Azərbaycan gəncləri Rusiyada təşkilatlanmış vahid qüvvəyə çevrilir

 

RAGT-ın təsis edilməsi ilə Azərbaycan Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edəcək konkret layihələr həyata keçiriləcək

 

Azərbaycanın gəncləri artıq müstəqil şəkildə fəaliyyət göstərən, ölkəmizin milli maraqlarını və mənafeyini qoruyan, tarixi reallıqları, adət-ənənələrimizi xarici dövlətlərdə təbliğ edən təşkilatlanmış vahid qüvvəyə çevrilməkdədir. Çox təəssüflə qeyd olunmalıdır ki, müstəqilliyimizin ilk illərində gənclərin əksəriyyət hissəsi müxtəlif mənfi istiqamətlərə meyillənmiş və dövlətin himayəsindən tamamilə məhrum olmuşdular. Bunu da ilk növbədə Azərbaycanın gələcəyinin, genefondunun və dövlətçiliyinin məhvinə aparan bir proses kimi dəyərləndirmək olardı.

Lakin 1993-cü ildən sonra xalqın təkidi  ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev gənclərin sağlam və vətənpərvər ruhda tərbiyə olunması, Vətən üçün layiqli, savadlı kadrların yetişdirilməsi üzrə böyük bir siyasətin əsasını qoydu. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin daimi nəzarəti və qayğısı sayəsində gənclər nəinki Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəallıq göstərir, eyni zamanda, onlar ölkədə siyasi proseslərdə, milli maraqların qorunmasında aktivlik nümayiş etdirir, konkret inkişafa, tərəqqiyə yol açan mövqe ortaya qoyurlar. Biz bunun istər 15 oktyabr prezident seçkilərində, istərsə də 18 mart referendumunda da şahidi olduq...

Bir sözlə, gənclər müasir çağırışlardan doğan tələbləri görür, dəyərləndirir...gənclər daha enerjilidir və doğru hesab etdiyi məqsədə çatmaq üçün malik olduğu potensialı bütünlüklə ortaya qoymağı bacarır...

Əlbəttə ki, bu gün dövlətin gəncləri vahid qüvvə kimi təşkilatlandırmaq istiqamətindəki işləri yüksək qiymətləndirilir. Bu işləri isə bir neçə istiqamətdə qruplaşdırmaq olar. Belə ki, ilk növbədə ölkə daxilində gənclərin müstəqil fəaliyyəti üçün yaradılmış şərait özünü həm təhsil, həm idman, həm də ictimai-siyasi proseslərdə büruzə verir...

İdmançılarımız müstəqilliyimizin ilk illəri ilə müqayisədə hazırda keçirilən hər bir mötəbər yarışda mütləq mənada Azərbaycanın bayrağını yüksəldir, himnini səsləndirir... bununla Azərbaycanı bütün dünyaya idman, vətənpərvər, sağlam gənclər ölkəsi kimi təqdim edir.

Eyni zamanda təhsil sahəsində beynəlxalq olimpiyadalarda yer tutmuş gənclərimiz isə Azərbaycanda təhsil sahəsində əldə olunan uğurlardan, həyata keçirilən yüksək səviyyəli işlərdən ibarət həqiqi təsəvvürü dünya xalqlarının diqqətinə çatdırmış olur...

Bütün bunlarla yanaşı, Azərbaycan gəncləri xarici ölkələrdə regionumuza aid reallıqların, həqiqətlərin diqqətə çatdırılmasında, diaspora işinin səmərəli qurulmasında və eyni zamanda, təşkilatlandıqları dövlətin gəncləri ilə produktiv əlaqələr qurulmasında da vacib qüvvə kimi çıxış edirlər. Bunun bariz nümunəsi kimi isə aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis edilməsini göstərə bilərik.

Qeyd edək ki, bu tarixi hadisəni Azərbaycan diasporunun formalaşması və inkişafında əlamətdar hadisə hesab etmək olar. Çünki, bu təşkilat gənclərin təkcə Moskvada deyil, həm də müxtəlif regionlarda fəaliyyət göstərən təşəbbüs qruplarının sıx birləşməsindən törəyib.

Bu təşkilat doğma dilimizin, mədəniyyətimizin və adət-ənənələrimizin qorunması və təbliği sahəsində mühüm işlər görməyi öz qarşısına məqsəd kimi qoyub. Təşkilatın yaradılmasında əsas məqsədlərdən biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında fəal iştirakına nail olunmasıdır. Bu baxımdan təşkilatın fəaliyyəti yalnız paytaxt Moskva ilə məhdudlaşmayacaq, Rusiyanın digər bölgələrini də əhatə edəcək. Bu istiqamətdə isə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının internet saytının yaradılması Rusiyanın regionları arasında əlaqələrin yaradılması və ya genişləndirilməsi baxımından mühüm layihə həyata keçiriləcək.

Bu təşkilat, eyni zamanda, gənclərə hər iki ölkənin daha da yaxınlaşmasına töhfə verən platforma yaratmaq imkanı verir. RAGT-ın sədri Leyla Əliyevanın söylədiyi kimi, yeni yaradılan təşkilatın Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rolu olacaq: “RAGT-də biz hamımız bərabər və əlbirik. Bizim təşkilatda hansısa vəzifələrin əhəmiyyəti yoxdur, başlıcası odur ki, biz hamımız Azərbaycanın hüdudlarından kənarda yaşayan, öz ölkəsini sevən, onun qədim tarixinə, zəngin mədəniyyətinə hörmət bəsləyən və öz Vətəninə faydalı olmağı arzu edən Azərbaycan gənclərinin bir hissəsiyik. Milliyyətindən, yaşından, dini etiqadından və başqa fərqlərdən asılı olmayaraq, RAGT-də hamıya yer var. Azərbaycanın bütün gəncləri öz Vətəni ilə fəxr edir. Azərbaycan zəngin mədəniyyətə, qədim tarixə və böyük istedadlara malik olan ölkədir. Müstəqil dövlət kimi hələ çox gənc olmağımıza baxmayaraq, qısa müddət ərzində ölkəmiz çox böyük nəticələrə nail ola bilmişdir. Yəqin hamınıza məlumdur ki, Azərbaycan iqtisadi inkişafın sürətinə görə, dalbadal bir neçə ildir dünyada liderdir. Ölkəmizdə nəqliyyat və energetika sahələrində iri regional layihələr həyata keçirilir. Sosial problemlər həll edilir. Belə bir misal göstərmək kifayətdir ki, son beş ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Əlbəttə, bu, son hədd deyildir. Ümumiyyətlə, yoxsulluq olmamalıdır. Biz buna çalışırıq və mən inanıram ki, buna nail olacağıq. Azərbaycan təhsil sahəsinə böyük sərmayə qoyur. Son dörd ildə ölkədə 1700 yeni məktəb tikilmişdir. Hər bir məktəbin öz kompüter sinfi var. Mədəniyyətin inkişafı Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətidir. Tarixi abidələr, binalar bərpa olunur, muzeylər, teatrlar təmir edilir və eyni zamanda, yeniləri tikilir. Mən xüsusi vurğulamaq istəyirəm ki, bütün bunlar təkcə Azərbaycanın paytaxtında deyil, bütün regionlarda da baş verir. Bir sözlə, həyatın bütün sahələrində inkişaf və yeniləşmə prosesi hiss edilir. Lakin təəssüf ki, ölkəmizin qarşısında hələ həll edilməmiş problemlər də var. Bu problemlərin ən böyüyü ölkəmizin ərazisinin 20 faizinin işğal olunması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkədə bir milyon qaçqın və məcburi köçkün var. Azərbaycan rəhbərliyi və xalqımız dəfələrlə vurğulamışdır ki, münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə tərəfdardır. Danışıqlar prosesi 15 ildən çoxdur davam edir və mən inanıram ki, bu münaqişə yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər. Zənnimcə, belə desəm, səhv etmərəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur. Bu gün biz Rusiyada ölkəmizi təmsil edirik. Bizi bir-birimizə çox şeylər - tarixi və mədəni əlaqələr, ortaq keçmişimiz bağlayır. Azərbaycanda zəngin rus mədəniyyətinə, böyük rus dilinə çox qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanda rus məktəblərinin heç biri bağlanmamışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Lakin ən başlıcası isə, insanlarımız arasında, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Biz Rusiyaya minnətdarıq ki, burada özümüzü rahat hiss edirik, dünyada ən yaxşılardan sayılan təhsil almaq imkanımız var”.

Leyla Əliyeva diqqətə çatdırıb ki, RAGT işlək quruma çevriləcək: “Ən başlıcası, bizim bütün ideyalarımız və planlarımız, sadəcə, kağız üzərində qalmayacaq, gənclərimizin daha sıx birləşməsinə, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə kömək edəcək konkret layihələr həyata keçiriləcəkdir”.

Bütün söylənilənləri ümumiləşdirərək yekun kimi söyləmək olar ki, RAGT Azərbaycanın imicini saxlamaq üçün iş görən, səy göstərən, Vətənimizi ləyaqətlə təmsil edən insanların birliyidir.

Həmin gün Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması münasibətilə mərasim keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tədbirdə iştirak edib. Əvvəlcə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film göstərilib. Sonra Azərbaycanın və Rusiyanın incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər. Mərasim Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının himninin səslənməsi ilə başa çatıb.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2009.- 21 aprel.- S.4.