Muğam
gözəlliyin və məhəbbətin
rəmzidir
Bakıda
keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam
Festivalı dünyanın musiqi sənətinə və elminə
böyük töhfə oldu
Mart baharın gəlişi
və Novruz bayramı baxımından xalqımızın
yaddaşında əbədi və özünəməxsus
yer tutur. Lakin ölkəmizdə reallaşan daha bir əlamətdar
hadisə ilə bağlı mart ayı dünya musiqi ictimaiyyətinin
yaddaşına yeni iz saldı. Martın 18-dən başlayaraq
Bakıda keçirilən səkkiz günlük “Muğam aləmi”
Beynəlxalq Muğam Festivalı dünyanın musiqi sənətinə
və elminə böyük töhfə oldu. Bu hadisəni Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da yüksək
dəyərləndirdi: “Muğam sənətinə həsr
olunmuş və belə yüksək səviyyədə
keçirilən beynəlxalq simpozium muğamın təkcə
Azərbaycanın mədəniyyəti və elmi
üçün yox, dünya musiqi tarixi üçün nə
qədər dəyərli, nə qədər maraqlı
olduğunun göstəricisidir”.
Milli sərvətimiz, mənəvi
dəyərlərimizin daşıyıcısı və
etnosumuzun ən mükəmməl səlnaməsi olan
muğamın təbliği sahəsində Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın
başladığı işlərin bəhrəsi olaraq bu tədbir
mədəniyyətlərarası dialoqa çevrildi. Beynəlxalq
Elmi Simpoziumda və Beynəlxalq Muğam müsabiqəsində
İran, Suriya, İraq, Mərakeş, Özbəkistan,
Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, Almaniya və digər
ölkələrin təmsilçilərinin, həmçinin,
Beynəlxalq Musiqi Şurasının muğam bölməsində
bu janrın təhlili, təbliği ilə məşğul
olan məşhur alimlərin bir araya gəldiyi Bakı, eyni
zamanda, muğam sənətinin tarixində yeni bir mərhələnin
başlanğıcının yazıldığı məkana
çevrildi. Bəşəri mədəniyyət proqramı
bütün dünyanın ən məhşur alimləri tərəfindən
bəyənildi və təsdiq edildi.
Onu da qeyd etmək
lazımdır ki, Azərbaycan xalqının
yaranışını, onun soy-kök və inkişaf tarixini
özündə əks etdirən muğam sənətinə
bu səviyyədə diqqət azərbaycanşünaslıq
elminə ən böyük töhfə olmaqla yanaşı,
dünya musiqi elmi üçün də geniş perspektivlər
açdı. Bu da səbəbsiz deyil. Məsələ
burasındadır ki, muğamın elmi baxımdan
açımı həmişə bir pünhanlıq ehtiva etsə
də, son illər onun sirli və sehirli, mürəkkəb
quruluşu araşdırmaçıların ciddi
marağına səbəb olub. Tarixi mənbələrdə
göstərilir ki, musiqişünaslar, ədəbiyyatşünaslar,
tarixçilər, qədim yunan və orta əsr filosofları
Şərqdə inkişaf edən bu unikal sənətin sirlərini,
muğamların bəşərin inkişafında rolunu və
gərəkliyini daha dərindən öyrənmək
üçün çoxlu araşdırmalar aparıblar.
Bəşəriyyətin ölməz musiqisi-muğam
Mütəxəssislərin
gəldiyi qənaət budur ki, muğam sadəcə, ənənəvi
musiqi deyil, həmçinin, milli və beynəlmiləl təfəkkür
tərzidir. İnsanı kamilləşdirən, zəka və
idraka qida verən bu musiqi insanla təbiət arasında
harmonik müvazinəti tənzimləməklə
yanaşı, bəşəriyyətin mənəvi dəyərlərinin
inkişafında mühüm rol oynayıb. İnsanlıq
tarixini araşdıranların qənaətincə bir zamanlar bəşəriyyətin
sahib olduğu vahid mədəniyyətin mövcudluğu
danılmazdır. Azərbaycan türklərinin
yaşadığı ərazilərdə yaranıb
formalaşmış muğam isə bu mədəniyyətin
qayəsini təşkil edib. Hətta son illər aparılan
araşdırmalar nəticəsində sübut olunub ki,
muğamın yaranması və inkişafı əvvəllər
güman edildiyi kimi Sasanilər, Midiya və Şumer
dövrü ilə yox, daha qədim dövrlərlə
bağlıdır. Çağdaş dövrümüzdə
muğamlar tar, kamança, ud, balaban, ney, saz kimi musiqi alətlərində
çalındığı kimi, qədim dövrlərdə
də tənbur, çəng, nüzhə, müğni, setar,
çartar, pənctar və başqalarında ifa edilərmiş.
Muğamın ifa edildiyi qədim musiqi alətlərindən
biri olan sazın rəsmlərinə Qobustan qayalarında rast gəlinməsi
mütəxəssislərin nəticələrini əsaslı
şəkildə isbatlayır. Qobustan qayaüstü rəsmlərində
saz alətini ifa edən aşıq, eyni zamanda, saz
çalanlar ansamblı öz əksini tapıb. Qədim saz
ifaçılarının “Şur”, “Segah”, “Rast”,
“Bayatı-İsfahan”, “Əbu-Əta”, “Neyriz-Kəbir”,
“Çoban-Bayatı” muğamlarını ifa etdikləri
artıq isbatlanıb. Bu isə Azərbaycan musiqisi arasında
xüsusi yer tutan muğamların yaşına, yaranış
və formalaşma tarixinə aid ən gözəl
sübutdur.
Tarix öz sirlərini
zamanı gəldikcə bəşəriyyətə töhfə
edir. Keçmiş bəşər mədəniyyətini
araşdıranlar bütün insanların bir mənşədən,
bütün dillərin və dinlərin bir kökdən qaynaqlandığını
israr edirlər. Yenidən həmin mədəniyyətə
sahib olmaq, yenidən bütün insanları
qardaşlaşdırmaq, bəşəriyyətin səcdə
qıldığı bir mədəniyyət yaratmaq
üçün yollar arayan zəka sahibləri isə istinad
nöqtəsi kimi muğamı götürüblər. Öz
ruhunun əlçatmaz bakirəliyində bəşəriyyətin
ən mübhəm duyğularını dilə gətirmək
və Yer kürəsini cənnətə çevirmək
qüdrətinə malik bu ilahi musiqinin sirləri
insanlığı xilas edəcək. Dünya şöhrətli
muğam ustası Alim Qasımov söhbətlərində qeyd
edir ki, dəfələrlə Avropanın konsert salonlarında
muğam ifa edərkən dinləyicilərin göz
yaşlarını saxlaya bilmədiklərinin şahidi olub. İnsanlar
bu musiqini dinləyəndə niyə
ağladıqlarını anlaya bilmirlər.
Muğamı öyrənməyə
çalışan elmin məqsədi gələcək
inkişaf yolunu düzgün müəyyənləşdirməkdən
ibarətdir. Bu isə qloballaşmadan qaça bilməyən
dünyada Azərbaycan mədəniyyətinin özünəməxsus
yeri olacağını söyləməyə əsas verir. Çünki
musiqi mədəniyyətimizin elə bir janrı yoxdur ki, orada
muğamın təsiri hiss olunmasın. Balet, opera, estrada,
mahnı janrı, caz musiqisi muğamın sintezindən
yaranıb, onun süzgəcindən keçib. Təsadüfi
deyil ki, Şərqin ilk operası olan və ötən il təntənəli
şəkildə YUNESKO çərçivəsində 100
illiyi qeyd olunan “Leyli və Məcnun” əsərini yaratmaqla
Üzeyir Hacıbəyov muğamı opera teatrı səhnəsinə
gətirib. Muğam prinsiplərinin əsasında musiqi bəstələmək
qaydalarını aşkar edən azərbaycanlı bəstəkar
bununla da dünya musiqiçilərinə yeni cığır
açmış olub. Həmin cığır isə bəşəriyyətin
yenidən vahid mədəniyyətə sahib olacağı məqama
aparan yolu göstərmiş oldu. Daha sonra Fikrət Əmirovun,
Niyazinin, Qara Qarayevin simfonik muğamları dünya musiqi xəzinəsinin
qiymətli incilərinə çevrildi.
Muğ tayfalarının muğamı-Azərbaycanın
sevgi və barış ideologiyası
Azərbaycan
xalqının qədim etnik soy-kökündə
özünüməxsus yer tutan tayfaların adının həm
də qədim musiqi janrı-muğamda öz əksini
tapması xalqımızın malik olduğu bu xəzinənin
qiyməti haqqında ilk andaca lazımi təsəvvür
yaradır. Tarixi faktlar sübut edir ki, Muğ-mağ kahinləri
dövlətin idarə olunmasında, elmdə, incəsənətdə,
təbabətdə, musiqi sənətində mahir istedada malik
insanlar olublar. Onların, eyni zamanda, çox qədim tarixə
malik olmaqla yanaşı, ilk səmavi allahların
yaradıcıları olduqları da isbatlanıb. Dünya tibb
elminin insan qəlbinə nüfuz edən musiqi ilə xəstələri
müalicə etməyin, hətta cərrahi əməliyyat
aparmağın mümkünlüyünün isbatına
qalxması muğ kahinlərinin belə qabiliyyətə malik
olmaları haqda nəticələri təsdiqləmiş olur. Və
musiqişünas alimlərin yekdil qənaəti budur ki,
müalicə üçün istifadə edilən musiqi məhz
kahinlərin allahlarla təmasında körpü rolunu oynayan
muğam olub. Muğam havalarının Muğanla bağlı
olması görkəmli filosof-şair Nizami Gəncəvinin
“İqbalnamə” əsərində də öz əksini
tapıb: “Müğənni, qədim bir hava çal,
muğlar kimi bir muğan havası çal”.
İskəndərin
yeddi filosofla xəlvətə çəkilməsi səhnəsində
şairin yenə də muğam havasına işarə edərək
onu qədim hava adlandırması bu fikri bir daha təsdiq edir. Muğam
qədim tarixi və mədəniyyəti olan
xalqımızın öz keçmişini, qədim adət-ənənələrini,
təsərrüfat həyatını, məişətini,
qonşu xalqlarla əlaqə və münasibətini, mənsub
olduğu xalqın təfəkkürünün bəsitdən
mürəkkəbə doğru inkişafını hərtərəfli
öyrənmək üçün aparılan
araşdırmalarda ən gözəl vasitə rolunu oynaya bilər.
Çünki bütün bu məqamlar
muğamlarımızda, onların adında öz əksini
tapıb və tarixi izlərini yaşadır. Azərbaycanın
toponimləri, onların əsas qanunauyğunluqları, prinsipləri,
formalaşma yolları, xalqımızın etnoqrafiyası,
milli təfəkkürü, tarixi coğrafiyası ilə
bağlı tam təsəvvür yaratmağa əsas verən
muğamlarda bəşəriyyətin formalaşması sirri hələ
də özünü qoruyub saxlayır.
Bir sözlə, bəşəriyyətin
qeyri-maddi irsinin inciləri siyahısına düşən
muğam sivilizasiyaların qovuşduğu bir məkanda-Azərbaycanda
əsrlər boyu formalaşaraq həm də bütün mədəniyyətimizin
kökünü təşkil edib. Təsadüfi deyil ki, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Beynəlxalq
Muğam Festivalının açılışındakı
çıxışında xüsusi olaraq qeyd edib ki, zəngin
mədəniyyətimizin və tariximizin gözəl incilərindən
biri olan muğam sənəti bizim milli sərvətimizdir:
“Muğam Azərbaycan xalqına xas olan ən gözəl
xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa,
köklərə bağlılıq, vətənpərvərlik,
milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik-bütün bu hisslər muğam fəlsəfəsinin
əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin
və məhəbbətin rəmzidir, yanılmaram”.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2009.- 2 aprel.- S.2.