Azərbaycanda yeni doğulan uşaqlara görə ödənilən
müavinət artırılacaq
Hadı Rəcəbli: Maliyyə böhranı üzündən
sosial layihələr dayandırılmayacaq
Gələn il Azərbaycanda yeni doğulan uşaqlar və analara ödənilən müavinətlərin məbləği
artırıla bilər.
APA-nın məlumatına
görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Milli
Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
H.Rəcəblinin
sözlərinə görə, bu il sosial məqsədlər
üçün nəzərdə tutulan vəsaitlərin
artırılmasından söhbət gedə bilməz: “Buna baxmayaraq,
gələn illər üçün analıq məzuniyyətlərinin
ödənilən hissəsinin bir qədər
artırılması Milli Məclisin gündəliyində
durur. Bu məsələ qanun şəklində
hazırlanır və gələcəkdə bunu etmək
fikrindəyik”.
Qeyd edək ki,
hazırda Azərbaycanda yeni doğulan uşaqlara verilən
birdəfəlik müavinətin məbləği 50
manatdır.
Hadı Rəcəbli həmçinin
deyib ki, “sosial məsələlərlə bağlı
ayrılan büdcə vəsaitlərinə toxunulmayıb. Maliyyə
böhranı üzündən sosial layihələr
dayandırılmayacaq”. O, bildirib ki, büdcədə nəzərdə
tutulmamış layihələrin icrasının
dayandırılması mümkündür, amma büdcədə
təsdiq olunmuş layihələr dayandırılmayacaq: “Qəbul
olunmuş büdcə öz qüvvəsində qalır. Əvvəldən
icrasına başlanılan bütün investisiya layihələri
davam etdiriləcək. Sosial məqsədlərə ayrılan
vəsait qəpiyinə qədər istifadə olunacaq”.
Yeni Azərbaycan.- 2009.- 17 aprel.- S.5.