütün bu söylənənlərlə yanaşı Avropanın çeşidli ölkələrində soyqırıma aid konfranslar təşkil olunmalı, QHT-lər tərəfindən təbliğat aparılmalıdır. Belə olan halda biz həm daxildə, həm də xaricdə öz təbliğat işimizi lazımi səviyyədə qura bilərik.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 1 aprel.- S.6-7.