Azərbaycan musiqisi Polşanın Koşalin şəhərində səsləndi
Azərbaycanın
tanınmış musiqiçiləri - xalq artisti,
“Şöhrət” ordenli tarzən Ramiz Quliyev və beynəlxalq
müsabiqələr laureatı, dirijor Əyyub Quliyev
Koşalin Dövlət Filarmonik orkestri ilə birgə
Polşanın Koşalin şəhərində Stanislav
Monyuşka adına Dövlət Filarmoniyasında konsert veriblər.
Konsertdə Əyyub
Quliyevin dirijorluğu ilə Koşalin Filarmonik orkestri tərəfindən
dahi alman bəstəkarları R.Vaqner və L.Bethovenin simfonik əsərləri,
eyni zamanda Ramiz Quliyevin ifasında görkəmli Azərbaycan bəstəkarları
Hacı Xanməmmədov və Həsən Rzayevin tar və
simfonik orkestr üçün yazılmış əsərləri
səsləndirilib.
Böyük marağa səbəb
olan bu ifadan sonra azərbaycanlı tarzən dinləyicilərin
xahişi ilə yenidən səhnəyə qayıdıb və
Polşa musiqisinin ən parlaq nümunələrindən olan
M.Oginskinin “Polonezi” əsərini ifa edib. Konsertdən sonra
Koşalin Filarmoniyasının rəhbərliyi Azərbaycan
musiqiçilərinə yeni konsert layihəsi ilə
bağlı müraciət edib.
Xatırladaq ki, aprelin
24-də Polşanın Çestokova şəhərinin
Dövlət Filarmoniyasında dahi alman bəstəkarı
F.Mendelsonun anadan olmasının 200 illiyinə həsr
olunmuş təntənəli konsert keçiriləcəkdir. Mendelsonun
əsərlərindən ibarət konsert proqramını idarə
etmək həmyerlimiz, gənc dirijor Əyyub Quliyevə həvalə
olunub. Bu mötəbər tədbirdə Ə.Quliyevin
dirijorluğu ilə Çestokova Filarmonik orkestri dahi bəstəkarın
simfoniyaları və skripka ilə konsertini təqdim edəcək.
Konsertin solisti məşhur skripkaçı
Darling Dayl (İngiltərə)
olacaq.
Yeni Azərbaycan.- 2009.- 21 aprel.- S.8.