Regionların sosial-iqtisadi inkişafının Quba örnəyi

 

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon günü-gündən gözəlləşir

 

Quba rayonunun ərazisi böyük Qafqazın şimal-şərq yamaclarından başlayaraq, Samur - Dəvəçi ovalığına qədər uzanır, inzibati mərkəzi - Quba şəhəri böyük Qafqaz silsiləsinə aid Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçay sahilində yerləşir. Rayonun ümumi sahəsi 2620 kvadrat kilometrdir, əhalisinin sayı isə 140 min nəfərdir.

Yeri gəlmişkən rayonun tarixinə kiçik bir ekskurs etmək daha məqsədəuyğun olar. Belə ki, XVIII əsrin ortalarından Quba xanlığı yaradılıb, xanlığın mərkəzi isə Xudat olub. Bir müddətdən sonra Quba xanı Hüseynəli xan öz iqamətgahını Qubaya köçürüb və şəhərin ətrafında qala divarları ucaldılıb. Bu şəhər xanlığın paytaxtına çevrilib. Daha sonra Quba xanlığının ən məşhur hökmdarı olmuş Fətəli xan Azərbaycanın pərakəndə xanlıqları əsasında vahid dövlət yartmağa cəhd göstərib. Lakin XIX əsrin əvvəllərində Azərbaycanın digər xanlıqları kimi, Quba xanlığı da Rusiya tərəfindən işğal edilib və Rusiya İmperiyasının tərkibinə daxil edilib.

Onu da qeyd etmək lazımdır ki, Quba rayonunun ərazisi son dərəcə mənzərəlidir. Çoxlu şəfalı guşələri olan bu rayon istər yerli, istərsə də əcnəbi turistlərin hər zaman diqqət mərkəzindədir. Mənzərəli təbiəti ilə bərabər, rayon həm də ölkəmizin kənd təsərrüfatı mərkəzlərindən biridir. Burada, meyvəçilik və heyvandarlıq inkişaf edib. Qubanı həm də “alma bağı” adlandırırlar. Rayonun sənaye müəssisələrinə gəlincə, burada mikroelektrik mühərrikləri zavodu, konserv, yağ-pendir, kərpic, asfalt-beton zavodları, istehsalat kombinatı, xalça fabrikləri, meşə təsərrüfatı var.

Mülayim isti iqlimi olan Quba zəngin floraya da malikdir. Belə ki, rayon həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunur. Rayonda ümumilikdə 70-ə yaxın təbiət abidəsi mövcuddur. Rayon ərazisində yerləşən yarğanlarda yaşayan ağbaş qartallar isə Azərbaycanın Qırmızı kitabına daxil edilib. Şəhər XVI əsrdə tikilmiş məqbərə, Cümə və Səkinəxanım məscidləri, iki qədim hamam, tarix muzeyi, eləcə də XIX əsrdə yaşamış maarifçi, yazıçı və ictimai xadim A.Bakıxanovun ev-muzeyi ilə öz tarixini qoruyub saxlaya bilib. Hazırda, Qubada universitet və xalçaçılıq mərkəzi fəaliyyət göstərir. Qubada toxunan “Çiçi”, “Ağgül” və “Pirəbədil” xalçaları Azərbaycanın ən yaxşı xalçaları hesab olunur. 1712-ci ildə toxunan “Qollu Çiçi” xalçası hazırda Nyu - Yorkdakı “Metropolitan” muzeyində saxlanılır.

Quba şəhərinin yaxınlığındakı kəndlərin birində dağ yəhudilərinin ən iri icması var. Həmin kənd 1926-cı ildən Qırmızı Qəsəbə adlanır. Rayonun mərkəzindən 65 km məsafədə, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi də unikal xüsusiyyətlərə malikdir. Bu kənddə 380 evdən ibarət olmaqla, 3 min sakin yaşayır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik konsepsiyası, iqtisadi-inkişaf strategiyası, daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz həm regionda, həm də beynəlxalq müstəvidə artan nüfuzunu daha da möhkəmləndirib. Yüksək dinamika ilə inkişaf edən respublikamız regionun aparıcı dövlətinə çevrilib və bu fakt dünya birliyi tərəfindən də birmənalı şəkildə qəbul edilir. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına görə, respublikamız ötən ilin yekunlarına uyğun olaraq ilin bir nömrəli islahatçı ölkəsi hesab olunub. Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq ölkə rəhbərinin həyata keçirdiyi düşünülmüş və uzaqgörən iqtisadi siyasət nəticəsində ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövləti olaraq qalıb və yüksək makroiqtisadi göstəricilərə nail olub.

Dövlət başçısı İlham Əliyevin 2004-2008-ci illər üçün imzaladığı “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın uğurla yerinə yetirilməsi nəticəsində respublikamız bütün sahələrdə tarixi nailiyyətlər əldə edib. Bu proqrama əsasən ölkəmizdə tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb, ölkəmizdə böyük infrastruktur layihələr reallaşdırılıb. Nəzərdə tutulan illər ərzində respublikamızda çoxlu sayda yeni iş yeri açılıb ki, bunların da içərisində daimi iş yerləri üstünlük təşkil edir. Hətta, Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran bir dövlətə çevrilib.

Quba iqtisadi yeniliklər və mühüm quruculuq işləri ilə göz oxşayır.

2004-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın yerlərdə icrasına şəxsən nəzarət edən dövlət başçısının vaxtaşırı bölgələrdə olması bu inkişafı daha da sürətləndirir, problemlərin həllinə xüsusi vüsət verir. O da məlumdur ki, dövlət başçısının bölgələrə səfəri bir qayda olaraq iqtisadi yeniliklərlə, mühüm quruculuq işləri və əlamətdar hadisələrlə müşayiət olunur.

Prezident İlham Əliyev son illər ərzində bir neçə dəfə Quba rayonuna da səfər edib. Dövlət başçısının rayona hər gəlişi isə qubalılar üçün yeni-yeni möhtəşəm ünvanların yaranması ilə əlamətdar olub. Məsələn, 2003-cü il oktyabrın 11-də prezident seçkisi ərəfəsində İlham Əliyevin rayona ilk səfəri Quba Olimpiya İdman Kompleksinin açılışı ilə yadda qalıb. Xatırladaq ki, Azərbaycanın ən mənzərəli guşəsində inşa edilən bu nadir kompleks beynəlxalq idman federasiyalarının tələblərinə tam şəkildə cavab verir.

Dövlət başçısının Qubaya növbəti səfəri isə bölgəni və iş adamlarını daha da fəallaşdırıb. Prezident  yeni ünvanlarda - rayon mərkəzinin girəcəyində inşa edilən yaraşıqlı “Əli” ticarət mərkəzinin, “Şirniyyat sexi”nin və digər müəssisələrin açılışında iştirak edib. Ölkə rəhbərinin sosialyönümlü siyasəti nəticəsində ötən illər ərzində hər bir Azərbaycan vətəndaşının, o cümlədən qubalıların maddi durumu xeyli yaxşılaşıb, həyat tərzi nəzərə çarpacaq dərəcədə yeniləşib.
Növbəti səfər zamanı isə ölkə başçısı Ümummilli lider Heydər Əliyev adına parkın və Heydər Əliyev muzeyinin, üç saylı ərazi vergilər idarəsinin yeni binasının açılışında iştirak edib. Məhz həmin günlərdə Xınalığa gedən yolda, Qudyalçay üzərindən salınan körpünün üstündə dağ kəndlərinin sakinləri ilə görüşən Prezident İlham Əliyev Xınalığa yol çəkilməsi barədə göstəriş verib. Bu göstəriş Xınalıq kəndinin yüz illərlə davam edən yolsuzluq probleminə son qoyub.

Ölkə rəhbərinin rayona növbəti səfəri isə əvvəlki səfərlərdən həm əlamətdar, həm də yaddaqalan olub. Çünki, dağ kəndlərinin sakinlərini çoxəsrlik arzularına qovuşduran Prezident İlham Əliyev Xınalıq kəndinə özünün idarə etdiyi avtomobillə gedib. Kənd sakinləri ilə görüşündə dövlət başçısı deyıb: “Bu kəndə yol çəkmək, doğrudan da, çox böyük hadisədir və bu onu göstərir ki, Azərbaycanda indi istənilən məsələ öz həllini tapa bilər. Çünki əgər Xınalığa yol çəkə biliriksə, deməli, daha bizim qarşımızda heç bir maneə ola bilməz”.

Ölkə rəhbəri sakinlərin nəzərinə onu da çatdırıb ki, bu yolun çəkilişi ilk addımdır, bundan sonra başqa işlər də görüləcək.

Dövlət başçısı ötən il ərzində Qubaya səfəri zamanı şəhərin mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkın açılış mərasimində iştirak edib. Səfər çərçivəsində Prezident İlham Əliyev dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbə sakinləri ilə görüşüb, Quba Müalicə-Diaqnostika Mərkəzinin tikinti işlərinin gedişi ilə tanış olub. Həmçinin, Quba rayonunda açılan, ümumi sahəsi 1900 kvadratmetr olan “Soyqırım” abidə” kompleksini ziyarət edib.

Bütün bunlar onu deməyə əsas verir ki, respublikamızın hər yerində olduğu kimi, Qubada da müxtəlif sahələrdə müsbət işlər görülüb. Rayon iqtisadiyyatının aparıcı sahələrinə daha çox diqqət ayrılması nəticəsində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 27 milyon 749 min manat təşkil edib. İstehsal olunan məhsulun 96 milyon 975 min manatı kənd təsərrüfatının, 8 milyon 238 min manatı isə sənayenin payına düşür. Rayonda bir nəfərə düşən məhsulun həcmi 697 manatdır. Məhsul buraxılışı ötən illərə nisbətən 1,5 dəfə, o cümlədən kənd təsərrüfatı məhsulu istehsalı 1,5 dəfə, sənaye məhsulu isə 2,2 dəfə artıb.

Ötən il rayonun yerli büdcəsinin mədaxil hissəsinə əməl olunması, maliyyə-bank, vergi intizamının möhkəmləndirilməsi, rayonun sosial-iqtisadi inkişafı üçün zəruri olan obyektlərin maliyyələşdirilməsi, o cümlədən hüquqi və fiziki şəxslərin vergiyə cəlb olunması sahəsində də xeyli işlər həyata keçirilib. Belə ki, Qubanın büdcəsinin mədaxil hissəsi rayona verilən dotasiya ilə birlikdə 21 milyon 385 min 949 manata qarşı 20 milyon 468 min 548 manat yerinə yetirilib. Yerli mənbələrdən əldə olunan gəlirlər isə 4 milyon 814 min 600 manata qarşı 5 milyon 483 min 338 manat təşkil edib. Öncəki illərin müvafiq dövrü ilə müqayisədə ötən il rayonun yerli gəlirlərindən büdcəyə 2 milyon 567 min manat çox vəsait daxil olub.

Qeyd etmək lazımdır ki, 2003-cü ildən başlayaraq rayonun büdcə xərclərinin artım dinamikası nəzərdə tutulan infrastruktur, sosial məsələlərin həlli və digər layihələrin həyata keçirilməsi üçün şərait yaradıb. Belə ki, rayonun büdcə xərcləri 2003-cü ilə nisbətən 2004-cü ildə 750 min manat çox olub. Ötən il bu fərq 14 milyon 150 min manat təşkil edib. Cari ildə isə 24 milyon 226 min manat çox olacağı gözlənilir.

 

Rayonda sərmayəçilər üçün münbit şərait yaradılıb

 

Dövlət başçısının müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Bu istiqamətdə Quba rayonunda da çoxsaylı işlər görülüb. İllik istehsal gücü 3,5 - 4 milyon manat olan “Saf” məhdud məsuliyyətli cəmiyyəti yaradılıb. Burada istehsal olunan 60 çeşiddə məhsul daxili bazarın tələbatını ödəməklə yanaşı, ABŞ, Kanada, Almaniya, Rusiya və Türkiyə bazarlarına da ixrac olunur.

“Qədim Quba” MMC-nin fəaliyyətinin gücləndirilməsi və xammal təchizatının yaxşılaşdırılması məqsədilə cəmiyyətin nəzdində yeni texnoloji avadanlıqlarla təchiz olunmuş ip əyirici və boyama sexi yaradılıb. Bu dövr ərzində Timiryazev kəndində çörəkbişirmə sexi, Alekseyevka kəndində şirniyyat sexi, Zərdabi kəndində “Akkord” şirkətlər qrupu tərəfindən istehsal gücü saatda 300 ton olan qum-çınqıl zavodu, Qaraçay, Qudyalçay və Vəlvələ çayı üzərində bir neçə qum-çınqıl istehsal sexləri istifadəyə verilib.

Sərmayəçilərin rayona cəlb olunması üçün burada münbit şərait yaradılıb. Yerli resurslar nəzərə alınmaqla turizm və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi istiqamətində də xeyli tədbirlər görülüb. Hazırda rayonun ərazisində müasir standartlara cavab verən turist, sanatoriya-kurort obyektləri mövcuddur. Gələcəkdə həmin sahənin daha da inkişaf etdirilməsi üçün tədbirlər görülür. Quba Olimpiya Kompleksi, rayon ərazisindəki “Aynur”, “Quba”, “Avand”, “Qəçrəş”, “Cənnət”, “Qudyalçay”, “Səməd”, “Cənnət bağı”, “Təngəaltı”, “Lonq-Forest”, “Ahu” kimi bir sıra istirahət obyektləri hər il minlərlə yerli və xarici turistlərə yüksək səviyyədə xidmət göstərir.

Rayon əhalisi və rayona gələn turistlər üçün nəzərdə tutulan ticarət, məişət, nəqliyyat, rabitə və digər xidmət sahələrinin inkişaf etdirilməsi istiqamətində də xeyli işlər görülüb. Bu məqsədlə şəhərdə “Əli” ticarət mərkəzi, ticarət birjası, “Aynur” kiçik müəssisəsinin nəzdində 35 ticarət obyekti olan mərkəz, “Quba” ticarət mərkəzi və onlarla ticarət mağazası, o cümlədən Rustav və Qam-qam kəndlərində ticarət mərkəzləri, “Qızıltac”, “Üç gözəl”, “Məryəm”, “Quba” şadlıq sarayları, “Texnikabank”ın, “Rabitə bank”ın, “Dəmiryolbank”ın, “Bank standart”ın, “Unibank”ın rayon filialları üçün yeni binalar tikilib, həmçinin “Muğanbank”ın və “Parabank”ın rayon filialları fəaliyyətə başlayıb. Hazırda “Zaminbank”ın filialının binasının tikintisi gedir.

Ötən il rayon üzrə güzəştli kredit üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edən 37 sahibkardan 27 nəfərə 3 milyon 135 min manat həcmində kredit verilib. Ümumilikdə 2003-2008-ci illər ərzində rayonda 13 min 581 iş yeri açılıb.

 

Kommunal xidmətlərin səviyyəsi yaxşılaşdırılıb

 

Rayon əhalisinə göstərilən kommunal xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülüb. Uzun müddət istismarda olan artıq yüklənmə rejimində işləyən 23 ədəd transformator yeniləri ilə əvəzlənib. Rayona 123 milyon 964 min kilovat saat elektrik enerjisi verilib. Qeyd edək ki, şəhərin Fətəli xan, Ərdəbil, N.Nərimanov küçələrində və H.Əliyev prospektinin yuxarı hissəsində yaşayan abonentlərin təbii qazla təminatında uzun illər boyu mövcud olan çətinliklərin aradan qaldırılması istiqamətində addımlar atılıb. Belə ki, bu məqsədlə rayon İcra Hakimiyyətinin bilavasitə köməkliyi sayəsində Heydər Əliyev prospektində köhnələn və yararsız hala düşən qaz kəməri 2000 paqon metr uzunluğunda, diametri 200 mm olan plastik borularla əvəz edilib. I Nügədi, II Nügədi, Amsar, Almazqazmaları, Paşaoba, Vəlvələ və Cağacuq kəndlərinə təbii qazın verilməsi bərpa edilib. Bu işlər sırasında həmçinin Quba şəhərinin Əliqulu Nərimanov küçəsində istismara tam yararsız vəziyyətdə olan 520 metr uzunluğunda magistral su xətti yenidən çəkilib, Fətəli xan küçəsində 330 metr uzunluğunda yararsız su kəməri dəyişdirilib, 32-33-cü məhəllədə subartezian quyusu qazılıb. Ümumilikdə rayon üzrə 12 subartezian quyusu təmir olunub. Kənd yerlərində isə 13800 metr uzunluğunda su xətti çəkilib və 160 metr uzunluğunda su xətti təmir edilib. Rayonun bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə daxili imkanlar hesabına 25 yaşayış məntəqəsində artezian su quyularının qazılması nəzərdə tutulub. Eyni zamanda, artıq 11 məntəqədə bu iş icra olunub.

Rayonun iqtisadi və sosial həyatına ciddi təsir edən sahələrdən olan nəqliyyat və rabitə xidmətində də ciddi müsbətyönlü irəliləyişlər nəzərə çarpır. İqtisadiyyatın digər sahələri ilə müqayisədə avtomobil nəqliyyatı sahəsində özəlləşdirmənin daha sürətlə həyata keçirilməsi rayonda yük və sərnişin daşımanın səviyyəsinin yüksəlməsinə, xidmətin həcminin artmasına səbəb olub. Rayonun Küpçal və Qəçrəş inzibati ərazi vahidliklərini birləşdirmək məqsədilə Qudyalçay üzərində eni 4 metr, uzunluğu 24 metr olan bir aşırımlı dəmir-beton körpü inşa edilib. Rabitə xidmətinə gəlincə, son beş il ərzində rayonda 18 yeni poçt binası tikilib, 28 kənddə elektron avtomat telefon stansiyası quraşdırılıb. Hazırda rayonun bütün kəndlərində telefon rabitəsi təşkil olunub.

 

Abadlıq-quruculuq işləri davam edir

 

Ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunda da 2008-ci il ərzində ticarət və xidmət sektorunda müəyyən nailiyyətlər əldə olunub. İl ərzində rayonda 17 iri, 68 kiçik ticarət obyekti, yarmarka və fərdi sahibkarlıqla məşğul olan 1440 fiziki şəxs ticarət fəaliyyəti göstərib. Ötən ildə rayon İcra Hakimiyyətinə və rayon əhalinin məşğulluq mərkəzinə iş üçün müraciət edən 355 vətəndaşdan 202 nəfəri işlə təmin olunub. Ötən il keçirilən əmək yarmarkasında iştirak edən 300 vətəndaşdan 61 nəfəri işlə təmin olunub.

2008-ci il şəhərin Əliqulu Nərimanov küçəsindəki “Soyqırım” abidə kompleksi yeni layihə əsasında qurulub. Quba şəhərinin mərkəzi meydanında da yenidənqurma işləri aparılıb. Sahəsi 1990 kv.metr olan “Qədim Quba” xiyabanı yaradılaraq 1570 kv.metr sahəyə qranit daş düzülüb, 330 kv.metr sahədə yaşıllıq salınıb, yeni işıq sistemi quraşdırılıb. Quba şəhərinin girəcəyindəki “Dövlət Bayrağı” monumentinin tikintisi də başa çatdırılıb. “Şəhidlər Xiyabanı” isə yeni layihə əsasında qurulub, “Şəhidlər muzeyi” tikilib. Quba avtovağzalının yaxınlığındakı 5 mərtəbəli yaşayış binasının fasadının alkapon tipli materiallarla üzlənməsinə başlanılıb.

Ümumilikdə, rayon üzrə abadlıq, yaşıllaşdırma və asfaltlaşdırma işlərinin həyata keçirilməsi üçün 615 min 980 manat vəsait ayrılıb. Bu vəsaitdən əlavə qeyd olunan obyektlərin tikintisinə və yenidən qurulmasına rayonun daxili imkanları hesabına 3 milyon 55 min manat vəsait xərclənilib.

 

Aqrar bölmənin sürətli inkişafı üçün davamlı tədbirlər görülür

 

Ümumi sahəsi 2620 kvadrat kilometr olan rayonun 163470 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi var. Rayon ərazisinin 52707 hektarını isə meşə sahələri təşkil edir. Xatırladaq ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1970-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meyvəçiliyin inkişafı ilə əlaqədar qəbul etdiyi iki mühüm qərarın icrası nəticəsində Qubada 1975-1982-ci illərdə 10 min hektardan çox bağ salınıb. Məhz bu qayğının nəticəsidir ki, rayonda aqrar bölmənin aparıcı sahəsi olan meyvəçilik yüksək sürətlə inkişaf edib.

Qubada 14200 hektardan çox meyvə bağı var. Ötən il həmin bağlardan 109314 ton meyvə istehsal olunub ki, bu da 2007-ci ilə nisbətən 4307 ton çoxdur. Hər il artım müşahidə olunan meyvə istehsalı demək olar ki, bütünlüklə özəl təsərrüfatlarda cəmləşib. Son illərdə rayonun təsərrüfatlarında 2000-2500 hektara qədər yeni meyvə bağları salınıb. Bioloji yaş dövrü başa çatan bağlarda bərpa işləri aparılıb. Yeni bağlar salmaq üçün özəl tingçilik təsərrüfatları yaradılıb. Dövlət tingçilik təsərrüfatı öz istehsal-təsərrüfat fəaliyyətini müasir texnologiyalar və müasir tələblər əsasında əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Rayonda 13687 hektar əkin sahəsindən 31069,9 ton taxıl istehsal olunub ki, bu da 2007-ci ilə nisbətən 1965 ton çoxdur. 2009-cu il üçün 15986 hektar sahədə şum sürülərək səpin aparılıb ki, bu da ötən ilə nisbətən 2365,1 hektar çoxdur.

Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün görülən davamlı tədbirlər heyvandarlıq məhsullarının istehsalının artmasına səbəb olub. Dövlət başçısı İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda heyvandarlıqda süni mayalanma tədbirlərinin genişləndirilməsi vəzifəsi də qarşıya qoyulub. Rayonda iribuynuzlu mal-qaranın sayı 67181 baş olmaqla keçən ilə nisbətən 31 baş çoxdur.

Dövlət Proqramına uyğun olaraq Quba Regional Aqrar-Elm Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə artezian quyusu vurularaq su sistemi yenidən qurulub, inzibati binaya isitmə sistemi çəkilib. İkimərtəbəli yeni laboratoriya binası tikilib və “Aqrolizinq” ASC-nin xətti ilə 1000 tonluq soyuducunun tikintisi başa çatıb.

Quba Regional Aqrar-Elm Mərkəzi ting istehsalında elmin və qabaqcıl təcrübənin son nailiyyətlərini dünya standatrları səviyyəsinə bərpa etmək məqsədilə Fransanın LUARE Kənd Təssərrüfatı Palatası ilə birlikdə beş illik “FRAZER” layihəsi həyata keçirib. Bunun nəticəsi olaraq Azərbaycan meyvəçiliyində dünya standartlarına uyğun dəyişikliyə nail olunub. Layihəyə uyğun olaraq, Fransadan gətirilən daha müasir texnologiya əsasında yeni ting istehsalına başlanılıb. Artıq 300 hektara qədər ərazidə Avropa standartlarına tam şəkildə cavab verən alma bağları salınıb. Bir sözlə, müştərək fəaliyyət nəticəsində Azərbaycan meyvəçiliyində müsbətyönlü dönüş yaradılıb.
Təhsil və səhiyyənin inkişafı diqqət mərkəzindədir

Ötən yüz ildə cəmi 16 məktəbi olan Qubada son illər 28 məktəb binası tikilərək istifadəyə verilib. Daha 7-8 kənddə yeni məktəb binalarının da tikintisinə başlanılıb. Son illər Quba rayonunda tikilib istifadəyə verilən və əsaslı təmir olunan digər məktəblər ulu öndər Heydər Əliyevin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin ardıcıl həyata keçirildiyinə tam əyani sübutdur.

“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olan məktəb binalarının tikintisi əsasən də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dəfələrlə qeyd edib ki, müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiya olunması üçün təhsilin rolu əvəzsizdir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 2004-2006-cı illər Azərbaycanda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir məktəb binalarının inşa edilməsi baxımından sıçrayış illəri olub. Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində son üç il ərzində Azərbaycanda 600-ə qədər məktəb tikilib istifadəyə verilib.

Rayonun mərkəzi xəstəxanasında və rayon gigiyena və epidemiologiya mərkəzində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Ötən il dövlət başçısının müvafiq sərəncamlarına əsasən, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi rayonun hər yerində yüksək səviyyədə qeyd olunub, idarə, müəssisə, təşkilatlarda və bütün yaşayış məntəqələrində yığıncaqlar və elmi-praktik konfranslar keçirilib. Ötən il həm də B.Səfəroğlu adına rayon mədəniyyət evinin zalı əsaslı təmir edilib. A.A.Bakıxanov adına rayon Tarix-diyarşünaslıq Muzeyi üçün yaxın vaxtlarda yeni binanın tikintisinə başlanılacaq.

Dövlət başçısı İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)” icrası ilə əlaqədar 2005-2009-cu illər üçün rayon üzrə müvafiq tədbirlər planı hazırlanıb. Rayonda yeniyetmə və gənclərin hərtərəfli inkişafının təmin olunması - vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi, gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, mənəvi-əxlaqi dəyərlərin təbliği, onların sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Həmçinin dövlət başçısının 30 aqvust 2004-cü il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramından (2004-2008-ci illər üçün) müvafiq tədbirlər planı hazırlanıb. Rayonda idmana olan marağın artırılması, idmanın kütləviliyinin təmin olunması və bir çox idman növlərinin təbliği və inkişafı istiqamətində tədbirlər həyata keçirilib.

“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində Quba bələdiyyəsi tərəfindən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, şəhərin mərkəzi meydanında 56814 manat həcmində abadlıq və yenidənqurma işləri görülüb. Qırmızı Qəsəbə bələdiyyəsi ərazisində dəyəri təxminən 50 min manat olan mədəniyyət mərkəzi yaradılıb. Rayonun Amsar, Gərəy, Susay, Talabıqışlaq, Aşağı Atuc, Əski-İqriq və Davudoba bələdiyyələri tərəfindən 44 min 400 manat həcmində müxtəlif layihələr həyata keçirilib.

 

Qubalıların vahid seçimi YAP-dır

 

Dövlət başçısının ötən il sentyabrın 27-də Qubaya növbəti səfəri qubalılar üçün ilin ən əlamətdar hadisəsi olub. Hər zaman Azərbaycan dövlətçiliyinə, dahi şəxsiyyət Heydər Əliyev siyasi kursuna hədsiz sədaqətləri ilə seçilən qubalılar 15 oktyabr 2008-ci il tarixdə keçirilən prezident seçkilərində yüksək fəallıq nümayiş etdiriblər. YAP Quba rayon təşkilatının seçkiqabağı apardığı yüksək səviyyədə təşkil olunan təbliğat-təşviqat kampaniyası nəticəsində seçkilərdə rayon üzrə seçicilərin təxminən 80 faizi iştirak edib. Seçicilərin 95 faizdən çoxu məhz Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyevə etimad göstərib. Qubalıların bu sahədəki yüksək fəallığı 18 mart 2009-cu il tarixində keçirilən ümumxalq səsverməsində də özünü bir daha göstərib.

Yeri gəlmişkən qeyd edək ki, rayonda 14 siyasi partiya fəaliyyət göstərir. Lakin qubalıların daha çox etimad göstərdiyi Yeni Azərbaycan Partiyasıdır. Bundan başqa, rayonda həm də və 50-ə yaxın ictimai təşkilat, 2 özəl televiziya kanalı, 7 qəzet və 1 jurnal fəaliyyət göstərir. Son il ərzində rayonda mütəmadi olaraq siyasi-ideoloji və mədəni tədbirlər keçirilib. İctimai-siyasi işin təşkilində yerli KİV-nin imkanlarından da istifadə olunub. Onu da qeyd edək ki, rayonda dini sabitliyin təmin edilməsi üçün dini icma rəhbərləri ilə sıx əlaqələr yaradılıb. Milli azlıqların problemlərinə diqqətlə yanaşılır.

 

 

Zahid İLHAMOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 11 aprel.- S.6-7.