Bu
il yaddaşlarda “Uşaq ili” kimi qalacaq
Ailələrə
göstərilən mənəvi və sosial dəstəyin
daha da artırılması bunu deməyə əsas verir
Azərbaycanda ailə toxunulmaz, müqəddəs hesab edilir. Hər bir azərbaycanlı üçün Vətən məhz ailədən başlayır, ailədə də qurtarır. Odur ki, ən möhkəm, ən sədaqətli ailə elə məhz Azərbaycan ailəsidir. Və məhz bu reallığın qorunması üçün dövlətimiz əlindən gələni əsirgəmir. İstər dövlət səviyyəsində, istərsə də vətəndaş cəmiyyəti statusunda ailəyə qayğı və onun möhkəmləndirilməsi istiqamətində iş aparılır. Bu fəaliyyət elə qurulub ki, müxtəlif istiqamətlərdə atılan addımlar ailələrin güclənməsinə təkan verir. Ailələrə ayrılan sosial yardımlar bir çox ailələrdə yeganə gəlir sayılır. Ünvanlı sosial yardım alan ailələrin sayının bu il 190 minə çatacağı gözlənilir. Eyni zamanda, ölkədə əmək pensiyası alanların da sayı artır.
Hər il ölkəmizdə
Ailə günü qeyd edilir və bu münasibətlə
böyük tədbirlər keçirilir. Fərqlənən,
tanınan ailələr ictimaiyyətə təqdim edilir və
bu yolla ailə dəyərləri təbliğ olunur. Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili, ölkəmizin
birinci xanımı Mehriban xanım Əliyevanın ailələrə,
uşaqlara, ailə himayəsindən məhrum olanlara göstərdiyi
diqqət isə hər addımda hiss edilir.
Bir sözlə, ölkə
hakimiyyəti ailələrin - qadınların problemlərini
araşdırır və nəticələr əsasında
növbəti addımı müəyyənləşdirir. Sırf
bu məqsədlərə xidmət edən Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsində
(AQUPDK) ailələri, qadınları və uşaqları
narahat edən problemlər araşdırılır və təhlillərin
yekunları ilə bağlı mütəmadi olaraq Prezidentə
məlumat verilir.
Bəs, ailələrin hansı problemləri var? Komitə Azərbaycan
ailəsi üçün
bundan sonra hansı işlər görməlidir?
Komitədə hesab edirlər
ki, ailə problemləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi
xüsusi önəm daşıyır. Ailə Məcəlləsinin
təkmilləşdirilməsi - nikah yaşının cinslər
arasında bərabərləşdirilməsi, nikaha daxil olan
şəxslərin öz səhhəti barədə bir-birini
məlumatlandırması, nikaha daxil olmaq üçün
yaş həddinin azaldılmasına yol verilən halların
konkretləşdirilməsi, övladlığa götürmədən
imtina ilə bağlı bəzi məsələlərin dəqiq
tənzimlənməsi və nikah müqaviləsinin tətbiqi
ilə bağlı təkliflər müzakirə mərhələsindədir.
Komitə dövlət strukturlarının, millət vəkillərinin,
QHT-lərin və beynəlxalq təşkilatların diqqətini
Ailə Məcəlləsinə təklif edilən bu dəyişikliklərə
cəlb etmək istəyir. Ekspertlər hesab edir ki, “Məişət
zorakılığının qarşısının
alınması haqqında” Qanun layihəsinin qəbulundan sonra
bu sahədə bir sıra problemlərin həlli asanlaşacaq.
Azərbaycanda Ailə və
Qadın Problemləri və uşaq hüquqlarının
qorunması sahəsində Milli Fəaliyyət Planları
hazırlanıb. Sənəd hazırlanarkən milli adət-ənənələr,
müasir dünyada gedən proseslər və ölkəmizin
dünya birliyinə fəal inteqrasiya prosesi nəzərə
alınıb.
Regionların problemləri də öz həllini
tapır
Ölkə hakimiyyətinin
apardığı siyasət - son illər regional inkişaf
proqramları çərçivəsində bölgələrdə
yeni iş yerlərinin yaradılması bu sahədə yerlərdə
mövcud olan bəzi problemlərin həllinə də
güclü təkan verir. Bu siyasətin tərkib hissəsi
olaraq, məktəblərdə ailədaxili münasibətlərin
uşaqların tərbiyəsində rolu ilə bağlı
sorğu, boşanmaların səbəb və
dinamikasının öyrənilməsi üzrə tədqiqat,
gənclərin ailə həyatına hazırlanması, ailədaxili
zorakılığın qarşısının
alınması, ailə sahibkarlığının və ailə
kəndli təsərrüfatlarının inkişafı ilə
bağlı maarifləndirmə işinin təşkili ilə
əlaqədar ayrıca iş aparılır.
Övladlığa götürmə
Bu Azərbaycan ailəsində
problem olaraq qalır. Xüsusən, xaricə
övladlığa verilən uşaqların taleyi ilə
bağlı sonradan hər hansı məlumat almaq
mümkün olmur. Bu problemin qarşısını almaq məqsədi
ilə ölkə Prezidentinin fərmanı ilə AQUPDK-yə
əlavə səlahiyyətlər verilib. Ölkələrarası
övladlığa götürmə ilə bağlı məsələlər
və “Ölkələrarası övladlığa
götürmə və əməkdaşlıq haqqında”
Haaqa Konvensiyası üzrə mərkəzi orqan qismində
çıxış etmək Komitəyə
tapşırılıb. Fərmanın icrası məqsədilə
beynəlxalq təcrübə nəzərə alınmaqla,
“Ölkələrarası övladlığa götürmə
ilə bağlı əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə hüquqi yardım göstərən
orqanların akkreditasiyası Qaydaları” hazırlanıb. Komitə
ailə münasibətlərinin, qəyyumluq və himayə,
uşaq hüquqlarının təmin edilməsi, o cümlədən,
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi ilə bağlı məsələlərdə
dövlət idarəetməsinin və tənzimlənməsinin
təkmilləşdirilməsi məqsədilə təkliflər
hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Həmin təkliflər
normativ hüquqi aktı, habelə, həmin əlavə və
dəyişikliklərlə bağlı digər normativ
hüquqi aktları əhatə edir.
De-institusionalizasiya
sahəsində də
proses sürətlə
gedir. Beynəlxalq təcrübənin öyrənilməsi, ondan
yararlanaraq ailəyə
dəstək və bu tipli digər
müəssisələrin nümunəvi
əsasnaməsi hazırlanır.
Prezident İlham
Əliyevin Fərmanına
əsasən, Komitə
müvafiq Saziş çərçivəsində ABŞ-nın “Save the children” təşkilatı
tərəfindən yaradılmış
Şüvəlan və
Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərini
Azərbaycan Hökuməti
adından təhvil alıb. Qeyd edək ki, mərkəzlər de-institusionalizasiya
sahəsində fəaliyyət
göstərən ilk müəssisələrdir.
Dövlət və uşaqlar
2009-cu il ölkəmizdə
“Uşaq ili” elan olunub. Prezident İlham Əliyevin bununla
bağlı ötən il imzaladığı Sərəncam əsasında
artıq bir sıra qurumlar proqram tərtib edib. Azərbaycanda
uşaqlarla bağlı fəaliyyət göstərən
dövlət qurumlarının, yerli QHT-lər və beynəlxalq
təşkilatların fəaliyyətlərini əlaqələndirmək
məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin, həmçinin, bu
qurumun nəzdində fəaliyyət göstərən
Uşaqlarla İş üzrə Respublika Koordinasiya
Şurasının üzərinə xüsusi vəzifələr
düşüb. Uşaqlarla bağlı bir sıra problemlər,
xüsusən, uşaqların ailələrindən
uzaqlaşması, dövlət müəssisələrinə
düşmə səbəbləri, bunun
qarşısının alınma mexanizmləri istiqamətində
iş davam etdirilir. Valideyn məsuliyyətini artıran qanun
layihəsi hazırlanır. İnternat tipli dövlət
uşaq müəssisələrinin əsasnaməsi yenidən
nəzərdən keçirilir. Yuvenal ədliyyənin
inkişafı, Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
komissiyaları haqqında qanunvericiliyə dair təkliflər
də hazırlanır.
İstər AQUPDK, istərsə
də ailə və uşaq problemləri ilə sıx əlaqəli
olan qurumlar qanunvericilik və digər sahələrdə ilin,
sözün əsl mənasında, “uşaq ili” kimi
yaddaşlarda qalmasına çalışır.
RUHİYYƏ
Yeni Azərbaycan.- 2009.- 2 aprel.- S.3.