Latviya Dağlıq
Qarabağ münaqişəsinin
həllində Azərbaycanın
mövqeyini daim dəstəkləyir
Xarici işlər
naziri Elmar Məmmədyarov dünən Azərbaycanda rəsmi
səfərdə olan latviyalı həmkarı Maris
Riekstinşlə görüşüb. Nazirliyin mətbuat
xidmətindən bildiriblər
ki, görüşdə
Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə
olduğunu bildirən
M.Riekstinş iqtisadi sahədə əlaqələrin
daha da genişləndirilməsi
üçün böyük
imkanların mövcud
olduğunu vurğulayıb.
Nazir bu məqsədlə aprelin
17-də Bakıda keçiriləcək biznes
foruma Latviyanın informasiya texnologiyaları,
ərzaq istehsalı, tikinti, nəqliyyat və biznesin digər sektorlarından
50-dək iş adamının qatılacağını
söyləyib.
Avropa
İttifaqının “Şərq tərəfdaşlığı”
layihəsinin Avropa məkanına inteqrasiya prosesinin vacib məsələlərindən
biri olduğunu vurğulayan latviyalı nazir bu proqramda
iştiraka dəvət olunan ölkələrin öz təşəbbüsü
və maraqlarından asılı olaraq müxtəlif sahələrdə
həm regional, həm də ikitərəfli əməkdaşlıq
üçün imkanlardan istifadə edə biləcəyini
bildirib.
Nazir E.Məmmədyarov
ölkələrimiz arasında mövcud əməkdaşlığın
səviyyəsini yüksək qiymətləndirib,
bütün sahələrdə əlaqələrin daha da
genişləndirilməsinin vacibliyini vurğulayıb.
Latviyalı həmkarının
Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən
E.Məmmədyarov ölkələrimiz arasında həm ikitərəfli
səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində
əməkdaşlığın dərinləşdirilməsi
üçün geniş imkanların olduğunu deyib.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
prosesi barədə qonağa məlumat verən E.Məmmədyarov
Latviyanın Azərbaycanın ərazi
bütövlüyünü daim dəstəklədiyini
yüksək qiymətləndirib.
Nazir M.Riekstinş hər
bir dövlət üçün ərazi
bütövlüyünün müstəsna əhəmiyyət
kəsb etdiyini bildirərək, Latviyanın bu məsələdə
Azərbaycanın mövqeyini dəstəklədiyini
vurğulayıb.
Bundan əlavə,
görüşdə Azərbaycan ilə Latviya xarici işlər
nazirlikləri arasında diplomatlar üçün təcrübə
mübadiləsi imkanları, parlamentlərarası əlaqələrin
intensivləşdirilməsi və maraq doğuran digər məsələlər
müzakirə olunub.
Görüşdən
sonra birgə mətbuat konfransı keçirən nazirlər
müzakirə olunan məsələlər haqqında məlumat
veriblər. Nazir E.Məmmədyarov bildirib ki, görüşdə
siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
inkişafı ilə bağlı məsələlər
müzakirə edilib. Bundan əlavə, BMT və digər beynəlxalq
qurumlar çərçivəsində əməkdaşlığın
genişləndirilməsi barədə də fikir mübadiləsi
aparılıb. E.Məmmədyarov deyib ki, görüşdə
Dağlıq Qarabağ münaqişəsinin həllinə də
toxunulub, məsələnin yalnız Azərbaycanın ərazi
bütövlüyü, sərhədlərinin
toxunulmazlığı prinsipi çərçivəsində
həllinin mümkünlüyü vurğulanıb. Söhbət
zamanı Latviya Prezidenti Valdis Zatlersin cari ilin yayında Azərbaycana
planlaşdırılan səfəri ilə bağlı məsələlər
də müzakirə olunub. Nazir M.Riekstinş Latviya
üçün Azərbaycan ilə əməkdaşlığın
əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, səfərinin
əsas məqsədi iki ölkə arasında dialoqun davam
etdirilməsi və möhkəmləndirilməsidir. Görüşdə
Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
proqramına dair fikir mübadiləsi aparılıb və Latviya
bu layihəni dəstəkləyir. M.Riekstinş bu gün
Bakıda Azərbaycan-Latviya biznes forumunun keçiriləcəyini
xatırladıb, ölkəsinin Azərbaycanda informasiya
texnologiyaları, nəqliyyat, maliyyə-bank sektoru sahələrinə
maraq göstərdiyini bildirib.
Yeni Azərbaycan.- 2009.- 17 aprel.- S.4.