Ekoloji vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə
məsələləri dövlətimizin
xüsusi diqqət mərkəzindədir
Hüseynqulu Bağırov: Ulu öndər Heydər Əliyevin
layiqli davamçısı, ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən də bu gün ölkəmizin
ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi
diqqət göstərilir
Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov www.yap.gov.az saytına
müsahibə verib:
- Hüseynqulu müəllim, ətraf mühitin qorunması,
bütövlükdə ekoloji vəziyyət dünyada qlobal
problemlərdəndir. Mütəmadi olaraq dünya ölkələri
bir araya gələrək ətraf mühitin çirkləndirilməsinin
qarşısını almaq üçün müzakirələr
aparırlar. Bu baxımdan son illərdə respublikamızda
ekoloji durumun yaxşılaşdırılması ilə
bağlı hansı tədbirlər həyata keçirilib?
- Unikal təbii şəraitə,
zəngin təbii sərvətlərə və inkişaf
etmiş sənaye sahələrinə malik olan Azərbaycanda
ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti
dövründə ekoloji vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin
mühafizəsi, eləcə də, təbii sərvətlərdən
səmərəli istifadə məsələləri həmişə
xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi
deyil ki, məhz Ümummilli liderimizin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə ekologiya və ətraf mühitin
mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar,
sərəncamlar qəbul edilmiş, institusional dəyişiliklər
baş vermişdir. Ulu öndər Heydər Əliyevin layiqli
davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən də bu gün ölkəmizin ekoloji
durumunun sağlamlaşdırılmasına xüsusi diqqət
göstərilir. Ölkə rəhbəri İlham Əliyevin
bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə
həsr olunmuş müşavirələrin keçirilməsi,
ətraf mühitlə bağlı qəbul olunmuş dövlət
proqramlarının icrasına diqqətin
artırılması, mövcud ekoloji problemlərin daha səmərəli
həll edilməsi məqsədilə müvafiq sərəncamların
verilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına parlaq nümunədir. Prezident
İlham Əliyevin 23 may tarixinin Ekologiya və Təbii Sərvətlər
Nazirliyi işçilərinin peşə bayramı
günü kimi qeyd olunması barədə 16 may 2007-ci il
tarixli Sərəncamı ölkə
başçısının bir daha ətraf mühit sahəsinə
olan diqqətinin nəticəsidir.
Ətraf mühitin
mühafizəsi və təbii sərvətlərdən səmərəli
istifadə olunması sahəsində 2003-2008-ci illərdə
dövlət rəhbərinin göstərişi əsasında
həyata keçirilən tədbirlər nəticəsində
əldə olunmuş yüksək nailiyyətləri əks
etdirən “İlham Əliyevin uğurlu ekoloji siyasəti”
adlı kitabın 2008-ci ilin oktyabr ayında ictimaiyyətə
təqdimat mərasimi keçirilmişdir. Ekoloji vəziyyətin
sağlamlaşdırılması və ətraf mühitin
mühafizəsi sahəsində son bir neçə ildə
ölkə rəhbərliyinin prinsipial mövqeyi nəticəsində
xeyli işlər görülmüş, uzun illər ərzində
yaranmış və müstəqil Azərbaycana miras
qalmış ekoloji problemlər təhlil edilərək, onların
kompleks həllinə yönəldilən 5 Milli və Dövlət
Proqramı təsdiq edilmiş, ekologiya və ətraf
mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir.
Ötən müddət ərzində ölkə Prezidentinin
sərəncamları ilə təsdiq olunmuş “Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan
Respublikası Meşələrinin bərpa edilməsi və
artırılmasına dair” Milli proqramlar, “Yay-qış
otlaqlarının, biçənəklərin səmərəli
istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair” və “Azərbaycan
Respublikasında Hidrometeorologiyanın inkişafına dair”
Dövlət proqramları həyata keçirilmişdir. Prezident
İlham Əliyevin yanında keçirilmiş müşavirənin
yekunları əsasında hazırlanaraq, dövlət
başçısının 28 sentyabr 2006-cı il tarixli Sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün Kompleks Tədbirlər
Planı” problemlərin həllinə yönəldilən
mühüm və çox qiymətli sənəddir. Kompleks Tədbirlər
Planının icrasını təmin etmək məqsədilə
ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin,
əsasən də, Bakı şəhəri və Abşeron
yarımadasının ətraf mühitinin
sağlamlaşdırılması istiqamətində
mühüm işlər həyata keçirilir. Kompleks Tədbirlər
Planından irəli gələn ətraf mühitin
qorunması və mövcud vəziyyətin bərpasına
yönəldilmiş Bakı buxtasının, Bibi Heybət
zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava
Limanının ətrafının, Abşeron
yarımadasındakı göllərin, neftlə çirklənmiş
torpaqların, lay suları altında qalmış sahələrin
və digər istehsal tullantıları ilə çirklənmiş
ərazilərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması, bərk məişət
tullantılarının idarə olunması sxeminə uyğun
Bakı və Sumqayıt şəhərlərində
formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi
və s. tədbirlərin həyata keçirilməsi
üçün maliyyə vəsaitinin ayrılması bu
problemlərin vaxtında həll edilməsini
reallaşdırmışdır.
- Ətraf mühitin çirklənməsinin
qarşısının alınması ilə bağlı
görülən işlər bu sahədə hansı dəyişikliklərin
yaranmasına səbəb olub?
- Son illər bu istiqamətdə
həyata keçirilən məqsədyönlü siyasət ətraf
mühitin qorunması ilə bağlı mühüm nəticələrin
əldə olunması ilə yekunlaşıb. Uzun illər ərzində
xlorun istehsalı nəticəsində əmələ gəlmiş
civə tərkibli toksiki tullantıların Sumqayıt şəhərinin
ətraf mühitinin normadan artıq çirklənməsinə
səbəb olurdu. Sumqayıtda 56,422 min m3 2007-ci ildə 6452
min m3, 2008-ci ildə isə 38415 m3 civə tullantıları
toplanılmış və Təhlükəli Tullantılar
Poliqonuna daşınaraq zərərsizləşdirilmişdir.
2009-cu ildə bu iş davam etdirilərək
tullantıların qalan 11555 m3-nin daşınması başa
çatdırılmaqla uzun illərdən bəri
yığılıb qalmış civə
tullantılarının tam zərərsizləşdirilməsinə
nail olacağıq. Ölkənin əsas su arteriyaları olan
Kür və Araz çaylarının qonşu dövlətlərin
ərazilərindən keçməklə daha çox
çirklənməyə məruz qaldığını nəzərə
alaraq, bu çaylarda və onların transsərhəd
qollarında monitorinqin müasir tələblər səviyyəsində
aparılması məqsədi ilə 2006-cı ildə Qazax və
Beyləqan rayonlarında analitik tədqiqat laboratoriyaları
yaradılmış, daxili imkanlar hesabına təmir
edilmiş, ən müasir cihazlarla təchiz edilmiş və
kadrlarla komplektləşdirilərək fəaliyyətləri
təmin olunmuşdur. Prezidentin 27 oktyabr 2006-cı il tarixli “Azərbaycan
Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən
filiz sahələrinin, Köhnəmədən sahəsinin və
Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi,
tədqiqi, kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında” Sərəncamının
icrası ilə əlaqədar müvafiq saziş
hazırlanmışdır. Həmin sənədə uyğun
olaraq, genişmiqyaslı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur. Prezidentin “Xəzər
dənizinin çirklənmədən qorunması üzrə
bəzi tədbirlər haqqında” 20.06.2007-ci il tarixli Sərəncamından
irəli gələn məsələlərin həlli istiqamətində
də mühüm işlər görülməkdədir. Belə
ki, gündə 5570 m3 çirkab sutəmizləmə
gücünə malik, beynəlxalq standartlara cavab verən 27 ədəd
modul tipli təmizləyici qurğuların qurulması nəticəsində
Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan,
Pirşağı və Nardaran qəsəbələrində
14 stansiya istismara verilərək, “Xəzər dənizinin
ekoloji mühitinin mühafizəsi sistemi”
yaradılmışdır. Sistemin fəaliyyəti Abşeronun
şimal sahilinin 86 km-lik sahəsinin bundan sonra təmiz
qalacağına şərait yaradır. Eyni zamanda, Abşeron
yarımadasının sahilboyu zolağında hazırda
şimal istiqamətində - Novxanı-Sumqayıt sahilboyu ərazilərdə
mövcud axarların üzərində modul tipli çirkab
sutəmizləyici qurğulardan ibarət 2 stansiyanın
qurulması işləri yekunlaşmaqdadır. Ölkə
başçısının “Əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar bəzi
tədbirlər haqqında” 20.06.2007-ci il tarixli Sərəncamından
irəli gələn məsələlərin həlli istiqamətində
də əhəmiyyətli işlər görülüb. 2007-2008-ci
illər ərzində Naxçıvan Muxtar Respublikası da
daxil olmaqla 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici
qurğular quraşdırılmış, 224 min insan
Ümumdünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən içməli su ilə təmin
olunmuşdur. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir.
- Paytaxtda və respublikamızın bölgələrində
yaşıllaşdırma işləri geniş vüsət
almaqdadır. Nazirlik yeni yaşıllıq sahələrinin
yaradılması üçün hansı layihələri
planlaşdırır?
- Öncə, onu deyim
ki, bu istiqamətdə çox mühüm tədbirlər
planı hazırlanıb və buna uyğun addımlar
atılmaqdadır. İstənilən yaşda və
ölçüdə olan ağacların
köçürülməsini təmin etmək
üçün xüsusi ağır texnikanın
alınması məqsədilə Almaniyanın “MAN” şirkətindən
7 texnika respublikamıza gətirilib və çoxillik
ağacların, onlara ziyan vurulmadan başqa yerlərə
köçürülməsi təmin olunur. Eləcə də,
yaşıllaşdırmanın effektivliyini artırmaq
üçün respublikanın magistral avtomobil
yollarının kənarlarının
yaşıllaşdırılması tədbirləri həyata
keçirilir. Bununla əlaqədar, ETSN 2008-ci ilin əvvəlindən
başlayaraq yolların mühafizə zolaqlarının
yaşıllaşdırılması, onların külək və
su eroziyasından mühafizəsi, ətraf mühitin
sağlamlaşdırılması, yolların estetik
görünüşünün
yaxşılaşdırılması məqsədilə
Bakı-Ələt-Hacıqabul istiqamətində magistral
şosse yolu ətrafında 172 min ədəd ağac və
kol əkilmişdir. Hal-hazırda bu istiqamətdə işlər
davam etdirilir. Magistral yolboyu yaşıllaşdırma işlərinə
də böyük diqqət ayrılmışdır. Belə
ki, Zığ-Aeroport yolu boyu 196 hektar ərazidə
yaşıllıqsalma işləri başa
çatdırılmışdır. Aparılan
yaşıllaşdırma tədbirləri nəticəsində
230 min ədədə qədər müxtəlif növ
(zeytun, Eldar şamı, akasiya və c.) ağac və kol cinsləri
əkilmiş və dirəklərlə bərkidilmişdir. Ağacların
suvarılması üçün suvarma şəbəkəsi
qurulmuşdur. ETSN 2003-2008-ci illər ərzində ətraf
mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli
istifadə olunması, biomüxtəlifliyin qorunması,
meşələrin bərpa olunması və
artırılması, geoloji xidmət, hidrometeorologiya, beynəlxalq
əməkdaşlığın genişləndirilməsi
istiqamətində fəaliyyət göstərmiş, bir
sıra mühüm tədbirlərin həyata keçirilməsinə
də nail olmuşdur. Belə ki, 2003-2008-ci illər ərzində
ETSN-nin ətraf mühitin mühafizəsinə nəzarəti
həyata keçirən qurumları tərəfindən
hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən
yol verilmiş qanun pozuntularına görə müvafiq tədbirlər
görülmüş, ətraf mühitin mühafizə sahəsində
qanun pozuntuları ilə əlaqədar akt və protokol tərtib
olunmuşdur. Görülmüş tədbirlər nəticəsində
bu illərdə Ətraf Mühitin Mühafizəsi üzrə
Dövlət Fonduna 2,96 mln manat məbləğində vəsaitin
köçürülməsi təmin olunmuşdur.
- Ölkə başçısı bir sıra dövlət
strukturlarına, o cümlədən, ETSN-ə Xəzər dənizinin
sahil zolağında təmizlik işlərinin
aparılması, ekoloji vəziyyətin
yaxşılaşdırılması ilə bağlı
müvafiq tapşırıqlar verib. Bununla bağlı vəziyyət
necədir?
- Bizim nazirlik tərəfindən
Xəzər dənizinin Azərbaycan sektorunda və sahil
zolağında fəaliyyət göstərən müəssisə
və obyektlərdən, üzən vasitələrdən,
çimərlik ərazilərindən, dənizə
tökülən axarlardan və s. götürülən su və
qrunt nümunələri üzərində kimyəvi, bioloji,
ekotoksikoloji və mikrobioloji təhlillər aparılır. Həmçinin,
yerli və xarici neft şirkətləri tərəfindən
açıq dənizdə təşkil edilmiş ekspedisiyada
iştirak edərək, müxtəlif horizontlardan su və dib
çöküntüsü nümunələrinin
götürülməsi təmin edilir. Belə ki, 2003-2008-ci
illər üzrə laborator təhlillərin aparılması
məqsədilə sahil zolağından 16300, dəniz
ekspedisiyaları zamanı isə 4624-ə qədər
nümunələr götürülmüşdür.
- Ölkəmizdə ekoloji siyasətin mühüm istiqamətlərindən
biri də qoruqların mühafizəsinin gücləndirilməsi
və onların ərazisinin genişləndirilməsi ilə
bağlıdır. Son illərdə həmin sahədə
hansı irəliləyişlərə nail olunub?
- ETSN xüsusi
mühafizə olunan təbiət ərazilərinin
qorunması və şəbəkəsinin genişləndirilməsi
istiqamətində aparılan işləri keçən illər
ərzində daha intensiv olaraq davam etdirmişdir. Həyata keçirilmiş
məqsədyönlü tədbirlər nəticəsində
8 Milli Park, 14 Dövlət Təbiət Qoruğu və 22
Dövlət Təbiət Yasaqlığından ibarət
xüsusi mühafizə olunan təbiət ərazilərinin
sahəsi hazırda 778464,7 hektar olmaqla ölkə ərazisinin
9%-nə çatdırılmışdır. Müqayisə
üçün qeyd edim ki, 2003-cü ilədək xüsusi
mühafizə olunan təbiət ərazilərinin sahəsi
478 000 hektar olmaqla ölkə ərazisinin 4,5 %-ni təşkil
edirdi. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə
2003-cü ildə Şahbuz Dövlət Təbiət
Qoruğu, Akademik H.Əliyev adına Ordubad, Ağ-göl,
Şirvan Milli Parkları yaradılmış, Nazirlər
Kabinetinin Sərəncamı ilə isə 5 mövcud Dövlət
Təbiət Qoruğunun ərazisi 2-3 dəfədən
çox genişləndirilmişdir. Ölkə Prezidentinin
müvafiq Sərəncamları ilə 2004-cü ilin 09 fevral
tarixində Azərbaycanın cənub-şərqində Hirkan
Milli Parkı, 2004-cü il 31 avqust tarixində Altıağac
Milli Parkı, 2004-cü il 16 dekabr tarixində Eldar Şamı
Dövlət Təbiət Qoruğu, 2005-ci il 08 fevral tarixində
Abşeron Dövlət Təbiət Yasaqlığının
bazasında Abşeron Milli Parkı, 2005-ci ilin əvvəlində
Naxçıvan MR-də Arazboyu Dövlət Təbiət
Yasaqlığı yaradılmışdır. Eləcə də
Göygöl Milli Parkı və Korçay Dövlət Təbiət
Qoruğu yaradılmışdır. Prezidentin “Bakı və
Abşeron yarımadasının palçıq vulkanları
qrupu Dövlət Təbiət Qoruğunun yaradılması
haqqında” 2007-ci il 15 avqust tarixli Sərəncamına
müvafiq olaraq, 52 palçıq vulkanına Dövlət Təbiət
Qoruğu statusu verilmişdir. Cənubi Qafqazda ilk dəfə
olaraq Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin
Bərpası və Reabilitasiyası Mərkəzi
yaradılmış, dövlət əsaslı vəsait
qoyuluşu çərçivəsində ən müasir
tibbi və baytarlıq avadanlıqları ilə təchiz
edilmişdir. Prezidentin “Şahdağ Milli Parkının
yaradılması haqqında” 8 dekabr 2006-ci il tarixli Sərəncamına
əsasən Nazirlik müvafiq tədbirlər planı və
Şahdağ Milli Parkının sxemi
hazırlanmışdır. Onu da qeyd edim ki, dövlət
başçısının 2008-ci il 26 dekabr tarixili Sərəncamına
uyğun olaraq Zooloji parkın yaradılması nəzərdə
tutulub. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında,
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında
olan fauna növlərinin bərpası və
reintroduksiyasının təmin edilməsində, ictimaiyyətin
Azərbaycan təbiəti haqqında məlumatlandırılmasında,
gənc nəslin təbiətə qayğıkeş ruhda tərbiyə
edilməsində yaradılacaq Zooloji park mühüm əhəmiyyətə
malikdir.
2008-ci il ərzində
xüsusi mühafizə olunan təbiət əraziləri
şəbəkəsinin genişləndirilməsi istiqamətində
aparılan işlər davam etdirilərək Hirkan Milli
Parkının ərazisi meşə fondu torpaqları
hesabına 40358 hektara çatdırılmışdır. Zaqatala
Dövlət Təbiət Qoruğunun ərazisi 23505 hektar
genişləndirilərək, ümumilikdə 47349 hektara
çatdırılması təmin edilmişdir. Ümumiyyətlə,
Azərbaycanda ölkə üzrə mühafizə olunan ərazilərin
ümumi sahəsi yaxın zamanlarda 12 faizə
çatdırılacaqdır.
- Azərbaycanda meşə massivlərinin mühafizəsi
və yeni meşələrin salınması ilə
bağlı hansı tədbirlər görülməkdədir?
- 2003-2008-ci illərdə
meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin
salınması məqsədi ilə bir sıra ciddi tədbirlər
görülmüşdür. Toxum tədarükü, əkin
materiallarının yetişdirilməsi, meşələrin bərpası,
yeni meşə massivlərinin yaradılması sahəsində
göstəricilər bir neçə dəfə
artmış, meşə fonduna daxil olmayan ərazilərdə
- Kür-Araz çayları vadilərində, avtomobil, dəmir
yolları və sututarların kənarlarında, eləcə
də, Xəzər dənizi sahili qumluqların bərkidilməsi
istiqamətində müvafiq tədbirlər
görülmüşdür. Belə ki, 2002-ci ildə əkin
və səpin cəmi 7750 ha-da aparılmışdırsa,
2003-cü ildə cəmi 8721 ha sahədə, 2004-cü ildə
müvafiq olaraq 9126 ha sahədə, 2005-ci ildə 9737 ha sahədə,
2006-cı ildə 10140 ha sahədə, 2007-ci ildə 10500 ha
sahədə meşə bərpa işləri
aparılmışdır. 2008-ci il ərzində isə cəmi
10740 ha sahədə meşə bərpa işləri
aparılmışdır. Ümumilikdə isə 2003-2008-ci
illər ərzində 58964 ha sahədə meşə bərpa
işləri aparılmışdır. Meşələrin
qorunub mühafizə olunması istiqamətində də məqsədyönlü
və ciddi tədbirlər həyata keçirilmiş və
bunun nəticəsində qanunsuz ağac kəsilməsi
halları ilbəil azalmışdır. Belə ki, müxtəlif
araşdırmalar zamanı 2002-ci ildə 41110, 2003-cü ildə
49063, 2004-cü ildə 46793, 2005-ci ildə 38493, 2006-cı ildə
36842, 2007-ci ildə 31430, 2008-ci ildə isə 30500 m3 həcmində
qanunsuz ağac kəsilməsi halları müəyyən
edilmişdir.
- Zəngin təbii sərvətlərə malik olan Azərbaycanın
qızıl yataqlarında hasilat işləri aparmaq istəyən
xarici şirkətlərin sayı hər il artır. Ümumiyyətlə,
qızılçıxarma sənayesində geoloji kəşfiyyat
işləri hansı vəziyyətdədir?
- Bu sənaye sahəsində
işlər həddindən artıq ürəkaçan səviyyədədir.
Geoloji kəşfiyyat işləri Baş Qafqazın cənub
yamacında, Kiçik Qafqaz, Naxçıvan Muxtar
Respublikası və cənubi Xəzəryanı dağlıq
ərazilərdə əlvan və nəcib metal yataqları cəhətdən
perspektivli sahələrdə həyata keçirilmişdir. Baş
Qafqazın cənub-şərq yamacında Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə Koreya Respublikasının “KORES” şirkəti
arasında bağlanmış Saziş çərçivəsində
Xınalıq-Qonaqkənd sahələrində
aparılmış işlər nəticəsində bir
sıra perspektivli obyektlər aşkar edilmişdir. Bundan
başqa, Azərbaycan Respublikasının demək olar ki,
bütün bölgələrində müvafiq tələbata
uyğun olaraq müxtəlif təyinatlı qeyri-filiz və
inşaat materiallarının da axtarışı və kəşfiyyatı
davam etdirilmişdir. Bu qəbildən şüşə
xammalı, istilik enerji (qonur kömür, yanar şistlər)
xammalı və s. yataqların axtarış və kəşfiyyatı
həyata keçirilmiş, müsbət nəticələr əldə
edilmişdir.
- Azərbaycan ərazilərinin 20 faizini işğal
etmiş Ermənistanın “yaşıl soyqırım” siyasəti
və ən nadir təbiət abidələrini
darmadağın etməsi barədə ölkəmiz tərəfindən
beynəlxalq təşkilatlara konkret faktlar təqdim edilib. Həmin
qurumların erməni vəhşiliyinə münasibəti necə
olub?
- Çox təəssüf
ki, bu məsələyə Avropa dövlətlərində
ikili standartlarla yanaşırlar. Müəyyən səbəblərdən
bir çox ölkələr, beynəlxalq təşkilatlar
ermənipərəst mövqe tutublar. Orta əsrlərdəki
Şərq-Qərb qarşıdurmalarının
doktrinaları formal olaraq bəzi yerlərdə qüvvədə
deyil. Amma faktiki onların şüurunda yanaşmalar məsələnin
üzərində qurulub. Bu baxımdan bəzi dövlətlər
Ermənistandan vasitə kimi istifadə edirlər. Problemi biz
beynəlxalq təşkilatların böyük tədbirlərində
və ikitərəfli görüşlərdə də
qaldırırıq. ATƏT-in ekologiya üzrə nümayəndəsi
Bernard Snou işğal olunmuş ərazilərimizdəki
yanğınları təbiət hadisəsi kimi qiymətləndirirdi.
Mən bu arqumenti onun qarşısına qoydum ki, necə olur
aran rayonlarında yanğın baş vermir, amma dağ və
dağ ətəyi rayonlarda bu yanğınlar kütləvi
xarakter alır. O, məcbur oldu ki, sussun. Yəni, bununla onun ermənipərəst
mövqeyi yox olmadı ki. NATO-nun Elm Şurasında, Belqradda
Avropa Ekologiya nazirlərinin konfransında
çıxış etmişəm. Hətta mövzuya aid
olmasa da, bütün beynəlxalq tədbirlərdə
çıxış edərkən ölkəmizin
mövqeyini çatdırmışam. Azərbaycan Prezidenti
bütün xarici səfərlər zamanı Azərbaycanın
həqiqətlərini dünyaya yayır. Bizim vəzifəmizdir
ki, bu yöndə işlərimizi ardıcıl olaraq davam
etdirək. Görülən işlər nəticəsində
Azərbaycanın tərəfdaşları artır. Amma o
ölkələr ki, öz maraqlarını
güdürdülər və bunu da ayrı səbəblərlə
ört-basdır edirdilər, onların mövqeyini bizim təbliğat
nəticəsində dəyişməyə
çalışırıq. Eyni zamanda həmin ölkələrdə
belə mövqe var ki, məsələn, Reyn
çayının aşağı axarındakı ölkələr
yuxarıdakılara pul ödəyirlər ki, çayı
çirkləndirməyib təmiz saxlasınlar. Biz belə
fakta qarşı etiraz etdik. Ekologiyanın bir prinsipi var:
çirkləndirən ödəyir. Amma həmin fakt ona
yönəlir ki, bəzi dövlətlər çirkləndirmədən
pul qazansınlar. Yenə də deyirəm ki, biz məsələni
beynəlxalq müstəvidə qaldırırıq. Amma
problemin həllini bunda görmürük. Ermənilərə
qarşı təbliğatımızı qururuq. Ermənistan
düşməndir, ona görə də, beynəlxalq tələblərə
əməl etmirlər. İşğalçılar Sərsəng
su anbarından da bizim üçün su vermirlər.
Çünki düşmən çalışır ki, Azərbaycan
zəif olsun. Ona görə, bütün vasitələrdən,
o cümlədən, ekoloji problemlərdən istifadə
edilir. Biz isə çalışırıq ki, bu faktları
daha geniş formada dünyada yayaq və Ermənistanın təcavüzünün
təkcə Azərbaycan üçün deyil, regionumuz
üçün böyük təhlükələr
yaratdığını beynəlxalq aləmə
çatdıraq.
Yeni Azərbaycan.- 2009.- 16 aprel.- S.5.