Türkiyə Ermənistanla
sərhədlərin açılması
məsələsini başqa
cür həll etsəydi, daha yaxşı olardı
Novruz
Məmmədov: Biz də sərhədlərin
açılmasına etiraz etmirik, amma istədiyimiz budur ki, məsələ
daha düzgün formada həllini tapsın
“Türkiyə ilə
Ermənistan arasında sərhədlərin
açılması ilə bağlı
danışıqların aparılmasında prinsip etibarı
ilə problem yoxdur. Biz öz mövqeyimizi bildirmişik. Mənə
elə gəlir ki, bizim mövqe Türkiyə tərəfindən
də başa düşülüb. Bu proseslər Cənubi
Qafqazda baş verdiyi üçün bizi müəyyən mənada
narahat edir”.
Bunu APA-ya eksklüziv
açıqlamasında Prezident Administrasiyası beynəlxalq əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov Türkiyə
ilə Ermənistan arasında sərhədlərin
açılması barədə aparılan
danışıqlara münasibət bildirərkən deyib.
N.Məmmədov qeyd edib
ki, bu proses başqa cür həyata keçirilsəydi, daha
yaxşı olardı: “Həm Türkiyə, həm Azərbaycanın
maraqlarına uyğun gələrdi, həm də Cənubi
Qafqaz regionunda sülhün, əmin-amanlığın, əməkdaşlığın
bərqərar olmasına daha yaxşı kömək edərdi.
Bununla belə, Türkiyə rəhbərlərinin son bəyanatlarından
da görünür ki, onlar özləri də bu məsələni
yaxşı başa düşürlər və Azərbaycanın
mövqeyini nəzərə almamış deyillər. Onların
bəyanatlarında da deyilir, biz də hesab edirik ki, ümumiyyətlə,
Türkiyə ilə Ermənistan arasında əlaqələr
qurulmalıdır. Biz də sərhədlərin
açılmasına etiraz etmirik, amma istədiyimiz budur ki, məsələ
daha düzgün formada həllini tapsın, Türkiyə rəhbərlərinin
müstəqilliyimizin ilk günündən bu günə qədər
özlərinin qoyduğu şərtlər əsasında həll
olunsun. Bunlar Turqut Özal, Süleyman Dəmirəl, Əhməd
Necdət Sezər, elə Türkiyənin indiki rəhbərlərinin
də irəli sürdüyü şərtlərdir. Məsələ
bu şərtlər əsasında həllini tapmalıdır
(Ermənistanın Türkiyəyə qarşı ərazi və
“soyqırımı” iddialarından çəkilməsi və
işğal etdiyi Azərbaycan ərazilərini
boşaltması - red.). Söhbət bundan gedir”.
Şöbə
müdiri bildirib ki, Türkiyə ilə Azərbaycan
arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
münasibətləri heç vaxt heç kim tərəfindən
pozula, bu münasibətlərə soyuqluq gətirilə bilməz:
“Çünki bu xalqlar qardaşdır, eyni millətdir,
qardaş dövlətlərdir. Ölkələrimiz
arasında münasibətlər əsrlər boyu
formalaşıb”.
Prezident İlham Əliyevin
aprelin 16-na nəzərdə tutulan Rusiya səfəri
zamanı bu məsələnin müzakirə
olunub-olunmayacağı barədə suala cavabında N.Məmmədov
deyib ki, səfər işgüzar xarakter
daşıdığından konkret fikir bildirmək
mümkün deyil: “Səfər zamanı Azərbaycanla Rusiya
arasında maraq doğuran məsələlər, ikitərəfli
əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında
geniş fikir mübadiləsi aparılacaq”.
N.Məmmədov Azərbaycan
Prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupu həmsədrlərinin
Ermənistan prezidenti Serj Sərkisyanla Praqada görüşmək
barədə təklifi ilə bağlı hələlik qərar
vermədiyini də söyləyib.
Yeni Azərbaycan.- 2009.- 15 aprel.- S.4.