Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi
silsilə tədbirlərlə
anılıb
Dünən görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsini anım günü idi. 1985-ci ilin bu bahar
günündə dünyasını dəyişən, parlaq
amalların, nəcib duyğuların, tükənməz həyat
eşqinin təcəssüm tapdığı bir ömür
yaşayan Zərifə xanımın nurlu xatirəsi qədirbilən
xalqımız tərəfindən hər il ehtiramla
anılır. Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi
rayon təşkilatı əziz və unudulmaz Zərifə
xanım Əliyevanın xatirəsini anma günündə bir
sıra tədbirlər keçirib. Təşkilatın
nümayəndələri əvvəlcə Fəxri Xiyabana gələrək
görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil
qoyublar. Ümummilli lider Heydər Əliyevin xatirəsi də
anılıb, məzarı önünə gül dəstələri
düzülüb.
Sonra YAP Nəsimi rayon təşkilatının
qərargahında Azərbaycan Tibb Universitetinin (ATU) oftalmologiya
ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələrinin
akademik Zərifə xanım Əliyevanın xatirəsinə
həsr edilmiş müsabiqəsi ilə bağlı tədbir
keçirilib.
YAP Nəsimi rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Məlahət Həsənova
Zərifə Əliyevanın oftalmologiya elminin
inkişafındakı xidmətlərindən söz
açıb. M.Həsənova deyib ki, Zərifə xanım Əliyevanın
zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri
üzrə apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə
parlaq səhifələr kimi yazılıb. Bu müsabiqəni
keçirməkdə məqsədimiz Zərifə
xanımın elmi irsinin öyrənilməsinə və təbliğinə
kömək etməkdir. Tələbə oftalmoloqlar “Zərifə
xanım və Azərbaycan oftalmologiyası” mövzusunda
yazıları ilə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə aprelin 28-də akademik Zərifə
xanım Əliyevanın doğum günündə yekun vurulacaq.
I və II yeri tutan tələbələr bir ay müddətinə
Türkiyənin yüksək səviyyəli klinikalarında təcrübəyə
göndəriləcəklər. Digər qaliblərə
mükafatlar veriləcək.
Tədbirdə
çıxış edən YAP Nəsimi rayon təşkilatı
Qadınlar Şurasının sədr müavinləri Ruhəngiz
Heydərova və Zərifə Quliyeva bildiriblər ki, akademik
Zərifə xanım Əliyevanın fitri istedada malik novator
alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı
ömür yolu hər bir Azərbaycan vətəndaşı,
hər bir alim və həkim üçün həyat və mənəviyyat
dərsi, kamillik və müdriklik məktəbidir. Onlar əmin
olduqlarını bildiriblər ki, tələbə oftalmoloqlar
Zərifə xanım Əliyevanın xatirəsinə həsr
olunmuş müsabiqədə fəal iştirak edəcəklər.
Daha sonra YAP Nəsimi
rayon təşkilatının üzvləri Bilgəhdəki
Müharibə və Əmək Əlilləri üçün
pansionatda xeyriyyə aksiyası keçiriblər. Pansionatda
yaşayan 170 nəfər tibbi müayinədən
keçirilib, onlar üçün ehsan süfrəsi
açılıb.
Məlahət Həsənova
bildirib ki, bu aksiya Zərifə xanımın anım
günü münasibətilə keçirilən silsilə tədbirlərdən
biridir. Ölkəmizdə son illər əhalinin sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılması ilə
bağlı görülən tədbirlərdən
danışan M.Həsənova ahılların rifahının
yüksəldilməsi istiqamətində mühüm
addımların atıldığını diqqətə
çatdırıb.
Qadınlar şurası
sədrinin müavini, Bakı Şəhər Səhiyyə
Baş İdarəsinin rəisi Leyla Seyidbəyova
vurğulayıb ki, tibbi müayinəni Sabunçu rayon səhiyyə
ocaqlarının həkimləri həyata keçirib, xəstələrə
müalicə təyin ediblər.
Yeni Azərbaycan.- 2009.- 16 aprel.- S.3.