Çingiz Abdullayevin 50 illik yubileyi qeyd olunub
Dünən Azərbaycan
Yazıçılar Birliyində (AYB) dünya şöhrətli
yazıçı Çingiz Abdullayevin 50 illik yubileyi qeyd
olunub. SİA-nın məlumatına görə, tədbiri
giriş sözü ilə açan AYB-nin sədri,
yazıçı Anar bildirib ki, Ç.Abdulllayev barədə
çox deyilib və yazılıb. “O, Azərbaycan ədəbiyyatına
gəlişi ilə necə tüğyan etdisə, 20 ildir bu
zirvəni saxlaya bildi”, - deyə yazıçı Anar əlavə
edib. Daha sonra tədbirdə Özbəkistanın , Belarusun,
Rusiyanın ölkəmizdəki səfirləri
çıxış edətək, yazıçıya yeni əsərlər
yazmağı və böyük şöhrətinə
şöhrət qatmağı arzulayıblar. Ölkəmizdə
fəaliyyət göstərən səfirlər
Ç.Abdullayevə öz ölkələrinin
yazıçılar birliklərinə məxsus diplomlar və
maraqlı hədiyyələr bağışlayıblar.
Tədbirdə Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli də
çıxış edib. Ən böyük səadətin nə
şöhrət, nə də pul olduğunu deyən professor əlavə
edib ki, ən böyük xoşbəxtlik Ç.Abdullayevin 50
illik yubileyində, yazıçının anası Şəfiqə
xanımım iştirak etməsidir. Daha sonra
kinomatoqrafçılar adından söz xalq artisti Rafiq
Hüseynova verilib. R. Hüseynov öz növbəsində
yazıçını təbrik edib və yeni-yeni nəaliyyətlər
arzulayıb. Bundan başqa, tədbirdə bir çox şairlər
və yazıçılar da çıxış ediblər.
Xatırladaq ki,
Ç.Abdullayev ədəbi fəaliyyətə tələbəlik
dövründən başlayıb. 1983-cü ildən dövri
mətbuatda oçerk, məqalə və detektiv janrda
yazdığı hekayələrlə müntəzəm
çıxış edir, rus dilində yazıb-yaradır. İngilis
və italyan dillərində sərbəst danışır. Əsərləri
xarici ölkə xalqlarının dillərinə tərcümə
olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi
tirajla buraxılmış 20 milyon nüsxədə olan 600-dən
çox kitabı dünyada yayılılıb. Bütün
bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı
müasir yazıçı kimi tanıtdırıb. Xidmətlərinə
görə Qırmızı Bayraq ordeni və medallarla təltif
olunub. Keçmiş SSRİ Yazıçılar
İttifaqının nümayəndələri tərkibində
Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka
(1989) və Polşada (1989) səfərlərdə olub. Ç.Abdullayev
2009-cu il aprel ayının 7-də Prezident İlham Əliyevin
Sərəncamı ilə Azərbaycanın ədəbi həyatında
fəal iştirakına görə “Şöhrət” ordeni ilə
təltif edilib.
Yeni Azərbaycan.- 2009.- 15 aprel.- S.8.