Böyük alim, qayğıkeş ana, vəfalı
ömür-gün
Bu gün Azərbaycan
Respublikasının əməkdar elm xadimi, tibb elmləri
doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın
doğum günüdür
O, intellektual ziyalı,
dünya tibb elminə əvəzolunmaz töhfələr verən
həkim-oftalmoloq idi. Amma O, hər şeydən əvvəl
gözəl, vəfalı ömür-gün yoldaşı
idi. Hamı onu belə-vəhdətdə
tanıyırdı.
Proloq 1942-ci ildə orta
məktəbi bitirən Zərifə xanım Əliyeva Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olmuşdu. Sonra isə Moskvada
yaşanacaq tələbəlik ömrü gəlirdi. O, bir də
gələcəkdi bu qaynar şəhərə. Dünyanın
nəhəng paytaxtlarından olan Moskvada ömrünün
neçə ilini yaşayacaqdı, nə qədər sevincli
anlarını yaddaşına yazacaqdı. Moskvada, həm də
həyata əlvida deyəcəkdi.
Hələ ki, tələbəlik
illəri vardı, daha sonra müdafiə, sonra isə elmi fəaliyyət.
Bütün bu qaynar həyatın iki övlad tərbiyə
etmək, respublikanın birinci adamı olan həyat
yoldaşına layiqli qadın olmaq çətinlikləri
və dözümü də vardı. Zərifə xanım Əliyeva
bu məsuliyyətin öhdəsindən layiqincə gəldi...
İşıq dolu ömür
Zərifə xanım Əliyeva
1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində
dünyaya göz açıb. Atası Əziz Əliyev
azərbaycanlılara qarşı şüurlu surətdə həyata
keçirilən soyqırım siyasəti nəticəsində
1918-ci ildə Sankt-Peterburqdakı təhsilini
yarımçıq qoyub İrəvanda təqiblərə məruz
qalan ailəsini Şahtaxtı kəndinə
köçürməyə məcbur olur. Məhz burada Zərifə
xanım dünyaya göz açır. 1923-cü ilin may
ayında isə Əziz Əliyev Bakıya köçür. Ağır
bir dövrdə İrəvan gimnaziyasını qızıl
medalla bitirən, təhsildə böyük uğur əldə
edən Əziz Əliyev yarımçıq qalmış təhsilini
bitirmək üçün universitetə qəbul olur və
tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək
elmlər namizədi olur. Qısa bir zaman çərçivəsində
o, doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə
32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə
Komissarlığında səhiyyə komissarının
müavini vəzifəsində çalışmağa
başlayır.
Zərifə xanıma
da tibb elminə marağı atası
aşılamışdı. Həkim olmaq, həm də insana
öz ömründən pay vermək demək idi. Yuxusuz gecələrin,
zəhmət dolu günlərin bəhrəsini təkcə Zərifə
xanımın müalicə etdiyi xəstələr yox,
bütün Azərbaycan xalqı görürdü.
Məhz həmin
dövrdə Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa səbəb
olan traxoma infeksion xəstəliyi geniş
yayılmışdı. O zaman bu infeksiya və onun
ağır nəticələri ilə effektiv mübarizə
isə nəinki oftalmologiya elmi üçün, hətta
bütünlükdə Azərbaycan Respublikası
üçün mühüm məsələyə
çevrilmişdi. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi,
eləcə də, onun müalicəsini ətraflı şəkildə
öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə
Azərbaycanın ehtiyacı var idi. Çünki həmin
dövrdə dünya işığına həsrət qalan
insanların çoxu məhz bu xəstəlikdən əziyyət
çəkirdi. Beləcə, Zərifə xanım nəinki
Azərbaycanın böyük tibb müəssisələrinə,
eləcə də respublikamızın ən çox traxoma xəstəliyi
yayılmış rayonlarına səfərlər edir,
oftalmoloq-həkimlər qarşısında traxoma və
başqa göz xəstəliklərinin müayinə və
müalicəsinə dair məruzələr edir, əhali ilə
çoxsaylı söhbətlər aparırdı. Praktik həkim
fəaliyyəti ilə yanaşı, Zərifə xanım
elmi axtarışlarını da davam etdirirdi. O,
özünün tədqiqat işlərini traxomanın
müalicəsi ilə bağlı məsələlərə,
habelə, traxomanın və onun ağır nəticələrinin
müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin
imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə
həsr edirdi. Gənc alim Oftalmologiya Elmi-Tədqiqat
İnstitutunda böyük elmi işçi seçildi. Traxoma
xəstəliyinin öyrənilməsi və müalicəsi
üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə
xanım oftalmologiya elmi üçün vacib olan digər
istiqamətlərdə tədqiqatlar aparmağa başladı.
O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə
bağlı bir sıra tədqiqat işləri apardı. Həmin
tədqiqatların nəticələrindən bəhs edən
elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi
sahəsində çalışan həkimlərin biliklərinin
genişlənməsinə kömək etdi. 1960-cı ildən
1967-ci ilədək Zərifə xanım Oftalmologiya
İnstitutunda böyük elmi işçi vəzifəsində
çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya
Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə
böyük elmi işçi adı verib.
1967-ci ildə Z.Ə.Əliyeva
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasına dosent
vəzifəsinə dəvət olundu. Bu İnstitut
ömrünün son illərində həmin kollektivə rəhbərlik
etmiş mərhum professor Əziz Məmmədkərim oğlu
Əliyevin - Zərifə xanımın atasının
adını daşıyırdı. Həmin dövrdə Zərifə
Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul
olur: bir çox cərrahiyyə əməliyyatları
aparır, xəstələrə məsləhətlər
verir, üstəlik, onun fəaliyyəti yalnız öz
klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını
və şöbələrini əhatə edir. Bununla
yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə
kurslarının dinləyici həkimləri ilə pedaqoji
iş aparır. Tibbi təcrübə və kadr
hazırlığı məsələləri ilə
çox ciddi məşğul olmasına baxmayaraq, Z.Ə.Əliyeva
elmi tədqiqat işlərinin davam etdirilməsinə
böyük əhəmiyyət verir və oftalmologiyanın
bir sıra aktual məsələlərinə diqqət
yetirirdi. Bu məsələlər arasında diaqnostika,
qlaukomanın və görmə orqanının iltihabının
müalicəsi də xüsusi yer tuturdu. Onun diqqətini
oftalmologiyanın elmi cəhətdən az
araşdırılmış sahəsi - görmə
orqanının patologiyası daha çox cəlb edirdi. Bu
problemin aktuallıgı yalnız kimya və elektronika sənayesinin
geniş inkişafı ilə yox, həm də bir çox
yeni kimyəvi birləşmələrin görmə
orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq
olunmaması ilə əlaqədar idi. 1968-ci ildən
başlayaraq bir alim kimi Zərifə xanım Əliyeva
professional oftalmologiya məsələləri ilə daha ciddi məşğul
olmağa başladı. Bu sahənin əhatə dairəsinin
çox geniş olmasına baxmayaraq, gözün peşə
xəstəlikləri probleminə dərin və çoxsahəli
marağını Zərifə xanım Əliyeva
bütün elmi fəaliyyəti boyu
araşdırırdı. Bir sıra ciddi elmi məsələlərlə
yanaşı, Zərifə xanım bütün ömrü boyu
peşə ilə əlaqədar əmələ gələn
göz xəstəliyi problemlərinə xüsusi maraq
göstərirdi. Eyni zamanda, o, bir sıra məsələlərə,
o cümlədən, yod-sənaye müəssisələrində,
neft-kimya sənayesində çalışan şəxslərin
görmə orqanlarına təsir edən amillərə əsas
diqqət yetirirdi. Zərifə xanım bu problem üzərində
iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində
olur, zərərli peşə sahələrində
çalışan şəxsləri oftalmoloji müayinədən
keçirirdi. Bununla yanaşı, Bakının və
Sumqayıtın bir sıra sənaye müəssisələrinin,
o cümlədən şin zavodunun sexlərində laboratoriya
şəraitində elmi təcrübələr
aparırdı. Genişmiqyaslı klinik və təcrubi tədqiqatlar
nəticəsində alim zəhərli maddələrin
görmə orqanına təsirinin əsas
qanunauyğunluğunu aşkara çıxara bilirdi. Çoxillik
müşahidələrin, klinik tədqiqatların və
eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın
doktorluq dissertasiyasının əsasını təşkil
edirdi. O, “Azərbaycanın bir sıra kimya müəssisələri
işçilərinin görmə orqanının vəziyyəti”
mövzusunda yazdığı dissertasiya işini dünyanın
ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində
- H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda müdafiə etdi. Z.Ə.Əliyevanın
dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini
almaqla yanaşı, oftalmologiyanın bu sahəsində ilk
işlərdən biri idi. 1977-ci ildə tibb elmləri
doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasının professoru
seçilir, 1983-cü ildə isə həmin kafedranın
müdiri olur. Elə ilk gündən Z.Ə.Əliyeva ətrafına
istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat
işini, kadrların və elmi işçilərin
hazırlanmasını müvəffəqiyyətlə təşkil
edə bildi. Amma kafedranın mövcud bazası elmi tədqiqatların
keçirilməsi tələblərinə cavab vermirdi. Təşəbbüs
göstərmək lazım gəlirdi və Zərifə
xanım bu problemin həlli yolunda bir sıra konkret addımlar
atdı.
1977-ci ildə professor Z.Ə.Əliyevanın
təklifi ilə Bakı şəhərində Ümumittifaq
Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu
keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə
keçirilirdi və təbii ki, böyük təşkilatçılıq
bacarığı və zəngin təcrübə tələb
edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin
bütün ağırlığı Zərifə
xanımın üzərinə düşürdü. Bu
plenumun keçirilməsi həm Azərbaycanda, həm də
keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində
oftalmologiya xidmətinin inkişafında, habelə, elmi-pedaqoji
kadrların hazırlanmasında müstəsna rol oynadı.
Plenum Azərbaycanda
görmə orqanının peşə patoloqiyasının
öyrənilməsi üzrə ilk
ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası
yaradılması barədə professor Z.Ə.Əliyevanın
irəli sürdüyü təşəbbüsü bəyəndi.
1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının
Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü
və təşkilatçılığı ilə
yaradılan həmin laboratoriyada az intensivli zəhərli
istehsalat sahələrində görmə orqanına mexanizmlərin
təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli
tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində
Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən,
“Şin istehsalında gözün peşə patologiyası”,
“Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod
sənayesində gözün peşə xəstəliyinin
profilaktikası” monoqrafiyalarını çap etdirdi. Bu əsərlər
dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.
1981-ci ildə
oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə
- görmə orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə, professor Z.Ə.Əliyeva
oftalmologiya aləmində ən yüksək mükafata -
SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax
adına mükafatına layiq görüldü. Azərbaycanlı
professor Zərifə xanım Əliyeva həmin mükafata
layiq görülən ilk qadın idi. Onun görmə
orqanının virusla zədələnməsinə həsr
olunmuş silsilə işləri və həkim-oftalmoloqlar
üçün nəzərdə tutulmuş dərs vəsaitləri
bu gün də öz aktuallığını itirməyib. Onun
“Göz sulanmasının fiziologiyası”, “Göz
sulanmasının müasir cərrahiyyə üsulları ilə
müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların
yox, həm də fizioloqların diqqətini özünə cəlb
edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik
oftalmologiya” kitabının müəlliflərindən biridir
və bu kitab indi də hər bir oftalmoloq üçün
stolüstü kitab olaraq qalır.
Zərifə xanım xəstəliyin
diaqnostikasının yeni istiqamətdə inkişafını
(gözün əlvan təbəqəsində dəyişikliyi,
iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir
və bu mövzuya bir sıra elmi məqalələr həsr
edib. Dünyada ilk tibbi vəsait olan “İridodiaqnostikanın əsasları”
kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin
kitab bu gün həkimlərin iş təcrübəsində
əvəzolunmaz elmi vəsaitdir.
Z.Ə.Əliyevanın
zəngin pedaqoji, elmi və əməli təcrübəsi
“Oftalmologiyanın aktual məsələləri”
monoqrafiyasında (professor N.B. Şulpina və L.F. Moşetova
ilə birlikdə) öz əksini tapıb. Bu kitab həm
oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə
fakültələrinin müəllimləri üçün
böyük əhəmiyyət kəsb edir.
Xeyirxahlıq Zərifə xanımın həyat tərzi
idi
Akademik
N.Puçkovskayanın bu sözü özünü zaman-zaman
doğrultmaqdadır. Zərifə xanım bütün elmi fəaliyyəti
boyu müxtəlif humanist aktlar həyata keçirib. Mətbuatda
həkimlər tərəfindən ömürlük
korluğa məhkum olacağı haqqında qərar
verilmiş qızcığazın məktubu dərc
olunmuşdu və həmin dövrün adamlarını riqqətə
gətirmişdi. Ən bahalı dərmanları belə
öz hesabına xaricdən gətirdən Zərifə
xanım bir neçə il çalışdıqdan sonra
qızın gözlərinə işıq bəxş edə
bilmişdi. Belə faktlar kifayət qədərdir. Əsası
isə odur ki, Heydər Əliyevin və Zərifə xanım
Əliyevanın ocağından qaynaqlanan bu xeyirxahlıq
missiyası indi də layiqincə davam etdirilir. Ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva bu missiyanın öhdəsindən şərəflə
gəlir.
Dünya oftalmologiya
elminin tanınmış simaları Zərifə xanım Əliyeva
haqqında dəyərli sözlər söyləyiblər.
Moskva oftalmoloji məktəbi Zərifə xanımı
oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya
şöhrətli oftalmoloq akademik A.Nesterov deyirdi: “Zərifə
Əliyeva çox ağıllı insan və böyük
professional idi. Mən onu öz sahəsinin məşhur alimi
hesab edirəm. Oftalmologiyada O, bir nömrəli idi”.
Z.Əliyevanı həkim
etikası və tibbi deontologiya məsələləri həmişə
düşündürdüyündən o, gənc həkimlərin
tərbiyəsinə, onların peşə fəaliyyəti ilə
bağlı problemlərin öyrənilməsinə və həllinə
də vaxt ayırırdı. Onun çoxsaylı məqalələri,
çıxışları, məhz bu məsələyə
həsr olunmuş “Yüksək etimad” kitabı isə cəmiyyətdə
həkimin şəxiyyət kimi formalaşması prosesinə
dəyərli töhfəsini verib. Zərifə
xanımın rəhbərliyi altında cavan alimlərin və
həkim-oftalmoloqların böyük bir nəsli
yetişmişdi. O, həkim fədakarlığı, yüksək
vətəndaşlıq məsulliyəti, səmimiliyi və
qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi qayğı, fəal həyat mövqeyi ilə
cəmiyyətdə özünə layiq yer tutmuşdu. Onun həyat
fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya
elminin inkişafındakı xidmətləri zəngin və
çoxcəhətlidir. Zərifə xanımın fitri
istedada malik novator alim, pak və nadir bir insan kimi
yaşadığı dərin mənalı ömrü,
keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan
vətəndaşı, hər bir alim və həkim
üçün həyat və mənəviyyat dərsi,
kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və
pedaqoji fəaliyyəti, hər kəs üçün örnək
olan yüksək mənəvi keyfiyyəti haqqında
çoxsaylı məqalə, kitab və əsərlər
yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın
zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri
üzrə apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsini
təşkil edir.
Epiloq
Böyük xidmətlərinə,
çoxillik elmi-tədqiqat işlərinə görə,
professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan SSR Elmlər
Akademiyasının akademiki seçilib. Akademik
ömrü boyu böyük ictimai iş aparmış,
keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin
üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi
sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə
Heyətinin üzvü olmuş və keçmiş SSRİ
Oftalmoloqları Elmi Cəmiyyətində məsul bir
kürsü qazanmışdı.
Zərifə xanım Əliyeva
göstərdiyi xidmətlərinə görə, orden və
medallarla təltif olunmuşdu. Azərbaycanın əməkdar
elm xadimi kimi yüksək ada layiq görülmüşdü.
Yeni Azərbaycan.- 2009.- 28 aprel.- S.6.