Rusiya - Azərbaycan
münasibətləri yüksələn
xətt üzrə inkişaf edir
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri Cənubi Qafqaz regionunda və ümumiyyətlə,
Avropada baş verən hadisələr fonunda böyük əhəmiyyətə malikdir
Dünən Azərbaycan
Prezidenti İlham Əliyevin Rusiyaya səfəri başlayıb.
Son zamanlar Cənubi Qafqaz regionunda və ümumiyyətlə, Avropada
baş verən hadisələr fonunda bu səfər böyük əhəmiyyətə
malikdir. Bu da təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya Qərbin enerji ilə təminatında böyük rol oynayır. Həmçinin,
Azərbaycan Cənubi
Qafqaz regionunun lider dövlətidir, Rusiya isə bu regionda böyük
maraqları olan bir dövlət kimi çıxış edir.
Azərbaycan və
Rusiyanın enerji siyasətində üst-üstə
düşən və
qarşılıqlı maraqlara
söykənən amillər
yetərincədir
Azərbaycan Prezidentinin
bu səfərinə Moskvada da böyük
önəm verirlər.
Çünki, Moskvanın
xarici siyasətində
ölkəmiz mühüm
strateji rola malikdir. Hər halda Prezident Dmitri Medvedev bu posta seçildikdən
sonra ikinci rəsmi səfərini Azərbaycana etməklə,
Bakının onlar üçün önəmini
bir daha göstərmiş oldu. Nəzərə alsaq ki, MDB-də yanacaq-enerji resurslarına, nəqliyyat-kommunikasiya sistemlərinə
və geoiqtisadi mövqeyinə görə
Azərbaycan əsas aparıcı dövlətlərdən
biridir, bu mənada Rusiyanın iqtisadi siyasətində Azərbaycanla sıx əlaqələrin yaradılması
başlıca prioritetlərdəndir.
Bu gün iki ölkə arasında əlaqələr
çoxşaxəli olmaqla,
müxtəlif istiqamətləri
əhatə edir. O cümlədən, tərəflərin
enerji siyasətində
müəyyən üst-üstə düşən
və qarşılıqlı
maraqlara söykənən
amillər yetərincədir.
Buna baxmayaraq, rəsmi Moskva dəfələrlə bəyan
edib ki, respublikamızda neft və qaz, sənaye,
energetika layihələrində
iştirakını bir
qədər də artırmağa çalışır.
Eləcə də, regiondakı ən böyük nəqliyyat və enerji dəhlizləri Azərbaycanın
nüfuz dairəsində
olduğundan Rusiya bu imkanlardan yararlanmaqla öz mövqeyini qorumaq siyasətinə üstünlük
verir. Məlumdur ki, Xəzərin enerji ehtiyatları bu gün dünyanın
enerji ehtiyaclarının
ödənilməsində mühüm
rol oynayır və bu ehtiyatların
nəqli ilə bağlı marşrutların
çəkilməsi uğrunda
əsl rəqabət gedir. Xəzərin zəngin neft
və qaz resurslarını istismar edən 5 ölkənin ikisi - Azərbaycan və Qazaxıstan artıq enerji resurslarının nəqlində
Qərb marşrutlarına
üstünlük verdiklərini
təsdiqləyib, Türkmənistan
isə son bir ildə Avropa
İttifaqının təklif
etdiyi layihələrə qoşulmaq niyyətini bəyan etməklə, faktiki olaraq Qərb-Şərq dəhlizlərində
iştirak etmək razılığını ifadə
edib. Bu isə o deməkdir
ki, regionun strateji enerji marşrutlarında Rusiyanın
mövqeyi azalmaqdadır
və bu ölkə maraqlarını
təmin etmək üçün mövcud
dəhlizləri qoruyub
saxlamağa çalışır.
Azərbaycanın dövlət
başçısının haqqında danışdığımız
səfəri çərçivəsində,
bu məsələnin
də gündəmə
gəlməsi başadüşüləndir.
Rusiya
Azərbaycanın ticarət tərəfdaşları içərisində
liderlik edir
O da birmənalı
olaraq vurğulanmalıdır ki, Rusiya Azərbaycanın ticarət
tərəfdaşları içərisində də liderlik
edir. Bu isə onu deməyə əsas verir ki, ölkələr
arasında iqtisadi əlaqələr də həqiqətən
çox yüksək xətt üzrə davam edir və
inkişaf dinamikası ildən-ilə yeni sahələri əhatə
edir. Bu gün hər iki ölkə arasında ticarət
dövriyyəsinin məbləği 2 milyard dollar
civarındadır, Rusiya ümumi mal mübadiləsində 14
faizlik paya malikdir. Rusiyanın Azərbaycanla ticarət
dövriyyəsində neft və qaz mübadiləsinin
xüsusi rol oynamasına və Azərbaycanın qazın
idxalından imtina etməsindən sonra ticarət dövriyyəsinin
məbləğində 500-600 milyon dollar azalmanın
yaranmasına baxmayaraq, rusların digər sahələrdə
iqtisadi fəallıq nümayiş etdirməsi ticarət
dövriyyəsinin həcminin artmasına səbəb olub.
İkitərəfli əməkdaşlığın
genişləndirilməsinə səbəb hər iki ölkənin
bu potensialdan səmərəli istifadə etməsi və
liberal vergi-gömrük rejimi tətbiq etməsidir. Bu əlaqələrin
dərinləşməsində hökumətlərarası
komissiyaların rolunu da xüsusi qeyd etmək olar. İndiyədək
hökumət komissiyaları tərəfindən
imzalanmış sənədlər sərmayə qoyuluşlarının
artırılmasına və investisiyaların
qarşılıqlı qorunmasına əlverişli zəmin
yaradıb. Dövlət başçılarının ikitərəfli
müzakirələrində bu zəmindən daha əlverişli
istifadənin yollarının araşdırılması təbiidir.
Xəzərin
bölüşdürülməsində Bakı və Moskva
eyni mövqedən çıxış edir
Bu gün Azərbaycan
və Rusiya arasında mübahisə mövzusu ola biləcək
detal yoxdur, Xəzərin hüquqi statusu ilə bağlı
ikitərəfli sazişin imzalanmasından sonra bütün
sahələr üzrə danışıqlarda pozitiv dəyişikliklər
müşahidə olunmağa başlayıb. Tərəflər
dövlət sərhədlərinin delimitasiyası ilə
bağlı danışıqları da yekunlaşdırmaq
üzrədir. Rusiya hazırda Xəzərdə ümumi əməkdaşlıq
platformasının yaradılması ideyası ilə
çıxış edir və bu məsələyə rəsmi
Bakının münasibətinin necə olacağı isə
Prezident İlham Əliyevin Moskva səfərindən sonra daha
da aydınlaşacaq.
Ümumiyyətlə,
Rusiya ilə Azərbaycan arasında sıx təmasların
qorunub saxlanmasında və münasibətlərin yeni
inkişaf mərhələsinə qədəm qoymasında
Moskva daha çox maraqlıdır. Buna respublikamızın zəngin
iqtisadi resursları, geocoğrafi mövqeyi, dünyada
inkişaf edən nüfuzlu dövlət kimi tanınması
impuls vermiş olub. Rusiyanın eks-prezidenti Vladimir Putinin
iqtisadi siyasətində də bu elementlər həmişə
həlledici rol oynayıb. Daha çox Putin siyasətinin
davamçısı kimi qiymətləndirilən Dmitri
Medvedevin Azərbaycanla münasibətlərdə bu keyfiyyətlərə
üstünlük verməsi və münasibətlərin bu
istiqamətdə davam etməsi başadüşüləndir.
Rusiya
Azərbaycanla əlaqələrinə xələl gətirəcək
addımlara izin verməyəcək
Heç kəsə
sirr deyil ki, Azərbaycan üçün bir nömrəli
problem Dağlıq Qarabağ münaqişəsidir. Və bu
münaqişənin sülh yolu ilə həll edilməsi rəsmi
Bakının xarici siyasət kursunda prioritetlik təşkil
edir. Azərbaycanın balanslı xarici siyasət kursu
bütövlükdə dövlət siyasətinin tərkib
hissələrindən biri olmaqla bərabər, təsadüfi
və simptomatik deyil. Əvvəlcədən
düşünülmüş, hazırlanmış konsepsiya
sayəsində həyata keçirilən Azərbaycanın
xarici siyasəti bu və ya başqa lokal hadisələrə
görə dəyişmir və dayanıqlıdır.
Başqa bir detal isə Azərbaycanın xarici siyasət
kursunda da varislik ənənəsinin saxlanılmasıdır.
Yəni, regionda üç dövlət var və həmin
üç dövlətdən fərqli olaraq xarici siyasətdə
uzunmüddətlilik mövcuddur. Başqa region dövlətlərində
isə bu yoxdur. Olmadığı üçün də bu
gün Ermənistan Kremlin forpostudur. Gürcüstanda isə dəyişən
iqtidarlar dönəmində fərqli siyasət həyata
keçirilir. Bir prezident bir yolu gedir, başqa prezident hakimiyyətə
gələn kimi kursu dəyişdirir. Rəsmi Bakının
uğurlu xarici siyasəti ötən ilin avqustunda
Gürcüstanda baş verənlərin ölkəmizdə
başvermə ehtimalını sıfıra endirir. Rusiya Azərbaycanla
əlaqələrinə böyük önəm verdiyini bəyan
edir. Moskva bu əlaqələrə xələl gətirəcək
addımlara izin verməyəcək. Bunu biz Gürcüstanda
gedən savaşlar zamanı bir daha müşahidə etdik.
Gürcüstanda daşı-daş üstündə qoymayan
rus hərbçiləri kimlərinsə provokasiyalarına məhəl
qoymayaraq, Azərbaycanın enerji layihələrinə heç
bir zərər gətirmədi. Azərbaycan Rusiyadan
Dağlıq Qarabağ münaqişəsinin həllində də
eyni mövqenin davam etməsini gözləyir və yəqin
ki, bu, belə də olacaq.
Ümumiyyətlə,
sadalanan detallar onu deməyə əsas verir ki, bu gün Azərbaycanla
Rusiya arasında mövcud olan münasibətlər yüksələn
xətt üzrə davam edir və hazırda bu əlaqələrin
daha da inkişafı üçün gözəl zəmin
formalaşıb. Dövlət başçısının bu
səfəri isə əlaqələrin inkişafında yeni
mərhələnin başlanğıcı ola bilər.
Aqşin
ŞAHİNOĞLU
Yeni
Azərbaycan.- 2009.- 17 aprel.- S.2.