Çingiz
Abdullayev-50
Çingiz
Abdullayev: Mən detektiv
janrını sevmirəm
1959-cu ildə Bakı
şəhərində anadan olub. Hüquq elmləri doktoru,
Xalq yazıçısı, AYB-nin katibdir. Dünya
şöhrətli yazıçının əsərləri
16 dilə tərcümə edilib və 23 ölkədə, o
cümlədən, MDB ölkələrində, ABŞ, Fransa,
İsveç, Türkiyə, Bolqarıstan, İsraildə
ümumi tirajı 20 milyon nüsxə ilə kitabları nəşr
edilib.
Ötən əsrin son
illərinə yaxın bir tarixdən başlayaraq, dünya
detektiv ədəbiyyatı öz inkişafının yeni mərhələsinə
qədəm qoydu. Klassik detektivin digər ədəbi janrlarla
sintezindən qaynaqlanan və yeni yaranan-siyasi detektiv janrı
şöhrət qazanmağa başladı. Amerikanın ən
nüfuzlu ədəbi jurnalları soydaşımız olan
yazıçını yeni yaranmış siyasi detektiv
janrının banisi elan etdi. Həmyerlimiz cənub-şərqi
Asiyadan tutmuş Latın Amerikasınacan bütün
dünyanı əhatə edən “Mavi mələklər”
romanını yazmaqla dünya detektiv ədəbiyyatında
yeni, “qlobal siyasi detektiv” janrının əsasını qoydu
və bütün dünyada bu janrın klassiki kimi
şöhrət qazandı.
“Cəhənnəmdən
keçid”, “Geri dönməmək”, “Öz dünyanı
yarat”, “İnanılmaz qətl”, “Atlantika üzərində
ölüm”, “Xammurapinin məcəlləsi”, “Unudulmuş
yuxu”, “Yalnız özününkülər”,
“Professionalların oyunları”, “Professionalların
qaydaları”, “Günəş altında zülmət” kimi
casus, “Döyüşçünün yolu”, “Məhkumların
cənnəti”, “Eramızın əvvəlindəki sui-qəsd”
daha yüzlərlə roman bütün dünyanı
dolaşmağa başladı.
Müsahibimiz Xalq
yazıçısı, Əməkdar incəsənət
xadimi, dünya şöhrətli yazıçı
Çingiz Abdullayevdir.
Dronqo
- Çingiz Abdullayevin
adı çəkilən kimi onun yaratdığı
obrazlardan ilk olaraq Dronqo yada düşür...
- Dronqo quş
adıdır. Əsərdə göstərilir ki, o, əslən
bakılıdır, valideynləri hələ də bu şəhərdə
yaşayır, hətta onun Bakıdakı ünvanı da var -
Xaqani 25. Bu ünvanda Azərbaycan Yazıçılar Birliyi
yerləşir və maraqlısı odur ki, bura mütəmadi
olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir.
- Sovet şinelindən çıxdığından detektiv
janrını uzun müddət qəbul etməyən Azərbaycan
oxucusunu necə ovsunladınızsa, sizin haqqınızda rəvayətlər
danışmağa başladılar-Dronqonun Çingiz
Abdullayev olduğunu söyləyirdilər.
-Mənim qızım da
hər dəfə öz heyrətini gizlədə bilmir və
mənə “ata, bu sənsənmi” deyə suallar verir. Təbii
ki, yazıçı ideal qəhrəman fikirləşəndə
özünü yaratmaq istəyir. Məsələn, Konan-Doyl
Şerlok Holmsla öz prototipini yaradırdı. Amma obraz onun əmisi
idi. Bütün yazıçılar belə edib. Ən
çox sevdiyin qəhrəman sənin özünsən. Heç
fikir vermisinizmi Servantes bir az Don Kixota bənzəyir.
- Dronqo da sizin ideal qəhrəmanınızdırmı?
- Yox, sadəcə o diri
qəhrəmandı. Görünür bunu oxucular duyurlar.
Beş xarici ölkədə “Dronqo” klubları fəaliyyət
göstərir. Moskva kimi böyük şəhər də
daxil olmaqla dünyanın bir neçə mərkəzi şəhərində
“Dronqo” restoranı var. Mən orda nahar edərkən məndən
pul almırlar. O klubların, o restoranların hansına daxil
olsan mənim portretimi asıblar. Bunu mənə təsadüfən
bu adla qarşılaşıb maraq üçün içəri
girənlər də söyləyiblər. Həmin yerlər
“Dronqo” filmlərinin qəhrəmanlarının şəkilləri
ilə də bəzənib. Və mən
düşünürəm ki, onlara da münasibət mənimlə
eynidir.
- Bu adlı filmləridə sizin
yaradıcılığınızın məhsuludur?
- Əlbəttə. Dronqonun
fəaliyyətindən bəhs edən beş bədii filmin,
baş rolun ifaçısı İvar Kaliniş olan bir
teleserialın ssenari müəllifiyəm. Amma mən
çalışdığım filmlərdə daha bir şərt
qoyuram, film hazır olandan sonra mən razılıq verməsəm
yayımlana bilməz. Nəinki ssenarini, hətta kinonu da təsdiq
etməliyəm. Çünki özümdən deyil, ətrafdakılardan
da işinə peşəkar münasibət tələb edirəm.
Məsələn, son illərin məhsulu olan və Azərbaycan
filmləri arasında seçilən “Məhkumlar” filminin də
ssenarisi mənimdir.
Sonuncu mogikan
- Ölkəmizin elan
olunmamış müharibə aparmağa məcbur olduğu və
siyasi sabitliyin pozulduğu bir zamanda işıq üzü
görən “Mavi mələklər” detektiv romanının
müəllifini dünya ədəbiyyatında klassik detektiv
janrının sonuncu nümayəndəsi hesab edirlər...
- Mənə Moskvada da
bu fikri dedilər. Mən isə düşünürəm ki,
50 elə də böyük rəqəm deyil və ədəbiyyat
öz mövqelərini möhkəmləndirdiyi bir zamanda bu
janrın yeni nümayəndələrinin yaranmayacağını
kimsə proqnozlaşdıra bilməz. Detektiv janrının
klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert
Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi
yazıçıların yaratdığı ənənələri
klassik detektivin bütün qaydalarını dəqiqliklə
ifadə edir. Mən isə özümü onların
davamçıları hesab edirəm.
- Həm də dünya ədəbiyyatının
siyasi detektiv janrının banisi kimi qəbul olunursunuz...
- Bəlkə də bu
ondan irəli gəlirdi ki, sovet dövründə nəinki
siyasi, heç detektiv janrında yazmağa icazə vermirdilər.
İlk dəfə Lev Avalov bu janra müraciət elədi və
nəsibi üçillik həbs cəzası oldu. Onu dövlət
orqanlarının iş prinsipini açmaqda
günahlandırırdılar.
- Təkcə MDB məkanını
nəzərdə tutmurlar, dünya miqyasında bu belədir...
- Məndən əvvəl
siyasi detektivə müraciət edən olub. Amma onun
kriteriyalarının müəyyən edilməsi və tam
olaraq açılması mənim peşəmdən irəli
gəlir. Mən hüquqşünasam və xaricdə
çalışmışam. Amma hansı janrda
yazmağından asılı olmayaraq, cəmiyyətin
bütün təbəqələrində hökm sürən
ab-havanı, insanların psixologiyasını
açmağı bacarmalısan. Siyasi dedektiv isə
dünyada baş verən ictimai-siyasi hadisələr barədə
səhih informasiyalar, bir çox hallarda öz təsdiqini tapan
siyasi proqnozlar, hamının tanıdığı dövlət
xadimlərinin təsvirində heç bir komplekslərə
qapılmamağı tələb edir. Əsərin mayası
İnsan faktorudur. Konkret bir insan taleyi, bəzən qlobal əhəmiyyətli
siyasi hadisələrdən daha çox önəm
daşıyır. Hər hansı bir siyasi hadisə nə qədər
əhəmiyyətli, mühüm olsa da, insan faktoru ondan
qat-qat əhəmiyyətlidir, konkret insanların taleyini
sındırmaqla hansısa absurd ümumbəşəri səadətə,
xoşbəxtliyə nail olmaq mümkün deyil, heç bir
qlobal əhəmiyyətə malik planlar, hətta ən
“xırda” adamların da taleyini nəzərə almadan həyata
keçirilə bilməz.
- Burda təbii ki,
yazı peşəkarlığı da böyük rol
oynayır.
- Mənim necə
yazıçı olduğumu isə təbii ki, oxucular bilir. Amma
qeyd etmək istəyirəm ki, qarşıdakı 6 ildə
“Eksimo” nəşriyyatı tərəfindən əsərlərimin
150 cildliyi nəşr olunacaq. Ötən illərdə isə
kitablarımın 70 cildliyi çapdan çıxıb. Təkcə
son bir il ərzində 30 kitabım işıq üzü
görüb.
- Çox az inkişaf
etmiş bir janra müraciət etdiyiniz üçün yəqin
ki, çap olunmağınızda da problem olmayıb.
- Düzünü deyim
ki, mən detektiv janrını sevmirdim. Daha çox fantastika
oxuyurdum. Babam da, ulu babam da, əmilərim, qardaşlarım da
hüquq-mühafizə orqanlarında
çalışırdılar və mənim də ən
böyük arzum onların yolunu davam etdirmək idi. 189
saylı məktəbi bitirən kimi imtahan verdim və Bakı
Dövlət Univesitetinin Hüquq fakültəsinə daxil
oldum. Onda mənim 17 yaşım vardı. Qismət elə gətirdi
ki, mən çox məxfi-xüsusi qapalı bir təşkilata
düşdüm. Və burda çox maraqlı tale
yaşadım. Sonra xaricdəki fəaliyyətim, daha sonra
ölkədəki partiya işim də mənə yardım
etdi. Amma onu da deyim ki, Dövlət Təhlükəsizlik
Nazirliyinin kuratoru da olsam üç il kitabımın
çapına icazə vermədilər. İlk kitabım
“Yazıçı” nəşriyyatı tərəfindən
çap olundu və 30 min nüxsə iki həftə ərzində
satıldı. Roman yenidən 100 min nüxsə ilə
çap olundu və iki günə satılıb
qurtardı.
İctimai xadim
- Cəmiyyətin
dayaqları həmişə müxtəlif fərdlərin
çiynində dayanır. Bir ictimai xadim, dünya şöhrətli
yazıçı və ziyalı kimi sizin də məsuliyyətiniz
var. Qələminiz və şöhrətiniz Azərbaycan həqiqətlərinin
dünya arenasına çıxarılması məsuliyyətini
də sizin üzərinizə qoyur, desək, yanılmarıq
ki?
- Mən o məsuliyyəti
daim çiynimdə hiss edirəm. Xocalı qətliamı,
Qarabağ müharibəsi ilə bağlı yazmaq, film
çəkmək istəyirəm. Nə qədər ki, etməmişəm
bu məsuliyyət məni rahat buraxmayacaq. Amma bir məsələ
var. Siz özünüz dediniz ki, məni dünyada
tanıyır və qəbul edirlər. Əgər belədirsə,
deməli, mənim sözümə inanırlar. Mən hər
hansı mövzuya müraciət etsəm, hər şeyin
yaxşısını və pisini də
açıq-aydın yazmalıyam. Bizim bu problemlərimizin
içində o qədər acı həqiqətlər gizlənib
ki, mən bunları hələ ki, yaza bilmərəm. Və mən
o həqiqətlərdən yazmağa başlayan kimi məni
xalq düşməni elan edəcəklər. Məni qorxudan
bu deyil. Əslində ermənilər bizə qalib gəlməyiblər,
biz Qarabağ savaşını uduzmuşuq. Və uduzan xalq
deyil, Qarabağ müharibəsi zamanı kürsüdə əyləşənlərdir.
Uduzan Şuşada yerləşən
tarix-diyarşünaslıq muzeylərini talayıb oranı ermənilərə
verənlərdir. Amma onlar da bizim xalqın bir
üzvüdür. Düşünürəm ki, indiki halda
ölkəmizə kömək etməliyəm, çünki
müharibə hələ bitməyib. Amma mən bildiklərimi,
araşdırdıqlarımı bir gün hökmən
yazacam. Suallar çoxdu. Bizi 1918-19-cu illərdə
soyqırımına belə məruz qoyublar, amma qalib gələ
bilməyiblər. Necə oldu ki, indi qalib gəldilər?
Baxın, bu sualların cavabı açılanda cəmiyyəti
şoka salacaq məqamlar olacaq. Şamaxını
başdan-başa qana buladılar, amma yenə bizim olaraq
qaldı. Şuşa isə yoxdu. Mən özüm
Şuşada böyümüşəm, o yerlərin strateji əhəmiyyətini
və mövqeyini də yaxşı bilirəm. Necə oldu ki,
Qacarın ala bilmədiyi qalanı erməni fəth elədi. Şuşanın
alınmasından 16 il keçir, amma bir hərbiçi
çıxıb bu hadisənin normal izahını verə
bilmir.
Ağdam verilən
günü atam xəstələnib yorğan-döşəyə
düşdü. Onun atasının, əmilərinin,
babalarının, tayfasının məzarları
Ağdamdaydı. Qarabağlılar hamısı bilir Ağdam
məzarlığı əsl muzeyə bənzəyirdi.
Düzdü, atamın səhhəti bərpa olundu,
sağalıb ayağa qalxdı. Amma uzun muddət xəstə
yatdı o hadisədən sonra. Onda atamın özünün,
indisə ruhunun qarşısında xəcalət çəkirəm.
Mən yaxşı oğul olmamışam ki,
babalarımın qəbrini düşmənə vermişəm,
onları qaytara bilməmişəm. Ağdam işğal
olunanda atam mənəvi sarsıntıdan başqa, fiziki
ağrılar keçirirdi. İndi o həyatda yoxdu, amma həmin
o ağrılar mənə, qardaşlarıma keçib və
bilirəm ki, bütün Azərbaycan Qarabağ
ağrılarını yaşayır.
Siyasi detektiv
- Siyasi detektiv janrının digərlərindən fərqlənən
özəlliyi yaradıcılığınıza mane olmur
ki?
- Bu elə bir janrdır
ki, bu gün sənin yazdıqların yuxarıların
xoşuna gələ bilər, sabah vəziyyət dəyişəndə
səni xalq düşməni elan edərlər. Mən
sözümü dəyişməmişəm heç vaxt.
1989-cu ildə Ümummilli lider Heydər Əliyevdən nə
yazırdımsa, bu gün də onu yazıram. Ona görə
ki, bu şəxsiyyət Azərbaycanın xilaskarıdır.
Yəni, bu inkarolunmaz həqiqətdir. Niyə fəxr etməyəydik
ki, Moskvada elə yüksək bir kürsüdə oturan bizim
azərbaycanlımızdır. Biz nə edirdik? Qorbaçov
bir dəfə çıxışlarının birində
dedi ki, Heydər Əliyevin əleyhinə Moskvaya gedən məktubların
hamısı Azərbaycandan gəlir. Nə oldu? Heydər Əliyevi
işdən uzaqlaşdırdılar, üç ay sonra
Qarabağ məsələsi gündəmə gəldi. Mən
hələ bu məsələlərin faş olmasını
istəmirəm. Hələ ki, biz erməni kimi mənfur
düşmənlə üz-üzəyik. Amma mən
yanlış yazsam, bunu onsuz da oxucu duyacaq. Oxucu isə səndən
vicdanlı, həqiqətin təhrif olunmadığı mətn
istəyir.
Sağlığında qiymət verin insanlara...
- Sizi əvvəl
dünya tanıdı, sonra öz ölkəmizdə qəbul
olunmağa başladınız.
- Daha
ağrılısı başqa məqamdı. Bu gün 50
yaşım tamam olur. Səkkiz ölkənin səfirləri rəsmi
şəkildə məni müxtəlif təltiflərlə
mükafatlandırıblar. Artıq dördüncü
gündür ki, telefonlarım qapalıdır.
İnsanların təbriklərinə sadəcə cavab verə
bilmirəm. Buna vaxtım çatmır. 45 yaşım olanda
ad günümdə məni on dörd min adam təbrik etdi. Cənab Prezident İlham Əliyev
öz imzası ilə mənə Xalq yazıçısı
adını verdi. Bundan
böyük etimad olmaz. O ki, qaldı qəbul olunmağa,
detektiv janrının vətəni yoxdu. Kim deyə bilər
ki, Artur Konan Doylu Azərbaycanda öz vətənindəkindən
az sevirlər. Amma etiraf edim
ki, mənə toxunan məqamlar var. Nəyə görə mən
Riqaya gedəndə şəhər sakinləri məni
vağzalda qarşılayırlar, amma Azərbaycanda “detektiv
janr deyil” deyirlər. Amma artıq mən o
pilləni keçmişəm. Baxın, hələ
də mətbuatda yazırlar ki, Çingiz Abdullayevin Azərbaycan
ədəbiyyatına dəxli yoxdu. Niyə?
Ona görə ki, mən rus dilində
yazıram. Onda İsmayıl Bəy
Qutqaşınlı da ana dilində yazmayıb, onun da dəxli
yoxdu Azərbaycan ədəbiyyatına? Yaxud
Anar Azərbaycan dilində yazır dəxli var, rusca
yazsaydı deyəcəkdilər, dəxli yoxdu? Mən düşünürəm ki, mənim
kitablarımın yayıldığı arial, həm də Azərbaycanın
adının, təfəkkürünün
yayıldığı arialdı?! “Vikipediya”
açıq dünya ensiklopediyasında dünyanın ən
məşhur beş
yazıçısının adı var ki, onlardan da biri mənəm.
İsveçrədə
kitabımı 30 avroya satılan görəndə istəyirdim
alıcılara deyim ki, o kitablar üçün bu qiymət
çox bahadır, amma həm də qürur duyurdum. Azərbaycan
dilində çap olunan kitablarım üçün heç
bir qonorar almıram, satış pulunu isə tərcüməçilərə
bağışlayıram.
Son
Hazırda “Cənub
şəhərində festival” əsərim çapa
hazırlanır. Bu əsərdə Bakı və onun hər
bir çağdaş sakini, məcazi mənada desəm,
özünü görə biləcək. Amma mövzunun dəxli olduğu hər bir dövlət
məmurunun surəti də əsərə daxil edilib.
Daha doğrusu, hadisələr onların ətrafında
baş verir.
“Yeni Azərbaycan”çılar adından Sizi 50
illik yubileyiniz münasibətilə ürəkdən təbrik
edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2009.- 7 aprel.- S.5.