Sosial layihələrin icrasında heç bir problem olmayacaq

 

Musa Quliyev: Vətəndaşlarımızın sosial müdafiəsi kifayət qədər təminatlıdır bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün Azərbaycan hökuməti lazımi işləri görəcək

 

Bir neçə ildir ki, may ayında Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılır zəruri hallarda müəyyən dəyişikliklər edilir. Ötən bir neçə il ərzində neft hasilatının onun qiymətinin yüksəlməsi dövlət büdcəsinin gəlir hissəsinin artımı ilə müşahidə olunurdu. Amma hazırda dünya böhranı ilə əlaqədar bu ilin may ayında büdcəyə dəyişikliklərin edilib-edilməməsi barədə bəzi suallar ortaya çıxır. Hətta bəzi KİV-lər büdcəyə yenidən baxılarkən bir sıra layihələrin, o cümlədən, sosial layihələrin icrasının dayandırılacağı haqqında məlumat verirlər. Bu məsələyə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev belə aydınlıq gətirib:

- Büdcəyə yenidən baxılması normal haldır. Neçə ildir ki, may ayında büdcəyə baxaraq profisitini qəbul edirik. Maliyyə-iqtisadi siyasətdə tam normal haldır ki, il ərzində hökumətin proqnozları dəyişə bilər. Buna uyğun olaraq isə, Milli Məclis dövlət büdcəsinə yenidən baxmalıdır. O da ola bilər ki, büdcədə defisit yaransın bu da müəyyən xərclərin azalması hesabına sığorta olunur. Dünya maliyyə böhranının davam etməsi, Azərbaycanın xarici ölkələrdəki partnyorlarının böhrana uyğun olaraq öz fəaliyyətlərində korrektələr etməsi neftin qiymətinin proqnozlaşdırılandan aşağı olması büdcədə nəzərdə tutulan bəzi məsələlərə yenidən baxmasını mümkün edir. Amma ölkə Prezidentinin dediyi kimi, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasətin elmi nəzəri cəhətdən əsaslandırılmış şəkildə qurulması iqtisadiyyatımızı nəinki neftdən asılı etməyib, dünyanın bir çox ölkələrindən fərqli olaraq böhrana davamlı iqtisadiyyata gətirib çıxarıb. Bu gün Azərbaycan böhrana qarşı ən davamlı ölkələrdən biridir böhranın ən az təsir etdiyi dövlətlərdəndir. Buna baxmayaraq, büdcədə dəyişiklik edilməsi ehtimalı mümkündür. Tikinti, inşaat-abadlıq, çox investisiya tələb edən sahələrlə əlaqədar büdcədə dəyişiklik edilə bilər mümkündür ki, həmin sahələr üçün nəzərdə tutulmuş büdcə vəsaiti başqa istiqamətə yönəlsin.

- Dövlət büdcəsində sosial layihələrə ayrılan vəsaitlərin azaldılması ehtimalı varmı?

- İstənilən halda, nə bu il, nə də gələn il Azərbaycanda sosial sahəyə ayrılan büdcə vəsaiti azaldılmayacaq. Sosial layihələrin maliyyələşdirilməsində problem olmayacaq. Əksinə, Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə daha böyük diqqət yetiriləcək. Pensiya və sosial müavinətlərin artırılmasına, xüsusilə, anti-böhran tədbirlərinin görülməsinə diqqət daha da artırılacaq. Bunların hamısı maliyyə vəsaiti tələb edən işlərdir. Çox güman ki, büdcəyə yenidən baxılarsa, investisiya tutumlu layihələrdən xərclər kəsilib sosial müdafiənin gücləndirilməsinə yönəldilə bilər. Digər tərəfdən, düşünürəm ki, hökumətin anti-böhran proqramı hazırdır. May ayında büdcəyə baxılarkən ola bilsin ki, bu proqram da elan olunsun. Anti-böhran proqramında da əsas yerlərdən biri işsizlik probleminin həlli və insanların məşğulluğunun təminatıdır ki, bu da birbaşa vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlardır. Mən tam arxayınam ki, Azərbaycan iqtisadiyyatı böhrana qarşı davamlıdır və bu böhrandan o qədər də ciddi əziyyət çəkməyəcək. Vətəndaşlarımızın sosial müdafiəsi kifayət qədər təminatlıdır və sosial müdafiənin gücləndirilməsi istiqamətində hökumətimiz tərəfindən lazımi işlər görüləcək.

- Musa müəllim, Milli Məclisin Sosial siyasət komitəsi mütəmadi olaraq bəzi qanunların monitorinqini həyata keçirir. Monitorinq zamanı üzə çıxan məsələlər qanunvericilik yolu ilə tənzimlənir. Hazırda komitənin bu istiqamətdə fəaliyyəti necədir?

- Doğrudur, parlamentin Sosial siyasət komitəsi bəzi qanunların monitorinqini aparır. Bu yaxınlarda Əmək Məcəlləsinin monitorinqi nəticəsində bu məcəlləyə 40-dan artıq dəyişikliklər edildi. Amma nəzərdə tutmuşduq ki, 100-ə yaxın dəyişiklik edilsin bu məsələ üzərində gedir. Eyni zamanda, biz Ailə Məcəlləsinin monitorinqini aparmışıq məlum oldu ki, bu sənəddə bəzi boşluqlar var. Xüsusilə, qadınların nikah yaşı ilə bağlı problemlər mövcuddur. Həm dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalarla, həm Azərbaycanda 11 illik təhsillə bağlı problemlər var. Qüvvədə olan qanuna görə, qadınlar 17 yaşında nikah qura bilər. İstisna hallarda isə, müvafiq icra hakimiyyətinin qərarı ilə bu nikah yaşı bir yaş aşağı salınır. Yəni, faktiki olaraq qızlar 16 yaşından nikaha daxil ola bilirlər. Belə olan halda isə, qızlar orta məktəbi təzə qurtarır onların peşə əldə etməsi, ali təhsil alması problem kimi ortaya çıxır. Digər tərəfdən, 16 yaşlı qızlar fizioloji cəhətdən ailə qurmağa hazır olsalar da, psixoloji mənəvi baxımdan yetkin deyillər. Bütün bunları nəzərə alaraq, qərara gəlmişik ki, nikah üçün yaş həddi 18 yaş götürülsün. Digər aktual məsələ isə nikaha girmək istəyən insanların bir-birinə qarşı olaraq sağlamlıq vəziyyəti ilə bağlı məlumatların verməsidir. Bilirsiniz ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bir sıra endemik xəstəliklər var. O cümlədən, talassemiya, irsi qan xəstəlikləridir ki, ailə quranlar hələ sağlam olduqları halda, hər ikisi o xəstəliklərin daşıyıcılarıdırsa, onların övladlarının həmin xəstəliklərə tutulması ehtimalı 50 faizdən 100 faizə qədərdir. Biz istəyirik ki, bu barədə ailə quranlar özləri bir-birinə məlumat versinlər bu məlumatlar yayılmasın. Buna görə , təklif edirik ki, ailə quranlar bir neçə xəstəliklərlə əlaqədar müayinə olunmalıdırlar. Bundan başqa, nikaha girərkən nikah müqaviləsinin bağlanmasının da qanuna əlavə edilməsini təklif edirik. Bu da vacib şərtdir. Bu, bir çox Avropa dövlətlərində ailə-məişət həyatına daxil olmuş hüquqi-normativ sənəddir. Bununla tərəflər bir-birilərinin qarşısında əmlak öhdəlikləri götürürlər. Bu təkliflər artıq layihə halına salınıb parlamentdə müzakirə ediləcək.

-  Siz siqaret çəkilməsinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi də hazırlamısınız. Bu sənədin nə vaxt parlamentdə müzakirə edilməsi nəzərdə tutulur?

- Uzun müddətdir bu məsələ geniş müzakirə mövzusudur. Hələ ikinci çağırış Milli Məclisin deputatı olarkən bu məsələni qaldıranda millət vəkillərinin 80 faizi bu təklifə real baxmadılar. Amma ötən dövr ərzində dünya təcrübəsi, KİV-də gedən məlumatlar, təbliğat işləri  buna gətirib çıxardı ki, millət vəkillərinin əksəriyyəti belə bir qanun layihəsinin qəbul edilməsinin tərəfdarıdır. Yaxın iclasların birində komitədə layihəyə baxacağıq. İnanıram ki, yaz sessiyası ərzində birinci oxunuşda qəbul ediləcək. Qanunda siqaret çəkməni məhdudlaşdıran bütün normalar əks olunub və bu yöndə dünya təcrübəsi öyrənilib.

 

 

Nardar BAYRAMLI

 

525-ci qəzet.- 2009.- 17 aprel.- S.4.