Ölkəmizin ictimai-siyasi həyatında qadınların
rolu artmaqdadır
Nurlana Əliyeva: Azərbaycan qadınına örnək
olan Mehriban xanım Əliyeva miqyas və mahiyyət etibarı
ilə böyük işlərə rəvac verib
Azərbaycan Dövlət
Pedaqoji Kollecinin direktoru, YAP Siyasi Şurasının
üzvü Nurlana Əliyeva www.yar.gov.az saytına müsahibə
verib:
- Nurlana xanım, cəmiyyətimizin inkişafında,
ictimai-siyasi proseslərdə Azərbaycan qadınının
özünəməxsus rolu var. Ulu öndər Heydər Əliyev
daim Azərbaycan qadınının adını uca tutub, onlara
diqqət və qayğı gösitərib. Bu mənada gender
bərabərliyi, qadınların ölkə həyatında
mövqeyi haqqında nə deyə bilərsiniz?
- Mərd və
mübariz Azərbaycan qadını bu gün,
üçüncü minilliyin ilk on illiyində dünya
qadınlarının qabaqcıl dəstəsi ilə bir
sırada addımlayır, qurub yaradırlar. Çünki bu
gün onların yaşadığı ölkədə Azərbaycan
qadınları üçün tariximizin heç bir mərhələsində
görünməmiş imkan - qurub yaratmaq, idarə etmək,
özünü sübuta yetirmək imkanı yaranıb. Müstəqil
Azərbaycanın gündən-günə tərəqqi etməsi,
iqtsiadi inkişafın vüsət alması, ölkəmizin
dünyanın sivil ölkələri sırasında
mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya
çatdırılması, təhsilə yeni yanaşmanın
təşəkkülü, səhiyyəmizin inkişafı
bizim gözümüz önündə baş verir. Ümummilli
Liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə
qayıdışından sonra qadınlarımızın
ictimai-siyasi həyata transformasiyası, onların dövlət
idarəçiliyində təmsilçiliyi,
xanımlarımızın bütün sahələrdə
kişilərlə bərabər hüquqlara malik olması
dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən
birinə çevrilib. Müstəqil Azərbaycan dövləti
BMT-nin “Qadınlara münasibətdə ayrıseçkiliyin
bütün formalarının ləğv olunması”
haqqında Konvensiyaya qoşulub. Ulu Öndər Heydər Əliyevin
fərmanı ilə Qadın Problemləri üzrə Dövlət
Komitəsi yaradılıb. Bu gün Respublikamızın
Prezidenti İlham Əliyev əbədiyaşar Ulu Öndərimizin
siyasi kursunu uğurla davam etdirir. Onu da qeyd etmək istəyirəm
ki, yeraltı sərvətin insan sərvətinə
çevrilməsi ideyası xalqın bütün arzu və
istəklərinin fövqündə dayanır. Bu, xüsusilə
qadınların arzusu olaraq reallaşır və təbii ki, hər
birimizin sevincinə səbəb olur.
- Qeyd etdiyiniz kimi dinamik
inkişaf edən ölkəmizin beynəlxalq aləmdə
nüfuzu daha da artmaqdadır. Zəngin milli-mənəvi dəyərlərə,
tarixi-mədəni abidələrə malik olan Azərbaycan bu
irsi qoruyaraq dünyada təbliğ edir. Bu
işdə Heydər Əliyev Fondunun xüsusi rolu var...
- Azərbaycan
qadını cəmiyyət həyatına bu gün demokratik
inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə
irəliləyərək, sivil dəyərləri
özündə əks edirən birinci xanım ənənələrini
də gətirib. Əslində, nə vaxtsa çağdaş
dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi,
tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin
müstəqil Azərbaycan dövlətində yenidən bərpası
faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deptutatı Mehriban xanım Əliyevanın adı ilə
bağlıdır. O, həm rəsmi bir şəxs, həm də
Azərbaycanın zadəgan dəyərlərinin
davamçısı, həm də ən böyük xeyriyyəçi
kimi bütün layihələrdə müqəddəs
analığın xidmətindədir. Mehriban xanımın fəaliyyəti
nəticəsində ölkədə xeyriyyəçilik bir
hərəkata çevrilib: uşaq evləri, məktəblər
cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın
arzusunun reallaşmasının ifadəsidir. Bu il Heydər Əliyev
Fondunun təsis edilməsinin beş ili tamam olur. Azərbaycan
qadınına örnək olan Mehriban xanım Əliyeva
miqyası və mahiyyəti etibarı ilə böyük
işlərə rəvac verib. Onun fəaliyyəti hər
birimiz üçün bir örnəkdir.
- Nurlana xanım, ölkəmizin ən böyük siyasi
qüvvəsi olan Yeni Azərbaycan Partiyasında qadınlar
böyük üstünlük təşkil edir. Qadınların siyasi
proseslərdə fəallığını
necə qiymətləndirmək
olar?
- Bu gün YAP cəmiyyətin
siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi
qüvvəsidir. Bunun əsas səbəbi
qazanılmış uğurlar və YAP-ın
sıralarındakı on minlərlə məsləkli, əqidəli
insanlardır. Bizim doğrudan da geniş potensialımız
var. Bəlkə elə buna görə də
yaşadığı zamanın və məkanın xarakterindən
asılı olmayaraq, qərinələr boyu əxz etdiyi
milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini
qoruyub saxlayan Azərbaycan qadını gələcək
taleyini daim inandığı, etimad bəslədiyi siyasi
qüvvəyə etibar etmək istəyib.
Öz fəaliyyəti
dövründə partiyamızın qurucusu, Ulu Öndər
Heydər Əliyev Azərbaycan qadınına böyük
hörmətlə yanaşı, onun cəmiyyətdə
layiqli yer tutmasına çalışıb, bu zərif
zümrənin YAP-ın həyatında da fəal
iştirakını təmin edib. Qadınların hər zaman
aparıcı qüvvə olduğunu bildirən Ümummilli
Liderimiz onların milli xüsüsiyyətlərini olduqca
yüksək dəyərləndirib: “Azərbaycan
qadını tarix boyu öz ağlı, zəkası, namusu,
qeyrəti, isməti, fədakarlığı,
çalışqanlığı, mərdliyi, vətənpərvərliyi
ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti
və gözəlliyi, Azərbaycan xalqının milli
xüsusiyyətlərinə sadiqliyi ilə
tanınmışdır. Qadın ailə saxlayan bir
insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə
çox əhəmiyyətli rol oynayırlar. Mən
bunları deyərək, qadınların bizim
üçün nə qədər əziz olduğunu bir daha
bəyan etmək istəyirəm”.
Həmişə
sülhün, əminamanlığın carçısı
olmuş Azərbaycan qadınları respublikada baş verən
mürəkkəb ictimai siyasi proseslərin gedişində
onların üzərinə düşən vəzifələrin
öhdəsindən ləyaqətlə gəlmiş, daim milli
dövlətçilik mövqeyindən çıxış
etmişlər. Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində doğma torpaqların bir qisiminin
işğal altına düşdüyü indiki dövrdə
gəncləri Vətənə sədaqət, Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, ərazi
bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq
və qətiyyət göstərmək ruhunda tərbiyə
etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad
kimi yetişdirmək işində Azərbaycan qadını
öz üzərinə düşən ağır
yükü şərəflə çəkir. Azərbaycanda
milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi
olmaq kimi müqəddəs amalı özünün siyasi
idealı, əsas fəaliyyəti hesab edən
qadınlarımız öz mövqelərində sadiqdirlər,
ictimai-siyasi prosesin fəal iştiakçısıdırlar.
- Yaxın günlərdə YAP Qadınlar
Şurasının respublika konfransı keçiriləcək.
Siz konfransa hazırlıq üzrə işçi qrupun rəhbərisiniz.
Ümumiyyətlə, konfransa hazırlıqla əlaqədar nə
deyə bilərsiniz?
- Artıq YAP-ın
bütün yerli təşkilatlarında qadınlar
şuralarının hesabat-seçki konfransları
keçirilib. Konfranslar zamanı görülən işlər
haqqında ətraflı məlumatlar verildi və
qarşıda duran vəzifələr müəyyənləşdirildi.
Bu konfranslarda, həmçinin, YAP Qadınlar
Şurasının respublika konfransına nümayəndələr
də seçildi. Artıq hazırlıq işləri
yekunlaşıb və bununla əlaqədar müvafiq sənədləri
partiyanın İcra katibliyinə təqdim etmişik. Kofnransda
225 nümayəndənin iştirakı nəzərdə tutulur
və yəqin ki, respublika əhəmiyyətli bu tədbir
aprelin 25-də keçiriləcək.
- Siz, eyni zamanda böyük bir təhsil müəssisəsinə
rəhbərlik edirsiniz. Bildiyiniz kimi parlamentin yaz sessiyası ərzində
“Təhsil haqqında” qanun layihəsinin qəbul edilməsi
gözlənilir. Sizcə, bu sənəd təhsilimizin
inkişafına nə dərəcədə təsir göstərəcək?
- Bu gün təhsil cəmiyyətin
prioritet sahələrindəndir. Bilirsiniz ki, digər sahələrin
inkişafı da məhz təhsildən asılıdır. Bu
gün Azərbaycanda təhsilin inkişafı və dünya
təhsil sisteminə inteqrasiyası yönündə ciddi
addımlar atılır, proqramlar icra olunur. Bütün
görülən işlərin fövqündə isə təhsil
haqqında qanun layihəsi dayanır. Artıq Milli Məclisdə
bu qanun layihəsi 2-ci oxunuşda qəbul olunub və biz bu sənədin
təsdiqini gözləyirik. Qanun Azərbaycan təhsilinin
inkişafına böyük təkan verən bir sənəd
olacaq. Bununla da təhsilimiz öz inkişafının yeni mərhələsinə
qədəm qoyacaq.
Yeni Azərbaycan.- 2009.- 21 aprel.- S.5.