Ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək olmaz

 

Azərbaycan xalq musiqisinin qüdrətli bir şaxəsi olan muğamın bütün formaları xalq arasında eyni dərəcədə populyardır və eyni dərəcədə sevilir

“Muğam Azərbaycanın milli sərvətidir”. Prezident İlham Əliyev bu sözləri “Muğam dünyası” Beynəlxalq festivalın açılış mərasimində deyib. Doğrudan da, ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək çətindir. Azərbaycan xalq musiqisinin qüdrətli şaxəsi olan muğamın bütün formaları - “Rast”, “Şur” və “Segah”, “Qatar” və “Bayatı Kür”, “Heyratı”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” və s. xalq arasında eyni dərəcədə populyardır və eyni dərəcədə sevilir. Lakin sənətşünaslar, muğam biliciləri hesab edirlər ki, “Segah”, onun müxtəlif variantları bizim milli ruhumuza daha yaxındır. Yəqin ki, bunu deyənlər haqlıdırlar.

Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan hər hansı muğamı diqqətlə dinləyin, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqa şairlərin qəzəllərinin mənası üzərində düşünün... Sizə elə gəlmirmi ki, bu musiqini dinlədikcə sehrli bir aləmə dalırsınız, keçirdiyiniz hisslər həmin muğamın musiqi obrazlarına uyğun gəlir? Əgər belə deyilsə, deməli, bu, sizin muğamınız deyil. Siz öz muğamınızı axtarın və hökmən onu tapacaqsınız.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, milli mədəniyyətimizin və xalq sənətinin, o cümlədən, Şərqin ən qiymətli incisi sayılan muğamın qorunub saxlanmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan Mehriban xanım Əliyeva muğam barədə fikirlərini təxminən bu şəkildə ifadə edib.

Muğam hər bir azərbaycanlının həyatına az qala doğulduğu andan daxil olur. Bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza uyğun gəlir. O, həmişə yerinə düşür-kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Bəli, muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət etmiş, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olmuşdur. Muğamın ən yaxşı ifaçılarının və bilicilərinin fikirlərini xatırlayaq.

Vaxtilə Azərbaycanda ən tanınmış muğam ifaçılarından olan Seyid Şuşinski muğamı bütöv bir ümmana bənzədirdi. Xan Şuşinskinin fikrincə, muğam yaralı ürəklərin məlhəmi, insanlara təsəlli verən, onları ruhən yüngülləşdirən bir sənətdir. Həqiqətən, bu böyük sənətkarların ifasında səslənən muğam məhz belə təsirə malik idi. Xalqımızın əhval-ruhiyyəsini, onun xarakterini ifadə edən ecazkar muğam melodiyalarını dinlədikcə insan sanki saflaşır, qürur hissi keçirir. Təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyevin dediyi kimi, musiqimizin Quranı olan muğam Avropa və Amerikada özünə yüzlərlə, minlərlə pərəstişkar tapmışdır. Azərbaycan muğamlarının bənzərsiz ifaçısı Alim Qasımovun xarici ölkələrdəki çıxışlarının necə qəbul edilməsi buna əyani sübutdur.

Vaxtilə bəstəkar Əfrasiyab Bədəlbəyli tamamilə haqlı olaraq muğamatı Azərbaycan musiqi dilinin lüğət fondu, musiqimizin təməli kimi səciyyələndirmişdir. Dahi Üzeyir Hacıbəyli Şərqdə ilk opera olan “Leyli və Məcnun”u məhz muğam əsasında yazıb. Sonrakı dövrdə Azərbaycan bəstəkarları xalqımızın milli musiqi xəzinəsini dərin məzmunlu, bənzərsiz melodiyaları ilə seçilən əsərlərlə zənginləşdiriblər. Niyazinin “Rast”, Fikrət Əmirovun sözün həqiqi mənasında sensasiyaya çevrilmiş “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı Şiraz” əsərləri o vaxta qədər mövcud olmayan simfonik muğam janrının ilk nümunələri kimi bütün musiqi dünyasını heyran edib. Sonralar Süleyman Ələsgərovun “Bayatı Şiraz”, Vasif Adıgözəlovun “Segah”, Tofiq Bakıxanovun “Nəva”, “Humayun” və başqa əsərləri yaranıb. Xalq çalğı alətləri orkestri və simfonik orkestr, arfa, orqan və fortepiano üçün yazılmış əsərlər arasında Asəf Zeynallının “Çahargah” simfoniyası, Aqşin Əlizadənin “Muğam melodiyaları”, Fərəc Qarayevin “Xütbə, muğam və surə” kimi orijinal bəstələri xüsusi yer tutur. Firəngiz Əlizadənin vətən və xalq məhəbbəti duyğuları ilə dolu “Habilsayağı”, “Muğamsayağı”, “Azərbaycan pastoralı” və başqa əsərləri xüsusi qeyd edilməlidir. Bəstəkar bu əsərlərdə xalqımızın milli cizgilərini təcəssüm etdirməyə, muğamı müasir bəstəkarlıq texnikası ilə əlaqələndirməyə nail olub. Yəqin elə buna görədir ki, dünyanın ən yaxşı musiqiçiləri Firəngiz Əlizadənin əsərlərini dinləyicilərə şövqlə təqdim edir, məhz bu səbəbdən onun musiqisi bütün ölkələrdə böyük maraqla qarşılanır. Firəngiz xanım özü muğamı Azərbaycanın genetik kodu, ümumbəşəri irs adlandırıb.

Elə buna görə də, muğam ilə cazın sintezi ilk dəfə ölkəmizdə həyata keçirilib. Bu işin təməlini Azərbaycanın istedadlı cazmeni Vaqif Mustafazadə qoyub, sonra isə Rafiq Babayev, Əzizə Mustafazadə, Şahin Növrəsli bu ənənələri çox uğurla davam etdirərək özlərinin muğam-caz improvizələri ilə məşhurlaşıblar.

Son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli artmışdır, bu ölkələrdə muğamı çox yüksək səviyyədə qəbul edirlər. Görünür, bu fakt onunla izah edilməlidir ki, qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf etmiş, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilib. Elə buna görə də, 2003-cü ildə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilib. Bu hadisə, ilk növbədə, bizim özümüzün muğam sənətinə münasibətimizi dəyişməyə əsas verib, başa düşmüşük ki, muğam sənətinin əhatə dairəsi yerli mədəniyyət hüdudlarından çox-çox genişdir. Lakin onu da deməliyik ki, dövlətimizin, şəxsən Prezidentin, eləcə də, ölkəmizin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu kimi nüfuzlu ictimai təşkilatların dəstəyi olmasaydı, muğam irsinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş ciddi, geniş əhatəli tədbirlər görülməsəydi, bunlar bəlkə də baş tutmazdı. Heç də təsadüfi deyil ki, birinci Beynəlxalq “Muğam dünyası” festivalı məhz Azərbaycan paytaxtında, haqlı olaraq, İslam mədəniyyəti paytaxtı seçilmiş Bakıda keçirildi.

Muğam biliciləri bu festivala toplaşaraq incəsənətin çox özünəməxsus bir növü barədə fikir mübadiləsi edib, muğamın qorunub saxlanması və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Azərbaycanda bu sahədə görülmüş işlər muğama marağı xeyli artırıb, muğamın sirlərinə yiyələnmək istəyənlərin sayı qat-qat çoxalıb. Bu, zəruridir, çünki muğamı Azərbaycan xalqının fəlsəfi yaddaşında donub qalmış səslər kimi təsəvvür etmək olmaz, muğam daim dialektik inkişafdadır.

Məlumdur ki, muğamı necə qavramağımız xeyli dərəcədə onun necə ifa edilməsindən asılıdır. Lakin muğam repertuarında elə melodiyalar var ki, onlar özünəməxsus musiqi formasına malikdirlər. Təsniflər, rənglər buna misal ola bilər. Üzeyir Hacıbəyli bu formaları ifaçıların bəstəkarlıq yaradıcılığı sahəsini təşkil edən melodiyalar kateqoriyasına aid edirdi. Bu gün də ifa edilən təsniflərin çoxu XX əsrin Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Hacıbaba Hüseynov, Arif Babayev, İslam Rzayev, Əlibaba Məmmədov kimi görkəmli xanəndələrinin yaradıcılığının bəhrəsidir. Ötən əsrin görkəmli tarzənləri Əhməd Bakıxanov, Mənsur Mənsurov, Bəhram Mənsurov, Əhsən Dadaşov, Hacı Məmmədov, Kamil Əhmədov və başqalarının repertuarı klassik muğam nümunələrindən ibarət idi.
Əlbəttə, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır. Burada səsin gözəlliyi çox vacib amildir. Yaxşı deyiblər ki, muğamda dinləyicini ovsunlayan birinci amil ifaçının gözəl səsidir. Ruhu oxşayan ifa dinləyicinin qəlbində ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır...

Yuxarıda qeyd etdik ki, muğam müsəlman mədəniyyəti fenomeni kimi xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən yəqin ki, muğamın fəlsəfi əsasını da Quranda axtarmaq lazımdır. Qurana görə hər bir yaradıcılıq bu və ya digər əsərin müəllifinin mənəvi səviyyəsini əks etdirir. Deməli, musiqidə də yalnız ülvi hisslərlə yaşayan insan bu duyğuları ifadə etməyə, onları dinləyiciyə çatdırmağa, onu kamilləşdirməyə qabildir.

Beynəlxalq “Muğam dünyası” festivalı çərçivəsində muğama həsr edilmiş elmi simpoziumda xor sənəti məsələsinə də toxunulub. Xanəndələr çox güclü səsə, virtuoz ifa texnikasına, bəstəkar təfəkkürünə malik olan peşəkar muğam ifaçılarıdır, lakin kollektiv ifa onları da özünə cəlb edir. Dünya musiqi mədəniyyətində yeni janr olan xor muğamlarının yaranmasının şahidi olmuşuq. Xorun ifasında muğam ilk dəfə dahi Üzeyir Hacıbəylinin davamçısı bəstəkar Cahangir Cahangirovun “Azad” operasında səslənib. Bu operada xor “Çahargah” ifa edir. Sonra Nazim Əliverdibəyovun xor üçün “Bayatı Şiraz” əsəri, daha sonra Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası yaranıb. Bu oratoriyanın nadirliyi bundadır ki, onun əsasını təşkil edən ritmik muğam əvvəllər heç vaxt vokal-simfonik, xor ifasında istifadə edilməyib.

Bizim bəstəkarlar və şairlər üçün tükənməz ilham mənbəyi olan muğam təsviri sənət ustalarına da ruh verir. Ən yaxşı rəssamlarımız muğam mövzusuna müraciət edib. Məsələn, Toğrul Nərimanbəyovun “Muğam” tablosu bu rəssama dünya şöhrəti qazandırıb.

Təbii ki, muğamın əhəmiyyəti bizim burada söylədiklərimizdən qat-qat artıqdır. Axı, muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Mehriban xanım Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

 

 

Yeni Azərbaycan.- 2009.- 3 aprel.- S.3.