Muğam köklərə bağlılıq, milli ləyaqət hissi və emosional zənginlik...

 

Şərq xalqlarının mədəni həyatında mühüm əhəmiyyət kəsb edən, onların mənəvi dünyasının formalaşmasında müstəsna rolu olan muğam sənəti əsrlər boyu olduğu kimi müasir dövrümüzdə də dünya musiqişünaslarının, sənətsevərlərinin diqqət mərkəzindədir. Belə ki, qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu gün də əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilən muğam bir sənət, elm olaraq daha çox Azərbaycanda inkişaf edib. Bu qənaətə gəlməyə muğama yönələn dövlət qayğısı, bu sənətin qorunub saxlanılması və inkişaf etdirilməsi, dünya miqyasında Azərbaycanın milli irsinin incisi kimi tanınması yönündə görülən irimiqyaslı layihələr söyləməyə əsas verir.

Geridə qoyduğumuz ötən ayın bir həftəsi Azərbaycanın mədəniyyət tarixinə əsl muğam bayramı kimi həkk oldu. “Muğam aləmi” adlı möhtəşəm beynəlxalq festivalının keçirilməsi əslində, Azərbaycan mədəniyyətinə, xüsusilə də, muğam sənətinə verilən ən böyük qiymət və əvəzsiz töhfənin təzahürü idi. Sözügedən festival çərçivəsində muğam sənətinin elmi dərinliklərinə varılması, eyniadlı simpoziumun keçirilməsini də nəzərə alsaq, bu töhfənin mahiyyətinin böyüklüyünün şahidi olarıq. Üç gün ərzində işini davam etdirən elmi simpoziumda Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrindən gələn muğam tədqiqatçılarının məruzələri dinlənildi. Muğam sənətinin tarixində yeni, mühüm bir mərhələ olan simpozium muğamın qorunması və inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrinin möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirildi.

Öz möhtəşəmliyi ilə yerli sakinlərin, xüsusilə də, ölkəmizə təşrif buyuran əcnəbi qonaqların heyranlığına səbəb olan layihənin təşkilatçısı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın nitqində vurğuladığı kimi: “Muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına çevriləcəkdir. Eyni zamanda, muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunun göstəricisidir. Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik...

...Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm. Bildiyiniz kimi, 2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıbdır. Bizim üçün muğam sənətinin tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır”.

 

Gözəllik və məhəbbət rəmzi olan muğamın yüksəlişi

 

Beynəlxalq muğam festivalı çərçivəsində reallaşan milli musiqimizin zənginliyinə həsr olunan simpoziumun mahiyyəti və nəticələrini yüksək dəyərləndirən alimlərdən biri də akademik Vasim Məmmədəliyevdir. Simpoziumda bilavasitə iştirak edən AMEA-nın həqiqi üzvü, BDU-nun İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev layihə haqqında fikirlərini belə ifadə etdi: “Muğam sənətinə həsr olunan Beynəlxalq simpozium Şərq musiqisinin, o cümlədən Azərbaycan muğamlarının nəzəri cəhətdən öyrənilməsi, Şərq xalqlarının muğamlarının bir-birilə kəsişən və ayrılan cəhətlərinin tədqiqi nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik idi. Azərbaycan xalqının muğamı Şərq xalqlarının muğamları içərisində özünəməxsus bir yer tutduğu kimi, Azərbaycanda muğam sənətinə böyük əhəmiyyət verildiyi kimi bu, bütövlükdə Azərbaycanın öz muğamına sahib çıxması idi. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu sənətin inkişafında çox böyük xidməti var. Təbii olaraq muğam Azərbaycan tarixində hər zaman olub və olacaq. Amma fərqlilik muğamın inkişaf mərhələsindədir. Məhz Mehriban xanım Əliyeva müasir dövrümüzdə muğamı toyxana, mağar səviyyəsindən, kiçik konsert salonları səviyyəsindən çıxarıb YUNESKO səviyyəsinə qaldırdı. Muğamı Avropanın möhtəşəm konsert salonları səviyyəsinə yüksəltdi. Muğama layiq olduğu beynəlxalq statusu verdi. Fransanın, Amerikanın, Almaniyanın, o cümlədən, dünyanın aparıcı ölkələrinin möhtəşəm konsert salonlarında səslənməsinə zəmin yaratdı. Əslində, Azərbaycan muğamı dünyanın hər bir ölkəsinə məlum idi. Fikrət Əmirovun, Niyazinin əsərləri görkəmli dirijorların müşayyətilə peşəkar orkestrlər tərəfindən ifa olunurdu. Amma muğam üçlüyünün, Azərbaycan Xalq Çalğı Alətləri Ansamblının Avropanın böyük konsert salonlarındakı uğurlu çıxışları yenə də Mehriban xanım Əliyevanın muğamın ehyası sahəsində göstərdiyi ən böyük xidmətdir. Muğamla bağlı beynəlxalq simpoziuma gəlincə, Şərq xalqlarının muğamının oxşar və mənfi cəhətlərinin öyrənilməsi, muğamı olan hər bir xalqın öz mənəviyyatını, musiqi duyumunu bu sənət növünə hopdurması və əks etdirməsi görkəmli alimlər tərəfindən geniş miqyasda tədqiq olundu. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bizlər millətinə və ənənəsinə sahiblənən millət, vətəninə sadiq vətəndaş olaraq dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən milli -mənəvi dəyərlərə qayıdış siyasətinə dəstək olmalıyıq. Ötən illər ərzində keçirilən Respublika Muğam Müsabiqələrində nə qədər istedadlı gənclər üzə çıxdı. İctimaiyyət olaraq ölkəmizin birinci xanımı Mehriban Əliyevanın muğama göstərdiyi qayğının nəticəsi kimi bu istedadlı gənclərin inkişaf etdirilməsi, sənətkar kimi püxtələşməsi üçün çalışmalıyıq. Bu yöndə sənətkarlar da öz köməklərini daha da artırmalıdırlar. Zənnimcə, yalnız bu şəkildə dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın müsbətyönlü xidmətlərinə layiqli cavab verə bilərik. Bir arzum var ki, son illər muğama qayğının artması nəticəsində bu sənət növü dəbə düşüb deyə hər yerindən duran muğama axın etməsin. Muğam sahəsində məşhurlaşmaq çətin məsələdir. Arzum budur ki, bu sahədə yalnız istedadlılar irəli çəkilərək, zəhmətləri qiymətləndirilsin”.

Muğam bayramı ilə bağlı təəssüratlarını bölüşən Xalq artisti Mənsum İbrahimov isə dünyada ilk dəfə olaraq keçirilən muğam festivalının məhz Azərbaycanda reallaşmasının qürurverici olduğunu söylədi: “Muğam festivalı çərçivəsində Azərbaycanın əsas yeddi muğamı oxundu. Gələn əcnəbi ifaçıların iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində konsertlər verildi. Özümü xoşbəxt sanıram ki, martın 21-i bayram axşamı ana muğamı - “Rast”ı mən ifa etdim. Festivalın maraqlı tərəfi ondan ibarət idi ki, dünyanın hər bir yanından olan muğam ifaçıları ilə bir araya gəldik. Digər xalqların da muğamları, musiqiləri və musiqiçiləri ilə daha yaxından tanış olmaq imkanı qazandıq. Nəticədə təsdiq olundu ki, Azərbaycanın muğamı, musiqisi dünyada ən zəngin musiqidir. Hamısından üstün və təkmilləşmiş formadadır. Ona görə də, Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan ifaçısı Təyyar Bayramov 11 ölkədən olan iştirakçı arasından seçilərək baş mukafat - Qran Priyə layiq görüldü. Bu Azərbaycan xalqının, muğamının, bu sənətin ustadlarının uğuru idi. Təyyar Bayramovun tələbəm olması isə mənə ikiqat sevinc yaşatdı. Digər tərəfdən, nəzərə alsaq ki, ölkəmizə 11 ölkədən qatılan iştirakçı və qonaqlar ilə yanaşı, çoxsaylı əcnəbi mediya nümayəndələri də gəlmişdi, bu layihə Azərbaycan muğamını dünyaya tanıtmaq baxımından çox önəmli hadisə idi. Bu sayədə qonaqlar həm dövlətimiz, həm də mədəniyyətimiz, ümumilikdə, Azərbaycan haqqında məlumatlar əldə etdilər. Beynəlxalq Muğam Mərkəzini gördükdə təəccüblənənlər də az olmadı. Bu bizlər üçün qürurvericidir. Şəxsən öz adımdan ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, dövlət tərəfindən Azərbaycan mədəniyyəti, muğam sənəti üçün belə tarixi işlər görülüb. Beynəlxalq festival və simpoziumun bu qədər möhtəşəm şəkildə həyata keçməsində müxtəlif aidiyyatı qurumların xidmətləri danılmaz və təqdirəlayiqdir. Amma bu işdə ən böyük öhdəlik və ağırlıq Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondlarının çiyinləri üzərinə düşüb. Dövlətimizin öhdəliyə götürdüyü məsuliyyətli layihəni yüksək səviyyədə, layiqincə həyata keçirməsi bizləri çox sevindirir. Şəxsən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində muğam sənəti yeni ömür yolunu, inkişaf etmiş mərhələsini yaşayır. Mehriban xanım Əliyevanın təşəbbüsləri hesabına muğama olan maraq artıb, insanların, xüsusilə də, gənc nəslin yanaşması yaxşılığa doğru dəyişib. Bildiyiniz kimi, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən muğama həsr olunan bir neçə irimiqyaslı layihələr həyata keçirilib. Bunların sırasına Muğam televiziya müsabiqələrinin təşkil olunması, “Qarabağ xanəndələri” musiqi albomunun çıxarılması, “Muğam” jurnalının nəşr olunması və “Muğam ensiklopediyası”nın dərc olunması daxildir.

Bildiyiniz kimi, “Muğam aləmi” beynəlxalq festival və simpozium hər iki ildən bir keçiriləcək. Ümid edirəm ki, növbəti festivalda daha çox iştirakçı ölkə olacaq. Ölkələrin çoxluğu Azərbaycanın uğuru və inkişafının əyani şahidlərinin çoxluğu deməkdir. Azərbaycanın inkişafı, insanların rifah halının yaxşılaşdırılması, sənətkarlara dövlət qayğısı, bunlar qürur hissi verən gözəl göstəricilərdir”.

 

 

Turanə QADİR

 

Yeni Azərbaycan.- 2009.- 7 aprel.- S.3.