Almaniyada Azərbaycandakı
demokratik inkişafı
yüksək qiymətləndirirlər
Rövşən
Rzayev: Azərbaycan həqiqətlərini
bütün Avropaya çatdırmaq üçün səylərimizi
gücləndirməliyik
Azərbaycanla Almaniya
arasında əlaqələrin inkişafında hər iki
ölkənin parlamentlərinin də mühüm rolu var. Bu
yaxınlarda Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası
Dostluq Qrupu üzvlərinin Almaniyaya səfəri də
münasibətlərin tərkib hissəsidir. Qeyd edək ki,
Almaniyaya millət vəkilləri Fəttah Heydərov,
Rövşən Rzayev, Əhməd Vəliyev, Çingiz Əsədullayev,
Fuad Muradov, Nizami İskəndərov və Fazil Mustafadan ibarət
nümayəndə heyəti səfər edib. Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədr müavini Rövşən Rzayev qəzetimizə
müsahibəsində Almaniya səfərinin uğurlu olduğunu
bildirib:
- Bu səfər
zamanı xeyli sayda görüşlər keçirdik. Görüşlərdə
məqsəd Azərbaycan parlamenti ilə Almaniya Bundestaqı
arasında yaranmış münasibətləri daha da dərinləşdirmək
idi. Hər bir ünsiyyət bizim üçün vacib
olduğundan görüşlərin hamısında Azərbaycan
həqiqətləri, ölkəmizin inkişafı,
Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumatlar
verdik. Nümayəndə heyətinin üzvü olan digər
millət vəkilləri də bütün görüşlərdə
fəallıq nümayiş etdirərək ölkəmizlə
bağlı qarşı tərəfə geniş bilgilər
verdilər. Eləcə də, bəzi məsələlərlə
əlaqədar almanlarla geniş fikir mübadiləsi,
müzakirələr aparıldı. Almaniya Avropada
böyük nüfuza malik olan dövlətdir və Azərbaycanla
bu ölkənin nə qədər çox sıx əlaqələri
yaranarsa, bunun faydası bir o qədər çox olar. Parlamentlərarası
Dostluq Qrupu olaraq səfər çərçivəsində
üzərimizə düşən vəzifələri yerinə
yetirmək üçün mümkün qədər
çalışdıq. Qeyd etdiyim kimi, əsas müzakirə
mövzusu Dağlıq Qarabağ problemi idi. Biz Ermənistanın
təcavüzü haqqında almanlara ətraflı məlumat
verərək problemin beynəlxalq hüquq çərçivəsində
həll edilməsinin vacibliyini vurğuladıq. Eyni zamanda,
qarşı tərəfin problemlə əlaqədar
suallarını cavablandırdıq.
Məlumat
üçün deyim ki, bizdən əvvəl Ermənistan
parlamentariləri Almaniyaya səfər etmişdilər. Almaniya
Bundestaqında, bütövlükdə, Cənubi Qafqaz Dostluq
Qrupu fəaliyyət göstərir və ermənilər bu
qrupla da görüş keçirmişdilər. Almaniya
Parlamentinin Dostluq Qrupunun üzvləri bizə müəyyən
suallar verdilər ki, böyük ehtimalla onlar ermənilərin
məlumatlarından qaynaqlanırdı. Azərbaycanın millət
vəkilləri olaraq, bu suallara aydın cavab verməklə
haqqı-ədaləti işıqlandıra bildik. Maraqlı
görüşlərimizdən biri də Almaniya Xarici
İşlər Nazirliyində oldu. Nazirlikdə Qafqaz Qrupunun rəhbəri
ilə görüşdük. Biz bildiririk ki, Azərbaycanda
bütün etnik qrupların hüquqları qorunur. Amma bu, beynəlxalq
hüquqda olduğu kimi, hər bir dövlətin ərazi
bütövlüyü çərçivəsində
olmalıdır. Heç bir etnik qrup öz müqəddəratını
həll etməklə Azərbaycanın ərazi
bütövlüyünə təcavüz edə bilməz. Amma
ermənilər Azərbaycan torpaqlarının 20 faizini hələ
də işğal altında saxlayıblar. Bu məsələdə
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli
mövqeyini qarşı tərəfin diqqətinə
çatdırdıq. Ümumiyyətlə, vurğuladıq
ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsiplərinə
əsaslanır və tamamilə ədalətlidir. Biz heç
bir halda dövlətimizin ərazi
bütövlüyünün pozulması ilə
barışmayacağıq və torpaqlarımızın bir
qarışını da güzəştə getməyəcəyik.
Azərbaycanın dünyada nüfuzu artır və bizim haqq səsimiz
daha çox eşidilməyə başlayıb. Bu mənada
inanıram ki, Dağlıq Qarabağ problemi yaxın vaxtlarda ədalətli
şəkildə həll olunacaq. Təbii ki, biz bu məsələ
ətrafında daim işləməliyik və Parlamentlərarası
Dostluq Qruplarının bu yöndə faydalı
görüşləri olur. Mən inanıram ki, Azərbaycanın
haqq səsi bu gün də dünyada eşidilir. Sabah daha da
çox eşidiləcək. Azərbaycanın mədəniyyəti,
tarixi, bugünkü inkişafı, tolerant dövlət
olması haqqında həqiqətləri dünyaya
çatdırmalıyıq. Hesab edirəm ki, bu, bizim əsas
işlərimizdən biri olmalıdır. Biz görüşlərimiz
zamanı Azərbaycanın iqtisadi inkişafı haqqında da
geniş məlumat verirdik və bildirdik ki, ölkəmiz
Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır. Bu mövzuda söhbətlərimiz zamanı
almanların ölkəmizdə aqrar sahəyə investisiya
yatırmaq marağını da müşahidə etdik və
bu yöndə işlər davam etdiriləcək.
- Almaniyada Azərbaycan həqiqətləri haqqında
geniş bilgi varmı?
- Son illər
görülən işlər nəticəsində Almaniya cəmiyyəti
Azərbaycan həqiqətləri haqqında müəyyən
bilgilər əldə edib. Bu işlərdə səfir Pərviz
Şahbazov başda olmaqla Azərbaycanın Almaniyadakı səfirliyinin
fəaliyyətini xüsusi ilə qeyd etməliyəm. Bilirsiniz
ki, ötən il Almaniyada Azərbaycan mədəniyyəti ili
keçirilib. Bu, Avropada ilk belə böyük hadisə idi. Mədəniyyət
ili çərçivəsində xeyli sayda tədbirlər
olub, xalqımızın mədəniyyəti, incəsənəti
haqqında alman cəmiyyətinə ətraflı məlumatlar
verilib. Həmin tədbirləri Almaniya mətbuatı geniş
şəkildə işıqlandırıb. Təbii ki,
bütün bunlar ölkəmizin tanınmasında
böyük rol oynayır. Hesab edirəm ki, belə tədbirlər
başqa dövlətlərdə də keçirilməlidir.
- Millət vəkili
seçildiyiniz Göygöl rayonunda vaxtilə xeyli sayda
almanlar yaşayıb. Həmin almanların bu bölgədə
mədəni abidələri, yaşayış məskənləri
var...
- Doğrudur, vaxtilə
bu bölgədə xeyli sayda alman yaşayıb. Onların
yaşayışını əks etdirən abidələrin
qorunması istiqamətində müəyyən işlər
görülüb və görülməkdədir. Göygöldə
1854-cü ildə tikilmiş alman kilsəsi var ki, o, Almaniya
dövlətinin vəsaiti hesabına ötən il bərpa
edildi. O zaman almanların “Şəhər günü” deyilən
bayramları olub. Biz o günü də bərpa etmişik. 1919-cu
ildə o vaxtkı almanlar Yelenendorf şəhərinin 100
illiyini qeyd etmişlər. Biz ötən illər orada “Şəhər
günü”nü keçirmişik. Bu ilin avqust ayında
Yelenendorf-Göygöl şəhərinin 190 illiyini qeyd edəcəyik.
Bu tədbirlərə Almaniyadan qonaqlar da dəvət olunur.
Ümumiyyətlə, bu bölgəyə gələnlər də
çoxdur. Bilirsiniz ki, indiki Göygöldə vaxtilə
yaşamış almanların nəticələri də səfərdə
olublar. Onlar burada alman tarixinə və mədəniyyətinə
xüsusi diqqəti görürlər və ölkəmizdən
xoş təəssüratla qayıdırlar.
- Azərbaycanın demokratik inkişafı Almaniyada necə
qarşılanır? Xüsusi ilə ölkədə
keçirilmiş referenduma münasibət necədir?
- Almaniya Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyünü
tanıyan ilk dövlətlərdən biridir. Bizim sıx
dostluq münasibətlərimiz var. Almaniya Cənubi Qafqazda təhlükəsizlik,
sabitlik və demokratiyanın inkişafında
maraqlıdır. Almaniya Azərbaycanda baş verən demokratik
islahatları müsbət qiymətləndirir. Onlar hesab edirlər
ki, referendumun keçirilməsi və Konstitusiyaya edilən dəyişikliklər
Azərbaycan xalqının müstəqil hüququdur.
- Ümumiyyətlə, referendumun nəticələri
haqqında nə deyərdiniz? Bu amil ölkəmizdə
seçki təcrübəsinin, mədəniyyətinin təkmilləşdirilməsində
nə dərəcədə rol oynayır?
- 18 mart tarixli referendumda
Konstitusiyaya qəbul olunan dəyişikliklər hüquqi
dövlət quruculuğunun möhkəmləndirilməsi,
dövlətin sosial funksiyalarının
artırılmasına xidmət edəcək. Qarşımızda
böyük işlər dayanıb. Qanunvericiliyimizin Avropa
İttifaqı ölkələrinin model və
konsepsiyalarına uyğunlaşdırılmasına
ehtiyacı var. Bu proses bizim Avropa ölkəsi kimi
inkişafımıza və əhalimizin sosial rifahının
artmasına zəmin yaradacaq.
Konstitusiyaya edilən əlavə
və dəyişikliklər ölkəmizin sabit və
davamlı inkişafına xidmət edəcək. Konstitusiya
normaları müəyyən hallarda proqram xarakteri
daşıyır. Bu cür normaların təminatı
üçün zaman tələb edilir. Azərbaycanın
müasir siyasi-hüquqi sistemi isə bu zaman kəsiyində
sosial dövlətin inkişafına zəmanət verəcək.
- Konstitusiyaya dəyişikliklər ölkəmizin
inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə
nə dərəcədə təsir göstərəcək?
- Ümummilli lider Heydər
Əliyev sədrlik etdiyi Konstitusiya layihəsini hazırlayan
Komissiyanın üzvlərinə tövsiyə etmişdir ki,
Azərbaycanın Konstitusiyasında ümumbəşəri dəyərlər,
müasir demokratik dövlətlərin konstitusiyalarında olan
müddəalar öz əksini tapsın. Beləliklə,
1995-ci ildə keçirilən referendum nəticəsində
biz universal bir sənəd əldə edə bilmişik. Bununla
bərabər, hər bir ölkə inkişafının
müəyyən bir mərhələsində keçdiyi yolu
qiymətləndirir və bu inkişafa vasitələr
yaradır. Azərbaycan xalqı da Əsas Qanuna təklif olunan
əlavə və dəyişikliklərin əhəmiyyətini
anlayaraq referendumda onlara səs verdi.
Konstitusiya çox əhəmiyyətli hüquqi
və ideoloji funksiyalar daşıyır.
Onun ictimai münasibətlərə müsbət
təsiri var. Konstitusiyanın əsaslarını təşkil edən dövlətin - demokratik, hüquqi rejiminin təminatı üçün
hüquqi mexanizmlər
çoxdur. İnsanlarımız
tezliklə bu vasitələrdən istifadə
etmək bacarığını
əldə etdikcə,
Azərbaycanda demokratik
mühit daha da inkişaf edəcək, dövlət
isə möhkəmlənəcək.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2009.- 15 aprel.- S.6.